Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-726/2025 16.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, apellyasiya şikayəti vermiş Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2(046)-398/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 16 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 880,37 manat kredit borcu, 2,22 manat faiz borcu və 15,52 manat cərimə olmaqla, ümumilikdə cəmi 898,11 (səkkiz yüz doxsan səkkiz manat 11 qəpik) məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan Cavabdeh1 borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 17 dekabr 2019-cu il tarixli 026A********** nömrəli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə müəyyən olunmuş Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6830,26 manat məbləğində kredit götürmüşdür. Borcalan Kredit Müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17 iyun 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Borcalan götürdüyü kredit bоrcundan cəmi 5949,89 manat ödəniş etmiş və оnun iddiaçı Banka 880,37 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Borcalan kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 117 gün üçün hesablanmış faiz borcu 2,22 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq X5 üzrə krediti və ona hesablanmış faizi vaxtında Banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 117 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 15,52 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxanda göstərilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Əliyev X2 Müqaviləsinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən yuxanda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472 və 501-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər, Ödəniş Planı, maliyyə arayışı, borcun qaytarılması ilə əlaqədar Borcalana və Zaminə göndərilmiş Xəbərdarlıqlar (pretenziya məktubları) və digər sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi üçün cavabdehlərə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı Cavabdeh1 07 yanvar 2025-ci il tarixdə iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 6859,55 manat pulu ödədiyini, İddiaçı QSC-nin ona və Cavabdeh2 qarşı ümumilikdə 898 manat 11 qəpik kredit borcunun olmasının tələb edilməsi həqiqəti əks etdirmədiyini və onun İddiaçı QSC-nə borcunun qalmamasını bildirmişdir. Ona görə də, mülki iş üzrə əlavə araşdırma zərurəti yarandığından Göyçay Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2(046)- 398/2025 nömrəli qərardadına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin (hakim Gülnaz Qurbanova) 10 aprel 2025-ci il tarixli e- 2(046)-398/2025 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə 880 manat 37 qəpik əsas, 2 manat 22 qəpik faiz, 15 manat 52 qəpik cərimə, ümumilikdə 898 (səkkiz yüz doxsan səkkiz) manat 11 (on bir) qəpik alınaraq İddiaçı QSC-nə verilsin. Dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QSC-nə verilsin.” Göyçay Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2(046)-398/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə 60 ay müddətinə aylıq 0.0833 faiz dərəcəsi ilə kredit müqaviləsinin ayrılma hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6830,26 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-nə xx.xx.2024-cü il tarixə 880 manat 37 qəpik kredit borcu, 2 manat 22 qəpik faiz borcu və 15 manat 52 qəpik cərimə olmaqla, ümumilikdə cəmi 898.11 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, **********52 nömrəli mədaxil qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 banka olan borcundan xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat və xx.xx.2024-cü il tarixdə 50 manat ödəniş etmişdir. Göründüyü kimi, tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2019-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 026A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə aylıq 0.0833 faiz dərəcəsi olmaqla 60 ay müddətinə kredit verilmişdir. Borcalan kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə həmin krediti hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, kredit borcunu ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Cavabdeh1 etirazına münasibətdə məhkəmə qeyd edir ki, o, 523 manat 21 qəpik ödədiyini bildirsə də, bunu təqsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Mübahisə edilən məbləğə dair İddiaçı QSC məhkəməyə yazılı izah verərək 523 manat 21 qəpik ödənişin cavabdeh tərəfindən deyil, cərimə borcu hesabına əsasən bank tərəfindən əsas borcdan təkrar ödəniş kimi silinmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit borcunun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə 880 manat 37 qəpik əsas, 2 manat 22 qəpik faiz, 15 manat 52 qəpik cərimə, ümumilikdə 898 manat 11 qəpik alınaraq İddiaçı QSC-nə verilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 462.1, 463.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741 və 743-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 217.2-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2(046)-398/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2(046)-398/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Göyçay filialından 11 mart 2015-ci il tarixində 10000 ABŞ dolları kredit götürmüşdür. Həmin vaxt 1 ABŞ dolları 1,05 AZN olmuşdur. Həmin kredit Azərbaycan manatı ilə aylara bölünərək ona ödəniş cədvəli verilmişdir. 2015-ci ilin dekabr ayında Azərbaycan manatı ABŞ dolları qarşısında ikinci dəfə ucuzlaşdığından həmin krediti ödəyə bilmədiyi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kredit borcunun ödənilməsi tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etrmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə onun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu qəti olaraq 6830 manat 26 qəpik müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2019-cu ildə qəbul edilmiş qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyəti onu Banka dəvət edərək, 17 dekabr 2019-cu ildə 60 ay müddətinə (5 ilə) həmin 6830 manat pulu hissə-hissə qaytarmaq barədə müqavilə imzalamışdır. O, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan kredit borcunu müxtəlif terminallardan ödədiyi qəbzləri saxlamadığı üçün 17 may 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə etdiyi ödənişlər barədə hesabat arayışı verilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 17 may 2024-cü ildə ona verilən hesabatda görünür ki, o, 17 yanvar 2020-ci ildən 18 yanvar 2021-ci ilədək 220 manat, 16 fevral 2021ci ildən 29 dekabr 2021-ci ilədək 1615 manat, 10 yanvar 2022-ci ildən 30 dekabr 2022-ci ilədək 2335,99 manat, 19 yanvar 2023-cü ildən 29 dekabr 2023-cü ilədək 1670,06 manat və 21 fevral 2024-cü ildən 22 aprel 2024-cü ilədək 348,5 manat olmaqla, cəmisi 6189 manat 55 qəpik ödəniş etmişdir. Bundan əlavə o, 21 may 2024-cü il tarixdə 370 manat, 18 iyun 2024-cü il tarixdə 150 manat və 24 iyul 2024-cü il tarixdə 150 manat olmaqla, cəmisi 670 manat İddiaçı QSC-nin kassasına ödəmişdir. Son 670 manat ödəniş etdiyi qəbzləri də sübut üçün məhkəməyə təqdim etmişdir. Beləliklə, 17 yanvar 2020-ci il tarixdən 24 iyul 2024-cü il tarixədək 6859,55 (altı min səkkiz yüz əlli doqquz manat 55 qəpik) manat pul ödəmişdir. O, İddiaçı QSC-yə 6830 manat 26 qəpik kredit borcu əvəzinə təxminən 29 manat 30 qəpik artıq ödəniş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumilikdə 898 manat 11 qəpik kredit borcunun olması həqiqəti əks etdirmir və onun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə heç bir borcu qalmamışdır.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 16 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş Cavabdeh1 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə digər Cavabdeh2 və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə digər Cavabdeh2 və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən apellyasya şikayəti vermiş Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2(046)-398/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Göyçay Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2(046)-398/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh1 tərəfindən hazırkı apellyasiya şikayətində “Göyçay Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2(046)-398/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, Cavabdeh1 iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmış və iddia tələbi sübut olunmuşdur. Hazırkı apellyasiya şikayətlərinin dəlilləri isə birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətlərin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan kredit müqaviləsinin şərtlərindən və cavabdeh tərəfin də imzalamış olduğu Ödəniş Planından görünür ki, həmin kredit müqaviləsində nəzərdə tutulan 6830,26 manat məbləğində kredit üzrə Borcalan vaxtlı-vaxtında və müvafiq qaydada ödənişlər etmiş olsaydı, o, həmin məbləğdə əsas borcdan əlavə olaraq 212,15 manat məbləğində faiz də olmaqla, ümumilikdə 7042,41 manat məbləğində pul vəsaitini Banka qaytarmalı idi (6830,26 + 212,15 = 7042,41 manat). Lakin, elə apellyasiya şikayətinin özündə də Cavabdeh1 məlum kredit üzrə cəmi 6859,55 manat pul vəsaiti ödədiyini etiraf etmişdir. Nəzərə almaq lazımdır ki, ödənişlər müəyyən edilmiş ödəniş qrafiki (ödəniş planı) üzrə aparılmadıqda və ödənişlərdə qrafikdən kənaraçıxmalar və gecikmələr olduqda, Bank tərəfindən Ödəniş Planında nəzərdə tutulan faizlərdən əlavə, gecikmələrə görə cərimələr də hesablanır və tutulur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2(046)-398/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2(046)-398/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.