Məhkəmə qərarları › İş №2(107)-727/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-727/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-727/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(051)-1445/2020 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 1 ədəd 40 qramlıq bismaq boyunbağı, 2 ədəd 8 qramlıq qırmızı qaşlı üzük və 1 ədəd 6 qramlıq yaşıl qaşlı üzüyün cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(051)-1445/2020 saylı qətnaməsi ilə iddiaçının ərizəsində göstərdikləri ilə məhkəmə iclasında verdiyi izahat arasındakı ziddiyyət olduğunu, aralarında pul borcu ilə bağlı mübahisələr olduğu halda cavabdehə qızıl-zinət əşyaları verməsini inandırıcı olmamadığını, tələbinin əsaslandıran sübut təqdim etmədiyini nəzərə alaraq iddia əsassız olduğunu bildirmiş və iddianı təmin etməmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, Cavabdeh onunla qonşuluqda yaşayır. Cavabdeh bir neçə il bundan əvvəl onların evinə gələrək ondan qızıl-zinət əşyaları istəmişdir. Bildirmiş ki, toya gedir, qayıdan kimi qızılları qaytaracaqdır. Cavabdeh ondan əvvəl borc pul almışdı, lakin dəfələrlə tələb etməsinə baxmayaraq qaytarmamışdır. Acaq qonşu olduğuna görə inanıb cavabdehə 40 qramlıq boyunbağı, 2 ədəd 8 qramlıq qırmızı qaşlı üzük və 1 ədəd 8 qramlıq yaşıl rəngli üzük vermişdir. Cavabdeh qızılları ondan alıb aparsa da bu vaxta kimi qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsi qohumlarını dindirilməmiş, məhkəmə bu fakta istinad etməyərək qızıl-zinət əşyalarının iddiaçıya verilməməsi ilə bağlı nəticəyə gəlmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(051)-1445/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, iddiaçının izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2020-ci il tarixli, 2(051)-1445/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdehin ondan 4 adda - 1 ədəd 40 qramlıq boyunbağı, 2 ədəd 8 qramlıq qırmızı qaşlı üzük və 1 ədəd 8 qramlıq yaşıl rəngli üzük aldığını, lakin qaytarmadığına görə həmin qızıl-zinət əşyaları cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı öz tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh toya getdiyinə görə müvəqqəti istifadə üçün ondan qızıl-zinət əşyalarını almış, lakin qaytarmamışdır. İddia ərizəsində isə göstərmişdir ki, cavabdeh ona olan pul borcunu qaytarmaq məqsədilə qızıl-zinət əşyalarını banka girov qoyub pul götürmək adı ilə ondan almışdır. Məhkəmə iddiaçının ərizəsində göstərdikləri ilə məhkəmə iclasında verdiyi izahat arasındakı ziddiyyəti, aralarında pul borcu ilə bağlı mübahisələr olduğu halda cavabdehə qızıl-zinət əşyaları verməsinin inandırıcı olmadığını, tələbinin əsaslandıran sübut təqdim etmədiyini nəzərə alaraq iddianın əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olsa da, hər hansı bir maddi hüquq normasına istinad etməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək bаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib olmаq, əmlаkdаn istifаdə etmək və onun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı olmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslı olsa da, iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı tərəf yuxarıda qeyd edilən qızıl-zinət əşyalarının cavabdehə verilməsi barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa şikayətin digər dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, iddiaçının birinci instansiya məhkəməsi tərəfindən qohumlarının dindirlməməsi barədə dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin iclas protokolundan müəyyən edilir ki, iddiaçı tərəf məhkəməyə şahidlərinin dindirilməsi barədə hər hansı bir vəsatət verməmişdir. Eyni zamanda apelyasiya mərhələsində də iddiaçı belə bir vəsatətələ çıxış etməmişdir. Yəni şikayətin dəlilləri iş materialları ilə təkzib edilir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(051)-1445/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(051)-1445/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. İddia təmin edilmədiyindən Dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(051)-1445/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi təmin edilməsin. İddia təmin edilmədiyindən Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar