Məhkəmə qərarları › İş №2(107)-729/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-729/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-729/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X4 və Cavabdeh1 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən “xxxx”QSC-nin Zaqatala filialının müdiri X8 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx”QSC-nin Zaqatala filialı Zaqatala Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2175,61 ABŞ dolları kreditin borcunun (kredit müqaviləsi üzrə əsas kredit məbləği, əsas məbləğə hesablanmış faiz və cərimə) və 125,39 ABŞ dolları əldən çıxmış fayda, qanunvericiliyə müvafiq olaraq bununla bağlı çəkilmiş bütün xərclərin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 10 manat dövlət rüsumunun “xxxx” QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Z.Qasımov) xx xxxxxxxx 2009-cu il tarixli 2(033)-445/2009 nömrəli əmri ilə ərizə təmin edilmişdir. Bundan sonra Cavabdeh3 həmin məhkəmə əmrinə etiraz vermiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(033)-618/2018 nömrəli qərardadı ilə həmin məhkəmənin xx xxxxxxxx 2009-cu il tarixli əmri ləğv edilərək iddia icraatına keçilmiş və Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxxxxx 2018-ci il tarixli 2(033)- 618/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı “xxxx” QSC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan “xxxx” QSC kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2009-cu ildə Məhdud Məsuliyyətli «xxxx» X16 Təşkilatı ilə Cavabdeh1 arasında Cazag30771/09 nömrəli kredit müqavailəsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 təşkilat tərəfindən şəxsi məqsədləri üçün (ev təmiri) 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində pul ayrılmışdır və o 12 (on iki) ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. İstehlak kreditinin ayrılması üçün borclu və zaminlər gəlirlərini təsdiq edən müvafiq sənədləri təqdim etmişlər. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin xx xxxxx 2009-cu il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 təşkilatımız qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür (xx xxxxx 2009-cu il tarixində bağlanmış Cazag30771/09 saylı zaminlik müqaviləsi). «xxxx» QBKT müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kreditmüqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermiş, amma borclu Cavabdeh1 xx xxxxx 2009-cu ildən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütamadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Cavabdeh1 öz öhdəliyini icra etməməsi nəticəsində «xxxx» QBKT-ya zərər vurulmuşdur. Bu isə onun «xxxx» QBKT qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Borclular xx xxxxxx 2009-cu il tarixə «xxxx» QBKT-yə olan borclarını ödəməmişlər və bununla da təşkilata zərər dəymişdir. Həmin zərər xx xxxxxxxx 2009-cu il tarixinə aşağıdakılardan ibarətdir: Kreditin əsas məbləği - 1500 (bir min beş yüz) ABŞ dolları. Əsas məbləğə hesablanmış faiz borcu - 214,49 (iki yüz on dörd ABŞ dolları, qırx doqquz sent). Hər gecikdirilmiş günə görə cərimə - 461,12 (dörd yüz altmış bir ABŞ dolları, on iki sent), cəmi: 2175,61 (iki min bir yüz yetmiş beş ABŞ dolları, altmış bir sent). Bundan əlavə, borclu Cavabdeh1 xx xxxxxxxx 2009-cu ilə olan borcu 2175,61 ABŞ dolları olduğundan, bu məbləğ artıq vurulmuş zərəri müəyyən edir. Cavabdeh1lə bağlanmış kredit müqaviləsinin müddətinin xx xxxxx 2010-cu ildə bitdiyini nəzərə alsaq, onda əldən çıxmış fayda 125,39 ABŞ dolları təşkil edir. Çünki, Cavabdeh1 müqavilə üzrə öz öhdəliyini pozmasa idi “xxxx” QBKT 125,39 ABŞ dollarını qazanmış olardı və bu gün üçün həmin məbləğ təşkilatın gəliri kimi müəyyən olunardı. Beləliklə, Cavabdeh1 tərəfindən xx xxxxx 2009-cu ildə bağlanmış Cazag30771/09 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməməsi nəticəsində “xxxx” QBKT-nın əldən çıxmış faydası 125,39 ABŞ dollarıdır. Ona görə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2175,61 ABŞ dolları məbləğində kredit borcunun (kredit müqaviləsi üzrə əsas kredit məbləği, əsas məbləğə hesablanmış faiz və cərimə) və 125,39 ABŞ dolları əldən çıxmış fayda, qanunvericiliyə müvafiq olaraq bununla bağlı çəkilmiş bütün xərclər, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 10 AZN dövlət rüsumu “xxxx” X2 xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, “xxxx” BOKT ilə vətəndaşlar arasında bağlanmış kredit müqavilələri üzrə vətəndaşlara kreditin verilməsi 2009-cu ildə keçmiş “xxxx” ASC tərəfindən icra edilmişdir. Hazırda “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Zaqatala Zayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(033)-618/2018 nömrəli sübutların təqdim edilməsi və tələb olunması haqqında qərardadı ilə məxaric orderinin 5 gün müddətində ləğv prossesində olan “xxxx” ASC və “xxxx” BOKT MMC tərəfindən Zaqatala Rayon Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Lakin məxaric orderi məhkəməyə təqdim edilməmişdir. Çünki, kreditin verilməsini icra edən “xxxx” ASC olduğu üçün məxaric orderinin “xxxx” BOKT MMC tərəfindən təqdim edilməsi qeyri-mümkündür. O zamankı kredit müqavilələri üzrə kreditin verilməsi kredit müqaviləsinin bağlandığı tarixdən sonrakı gün icra edildiyindən, “xxxx” ASC-nin ləğvedicisi tərəfindən məhz xx xxxxx 2009cu il tarixi üçün məxaric orderinin təqdim edilməsi mümkün olmamışdır. Bu hal tərəfimizdən məhkəmə iclasında qeyd edilsə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(033)-618/2018 nömrəli sübutların təqdim edilməsi və tələb olunması haqqında qərardadında bu hal nəzərə alınmamışdır. İkinci dəfə Zaqatala Rayon Məhkəməsində xx xxxxx 2009-cu il üçün yox, xx xxxxx 2009-cu il üçün məxaric orderinin təqdim edilməsinə dair qərardadın çıxarılması barədə şifahi vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Tərəfimizdən sübut kimi Mustafa Ateyevə xx xxxxx 2009-cu ildə kreditin verilməsinə dair sistemdən çıxarış Zaqatala Rayon Məhkəməsinə təqdim edilmiş və həmin çıxarış iş materiallarında vardır. Bundan başqa, məhkəmə baxış iclası zamanı Cavabdeh3 kredit müqaviləsindən xəbərsiz olduğunu, zaminlik müqaviləsini imzalamadığını bildirsə də, məhkəmə bu hal üzrə ekspertiza təyin etməmiş, Cavabdeh3 bu ifadəsinə münasibət bildirməmiş, Cavabdeh3 özü də xəttşünaslıq ekspertizasının keçirilməsi üçün maraqlı olmamışdır. Cavabdehlərin məhkəmə əmrini rəsmi qaydada alamamalarını əsas gətirərək, məhkəmə əmrinin elan edildiyi gündən 9 il sonra etiraz verməsi, cavabdehlərin kredit və zaminlik müqavilələrindən, ümumiyyətlə xəbərsiz olmaları inandırıcı və əsaslı deyildir. Sözügedən işin 9 il sonra məhkəmə icraatında olması təşkilatın maddi və mənəvi zərər görməsinə səbəb olur. Qətnamə qanuni və əsaslı deyildir. İşin faktiki halları əsaslı araşdırılmamış, nəticədə təşkilatın maddi və mənəvi zərər görməsinə, əlavə zaman sərf edilməklə, gündəlik iş rejiminin pozulmasına səbəb olan qətnamə elan edilmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il 2(033)-618/2018 nömrəli qətnaməsi ləğv edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxxx 2009-cu il tarixli CAZag 30771/09 nömrəli kredit müqaviləsinə əsasən 1500 ABŞ dolları məbləğində əsas kredit borcu, 214,49 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 461,12 ABŞ dolları cərimə olmaqla, cəmi 2175,61 ABŞ dolları məbləğində kredit borcu, 125,39 ABŞ dolları məbləğində əldən çıxmış gəlir, 10 manat ərizəyə baxılması üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu və 15 manat apelyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya ödənilmədir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi Erkən Xəlilzadə bildirmişdir ki, şikayətimizin dəlillərini müdafiə edirəm. Kassa məxaric orderinin tapılmaması ilə bağlı qeyd etmək istəyirəm ki, biz bank olmayan kredit təşkilatı olduğumuza görə bizdə kassa məxaric orderi ümumiyyətə olmur. Həmin order xxxxda imzalanmış və onun arxivində saxlanılmışdır. Bütün əməliyyatları müvəkkil bankımız edir. Biz sadəcə vətəndaşlara kredit ayrılması barədə banka məlumat göndəririk və bank bizim hesabımızdan onlara pul ayırır. Bizdə kassa olmadığına görə həmin əməliyyatı bank yerinə yetirir və kassa məxaric orderi bankın arxivinə verilir. Müvəkkil bankın vətəndaşa pul verməsi bizim hesabımızdan da görünür. Bu barədə portaldan çıxarışı iş materillarına əlavə etmişik. Bu çıxarış yalnız müştərinin şəxsi hesabına aiddir və bankdan başqa heç kim bu hesabı görə bilməz. Ona görə də bu çıxarışın mötəbərliyinə şübhə ola bilməz. Bundan əlavə, cavabdehin kredit götürməsindən on ildən artıq vaxt keçdiyindən, həmin kassa məxaric orderinin əslinin “xxxx”ın arxivindən tapılması çətinlik yaradır, çünki bəzi sənədlər bankın arxivində daimi saxlanılmır və bir neçə ildən sonra ləğv edilir. Buna görə “xxxx” məsuliyyət daşımır. Mən özüm şəxsən Əmanətlərin Sığortalanması Fonduna gedib hüquqşünaslara müraciət etmişəm və onlar mənə kassa məxaric orderinin əslinin tapılmamasını bildiriblər. Bankın arxivindən sənədlərin itməsi “xxxx” QSC-nın məsuliyyəti deyil. Digər tərəfdən, Cavabdeh1 kredit müqaviləsindən xəbərsiz olduğunu bildirsə də, müəyyən olunmuşdur ki, kredit müqaviləsində, zaminlik müqaviləsində və kassa məxaric orderində olan imzalar məhz cavabdehlərə məxsusdur. Kassa məxaric orderində olan digər yazılara gəlincə, aydın məsələdir ki, heç bir bankda kassa məxaric orderini müştəri doldurmur, bu orderdə olan boş qrafalar bank işçisi tərəfindən doldurulur və müşrəti yalnız ona imza edir. Ona görə də cavabdehin bütün dəlilləri əsassız olduğundan apelyasiya şikayətimizin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il 2(033)-618/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən Cavabdeh1 bildirmişdir ki, iddiaçının nümayəndəsinin dediyi həqiqətə uyğun deyil. Pulun sahibi “xxxx” QSC-dir, müvəkkil bank isə onun tapşırıqları yerinə yetirir, sadəcə əməliyyatçıdır və hökmən aparılmış əməliyyatları əks etdirərən sənədlərin, o cümlədən kassa məxaric orderinin bir nüsxəsi onlara qaytarmalıdır. Bundan başqa, kreditin alınmasını təsdiq edən sənəd məxaric orderidir. Kredit müqaviləsində, zaminlik müqaviləsində və ödəniş cədvəlində olan imzalar və yazılar ona və digər cavabdehlərə aid olsa da, ekspertiza rəyində göstərilir ki, kassa məxaric orderindəki yazılar mənə məxsus deyil. Orada olan imzanın mənə məxsus olması göstərilir, həmin imzanı asanlıqla saxtalaşdırmaq olar. Ona görə də həmin məxaric orderində olan imzanı da mən etməmişəm. Orada olan digər yazılar kimi imza da mənə aid deyil. Borc alan öz xətti ilə götürdüyü pulun miqdarını yazır, mən isə bunu yazmamışam. “xxxx” QSC bank olmayan kredit təşkilatı olduğuna görə, banklardan fərqli olaraq pulu dərhal vermir, kredit müqaviləsinin imzamalanması ilə pulun verilməsinə qədər bir aya qədər vaxt keçə bilər, ona görə də pul verilənə qədər mən kredit almaqdan imtina etmişəm. Kredit müqaviləsini imzalamışam, amma pul verilənə qədər pula ehtiyacım qalmadığından, ondan imtina etdiyimi iddiaçıya bildirmişəm. Yazılı formada imtina etməmişəm. Kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçıya ona görə müraciət etmədim ki, “xxxx” QSC-də tanışım işləyirdi və mən ona şifahi formada kreditdən imtina etdiyimi bildirdim. Bu məsələyə əhəmiyyət verməmişəm. Mən düşündüm ki, əgər pulu almamışamsa, iddiaçı bunu tələb edə bilməz. Kassa məxaric orderinin olmaması bunu təsdiq edir. Kassa məxaric orderi ləğv olunubsa, onun surəti olmalıdır. Mən kredit götürmədiyim üçün “xxxx”ya qəpik də ödəməmişəm. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. İddiaçının xx xxxxx 2009-cu il tarixli kredit müqaviləsini icra etməməsi ilə bağlı cavabdehə göndərdiyi xx xxxx 2009-cu il tarixli xəbərdarlıq məktubu və həmin vaxt cavabdehin fərdi uçot sektorunun baş məsləhətçisi işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə göndərdiyi xx xxxx 2009-cu il tarixli 67/09 nömrəli məktub barədə verilən suala Cavabdeh1 cavab olaraq bildirmişdir ki, bundan məlumatım yoxdur. İddiaçının vəkili X5, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan sübutlardan, yəni: CAZag 3071/09 nömrəli xx xxxxx 2009-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı “xxxx” Qeyri X11 adından etibarmanə ilə çıxış edən X6 ilə cavabdehlərdən Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 şəxsi məqsədləri üçün illik 36 faizlə 12 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxx 2009-cu il tarixli kredit müqaviləsinin 1 nömrəli əlavəsi olan verilmiş kreditin əsas məbləğinin və ondan istifadə edilmsinə görə hesablanmış faizlərin ödənilməsi cədvəlindən görünür ki, borclu Cavabdeh1 iddiaçıdan götürdüyü 1500 ABŞ dolları kredit məbləğini xx xxx 2009-cu ildən başlayaraq xx xxxxx 2010-cu ilədək hər ay 150 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüş və həmin ödəniş cədvəlinin sonunda öz xətti ilə yazmışdır ki, müqavilənin şərtləri ilə tanış oldum. Razıyam, bir nüsxəsini aldım. xx.xx.2009. xx xxxxx 2009-cu il tarixli CAZag30771/09 zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh2 və Atayev X9 Məsuliyyətli “xxxx” BOKT ilə Cavabdeh1 arasında xx xxxxx 2009-cu ildə bağlanmış CAZag30771/09 nömrəli kredit müqaviləsi əsasında borcalan Cavabdeh1 alacağı 1500 ABŞ dolları məbləğində kreditlə bağlı kreditor “xxxx” qarşısındakı öhdəliklərini yerinə yetirənədək Cavabdeh1lə birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Müqaviləyə əsasən zaminliklə təmin edilən öhdəliyin əsası xx xxxxx 2009-cu ildə bağlanmış kredit müqaviləsidir. İddiaçı tətəfindən Cavabdeh1 kreditin verilməsinə dair sistemdən çıxarışdan görünür ki, xx xxxxx 2009-cu ildə 1465 ABŞ dolları Cavabdeh1 verilmişdir. Bundan əlavə, xx xxxxx 2009-cu il tarixli 23 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 1456 ABŞ dollar məbləğində krediti həmin gün “xxxx”ın Zaqatala filialından almış və bu barədə “Orderdə göstərilən məbləği aldı” qrafasında imza etmişdir. xx xxxx 2019-cu il tarixli 4913 nömrəli ekspert rəyində isə göstərilir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 17-ci vərəqəsində olan xx xxxxx 2009-cu il tarixli CAZag 30771/19 saylı kredit müqaviləsində “2. Mübahisələrin həlli” hissəsindən yuxarıdakı imza və “Borclu” hissəsindəki imza və yazılar, mülki işin 18-ci vərəqəsində olan xx xxxxx 2009cu il tarixli CAZag 30771/09 saylı “Kredit müqaviləsi”nə 1 saylı əlavədə “Borclu” hissəsindəki imza və yazılar və həmin əlavənin aşağı hissəsində Cavabdeh1 adından olan yazılar və imza; 144-cü vərəqəsində Cavabdeh1 adına olan xx xxxxx 2009-cu il tarixli 23 saylı “Kassa məxaric orderi”nin kserosurətinin aşağı hissəsində “Orderdə göstərilən məbləği aldı” qrafasında əks olunmuş imza – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 19-cu vərəqəsində olan xx xxxxx 2009-cu il tarixli CAZag 30771/09 saylı “Zaminlik müqaviləsi”nin aşağı sağ küncündə “Zamin” hissəsindəki yazılar və imza, həmin müqavilənin arxa tərəfində olan yazılar və yazıların qarşısındakı imza – Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 20-ci vərəqəsində olan xx xxxxx 2009-cu il tarixli CAZag 30771/09 saylı “Zaminlik müqaviləsi”nin aşağı sağ küncündə “Zamin” hissəsindəki yazılar və imza, həmin müqavilənin arxa tərəfində olan yazılar və yazıların qarşısındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 144-cü vərəqəsində Cavabdeh1 adına olan xx xxxxx 2009-cu il tarixli 23 saylı “Kassa məxaric orderi”nin kserosurətində əks olunmuş yazılar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə illik faiz dərəcəsi 36 % olmaqla, 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə on iki ay ərzində qaytarmaq şərti ilə 1500 ABŞ dolları məbləğində kredit vermiş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxx 2009-cu ildə bağlanmış kredit müqaviləsi əsasında borcalan Cavabdeh1 alacağı kreditlə bağlı kreditor qarşısındakı öhdəliklərini yerinə yetirənədək Cavabdeh1lə birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüş, lakin cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit məbləğini və ona hesablanmış faziləri ödəməmiş və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə götürdüyü ödəliyi yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx xxxxx 2009-cu ildə Cavabdeh1 ilə iddiaçı “xxxx” BOKT QSC ilə bağlanmış CAZag 39771/09 saylı kredit müqaviləsi əsasında cavabdehə 1500 ABŞ dollarının verilməsinə dair məxaric orderi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya tələbi ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri və işin həqiqi halları üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə isə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-in 89.3-cü maddəsində göstərilir ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi üçün yeganə sübut kimi kassa məxaric orderinin əslinin məhkəməyə təqdim olunmamasını əsas götürmüş və bu sübutun əldə edilməsinə nail olmadan iş üzrə nəticəyə gəlmişdir. Bundan əvvəl Şəki Apelyasiya Məhkəməsinin sübutların təqdim edilməsi və tələb olunmasına dair xx xxxxxx 2018-ci il tarixli qərardadı əsasında ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx xxxxxx 2019-cu il tarixli **********527 nömrəli məktubu ilə Şəki Apelyasiya Məhkəməsinə göndərdiyi xx xxxxx 2009-cu il tarixli 23 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 1456 ABŞ dolları məbləğində krediti həmin gün “xxxx”ın Zaqatala filialından almış və bu barədə “Orderdə göstərilən məbləği aldı” qrafasında imza etmişdir. “Kassa məxaric orderi”nin kserosurətinin aşağı hissəsində “Orderdə göstərilən məbləği aldı” qrafasında əks olunmuş imzanın Cavabdeh1 tərəfindən icra olunması xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Digər tərəfdən, həmin məbləğin Cavabdeh1 verilməsi onun adına açılmış elektron sistemdən çıxarışdan da aydın görünür. Bunlardan əlavə, Cavabdeh1 xx xxxxx 2009-cu il tarixli kredit müqaviləsinin 1 nömrəli əlavəsi olan ödəniş cədvəlində öz xətti ilə yazmışdır ki, müqavilənin şərtləri ilə tanış oldum. Razıyam, bir nüsxəsini aldım. xx.xx.2009. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh1 bildirmişdir ki, ...kredit müqaviləsində, zaminlik müqaviləsində və ödəniş cədvəlində olan imzalar və yazılar ona və digər cavabdehlərə aid olsa da, kassa məxaric orderindəki yazılar mənə məxsus deyil. Orada olan imzanın mənə məxsus olması göstərilir, həmin imzanı asanlıqla saxtalaşdırmaq olar. Ona görə də həmin məxaric orderində olan imzanı da mən etməmişəm. Orada olan digər yazılar kimi imza da mənə aid deyil... ...ona görə də pul verilənə qədər mən kredit almaqdan imtina etmişəm. Kredit müqaviləsini imzalamışam, amma pul verilənə qədər pula ehtiyacım qalmadığından, ondan imtina etdiyimi iddiaçıya bildirmişəm. Yazılı formada imtina etməmişəm. Kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçıya ona görə müraciət etmədim ki, “xxxx” QSC-də tanışım işləyirdi və mən ona şifahi formada kreditdən imtina etdiyimi bildirdim. Bu məsələyə əhəmiyyət verməmişəm... Kredit müqaviləsinin icra edilməməsi ilə bağlı iddiaçının ona etdiyi xəbərdarlıqlardan isə məlumatsız olduğunu bildirmişdir. Cavabdeh1 kassa məxaric orderindəki digər yazıların da ona məxsus olmaması barədə dəlillərinə də tənqidi yanaşan məhkəmə kollegiyası qeyd edir ki, həmin yazıların bank işçiləri tərəfindən yazılmasının mümkünlüyü və inkar edilmədiyi, imzanın isə ona məxsus olmasının ekspert rəyi ilə təsdiq olunduğu, digər sübutların isə mübahisəli kredit məbləğini cavabdehin qəbul etməsini şübhə altına almadığı halda bu dəlillər mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı əsassız sayarkən işin həmin hallarını nəzərə almamış, onlara qiymət verməmiş, kreditin verilmədiyi vəziyyətdə cavabdehlərin kredit və zaminlik müqavilələrini imzalamalarının və bu məqsədlə banka gedib şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrinin, eləcə də kreditin verilmədiyi halda (əgər belədirsə) həmin müqavilələrin ləğvi və yaxud pulun verilməsi barədə banka müraciət etməmələrinin səbəblərini araşdırmadan və iddiaçının təqdim etdiyi sübutları MPM-in 88-ci maddəsinin tələb etdiyi tərzdə qiymətləndirmədən iddia tələbini təmin etməmişdir. Halbuki, həmin maddəyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən, apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirib, iş üçün əhəmiyyətli olan halları və tərəflərin qarşılıqlı hüquq münasibətini nəzərə alaraq, iddianın qismən, yəni əsas kredit məbləği və faiz borcuna aid hissədə təmin, cəriməyə aid hissədə qismən təmin olması, qalan hissədə isə təmin edilməli olmaması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) tələblərinə görə: Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (mad. 385.1) Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (mad. 399.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (mad. 425.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (mad. 442). Öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur (mad. 443.1). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısındaməsuliyyət daşıyır (mad. 445.1). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir (mad. 449.1). İşdən görünür ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx xxxxx 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə zamin durmuşlar (zaminlik müqaviləsinin 1.1-ci bəndi). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (mad. 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (mad. 472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (mad. 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də zaminlər Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh1lə bərabər mülki məsuliyyət daşıyacaq və müştərək qaydada borc məbləğini və ondan irəli gələn məhkəmə məsrəflərini ödəyəcəklər (mad. 472.3). Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası iddiaçının verilmiş kreditə münasibətdə hesablanmış dəbbə pulu, əldən çıxmış faydanın hesablanması ilə bağlı iddia tələbi və apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmır. Belə ki, əsas borcun miqdarı 1500 ABŞ dolları, faiz borcu 214,49 ABŞ dolları məbləğində olduğu halda 461,12 ABŞ dolları məbləğində cərimə borcunun hesablanması tənasübsüz dərəcədə yüksəkdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (MM-in 462.1-ci maddəsi). Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz (MM-in 462.2-ci maddəsi). Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər (MM-in 467-ci maddəsi). Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də kreditorun həm əmlak mənafeləri, həm bütün əsaslı mənafelərini, həm də Cavabdeh1 ödəmə qabiliyyətini, habelə kreditin verilməsindən keçən müddət ərzində ABŞ dollarının manata məzənnəsinin xeyli artmasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə hesablanmış cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək olduğundan 40 ABŞ dollarına qədər azaldılmalıdr. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsi Plenumunun «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh olunmаsınа dаir» xx xxxx 2009-cu il tаrixli Qərаrındа əks olunmuş hüquqi mövqeyinə görə, «…borclu şəxsin mülkiyyət mаrаqlаrı qorunmаlı və onun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb olunmаsının qаrşısı аlınmаlıdır. … bаnk müştərilərinin depozitləri üzrə öhdəliklərin lаzımıncа yerinə yetirilməsində ifаdə olunаn ümumi mаrаqlа borclu şəxsin mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil olunmаlıdır». Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, iddia tələbində göstərilir ki, Cavabdeh1 xx xxxxx 2009-cu ildə bağlanmış Cazag30771/09 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməməsi nəticəsində “xxxx” QBKT-nın əldən çıxmış faydası 125,39 ABŞ dollarıdır. İddia tələbinin bu hissəsini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında bağlanmış həmin kredit müqaviləsinin 1.9-cu bəndində göstərilir ki, borclu kreditora aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş müddətlərini pozduqda, hər gecikdirilmiş əsas məbləğin hər gün üçün iki faizi miqdarında cərimə məbləği ödəyir. Göründüyü kimi, tərəflər razılığa gəlmişlər ki, borclu aldığı kreditin və ona hesablanmış faizlərin müəyyən edilmiş müddətlərini pozarsa, kreditora cərimə ödəyəcəkdir. MM-in 466-cı maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: -zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; -dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; -kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsi təmin oluna bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.4-cü mad.). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (MPM-in 386-cı mad.). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (MPM-in 387.1-ci mad.). Qeyd olunalarla yanaşı, MPM-in tələbinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir (mad. 115.0.1). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (mad. 119.1). İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır (mad. 124.1). Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən apelyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydadada 1500 ABŞ dolları məbləğində kredit borcu, 214,49 ABŞ dolları faiz borcu və 40 ABŞ dolları cərimə olmaqla, cəmi 1754,49 ABŞ dolları borc məbləği, iddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsusumunun 8 manatı, apelyasiya şikayəti vermək üçün ödədiyi 15 manat dövlət rüsumunun 11 manatı və məhkəmə məsrəfi olan 220 manatın 167 manatı cavabdehlərdən alınıb iddiaçıya verilməli, məhkəmə məsrəflərinin qalan hissəsi iddiaçıya aid edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla, MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır, çünki apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsinin göstərişi də belədir. Həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydadada 1500 ABŞ dolları məbləğində kredit borcu, 214,49 ABŞ dolları faiz borcu və 40 ABŞ dolları cərimə olmaqla, cəmi 1754,49 ABŞ dolları borc məbləği, iddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsusumunun 8 manatı və apelyasiya şikayəti vermək üçün ödədiyi 15 manat dövlət rüsumunun 11 manatı cavabdehlərdən alınıb iddiaçıya verilsin. Məhkəmə məsrəfi olan 220 manat məhkəmə ekspertiza xərcinin 167 manatı cavabdehlərdən, 53 manatı isə iddiaçıdan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə (Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ43CTRE********************, büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba) keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar