Məhkəmə qərarları › İş №2(107)-73/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-73/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-73/2024 06.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış fazi borcunun tutulması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 may 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 323nkMNG/16 saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə 60 ay müddətinə illik 28% dərəcəsi ilə 5263 manat məbləğində kredit vermişdir. Bank tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, UB-BANK/PİKMD/1066497 nömrəli maliyyə arayışına əsasən, 323nkMNG/16 saylı kredit müqaviləsi üzrə 03 noyabr 2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 1435,33 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 159,58 manat təşkil edir. Bank hazırki iş üzrə tələb hüququnu xx.xx.2023-cü il tarixli, 05/23UB nömrəli müqavilə İddiaçı2 ASC-yə satmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı Bank prosessual hüquq varisi kimi İddiaçı2 ASC ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1435,33 manat əsas, 159,58 manat faiz borcu olmaqla, cəmi 1594,91 manat məbləğində pulun və ödənilmiş 36,35 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında 323nkMNG/16 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə 28% ödəmək şərtilə 5263 manat kredit vermişdir. Cavabdeh əsas məbləği və onun faizlərini hər ay ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 323nkMNG/16 saylı kredit müqaviləsi üzrə 1435,33 manat əsas, 159,58 manat faiz borcu olmaqla, cəmi 1594,91 manat məbləğində pulun və ödənilmiş 36,35 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Banka verilməsini məhkəmədən xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin(bundan sonra- birinci instansiya məhkəməsi) 2(051)-1246/2023 nömrəli iş üzrə qəbul etdiyi 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Cəbrayılzadə) iddia tələbi təmin edilmiş, Cavabdeh 1435,33 (bir min dörd yüz otuz beş manat, otuz üç qəpik) manat əsas, 159,58 (bir yüz əlli doqquz manat, əlli səkkiz qəpik) manat faiz olmaqla, cəmi 1594,91 (bir min beş yüz doxsan dörd manat, doxsan bir qəpik ) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 36,35 (otuz altı manat, otuz beş qəpik) manat məbləğində pulun alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank cavabdehə 60 ay müddətinə 28% ödəmək şərtilə 5263 manat kredit vermişdir. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı Bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı Bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır və cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı Bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı Banka 1435,33 manat əsas, 159,58 manat faiz olmaqla, cəmi 1594,91 manat borcu qalmışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.1, 427.3, 448.2, 739.1, 739.2, 741, 743, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 119, 217.4, 284-4.1, 284.5.1, 284.5.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının tələb etdiyi 1594,91 manat kredit borcunun mövcudluğu məhkəmə tərəfindən tam və obyektiv şəkildə araşdırılmamışdır. İddia tələbindəki 1594,91 manat borcun necə əmələ gəlməsi qeyri-müəyyəndir. Məhkəmə iş üçün vacib əhəmiyyət kəsb edən bu hala aydınlıq gətirilməmişdir. Bu halın müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilməli idi. Belə ki, cədvəldə göstərilən 3120 manatın 2542 dollarını bank mənə (2542*0,78=1982,7manat) məcburi qaydada dollar şəklində ödəniş etdirib (ödəniş cədvəl olavə olunur). Ödənilmiş məbləğdən sonra cədvəl üzrə 1458 dollar qalıq borc qalıb (4000-2542=1458). Qalan 1458 dollar qalıq borcu isə (1458*1.65= 2405.7 manat) isə dolların devalvasiyadan sonrakı kursuna uyğun olaraq ayda 165 manat olmaq şərti ilə xx.xx.2018-ci ilə kimi banka 2640 manat ödəniş etmişəm, sonradan ödənişdə azalma getmədiyinə görə ödənişi dayandıraraq, bu işlə əlaqəsi olan dövlət idarələrinə, hüquq mühafizə orqanlarına şikayətlər etdim. Hesab edirəm ki, 3120 manata kreditə qarşı (1982manat+2405manat=4387) 4387 manat ödəniş edərək kredit borcumu bağlamışam, mənim banka borcum qalmayıb (ödəniş cədvəli əlavə olunur). Bundan başqa kredit borcum olmadığı halda dollarla ödəniş etdiyim üçün restruksizasiyanın nəticəsinə görə mənə veriləsi 3000 manat pul da bank tərəfindən qanunsuz olaraq olmayan borca tutulub, beləliklə bank mənə məcburi qaydada gotürmüş olduğum 3120 manat kredit borcuna qarşı ümumilikdə 7387 manat pul ödətdirib, mənim banka borcum yoxdur. İkincisi, məhkəmənin istinad etdiyi və iddia tələbinin hüquqi əsasını təşkil edən xx.xx.2016-cı il tarixli, 323nkMNG/16 saylı müqavilədən 2 fərqli formada var, həmin müqavilələrin birini mən, digərini isə iddiaçı məhkəməyə təqdim edib və hər iki müqavilə e-məhkəmə sistemində var. Bir sözlə bu sənədin mötəbərliyi sual altındadır. Lakin nədənsə, məhkəmə bu halı nəzərə almamışdır. Üçüncüsü, məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi sənədlərə, qeyri-mötəbər sübutlara istinad etməklə kifayətlənmişdir. İşə baxan məhkəmə kredit borcunun müəyyən edilməsi zamanı yalnız iddiaçının təqdim etdiyi mübahisəli kredit müqaviləsini əlində rəhbər tutmuş, ona mötəbər sübut qiyməti vermişdir. Xüsusilə vurğulayım ki, məhkəmə qətnaməsində guya mənim heç bir sənəd və ya etiraz təqdim etmədiyim qeyd edilsə də, e-məhkəmə sisteminə baxanda da görünür ki, qətnamə çıxmazdan 6 gün öncə, yəni xx.xx.2023-cü il tarixində mən işlə bağlı bütün zəruri sübutlarımı, etirazımı məhkəməyə təqdim etmişəm. Bununla da baxılan iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi baş vermişdir. Dördüncüsü, Bank məni aldadaraq, əsassız şəkildə varlanmış, mənim maddi vəziyyətimi ağırlaşdırmaqla qanunsuz gəlir əldə etmişdir, məhkəmə isə bu hala sadəcə göz yummuşdur. Belə ki, Unibank tərəfindən mənə manatla verilmiş krediti dollarla rəsmiləşdirilmiş, lakin bankdan mənə dollar verilməmiş, dollar bankda qalmış, dolların qiyməti qalxdıqca, hər dəfə məni dolların yeni məzənnəsinə uyğun devalvasiyaya cəlb edərək dollarla ödəniş etməyə məcbur edib ikitərəfli, yəni krediti manatla verərkən bankda qalan dollar və devalvasiyadan gələn gəlirlə qanunsuz qazanc əldə edib. Beşincisi, Bank tərəfindən mənə qarşı edilən növbəti qanunsuzluq, birinci kreditin müqaviləsi ilə son ödəmə müddəti bitmədiyi halda (son ödəmə müddəti xx.xx.2018-ci ildir) heç bir əsas olmadan, məni rəsmi şəkildə məlumatlandırmadan, məndən xəbərsiz, hələ xx.xx.2015-ci ildə əsas məbləğ 5263 manat, 28 faiz məbləği isə 4512 manat, 60 ay müddətə ümumi məbləğ 9775 manat olmaqla, mənə məqsədli şəkildə qanunsuz olaraq ikinci kredit rəsimləşdirilmişdir, guya rəsmilədirilmiş kredit müqaviləsinin və ödəniş cədvəlinin şərtləri mənimlə razıladırılmış və mənim tərəfimdən imzalanmışdır. Halbuki belə hal heç vaxt olmayib, bu tamamilə yalandır. Vətandaşın xəbəri olmadan, onu kredit borcu ilə yükləmək analoqu olmayan bir qanunsuzluqdur. Halbuki mənim belə bir kreditdən xəbərim olmayib, belə kreditin rəsmilədirilməsini, mən etdiyim şikayət nəticəsində Unibankın İdarə heyətinin sədri Faiq Hüseynov tərəfindən gəndərilmiş cavab məktubdan xəbər tutmuşam. Əgər xx.xx.2015-ci ii tarixində həqiqtəndə mənim tərəfimdən belə bir kredit imzalanıbsa, həqiqətən gəstətilən tarixdə kredit müqavilə sənədi varsa, onda həmin tarixdə bankın kassasından pulun məxaric qəbzi də olmalıdır. Məhkəmədən xahiş edirəm ki, bankdan mənim imzamla təsdiqlənmiş qeyd olan sənədlərin məhkəməyə təqdim edilməsini tələb etsin. Altıncısı, işə baxan Məhkəmə iddiaçının tələb etmə hüququnun qanuni əsaslarını yoxlamamışdır. Məsələ burasındadır ki, xx.xx.2015-ci il tarixində qanunsuz rəsmiləşdirdikləri əsas məbləğ 5263 manat, 4512 manat faiz olmaqla ümumilikdə 9775 manat olan krediti olduğu kimi, xx.xx.2016-ci il tarixli 323nkMNG/16 saylı qanunsuz kredit müqaviləsinə kəçürməklə ikinci dəfə qanunsuzluq edərək, mənə əlavə öhdəlik yaratmış və nəticədə mənim əsasız kredit borcum yaranmışdır. Əgər diqqət yetirsəniz 323nkNMG/16 saylı kreditdə göstərilən məbləğ xx.xx.2015-ci ildə mənə rəsmiləşdirilmiş qanunsuz kredit müqaviləsindəki məbləğlə eynidir. Necə ola bilər ki xx.xx.2015-ci ildə qanunsuz rəsmiləşdirilmiş kredit 1 il 11 aydan sonra yenidən kredit kimi rəsmilədirilir. Guya mən bankdan 1 il 11 aydan sonra göstərilən məbləğdə krediti yenidən götürmüşəm. Bu özbaşınaıq, qanunsuzluqdur, cinayətdir. Məhkəmədən belə hallara diqqət yetirməsini bir daha xahiş edirəm. Əgər həqiqətəndə də mənə belə bir kredit verilibsə xahiş edirəm ki, məhkəməyə həmin xx.xx.2015-ci və xx.xx.2016 il tarixli kassa məxaric qəbzlərini təqdim edilməsini bankdan tələb etsin, çünki mənim tərəfimdən nə xx.xx.2015-ci ildə, nə də xx.xx.2016-cı ildə Unibankdan belə bir kredit götürülməyib. Qanunsuz olaraq məndən bir kreditə gərə iki dəfə, birinci və qanunsuz rəsmilədşrilmiş ikinci kreditə görə faiz tutulub. Yeddincisi, məhkəmə tərəfindən iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə baxılmamışdır. Mənim bu kredit üzrə sonuncu ödənişim xx.xx.2019-da olub, yəni iddiaçı həmin tarixdən başlayaraq 3 il ərzində məhkəməyə müraciət etməli olduğu halda, 4 ildən sonra müraciət edib, məhkəmə isə bu hala diqqət yetirməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktının qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bank tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixdə illik faiz dərəcəsi 28% olmaqla, 60 ay müddətinə- xx.xx.2021-ci ilədək 5263 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə 323nkMNG/16 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Qeyd olunan hal cavabdehin özü tərəfindən də məhkəməyə təqdim edilmiş kredit müqaviləsi ilə də öz təsdiqini tapır. xx.xx.2016-cı il tarixdə tərəflər arasına bağlanmış və cavabdeh tərəfindən imzalanmış 323nkMNG/16 saylı kredit müqaviləsinə 1 saylı Əlavə ilə isə müəyyən olunur ki, cavabdeh müqavilə şərtlərinə uyğun olaraq Banka cəmi 9775 manat ödəniş etməlidir ki, həmin ödənişin 5263 manat hissəsi əsas borc, 4512 manat hissəsi isə faiz borcudur. İş materiallarından o da görünür ki, borcalan cavabdeh kredit razılaşması üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə ona hər hansı məbləğdə pul verilmədiyini, pulun verilməsini təsdiq edən kassa məxaric orderi olmadığını bildirsə də, kredit müqaviləsi bağlanandan sonra Bankın xeyrinə 2640 manat ödəniş etdiyini də bildirir. Eyni zamanda bildirir ki, ödənişdə azalma getmədiyinə görə ödənişləri dayandıraraq müvafiq orqanlara şikayət etmişdir. Bundan başqa cavabdeh bildirir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilməmişdir. Cavabdehin bu dəlilinin araşdırılması üçün Məhkəmənin 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertrizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8206 nömrəli rəyi ilə müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli, 323nkMNG/16 saylı kredit müqaviləsi üzrə cavabdeh ümumilikdə, cəmi 5691,07 manat məbləğində ödəniş aparmışdır, Ödənilmiş həmin vəsaitini 3817,71 manat hissəsi əsas borca, 1873,36 manat hissəsi isə faiz borcuna silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə Banka olan ümumi borcu 4222,81 manat müəyyən edilir ki, həmin məbləğin 1445,29 manatı əsas borc, 2777,52 manatı faiz borcudur. Bundan başqa cavabdeh bildirir ki, kredit müqaviləsi üzrə onun tərəfindən sonuncu ödəniş xx.xx.2019-da olub, yəni iddiaçı həmin tarixdən başlayaraq 3 il ərzində məhkəməyə müraciət etməli olduğu halda, 4 ildən sonra müraciət edib, məhkəmə isə bu hala diqqət yetirməmişdir. Cavabdehin bu dəlililə bağlı Məhkəmə bildirir ki, tərəflər arasında xx.xx.2016-cı ildə bağlanmış kredit müqaviləsində kredit müqaviləsinin müddəti xx.xx.2021-ci ilədək müəyyən olunmuşdur. Bank isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü ildə müraciət etmişdir. Bu da onu deməyə əsas verir ki, Bank tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə eyni zamanda onu da bildirir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən belə bir ərizə məhkəmələrə təqdim olunmamışdır. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, üzrə cavabdehin Banka 1435,33 manat əsas borcu, 159,58 manat faiz borcu yaranmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8206 nömrəli ekspert rəyində əsas və faiz borcunun iddia tələbində göstərilən məbləğdən çox olduğu(1445,29 manat əsas borc, 2777,52 manat faiz borcu) müəyyən olunsa da, Məhkəmə mübahisəyə iddia tələbi həcmində qiymət vermişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, MPM-nin 119-cu maddəsinin tələbinə uyğun olaraq ekspertiza tədqiqatının dəyəri olan 100(bir yüz) manat cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh 100(bir yüz) manat məbləğində pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar