Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-733/2022 20.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Kamaləddin oğlu, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(014)-127/2022 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarına əsasən Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 0.68 hektar torpaq sahəsi JN-103 kod 90318048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı2 mülkiyyətinə verilmişdir. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarına əsasən Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 2.41 hektar torpaq sahəsi JN-102 kod 90318048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçılara məxsus torpaq sahələrində cavabdehlərin mal-qarasının otlaması nəticəsində iddiaçılara 400 bağ yoncanın dəyəri olan 1200 manat məbləğində ziyan dəydiyi iddia olunur. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızı iddialarını onunla əsaslandırmışlar ki, cavabdehlərlə xeyli müddətdir ki, həmkəndlidirlər. Bu günə qədər cavabdehlərlə bir neçə dəfə problem yaşamışlar. Belə ki, cavabdehlər tərəfindən dəfələrlə onlara məxsus torpaq sahəsindəki yonca əkinlərini iri buynuzlu heyvanlarına yedizdirərək məhv etməklə onlara maddi ziyanlıq vurmuşlar. Bu minvalla cavabdehlər 3 ildir ki, onların ümumilikdə 3.09 ha torpaq sahələrinin 2.49 ha sahələrindəki yonca əkinlərini məhv etməklə onlara xeyli miqdarda maddi ziyanlıq vurmuşlarr. Sonuncu dəfə 2020-ci ilin mart ayında cavabdehlər onlara məxsus torpaq sahəsindəki yonca əkinlərini iri buynuzlu heyvanlarına yedizdirərək məhv etməklə onlara maddi ziyanlıq vurmuşlar. Nəticədə onlara məxsus ümumilikdə yonca əkilmiş torpaq sahəsinin 2.49 ha yonca əkilmiş sahəsi tamamilə məhv edilməklə tələf olmuşdur. Onların 2.49 ha torpaq sahələrinə cavabdehlər tərəfindən bu il təqribən 400 yonca bağlaması miqdarında maddi ziyanlıq dəymişdir. Dəfələrlə çalışsalar da cavabdehlər tərəfindən əkin sahələrinin məhv edilməsinin qarşısını ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehlər 2.49 ha yonca əkinlərini məhv etməklə həmin sahədən əldə edəcəkləri 400 bağ yonca bağlarını məhv etməklə 1200 manat maddi ziyanlıq vurmuşlar. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 400 bağ yoncanın dəyəri olan 1200 manat məbləğində maddi zərərin ondan alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasıqı xahiş edirlər. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, cəmi iki baş iri buynuzlu heyvanı vardır, heç vaxt iddiaçılara məxsus yonca sahəsində heyvanlarını yedizdirməmişdir. İddiaçıların yazdıqları şər-böhtandır. Onun qohumu İddiaçı2la ailə münasibətlərini pozduğu üçün qəsdən belə bir iddia ilə məhkəməyə müraciət etmişlər. Digər tərəfdən iddiaçılar həmin torpaq sahəsini 2021-ci ilin payızında satmışlar. Buna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək Cavabdeh1 onun qardaşı olduğunu, qardaşı kimi o da heç vaxt iddiaçılara məxsus yonca sahəsində heyvanlarını yedizdirməmişdir. Buna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı2 qardaşıdır. Anasının tapşırığı ilə bir neçə dəfə torpaq sahəsini yoxlamağa getmiş, 2021-ci ilin payızında cavabdehlərlə məxsus iri buynuzlu heyvanların həmin torpaq sahəsində otladığını görmüşdür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən mülkiyyətlərində olan torpaq sahəsində əkilmiş yonca sahəsinə ziyan vurulması barədə məhkəməyə sübut təqdim etsələr də, həmin ziyanın məhz cavabdehlər tərəfindən vurulması barədə hər hansı bir sübut təqdim etmədilər. Belə ki, iddiaçılar iddia ərizələrində və məhkəmə iclasında verdikləri izahatlarında mülkiyyətlərində olan torpaq sahəsində əkilmiş yonca sahəsinə cavabdehlər tərəfindən 2020-ci ilin mart ayında ziyan vurulduğunu bildirsələr də, onlar tərəfindən dəvət edilmiş şahid cavabdehlər tərəfindən həmin sahədə mal-qaranın 2021-ci ilin payızında otarıldığını bildirdi. Buna görə də iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(014)-127/2022 saylı qətnaməsi ilə (hakim Famil Nəsibov) iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbi iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-103 kod 90318048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 0.68 hektar torpaq sahəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-102 kod 90318048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 2.41 hektar torpaq sahəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhəkəmə iclasında tədqiq edilən AZ-İ 719721 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2014-cü ildə Ağdaş rayonu, Tofiqi kəndində ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağdaş X11 Mərkəzi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli 111 nömrəli rəydən görünür ki, iddiaçılar - İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızına məxsus Ağdaş rayonu, Tofiqi kəndində yerləşən 3.09 ha torpaq sahəsinin 2.49 ha torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı yonca sahəsində iribuynuzlu mal-qaranın ayaq izləri, peyinləri və yonca sahəsinin iribuynuzlu mal-qara tərəfindən yeyildiyi, sahəyə ziyan vurulduğunu aşkar etmişdir. Odur ki, 2.49 ha torpaq sahəsindən dəymiş ziyanın 450 yonca bağlaması və bir yonca bağlamasının qiymətinin 3 manat olduğunu nəzərə alaraq dəymiş ziyanın məbləği 1350 manat hesablanmışdır İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-0098 kod 90318048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 4.06 hektar torpaq sahəsi X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon icra Hakimiyyəti başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli, 04 nömrəli arayışdan görünür ki, Ağdaş rayonu, Tofiq kənd sakini X4 qeydiyyatda olduğu təsərrüfatbaşına uçot kitabında ailə kəndli təsərrüfatında 2 baş iri buynuzlu malı vardır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia tələbinin rədd olunmasını qəbul etmir. Ona görə ki, məhkəmə irəli sürdüyü tələb üzrə, demək olar ki, araşdırma aparmamış, çəkişmə prinsipinin tələblərini pozmuş, təqdim etdiyi sübutları (CD disk və fotoşəkilləri, bu sübutlar apellyasiya məhkəməsində təqdim ediləcəkdir) qəbul etməmiş, tərəfindən məhkəməyə dəvət edilmiş şahid ifadəsini qətnamədə təhrif edilmiş formada əks etdirmişdir. Şahid bildirmişdir ki, mal-qara yonca sahəsinə 2020-cı ildə ziyan vurmuşdur. Məhkəmə tərəfindən yekun iclas protokolu ilə tanış olmağa şərait yaradılmamışdır. Digər baxımdan, torpaq sahəsində əkilmiş yoncanın cavabdehlər tərəfindən iri buynuzlu malqaraya otarılması və məhv edilməsi nəticəsində vurulmuş maddi ziyanın müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağdaş X11 Mərkəzi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli 11 nömrəli rəyi ilə müəyyən edilmiş ziyanın sübut kimi qəbul edilməməsi məhkəmə tərəfindən işin faktiki və həqiqi halları üzrə düzgün nəticəyə gəlinməməsi ilə nəticələnmişdir. Belə ki, tələb 400 bağlamanın qiymətinin bazar qiyməti nəzərə alınmaqla 1200 manat olduğu halda, verilmiş rəy üzrə isə 450 yonca bağlaması üzrə bir bağlamasının qiyməti 3 manat olmaqla, cəmi 1350 manat ziyan vurulması müəyyən edilmişdir. Məhkəmə, xüsusi bilik tələb olunan sahə kimi iş uzrə verilmiş rəyi əsas götürməklə, tələbin 1200 manat olduğunu təmin etməli idi. Məhkəmə yalnız cavabdehlərin verdikləri ifadələrə əsaslanaraq bu nəticəyə gəlmişdir. Cavabdehlərin ifadələri CD disk və foto şəkillərlə təkzib edildiyindən, məhkəmə tərəfindən qəbul edilməmişdir. X5 məhkəmədə bildirmişdir ki, iki baş iri buynuzlu heyvanları vardır, heç vaxt iddiaçılara məxsus yonca sahəsində heyvanlarını yedizdirməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq göz qabağındadır, həmçinin məhkəmə sübutların təmini barədə heç bir tədbir görməmişdir. Torpaq sahəsində yoncanın əkilməsi, torpağın iddiaçılara məxsus olması, cavabdehin iri buynuzlu heyvanlarının olması kənd təsərrüfatı üzrə verilmiş rəy mübahisəsiz halda məhkəmə tərəfindən də qəbul edilmişdir. Lakin son nəticəyə düzgün gəlinməmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(014)-127/2022 saylı qətnaməsinin tam ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim ediləcək sübutlar əsasında iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 272.5-ci mаddəsinə əsаsən işdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər. Həmin Məcəllənin 273-cü mаddəsinə əsаsən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(014)-127/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağdaş X11 Mərkəzi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli 11 nömrəli rəyi ilə ziyan vurulduğunun müəyyən edilməsi, lakin həmin rəyin sübut kimi qəbul edilməməsi barədə, həmçinin digər göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsində əkilmiş yonca sahəsinə ziyan vurulması barədə məhkəməyə sübut təqdim etsələr də, həmin ziyanın məhz cavabdehlər tərəfindən vurulması barədə heç bir sübut təqdim edilməmişdir. İddiaçının apellyasiya şikayətində məhkəmə tərəfindən yekun iclas protokolu ilə tanış olmağa şərait yaradılmamasına dair göstərdikləri ilə bağlı qeyd edir ki, iddiaçının həmin hüququ qanunla təsbit edilmişdir, lakin onun həmin hüququndan istifadə etməsinə məhkəmənin şərait yaratmaması mülki işin materialları ilə təsdiq edilmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə, ümumilikdə, münasibət bildirərək qeyd edir ki, həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyi üçün iddia təmin edilə bilən olmadığından apellyasiya şikayəti təmin edilmə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(014)-127/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(014)-127/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-733/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-733/2022
20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver