Məhkəmə qərarları › İş №2(107)-734/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-734/2023

24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-734/2023 24.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(035)-128/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Zərdab rayonu Şahhüseynli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.97 ha və 0.49 ha torpaq sahələri qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Seriya RX №0637628 nömrəli və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015ci il olan Seriya RX № ******* nömrəli Çıxarışlar əsasında İddiaçı xüsusi mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi ziyana görə 6684.00 manat, qiymətləndirmə xidmətinə görə 550 manat, mütəxəssis rəyinin verilməsinə görə 70 manat və dövlət rüsumuna görə ödədiyi 87 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh doğma qardaşıdır. Zərdab rayonu Şahhüseynli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.97 ha və 0.49 ha torpaq sahələri onun xüsusi mülkiyyətindədir. Cavabdeh son 6 il ərzində onun mülkiyyətində olan 0.97 ha torpaq səhəsini qanunsuz olaraq istifadə etmişdir. Dəfələrlə cavabdehə bu qanunsuz hərəkətinə son qoyulmasını təklif etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də “törənən maneənin aradan qaldırılması”na dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmış və məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmişdir. Məhkəmənin qətnaməsindən sonra, yəni cari mövsümdən sözügedən torpaq sahəsini özü əkir. Cavabdeh 6 il ərzində, yəni 2015-ci ilin iyun ayından 2021-ci ilin oktyabr ayınadək sözügedən torpaq sahəsini istifadə etməklə ona maddi ziyan vurmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində sözügedən torpaq sahəsini əkilməsindən əldə edilməsi gözlənilən fayda əlindən çıxmışdır. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış hesabata əsasən əldən çıxmış fayda kimi 0.97 ha torpaq səhəsindən bir ildə gözlənilən xalis gəlir 1114,00 manat, 6 ildə isə (6 x 1114.00) = 6684,00 manat məbləğində müəyyən edilmişdir. Həmin torpaq sahəsini əkib becərsəydi 6684 manat məbləğində fayda götürə bilərdi. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin fayda əlindən çıxmışdır. Ona götrə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, cavabdehdən maddi ziyana görə 6684.00 manat, qiymətləndirmə xidmətinə görə 550 manat, mütəxəssis rəyinin verilməsinə görə 70 manat və dövlət rüsumuna görə ödədiyi 87 manat pulun alınaraq ona verilməsini tələb etsədə, cavabdehin maddi durumunun aşağı olmasını nəzərə alaraq əsas borcdan 1000 manat azaldılmasini, yəni cəmi 6391 manat tutulmasını xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı qardaşıdır. Ataları 2014-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra 2015-ci ildə iddiaçı sözügedən torpaq sahəsini onlara (digər vərəsələrə) məlumat vermədən öz adına sənədləşdirmişdir. İddiaçının hec bir əsası yoxdur. İddiaçının şikayətinə əsasən mütəxəssis gəlib yerini göstərib. 2017-ci ildə iddiaçı Otmanoba kənd sakininə taxıl satıb, 2018-ci ildə Ləki kəndində ot satıb. Subsidiya alıb. İddiaçı sözügedən torpaq sahəsini əkməsəydi subsidiya ala bilməzdi. İddiaçının heç bir torpaq sahəsini istifadə etməmişdir. Həmin torpaq sahəsini 2018-ci ilə kimi iddiaçı özü istifadə edib. 2018-ci ildən boş qalıb, heç nə əkilməyib. İddia əsassız olduğundan rədd olunmasını xahiş edir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zərdab rayonu Şahhüseynli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.97 ha və 0.49 ha torpaq sahələri iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı hesab edir ki, onun mülkiyyətində olan 0.97 ha torpaq səhəsini cavabdeh son 06 il ərzində qanunsuz olaraq istifadə etmişdir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə bu qanunsuz hərəkətinə son qoyulmasını təklif etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də “törənən maneənin aradan qaldırılması”na dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh ona məxsus torpaq sahəsindən 06 il ərzində, yəni 2015-ci ilin iyun ayından 2021-ci ilin oktyabr ayınadək istifadə etməklə ona maddi ziyan vurmuş, yəni cavabdehin qanunsuz hərəkəti nəticəsində sözügedən torpaq sahəsini əkilməsindən əldə edilməsi gözlənilən fayda əlindən çıxmışdır. Odur ki, iddiaçının müraciəti əsasında "xxxx" MMC tərəfindən aparılmış hesabata əsasən əldən çıxmış fayda kimi 0.97 ha torpaq səhəsindən bir ildə gözlənilən xalis gəlir 1114,00 manat, 06 ildə isə (6 x 1114.00) = 6684,00 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehdin ona dəymiş ziyanı tələb etsədə heç-bir nəticə olmamışdır. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Məhkəmə araşdırması zamanı həmçinin "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş 69 saylı, xx.xx.2022-ci il tarixli rəyə əsasən iddiaçıya dəyən maddi zərərin 6684,00 manat olduğu müəyənləşdirilmişdir.

7. Məhkəmə iddiaya hüquqi qiymət verərkən ilk növbədə maddi zərərin vurulması barədə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

8. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilədən kənar öhdəliklərə aid olmaqla zərər vurulması (delikt) nəticəsində yaranan hüquq münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi və deliktlə bağlı normaları tətbiq edilməlidir.

9. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməsə də, iddiaçının əmlak hüququna etdiyi müdaxilənin qanuni olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. Ona görə də, məhkəmə cavabdehin yuxarıda qeyd olunan hərəkətlərini başqasına ziyan vurmağa yönəlmiş qanunla qadağan olunan özbaşınalıq kimi qiymətləndirir.

10. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirsə də, öz etirazını əsaslandıra bilməmiş, iddianın rədd olunması üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı isə yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandıra bilmişdir.

11. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququna təminat verilməli, ona dəymiş ziyan mütəxəssis rəyində müəyyən edilmiş yəni maddi ziyana görə 6684 manat,qiymətləndirmə xidmətinə görə 550 manat, mütəxəssis rəyinin verilməsinə görə 70 manat, cəmi 7304 manat miqdarında hesablanmaqla ödənilməlidir.

12. Məhkəmə hesab edir ki, iddiaçının özünün və ailəsinin dolanışıq mənbəyi hesab etdiyi əkinin onun gözü qarşısında və ona sayğısızlıq göstərməklə cavabdeh tərəfindən özbaşına tutulması nəticəsilə iddiaçıya 6684 manat məbləğində maddi zərər vurulmuşdur. Lakin, məhkəmə iclasında iddiaçı ərizə ilə müraciət edərək cavabdehdən maddi ziyana görə 6684.00 manat, qiymətləndirmə xidmətinə görə 550 manat, mütəxəssis rəyinin verilməsinə görə 70 manat və dövlət rüsumuna görə ödədiyi 87 manat pulun alınaraq ona verilməsi tələb etsədə, cavabdehin maddi durumunun aşağı olmasını nəzərə alıaraq əsas borcdan 1000 manat azadılmasini, yəni cəmi 6391 manat tutlmasını xahiş etmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

13. Zərdab Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(035)-128/2023 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddia qismən təmin olunmuş, Cavabdeh maddi ziyana görə 5684 manat, qiymətləndirmə xidmətinə görə 550 manat, mütəxəssis rəyinin verilməsinə görə 70 manat və dövlət rüsumuna görə 87 manat, cəmi 6391 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 21, 152, 560 və 1096-1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

15. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Seriya RX №0637628 nömrəli və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Seriya RX № ******* nömrəli Çıxarışların notariat qaydada təstiq olunmuş surətlərindən görünür ki, həmin Çıxarışda torpaq mülkiyyətçisi kimi İddiaçı qeyd olunmuşdur.

16. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 69 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesabata əsasən əldən çıxmış fayda kimi 0.97 ha torpaq səhəsindən bir ildə gözlənilən xalis gəlir 1114,00 manat, 06 ildə isə (6 x 1114.00) = 6684,00 manat məbləğində müəyyən edilmişdir.

17. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-706/2021 saylı, 21 oktyabr 2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan 0.97 ha torpaq sahəsinin naturada tanıdılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən ölçü işlərinin aparılmasına və həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılması qət edilmişdir.

18. İşdə olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8369 saylı rəyindən görünür ki, AR "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Zərdab rayonu Şahhüseynli kəndində əkin sahələrinin 1 hektarından səmərəli istifadə edildiyi təqdirdə əldə oluması ehtimal olunan orta mənfəətin təxminən 1148.50 manat olması nəzərə alınmaqla, iddia predmeti olan 0.97 ha əkin sahəsindən bir ildə gözlənilən xalis gəlirin (mənfəətin) bazar qiyməti ilə dəyəri (0.97x1148.50)=1114.00 manat, 6 ildə isə (6 x 1114.00) = 6684,00 (altı min altı yüz səksən dörd) manat təşkil etməsi müəyyən edilmişdir.

19. İşdə olan İddiaçı tərəfindən məhkəmə iclasında təqdim olunan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdehdən maddi ziyana görə 6684.00 manat, qiymətləndirmə xidmətinə görə 550 manat, mütəxəssis rəyinin verilməsinə görə 70 manat və dövlət rüsumuna görə ödədiyi 87 manat pulun alınaraq ona verilməsi tələb etsədə, cavabdehin maddi durumunun aşağı olmasını nəzərə alıaraq əsas borcdan 1000 manat azaldılmasını, yəni cəmi 6391 manat tutulmasını xahiş edir.

20. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun iddiaya etirazları məhkəmədə araşdırılmayıb. Eləcə də hüquqları yetərincə izah edilməyib. Yəni ən azından iddia müddətinin keçməsi əsası ilə iddaya etirazı nəzərə alınmalı idi.

22. Bundan başqa məhkəmə nəzərə almalı idi ki, sübut kimi istinad edilmiş mütəxəssis rəyi nəzəri hesablama əsasında aparılmışdır, ekspert isə heç bir müayinə aparmadan mütəxəssis rəyini olduğu kimi "rəyə" köçürməklə kifayətlənib. Barəsində şikayət verilən məhkəmə aktından göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspert rəyinə sübut kimi istinad edilmişdir. Onun ekspertiza təyin edilməsi barədə məlumatı olmayıb, bu barədə qərardadın surəti ona verilməyib, ekspertizada iştirakı təmin edilməyib. Ekspert rəyinin məhkəmə aktında göstərilən hissəsinə görə ekspert nəzəri hesablama apararaq ziyanı müəyyən etmişdir. Ziyanı müəyyən edərkən yalnız mütəxəssis aktına istinad edilmişdir. Həmin aktın tərtib edilməsindən məlumatlı olmamışdır. Onu tərtib etmiş şəxsin şəxsiyyəti ona məlum deyil, iddiaçı ilə münasibətləri, qohumluq əlaqələri barədə məlumatsızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspert rəyi əsasında məhkəmənin gəldiyi nəticə mötəbər hesab edilə bilməz. Belə ki, ekspert rəyi əsaslandırılmamışdır, yalnız mütəxəssis rəyi həmin sənədə olduğu kimi köçürülmüşdür.

23. Məhkəmə 2(035)-706/2021 saylı mülki iş üzrə Zərdab rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsinə sübut kimi istinad etmişdir. Həmin iş üzrə iddia ərizəsində iddiaçı israr etmişdir ki, onun 0,49 ha torpaq sahəsindən X6, 0,97 ha torpaq sahəsindən isə mən və X4 istifadə edir. Hazırkı iş üzrə iddiasında isə iddiaçı bütün torpaq sahəsindən mənim istifadə etdiyimi vurğulamış, bütün ziyanın ödənilməsini məndən tələb etmiş, məhkəmə isə təqdim edilmiş sübutları araşdırmadığından iddianı təmin etmişdir.

24. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(035)- 128/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(035)-128/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(035)- 128/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 21-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsinə verdiyi iddiaya etirazının arqumentləri işin halları ilə sübut olunmadığından nəzərə alınmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh iddia müddətinin keçməsi əsası ilə iddiaya etirazın nəzərə alınmalı olduğunu göstərsə də, nə həmin iddiaya etirazda, nə də ayrıca ərizə qaydasında cavabdehin işə iddia müddətinin tətbiq edilməsi barədə müraciəti aşkar edilmir.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 22-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, həmin arqumentlər formal mülahizələrdən ibarə olmaqla heç bir sübut və dəlillə əsaslandırılmır və təsdiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki iş üzrə də ekspert rəyi işin digər halları ilə yanaşı nəzərdən keçirilməklə sübut kimi qəbul olunması nəticəsinə gəlinmiş və həmin rəyə istinad edilməklə qətnamə qəbul edilmişdir. Eyni zamanda, cavabdeh həmin rəylə razılaşmadığını bildirsə də, iddiaçıya vurulan maddi ziyanın əslində nə qədər olması ilə bağlı nə bir fikir bildirmiş, nə də hər hansı sübut təqdim etmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 23-cü bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Zəradab Rayon Məhkəməsinin 2(035)-706/2021 nömrəli işində iddia ərizəsi cavabdehlər Cavabdeh, X5, X1 və X2 qarşı qaldırılmış olsa da, Zərdab Rayon Məhkəməsinin 2(035)-706/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan 0.97 ha torpaq sahəsinin naturada tanıdılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən ölçü işlərinin aparılmasına və həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən maneələr yaradıldığı təsdiq edilmişdir. O cümlədən həmin qətnamə ilə iddiaçının həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən 2015-ci ildən etibarən maneələr olunduğu təsdiq olunmuşdur. Bu səbəbdən də, hazırki iddianın həmin iş üzrə cavabdeh olmuş digər şəxslərə qarşı deyil, yalnız Cavabdeh qarşı qaldırılması ağlabatandır.

37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(035)-128/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(035)-128/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar