Məhkəmə qərarları › İş №2(107)-735/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-735/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-735/2021 21.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, iddiaçı «İddiaçı” İB-nin nümayəndəsi X1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 28.07.2020-ci il tаrixli, 2(014)-736/2020 saylı qətnaməsindən iddiaçı «İddiaçı” İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «İddiaçı” İB Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4097,77 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 0 , 40 manat xidmət haqqının, cəmi 4128,17 manat pulun tutularaq «İddiaçı” İB-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 28.07.2020-ci il tаrixli, 2(014)-736/2020 saylı qətnaməsi ilə iddia müddəti tətbiq edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 1227,20 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 1257,60 manat (bir min iki yüz əlli yeddi manat altmış qəpik) tutularaq «İddiaçı” İB-in xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı «İddiaçı” İB apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə qəbul edilən zaman məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, İddiaçı İB, Zaqatala RQİİnin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Qaradağlı kəndində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdeh yaşadığı mənzilin **********02780 saylı qaz hesabında ödənilməmiş 4097,77 manat borc vardır, həmin borcun 3065,97 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən, 1031,80 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə yaranmışdır. İddiaçı İB-in X3 İstismar İdarəsinin Ağdaş Xidmət Sahəsinin əməkdaşları iddiaçıya məxsus fərdi yaşayış evində məişət qaz sayğacına baxış keçirən zaman sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün açaraq götürmüşlər. Bununla bağlı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı 11237237 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, ARDNŞ-nin İTRİ tərəfindən tərtib edilmiş Akta əsasən kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfində iz olması aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən idiaçının ( abonentin ) mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 20 aprel 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Zaqatala RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Zaqatala RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək iddiaçı Cavabdehnın Ağdaş XS-nin abonent bazasındakı abonent koduna 1031,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 4097,77 manat borcun 1031,80 manat məbləği sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, həmçinin iddia müddətini tətbiq edərək doğru olmayan qərara gəlmişdir. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 28.07.2020-ci il tаrixli, 2(014)-736/2020 saylı qətnаməsi qismən ləğv edilərək iddia ərizəsinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı «İddiaçı” İB-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh tərəf heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 28.07.2020-ci il tаrixli, 2(014)-736/2020 saylı qətnaməsi qismən, iddianın iddia müddəti tətbiq edilərək rədd edilmiş 1838.77 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi 1838.77 manatın 532,47 manata aid hissəsində təmin edilməli, 1306,30 manata aid hissəsində rədd edilməli, qətnamənin mübahisələndirilən 1031,80 manata aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Apellyasiya şikayəti yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir ki məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinə həmin hissədə qiymət verməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci mаddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid ayliq müavinətin müəyyən edilməsi haqqinda” 23.01.2017-ci il tarixli 1206 saylı Fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 , 0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət təyin edilmiş və həmin Fərmanın 2.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid ayliq müavinətin müəyyən edilməsi haqqinda” azərbaycan respublikasi prezidentinin 23.01.2017-ci il tarixli 1206 nömrəli fərmaninda dəyişikliklər edilməsi barədə” 16.04.2018-ci il tarixli 1920 saylı Fərmanına əsasən vahid aylıq müavinətin həcmi 40 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1.-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də şamil edilir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onların öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti üzərindən çox vaxt ötmüş mötəbərliyin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına münasibətləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 20 fevral 2020-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh iddiaçı təşkilata 2015-ci ilin may ayınadək 1306.3 manat borcu olmuşdur. Həmçinin cavabdeh həmin borc məbləğinə görə ödəniş etməmişdir. 20 fevral 2020-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdehin iddiaçı təşkilata 2017-ci ilin iyun ayınadək 1838.77 manat borcu olmuşdur. Həmçinin Cavabdeh 2015-ci ilin mayından bu yana həmin borca görə müəyyən ödənişlər etmişdir. Deməli 2015-ci ilin mayından 2017-ci ilin iyun ayınadək olan müddət ərzində yaranmış borca münasibətdə iddia müddəti tətbiq edilə bilməz. Belə olduğu təqdirdə iddia tələbi həmin hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti qalan hissədə əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, Ağdaş XS-nin təbii qaz abonenti kimi **********02780 kodu altında qeydiyyatda olan cavabdehin yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyətindən kənarda küçədə quraşdırılmışdır. Həmçinin sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı tərəf aktlarda və cavabdehə ünvanladığı məktublarda qaz sayğacına şəxsən qaz abonenti tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı təşkilat 2015-ci ilin may ayındək yaranmış borc məbləği ilə bağlı iddia müddətini ötürdüyündən cavabdehdən həmin məbləği tələb etmək hüququnu da itirmişdir. Çünki iddiaçı 2015-ci ilin may ayınadək yaranmış borcu 12 may 2020-ci ildə məhkəmədə iddia qaldıraraq tələb etmişdir ki, bu da 5 ildən çox bir müddəti əhatə edir, iddia müddətinin ötürüldüyünə dəlalət edir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 28.07.2020-ci il tаrixli, 2(014)-736/2020 saylı qətnaməsi qismən, iddianın iddia müddəti tətbiq edilərək rədd edilmiş 1838.77 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi 1838.77 manatın 532,47 manata aid hissəsində təmin edilməli, 1306,30 manata aid hissəsində rədd edilməli, qətnamənin mübahisələndirilən 1031,80 manata aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyаsı qаnunvericiliyin tələblərinə əsаsən hesаb edir ki, tərəflər öz hüquqlаrının müdаfiəsi üsullаrını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icrааtının prinsiplərini, mаddi və prosessuаl hüquq normаlаrını rəhbər tutаrаq yаlnız ədаlət mühаkiməsi funksiyаsını həyаtа keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə müvаfiq olаrаq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin 532,47 manat hissəsinin rədd edilməsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 28.07.2020-ci il tаrixli, 2(014)-736/2020 saylı qətnaməsi qismən, iddianın iddia müddəti tətbiq edilərək rədd edilmiş 1838.77 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi 1838.77 manatın 532,47 manata aid hissəsində təmin edilməli, 1306,30 manata aid hissəsində rədd edilməli, qətnamənin mübahisələndirilən 1031,80 manata aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-403 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı «İddiaçı” İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 28.07.2020-ci il tаrixli, 2(014)-736/2020 saylı qətnaməsi qismən, iddianın iddia müddəti tətbiq edilərək rədd edilmiş 1838.77 manata aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. 4097,77 manat iddia tələbinin rədd edilmiş 1838.77 manatın 532,47 manata aid hissəsi təmin, 1306,30 manata aid hissəsi rədd edilsin. Qətnamənin mübahisələndirilən 1031,80 manata aid hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ələddin Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar