Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-738/2022 07.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı süni maneələrin aradan qaldırılması və zəruri su yolunun açılması tələbinə dair (Açar sözlər: maneələrin aradan qaldırılması, su yolunun açılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı süni maneələrin aradan qaldırılması və zəruri su yolunun açılması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisindən 0,1958 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində 130,6 m2 sahəsində fərdi yaşayış evi inşa edilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, № 10/5387 saylı ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilən zaman su yolunun (su arxı) cavabdehin hasarından aralı keçməklə, hər iki tərəfi (sağ və sol qırağı) betonlanmış vəziyyətdə olmaqla küçədən yolun kənarı ilə iddiaçının hasarı tərəf istiqamətində keçdiyi, su arxında isə suyun olmadığı müəyyən edilmişdir. İki ədəd su borunsunun qarşısında tullantıların yığıldığı (yarpaq, lil və s.) müəyyən olunmuş, tam olaraq tutulması aşkar olunmamışdır. Su borularının ağzına yığılmış tullantıların kim və ya kimlər tərəfindən yığıldığı subyektiv məsələ olduğu və hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər. Baxış zamanı su arxından suyun axmadığı (keçmədiyi) səbəbindən həmin borulardan suyun keçibkeçməməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı su sızma nəticəsində su arxına yaxın hissədə, küçə tərəfdə cavabdehin hasarında hər hansı ziyan aşkar olunmamışdır. Baxış iştirakçılarının baxış zamanı bildirdiklərinə görə sözügedən su arxından uzun illərdir ki, kənd sakinləri istifadə edir. Su arxından uzun illərdir istifadə olunduğu və baxış zamanı küçə tərəfdə cavabdehin hasarında hər hansı ziyanın aşkar olunmadığı nəzərə alınarsa, su yolunun işlək vəziyyətə gətirilməsinin cavabdehlərin yaşadıqları evə zərər vura bilib-bilməməsini müəyyən etmək üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən müvafiq rəy alınmaqla məhkəmə tərəfindən qiymət verilə bilər. FHN Tikintidə Təhlükəsizliyə Nəzrət Dövlət Agentliyinin müvafiq institutlarında xüsusi avadanlıq və laboratoriya şəraiti olduğu üçün tövsiyə olunur.
3. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş "xxxx" ASC MİOQ və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin Ağdaş inzibati ərazisi üzrə mühəndis-nəzarətçisi X4 ifadəsində bildirmişdir ki, o, həmin ərazidə nəzarətçi işləyir. Mübahisəli yerə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qarşısı alınmış su xətti uzun illər mövcud olmuş və onun cavabdehlərə heç bir ziyanı yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı süni maneələrin aradan qaldırılması və zəruri su yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Ağdaş rayonunun Yuxarı Ləki kəndində yaşayır. Cavabdeh1 və X5 onunla qonşuluqda yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin N- 1294349 saylı çıxarışına əsasən Ağdaş rayon Yuxarı Ləki kəndində fərdi yaşayış evi tikmişlər. Həyat yoldaşı ilə birgə yaşayırlar. Birgə nikahlarından üç uşaqları vardır. Qonşuluqda yaşayan Cavabdeh1 və X5 onun evinə gedən zəruri su yolunu bağlayıblar. Lakin onlar həmin zəruri su yoluna 5 min manat pul qoyaraq həmin zəruri su yolunu betondan çəkərək su aparmışlar. 20 ildir ki, həmin zəruri su yolundan istifadə edirlər. Lakin cavabdehler həmin zəruri su yolunu bağlayaraq su vermirlər. O, polis şöbəsinə şikayət, Ağdaş rayon Yuxarı Ləki bələdiyyəsinə və icra nümayəndəliyinə müraciət etmişdir. Onlar cavabdehə bildirmişlər ki, həmin zəruri su yolu açılmalıdır. İddiaçı həmin sudan 20 ildir ki, istifadə edir. Cavabdeh məhəl qoymayaraq həmin zəruri su yolunun qabağını kəsərək ona su vermir. Onların əkinlərinin suyu və özlərinin içməli suyu kəsilib, mülkiyyətçi kimi hüquqları pozulmuşdur.
6. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və X5 tərəfindən Ə mlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yoluna yaradılmış süni maneələrin aradan qaldırılması, həmin su yolu açılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yolu cavabdehlər Cavabdeh1 və X5 tərəfindən bağlanmışdır. məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X5 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yoluna yaradılmış süni maneələr aradan qaldırılmalı və həmin su yolu açılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci, 54-cü maddəsinin 3-cü, 84-cü maddəsinin 1 və 3cü, və 111-ci maddəsinin 3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 170.3 və 170.4, 175.1 və 255.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və X5 apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar iddiaçı ilə qonşuluqda özlərinə məxsus təsərrüfatda yaşayırlar. İddiaçı şəxsən öz təsərrüfatına çəkdirdiyi, onların xüsusi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin ətrafına çəkdirdikləri divarın yaxınlığından keçən beton su arxını və orda qoyulmuş su borularının içərisini vaxtlı vaxtında tullantılardan və lildən təmizləmədiyinə görə su arxı şişərək ətrafa axır və nəticədə onların həyət divarının dibinə axmaqla divara və həyətə ziyanlıq vurur. Ona görə də onlar iddiaçıdan su arxının təmizlənməsini xahiş və tələb etmişlər.
11. İşə baxan məhkəmə işi araşdırarkən iş üzrə cavabdehlər kimi onların mülki hüquqa zidd qanunvericiliyin konkret olaraq hansı normalarını pozmalarını, zəruri su yoluna hansı maneələri törətmələrini və müki hüquq məsuliyyəti daşımalarına aydınlıq gətirməmişdir. Məhkəmə işin həqiqi hallarını, yəni iddiaçının su arxına tullantıların və lilin onlar tərəfindən su yoluna tökülərək qabağını kəsməklərini sübut olunmadığı təqdirdə həmin tullantıların onlar tərəfindən yox, məhz iddiaçının su yoluna nəzarət etmədiyinə görə su arxının və su borularının içərisinin tullantı(xəzəl, lil və s) ilə dolmasına və suyun axımının qarşısının kəsilməsinə səbəb olduğunu nəzərə almamış, qətnamə qəbul edərkən səhv nəticəyə gəlmiş, bununla da onların hüquqlarını pozmuşdur.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/5387 saylı ekspert rəyi ilə təsdiq olunur ki, iddiaçıların çəkdirdikləri beton su arxının və su borularının qarşısı və içərisinə tullantı(xəzəl, lil və s.) yığılıb. Aydındır ki, su arxının içərisi və su borusunun qarşısı həmin tulantılarla dolu olduğu halda su axa bilməz və qarşısı kəəsildiyinə görə şişib ətraf təbii mühitə, o cümlədən də onların həyət divarına və hətta həyətlərinə də zərər vurur. Göründüyü kimi işə baxan məhkəmə haqlı tərəf onlar olduğu halda, iddia tələbini iddiaçının xeyrinə qismən təmin etməklə qətnamə qəbul edərkən qeyd edilən maddi hüquq normasına istinad etsə də, səhv nəticəyə gəlmişdir.
13. Ağdaş Rayon Məhkəməsi qətnaməsində iddiaçı ilə qonşuluqda yaşamalarına istinad etsə də, onun həyətinə gedən su yolunun onların həyət qapısının divarının yanından keçməsini su arxının içərisi iddiaçı tərəfindən təmizlənmədiyinə görə iki ədəd su borularının qarşısı kəsildiyindən su arxdan aşaraq onların qapısının və divarının dibinə yığıldığına görə və iddiaçıya bu barədə iradlarını bildirdiklərinə görə və bunda haqlı olmalarını, məhz bundan sonra onlara qarşı heç bir subyektiv hüququ olmayan iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini nəzərə almamış, bütün bunların işin faktiki halları olduğuna görə qətnaməsini həmin hallara uyğun əsaslandırmalı olduğu halda, bunu etməmiş, nəticədə düzgün olmayan qənaətə gəlmişdir.
14. Məhkəmə iddiaçı tərəfin həyətinə gedən su arxının qarşısının onlar tərəfindən kəsilməsini təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməməsinə baxmayaraq yalnız iddiaçı tərəfindən “sübut” növü kimi məhkəməyə təqdim edilən 0.1958 hektar həyətyanı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa, ekspert rəyinə və şahid ifadəsinə istinad etsə də, həmin sübutları tam və hərtərəfli araşdırmamış, yalnız şahid qismində dindirilmiş mühəndis-nəzarətçi X1 ifadəsində işlətdiyi “Mübahisəli yerə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qarşısı alınmış su xətti uzun illərdir mövcud olmuş və onun cavabdehlərə heç bir ziyanı yoxdur” heç bir hüquqi əsasları olmayan ifadəsinə əsaslanmışdır. Belə ki. ekspert rəyində birmənalı şəkildə qeyd edilmişdir ki, “hər iki tərəfi betonlanmış su arxı küçədən yolun kənarı ilə iddiaçının hasarı istiqamətində keçdiyi, su arxında isə suyun olmadığı müəyyən edilmişdir. İki ədəd su borusunun qarşısında tullantıların yığıldığı (yarpaq, lil və s) müəyyən olunmuş, tam olaraq tutulması aşkar olunmamışdır”
15. Ağdaş Rayon Məhkəməsi dəlilləri tam və hərtərəfli araşdırmamış, iddiaçının onlara qarşı belə bir iddia tələbi ilə məhkəmə müraciət etməsinə düzgün hüquqi qiymət verməmiş, iddianın hansı səbəblərdən qismən təmin edilməsini dəqiq müəyyən etməmişdir.
16. Göründüyü kimi, işə baxan məhkəmə iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmiş, iddiaçının həyətinə suyun gəlməməsinin əsas səbəbinin özü tərəfindən su arxına nəzarət etməməsi və arxın içərisini və su borularının qarşısını vaxtlı-vaxtında təmizləməməsi üzündən baş verməsini ətraflı əsaslandırmamış, nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz hesab etdikləri qətnaməsini qəbul etmişdir.
17. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlə bir kənddə qonşuluqda yaşayır. Mübahisəsi gedən su arxının cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin su arxı ümumi yolda, cavabdehin hasarından xeyli aralıda yerləşir. Bundan əlavə su arxının hər tərəfi onlar tərəfindən betonlanmışdır. Alternativ su arxı da yoxdur. Lakin bütün bunlara baxmayaraq cavabdeh neçə vaxtdır ki, su arxından suyun aparılmasına mane olur. Dəfələrlə danışıqlar aparmağa cəhd etsələr də, nəticəsi olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdehlər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 636 93 62 və 050 331 47 41 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
21. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. (Mülki Prosessual Məcəllə maddə 135.7)
22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
24. Azərbaycan Respublikası Su Məcəlləsinin: 64-cü maddəsinə əsasən Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İşdən görünür ki, iddiaçı hazırki tələbində mübahisəli ünvanda yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş su arxının açılmasını və maneənin aradan qaldırılmasını xahiş edir. Tələbinin qanuni əsasını Mülki Məcəllənin 146,2, 152.1 və 1096.1-ci maddələrinə istinad etməklə əsaslandırır.
30. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır
31. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir.
32. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
33. İş materiallarının tədqiqi zamanı müətyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yolu cavabdehlər Cavabdeh1 və X5 tərəfindən bağlanmışdır.
34. Birinci instansiya məhkəməsi işin obyektiv araşdırıımlası məqəsədilə iddiaçının həyətinə gedən su arxının cavabdeh tərəfindən bazğlanmasını və cavabdehə hansı zərərin vurulmasını müəyyən etmək məqəsədilə müvafiq ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, № 10/5387 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, su yolunun (su arxı) cavabdehin hasarından aralı keçməklə, hər iki tərəfi (sağ və sol qırağı) betonlanmış vəziyyətdə olmaqla küçədən yolun kənarı ilə iddiaçının hasarı tərəf istiqamətində keçdiyi, su arxında isə suyun olmadığı müəyyən edilmişdir. İki ədəd su borunsunun qarşısında tullantıların yığıldığı (yarpaq, lil və s.) müəyyən olunmuş, tam olaraq tutulması aşkar olunmamışdır. Su borularının ağzına yığılmış tullantıların kim və ya kimlər tərəfindən yığıldığı subyektiv məsələ olduğu və hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər. Baxış zamanı su arxından suyun axmadığı (keçmədiyi) səbəbindən həmin borulardan suyun keçib-keçməməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı su sızma nəticəsində su arxına yaxın hissədə, küçə tərəfdə cavabdehin hasarında hər hansı ziyan aşkar olunmamışdır. Baxış iştirakçılarının baxış zamanı bildirdiklərinə görə sözügedən su arxından uzun illərdir ki, kənd sakinləri istifadə edir. Su arxından uzun illərdir istifadə olunduğu və baxış zamanı küçə tərəfdə cavabdehin hasarında hər hansı ziyan aşkar olunmamışdır.
35. Hətta birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş "xxxx" ASC MİOQ və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin Ağdaş inzibati ərazisi üzrə mühəndis-nəzarətçisi X4 ifadəsində bildirmişdir ki, o, həmin ərazidə nəzarətçi işləyir. Mübahisəli yerə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qarşısı alınmış su xətti uzun illər mövcud olmuş və onun cavabdehlərə heç bir ziyanı yoxdur.
36. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi su arxının hər tərəfi betonlanmaqla, heç də cavabdehə məxsus olan torpaq sahəsindən deyil, ümumişlək yoldan, cavabdehin hasarından aralıda keçir.
37. Beləliklə də iş materiallarından aydın olur ki, iddiaçıya məxsus olan torpaq sahəsinə su arxı cavabdehə məxsus torpaq sahəsindən keçməməklə uzun illər həmin arxdan istifadə olunmuşdur. İddiaçıya məxsus həyətyanı sahəyə başqa alternativ ərazidən su xəttinin aparılması mümkün deyil. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin bu kimi hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndiriliməlidir.
38. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər(elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayaz Mahmudov