Məhkəmə qərarları › İş №2(107)-739/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-739/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-739/2021 23.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(014)-1369/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhəri, Vaqif küçəsində yaşayan Cavabdeh oğlundan 7344.51 yeddi min üç yüz qırx dörd 51 qəpik) məbləğində əsas borcun, 30 (otuz) manat rüsum, 0.40 (qırx) qəpik xidmət haqqı, ümumilikdə isə 7374.91 manat (yeddi min üç yüz yetmiş dörd 91 qəpik) borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(014)-1369/2020 nömrəli (hakim N.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 6912.51 (altı min doqquz on iki 51 qəpik) manat pul (sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 6480.51 manat və 432 manat isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı) və 15 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 15 manatı İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(014)-1369/2020 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Ağdaş rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(014)-1369/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, üzərinə hesablanmış 6480.51 manat məbləğə münasibətdə, həmin məbləğin rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri, Vaqif küçəsində yaşayan Cavabdeh oğluna məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdeh oğlunun **********01920 saylı qaz hesabında ödənilməmiş 7344.51 manat borc vardır. Həmin borcun 6480.51 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 864 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, yuxarıda göstərilən ünvanda yerləşən cavabdehə məxsus mənzildə istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacının 30215 m3 göstəricisi ilə sayğac üzrə aparılmış hesabata əsasən 6480.51 manat borc yaranmışdır. Digər tərəfdən həmin ünvanda 17.12.2019-cu il tarixdə cavabdehin qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilmişdir.Bununla da 17.12.2019-cu il tarixdə qeydə alınmış sayğacdan kənar xətt vasitəsi ilə istehlakçı faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərini gizlətməktədir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17.12.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 28.12.2019-cu il tarixli qərarı ilə 8640 m3 (və ya 864 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. İstehlakçının ünvanında qüsur aşkar edilməmişdən əvvəl ilə qüsur aşkar olunduqdan sonra istehlakçının qaz sərfiyyatları müqayisə edildiyi zaman görünür ki, aşkar edilmiş nöqsan aradan qaldırıldıqdan sonra istehlakçının qaz sərfiyyatının göstəricisi nəzərə çarpacaq dərəcədə artmışdır. Beləliklə qazdan qanunsuz, yəni pulsuz istidadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli e-2(014)-1369/2020 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyət etibarilə düzgün hüquqi qiymət versə də iddia tələbinin sayğacdankənar xəttə münasibətdə tam- başqa sözlə hesabat müddətində aparılmış dəymiş ziyanın tam təmin edilməməsində səhv nəticəyə gəlmişdir. İlk növbədə birinci instansiya məhkəməsi Məhkəmə iddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddin artıq yüksək məbləğ müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ azaldılmalı 432 AZN həddində müəyyən edilməlidir. Belə ki, iddiaçı itirilmiş qazın həcminin müəyyən edərkən nəyə əsasən hesabat müddətini 90 gün müəyyən etdiyini əsaslandıra bilməmişdir. İddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddiaçı tərəfindən iddiada qeyd edilən hallar sübuta yetirilmədiyindən həmin hallar üzrə hesablanmış zərər də tam həcmdə cavabdehdən tutula bilməz. Məhkəmə Kollegiyasının nəzərinə çatdırıram ki, cavabdehə məxsus fərdi yaşayış evində istismarda olan qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etməsi mülki işin mübahisəsiz halıdır və birinci instansiya məhkəməsində öz təsdiqini tapmışdır. Bildirirəm ki, cavabdeh 17.12.2019-cu il tarixdə cavabdehin qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilmişdir. Bununla da 17.12.2019-cu il tarixdə qeydə alınmış sayğacdan kənar xətt vasitəsi ilə istehlakçı faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17.12.2019cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 28.12.2019-cu il tarixli qərarı ilə 8640 m3 (və ya 864 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Göründüyü kimi qanunsuz birləşmə ilin mülayim avlarına vox, qış avlarına təsadüft edir. Bununla belə məhkəmə 864 manat dəymiş ziyanın 432 manat həddində azaldılmasını da heç bir halda əsaslandırmamış və bu qənaətə hansı kriterivalara yanaşmaqla gəlməsi göstərilməmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeydşərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Göründüyü kimi iddiaçı dəymiş ziyan müəyyən edilməsi ilə bağlı rəhbər tutduğu yeganə sənəd olan ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarda hesabat müddəti işin hallarına uyğun olaraq 3 ilədək müəyyən edilmişdir və iddiaçı tərəf həmin qərara uyğun olaraq hesabat aparmışdır. Birinci instansiya məhkəməsi hesabatın borcun şişirdilməsi əsası ilə hesabat müddətini qısadılması üçün heç bir maddi hüquq normasına istinad etməmişdir. Bundan başqa abonent saldosundan göründüyü kimi cavabdehin qaz hesabında uzun müddətdir sayğac göstəricisi yaşyış olmasına baxmayaraq az həcmdə hesabat gedir. Yuxarıda qeyd etdiyimiz sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1 -ci maddəninə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqlarım əhəmiyyətli dərəcədə pozulmuşdur. O, tələbin 432 manat hissəsini qəbul edir. Ancaq qətnamə üzrə təyin olunmuş 6480.51 manatı qəbul etmir. Həmin məbləğ tam əsassız olaraq onun üzərinə yazılıb. Bu baxımdan o həmin qaz sayğacının nə vaxt onun evinə qoyulduğunu, hansı vaxtdan sayğacın işlənildiyini o aidiyyatı qaz idarəsindən rəsmi olaraq tələb edir. İdarə üstü yazılı, yəni hansısa bir abonentin (fiziki və ya hüquqi şəxsin) işlənilmiş sayğacını onun evinə işləyərək, üstündə də qeyd olunan silinməmiş məbləğin onun üzərində saxlayaraq, hazırda onun üzərinə yazmaqla əsassız olaraq ondan pul tələb edirlər. 6480.51 manat tərəfimdən neçə işlənə bilər? Belə bir fakt mövcud deyil. Göründüyü kimi idarə xəttə müdaxilə edildiyini qeyd edərək akt tərtib edib. Bununla bağlı 864 manat üzərinə məbləğ yazıb. Məhkəmə bunun 432 manatını təmin edib. Ancaq 6480.51 manat onun sərfiyyatı deyildir. İddiaçı tərəfindən ona qoyulmuş sayğacın günü, ayı, ili barədə, eyni ilə ödənilən illər üzrə məbləğ barədə rəsmi məlumatı istəyir. Eyni ilə 6480.51 manat məbləğin hansı vaxtdan və tarixdən yaranmasını, bu borcun illər üzrə artım faizinin müəyyən edən tabloqramanın məhkəməyə gətirilməsini istəyir. Bu suallara məhkəmə qaydasında iddiaçı cavab verməlidir. Həmin cavablanmanın məhkəmə qaydasında ona şərait yaradılmasını, əsassız olaraq üzərinə yazılmış bu həddə məbləğə rəsmi cavab verilməsini istəyir. Həmin məbləğ onun deyil, o, bu məbləği qəbul etmir, məhkəmə ədalətinə inanaraq işin, tələbin tam və obyektiv araşdırılmasını istəyir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək bildirmişdir ki, qazdan qanunsuz istifadəyə görə cavabdehə borc hesablanmasına baxmayaraq, sonuncu nəinki borcu ödəmək istəyir, əksinə öz qanunsuz əməlini davam etdirir. Bu barədə məhkəmədən kənar qaydada cavabdehə xəbərdarlıqlar olunmasına baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Bugün də cavabdeh sayğacdan kənar qaydada qaz istifadə etməkdə davam edir. Ona görə də İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd olunmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 051 652 16 35 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi iddiaçı qətnamənin iddianın təmin olunmayan - təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış 864 manat borcun təmin edilməyən 432 manat hissəsi və 30 manat dövlət rüsumunun ona aid edilmiş 15 manat hissəsini; cavabdeh isə sayğac göstəricisinə əsasən aparılmış hesabat əsasən yaranmış 6480.51 manat borc hissəsini mübahisələndirmişdir. Cavabdeh qətnamənin 432 manat hissəsinin (təbii qazdan qeyri-qanuni istifadə görə) hissəsini mübahisələndirməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 31.12.2019-cu il tarixli **********01920 saylı abonent saldosundan da görünür ki, Cavabdeh oğlunun 7344.51 manat borcu var. 28.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, 17.12.2019-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh oğluna 8640 m3 (və ya 864 manat) ziyan hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 28.12.2019-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh oğlunun mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar rezin borudan istifadə edilməsi aşkar olunmuşdur. Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X7 idarəsi ilə istehlakçı Cavabdeh oğlu arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 23.07.2019-cu il tarixli 1132-07-2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Ağdaş QİS tərəfindən verilmiş 17 dekabr 2019-cu il tarixli inventar aktından məlum olur ki, sayğacdan kənar qoşulmaların mövcudluğu və əlavə olunanlar NFC kart-rider hissəsində əzik-cızıq izləri aşkar olundu. Sayğac bloku düşüb, abonent sayğacı açıb evə qoyub, sayğacdan kənar rezin borudan istifadə edir. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, 10/4418, 9/6280 nömrəli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına” əsasən Cavabdeh məxsus fərdi yaşayış evində 5594 m3 təbii qaz sərf edilmişdir. 2-ci sual üzrə: Abonentin saldo cədvəlinə əsasən təbii qazdan istifadəyə görə 2020-ci ilin iyul ayına hesablanmış 7.344,51 manat məbləğində borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.1.2-ci maddəsinə əsasən (öhdəliklərin xitamı üçün müddətlər) kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İlk olaraq iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verən Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilməsini şikayətində qeyd etmişdir. Həmçinin şikayətdə göstərilmişdir ki, həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Məhkəm kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi sənəd o vaxt sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Lakin həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”nı sübut kimi qəbul etmir. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, 10/4418, 9/6280 nömrəli ekspert rəyindən isə görünür ki, ekspert ona ünvanlanmış sualları dəqiq cavablandırmamış, qeyri-müəyyənliyə yol vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh Ağdaş Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(014)-1369/2020 nömrəli qətnaməsinin təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış 864 manat borcun təmin edilmiş 432 manat hissəsi apellyasiya şikayəti vermədiyi üçün birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdehin apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcələnin 551.1.2-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddiaçı tələbində 01 iyul 2011-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək olan borc öhdəliyini mübahisələndirmişdir. Lakin Mülki Məcələnin 551.1.2-ci maddəsinin tələbi baxımından 2011-ci ilin 01 iyul tarixindən 2016-cı ilin iyul tarixinədək yaranmış borc müddətin keçməsi səbəbindən xitam olunduğundan, iddia tələbi yalnız 2016-cı ilin iyul ayından 2020-ci ilin iyul ayınadək hesablanmalı və həmin vaxt intervalı arasındakı borc məbləğinə münasibətdə təmin edilməlidir. İddiaçının cavabdehdən 2016-cı ilin iyul ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzindəki tələb etdiyi borc məbləği aşağıdakı kimidir.

1. 2016-cı ilin iyul ayından 2017-cı ilin iyul ayınadək - qaz sərfi 8221 m3, yaranmış borc məbləği isə 1046,2 manat (bir min qırx altı manat iyirmi qəpik) təşkil edir (qaşqın limitinə görə 20 manat borcdan silinmişdir). Qaz sərfi 5781 m3-i 10 qəpikdən hesablanmaqla, yerdə qalan hissə-2440 m3 isə 20 qəpikdən hesablanmışdır. Belə ki, 2017-ci il yanvar 1dən qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarına əsasən 2017-ci ilin yanvar ayının birindən etibarən il ərzində 1700 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanmışdır.

2. 2017-cı ilin iyul ayından 2018-cı ilin iyul ayınadək - qaz sərfi 7,318 m3, yaranmış borc məbləği isə 1293.6 manat (bir min iki yüz doxsan üç manat altmış qəpik) təşkil edir. Bu dövr üçün qaz sərfi 1700 m3-i 10 qəpikdən hesablanmaqla, yerdə qalan hissə- 5,618 m3 isə 20 qəpikdən hesablanmışdır. Belə ki, 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarına əsasən il ərzində 1700 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanmışdır.

3. 2018-cı ilin iyul ayından 2019-cı ilin iyul ayınadək - qaz sərfi 11,892 m3, yaranmış borc məbləği isə 2158.4 manat (iki min bir yüz əlli səkkiz manat 40 qəpik) təşkil edir. Qaz sərfi 2200 m3-i 10 qəpikdən hesablanmaqla, yerdə qalan hissə-9,692 m3 isə 20 qəpikdən hesablanmışdır. Belə ki, 2019-ci il may ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixli qərarına əsasən 01 may 2019-cu il tarixdən etibarən il ərzində 2200 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanmışdır.

4. 2019-cu ilin iyul ayından 2020-cı ilin iyul ayınadək - qaz sərfi 7,032 m3, yaranmış borc məbləği isə 1186.4 manat (bir min bir yüz səksən altı manat qırx qəpik) təşkil edir. Qaz sərfi 2200 m3-i 10 qəpikdən hesablanmaqla, yerdə qalan hissə-4,832 m3 isə 20 qəpikdən hesablanmışdır. 2019-ci il may ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixli qərarına əsasən il ərzində 2200 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanmışdır. Beləliklə cavabdehin 2016-cı ilin iyul ayından 2020-ci ilin iyul ayınadək istifadə etdiyi qazın həcmi 34,463 m3 olmaqla məbləğ isə 5684,6 (beş min altı yüz səksən dörd manat atmış qəpik) manat təşkil edir. Kollegiya cavabdehin apellyasiya şikayətinin “6480.51 manat sərfiyyatı”nın olmaması ilə bağlı dəlilinə qiymət verərək bildirir ki, Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X7 idarəsi ilə istehlakçı Cavabdeh oğlu arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 23.07.2019-cu il tarixli 1132-07-2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Cavabdeh isə 2016-cı ilin iyul ayından 2020-ci ilin iyul ayınadək olan vaxt ərzində müqavilə öhdəliyini pozaraq yaranmış borcunu ödəməkdən yayınmışdır. Cavabdeh bununla bağlı şikayətində göstərdiyi dəlilləri təsdiq edəcək sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(014)-1369/2020 nömrəli qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissə (6480.51- 5684.6=795.91) üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehə аid edilməli və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayət verilə bilməz Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(014)-1369/2020 nömrəli qətnaməsi qismən-sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 795.91 manat (6480.51-5684.6= 795.91) hissədə ləğv edilisn. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Cavabdeh “sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən borcu 5684,6 (beş min altı yüz səksən dörd manat atmış qəpik) manat müəyyən edilsin. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 200 manat Cavabdeh alınaraq alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən, cavabdeh tərəf, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar