Məhkəmə qərarları › İş №2(107)-74/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-74/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-74/2024 27.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair (Açar sözlər: Podrat müqavilə öhdəlikləri üzrə pul tələbi, sübutetmə yükü, subyektiv hüquq) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 2 may 2023-ci il tarixli, 2(016)-367/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6.000 manat vurulmuş maddi zərərin əvəzinin 80 manat dövlət rüsumunun əvəzinin, cəmi 6.080 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona 6.000 manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, onlar tərəfindən mənzili təmir edilmiş, lakin keyiyyətsiz təmir edildiyi üçün tikinti materiallarına çəkilmiş xərcin dəyərində maddi zərər vurulmuşdur. Bununla bağlı Ağsu rayon Polis şöbəsinə şikayət edilsə də iş mülki xaraterli olması səbəbindən cinayət işi rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, qardaşının Nəmirli kəndində evi var. Qardaşı ona demişdir ki, evi təmir eləsin, o da cavabdehlərlə razılaşmış və cavabdehlər işə başlamışlar. Lakin onlar çox keyfiyyətsiz işləmiş, profillərin bir çoxunu bir-birinə bağlamamışlar. Halbuki o, cavabdehlər nə deyibsə hamısını almış və dedikləri pulu da vermişdir.

4. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının həyətində iki il bundan əvvəl işləmişlər və necə deyibsə elə də profilləri vurmuşlar, həmin profillər küləyin təsirindən aralanmışdır.

5. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı keyiyyətsiz materiallar almış, onlar da iddiaçıya materialların keyfiyyətsiz olduğunu demişlər. Hətta cavabdeh onlara verəcəyi puldan da 200 manat əskik pul vermişdir.

6. Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə 300 manata danışıb işləmiş və işi təhvil vermişdir. Lakin 15 gün sonra yenə ona zəng edərək boruların açıldığını demiş, o da gedib təzədən təmir etmişdir.

7. Ağsu Rayon Məhkəməsinin 2 may 2023-ci il tarixli, 2(016)-367/2023 nömrəli qətnaməsi ilə (hakim A.Əsgərov), İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər.

9. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsədə o, tələb etdiyi hallara dair mötəbər sübutları, yəni cavabdehlər tərəfindən ona ziyan dəyməsini, həmçinin təmirə nə qədər pul xərcləməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təmir üçün alınmış materialların keyfiyyətlərinin müəyyən edilməsilə bağlı ekspertiza təyin olunması barədə xahişi məhkəmə araşdırma predmeti olmamışdır.

13. Cavabdeh-Cavabdeh3 qətnamədə qeyd olunduğu kimi təmirin keyfiyyətsiz aparıldığı üçün 15 gündən sonra zəng vasitəsiylə ustalara məlumat verməyi, ustaların isə təmirin yenidən aparılması kimi faktlar birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırılmamışdır. Məlum halda vurulmuş maddi ziyan cavabdehlərin hansı əməllərindən doğması araşdırılmamışdır. Göstərilən xidmətin keyfiyyətsizliyinin səbəbi aydınlaşdırılmamıdır. Cavbdehin ifadəsi kimi “ material keyfiyyətsiz idi” heç bir mötəbər sübuta əsaslanmır. Təqdim edilmiş sübutlar obyektiv, qərəzsiz, hərtərəfli öyrənilməmişdir. Verilmiş vəsatəti yerli baxışın keçirilməsinə müsbət yanaşılmamışdır.

14. Cavabdehin verdiyi izahatla bağlı, alınmış məhsulun keyfiyyətsiz olması ilə bağlı ekspertin rəyi olmadan qətnamə qəbul edilmişdir.

15. Təmir qurtaran kimi qüsurlar ortaya çıxmış, bu halın Cavabdeh3 tərəfindən etiraf edilmiş və məhkəmə tərəfindən bu hala hüquqi qiymət verilməmişdir.

16. Göstərilmiş xidmətin qüsurlarını əks etdirən foto şəkilləri birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş, səbəb olaraq isə məhkəmə tərəfindən yerli baxış keçiriləcəyinə ümidi olması, sonda vəsatət müzakirə edilmədən nəticənin elan edilməsi olmuşdur.

17. Odur ki, Ağsu Rayon Məhkəməsinin 2 may 2023-ci il tarixli, 2(016)-367/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 02 may 2023-ci il tarixli, 2(016)-367/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında təmir işlərini gördürdüyü evin qardaşı X6 məxsus olduğunu, qardaşının Rusiya Federasiyasının vətəndaşı olmaqla evin və evin yerləşdiyi torpaq sahəsinə dair qardaşı X4 adına hər hansı bir sənədləşmə işlərinin aparılmadığını, evin yerləşdiyi torpaq sahəsinin qardaşının qayınanası X5 adına olduğunu, lakin evin aqrar islahat zamanı Zeynəb Atakişiyevanın ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş 0,45 ha torpaq sahəsində yerləşmədiyini, evdə təmir işlərinin aparılması, hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etməsi üçün qardaşı tərəfindən ona hər hansı bir etibarnamə verilmədiyini, həmin işəri qardaşının ona şifahi qaydada verdiyi tapşırıq əsasında həyata keçirtdiyini, bu məqsədlə 2021-ci ildə qardaşı Fizuliyə məxsus Ağsu rayonu Nəmirli kəndində yerləşən fərdi yaşayış evində dəmir lövhələrlə quraşdırılmış hasarın və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş göy rəngli novların quraşdırılmasından ibarət təmir işlərinin aparılmasını cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həvalə etdiyini göstərmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X9 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, Cavabdeh3 məhkəməyə göndərdiyi teleqramında gəlib-getməyə imkanının olmadığını göstərsə də işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. 768.1-ci maddəsinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 772.2-ci maddəsinə əsasən materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 774-cü maddəsinə əsasən əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

22. Qərar: M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 02 may 2023-ci il tarixli, 2(016)-367/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Qeyd edilənlərə əsasən kollegiya Ağsu Rayon Məhkəməsinin 02 may 2023-ci il tarixli, 2(016)-367/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli iş üzrə Ağsu Rayon Məhkəməsinin 02 may 2023ci il tarixli, 2(016)-367/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir.

28. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 2021-ci ildə Ağsu rayonu Nəmirli kəndində yerləşən fərdi yaşayış evində dəmir lövhələrlə quraşdırılmış hasarın və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş göy rəngli novların quraşdırılmasından ibarət təmir işlərinin aparılmasını cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həvalə etmişdir. Cavabdehlər tərəfindən həmin işlər icra edilmişdir. Lakin cavabdehlər tərəfindən işlərin keyfiyyətsiz icra edilməsi ilə bağlı 6000 manat ziyanın cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı həmin evin ona deyil, qardaşı Fizuli Alhüseynova məxsus olduğunu, Fizuli Alhüseynovun da adına təmir işlərinin görüldüyü evlə, evin yerləşdiyi torpaq sahəsi ilə bağlı heç bir sənədləşmə işlərinin aparılmadığını, həmin evdə təmir işlərinin aparılmasının da qardaşı Fizuli Alhüseynov tərəfindən ona tapşırıldığını göstərmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

32. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

33. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

34. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

35. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

36. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

37. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

38. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

39. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etməmişdir.

41. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

42. Belə müqavilələrdən birini Mülki Məcəllənin 752.1-ci maddəsində göstərilən podrat müqaviləsi təşkil edir. Hansı ki, tərəflərin birinci instansiya məhkəməsində və iddiaçının məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarından tərəflər arasında yaranan münasibətlərin podrat müqavilə münasibətlərinə uyğun olması müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmir üçün alınmış materialların keyfiyyətlərinin müəyyən edilməsilə bağlı ekspertiza təyin olunması barədə xahişinin məhkəmə tərəfindən araşdırılmaması, alınmış məhsulun keyfiyyətsiz olması ilə bağlı ekspertin rəyi olmadan qətnamə qəbul edilməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin 02 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasına dair iclas protokolundan müəyyən edilmişdir ki, iddiaçının sifariş verdiyi işlərin cavabdehlər tərəfindən yerinə yetirilməsi üçün tələb olunan materiallar iddiaçı tərəfindən alınmışdır. Həmin materiallar iddiaçı tərəfindən alındığından onların keyfiyyət göstəricilərinə dair sənədin təqdim edilməsi vəzifəsi də məhz iddiaçının üzərinə düşür. Bunun üçün ekspertiza tədqiqatının aparılmasına nə kimi zərurətin olmasına iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir.

44. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

45. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Həmçinin iddiaçının qeyd etdiyi dəlili üzrə ekspertiza təyin edilməsi üçün hər hansı bir əsasın olması müəyyən edilməmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yerli baxışın keçirilməsinə dair verilmiş vəsatətinə müsbət yanaşılmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından və işdə olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından iddiaçının yerli baxışın keçirilməsinə dair hər hansı bir vəsatət verməsi halı müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən də aparılan təmir işlərinə yerində baxışın keçirilməsi zərurətinin olması müəyyən edilməmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ustaların təmiri yenidən aparması faktının birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırılmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının iddia tələbi ümumilikdə sifariş verdiyi işlərin cavabdehlər tərəfindən keyfiyyətsiz icrası ilə bağlıdır. Onun iddia tələbinin əsasını təkrar yerinə yetirilmiş işlərin keyfiyyətsizliyi deyil, ümumilikdə yerinə yetirilmiş işlərin keyfiyyətsizliyi təşkil edir. Yəni iddiaçının özü iddia tələbində bununla bağlı əlavə əsaslandırmanın aparılmasına zərurət duymamışdır.

48. Məhkəmə kollegiyası vurulmuş maddi ziyanın cavabdehlərin hansı əməllərindən doğmasının araşdırılmaması, göstərilən xidmətin keyfiyyətsizliyinin səbəbinin aydınlaşdırılmaması, təqdim edilmiş sübutların obyektiv, qərəzsiz, hərtərəfli öyrənilməməsinə dair dəlillərinə də münasibət bildirərək qeyd edir ki, iddiaçının cavabdehlərə sifariş verdiyini bildirdiyi dəmir lövhələrlə quraşdırılmış hasar və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş göy rəngli novların quraşdırılmasında hər hansı bir qüsura yol verilib-verilməməsinin, hər hansı bir qüsura yol verilmişdirsə, həmin qüsurların onların quraşdırılmasında istifadə edilmiş materialların sıradan çıxmasına səbəb olub-olmaması kimi məsələlərin aydınlaşdırılması məqsədi ilə məhkəmə kollegiyasının 08 avqust 2023-cü il tarixli 2(107)-921/2023 nömrəli qərardadı ilə kompleks məhkəmə tikinti texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

49. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6303 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Ağsu rayonu Nəmirli kəndində yerləşən, iddiaçının fərdi yaşayış evinin damının kənarlarına vurulmuş novlardan aşağıya doğru quraşdırılmış metal boruların bəzi hissələrində qopduğu, bəzi hissələrdə isə əyildiyi müəyyən olunmuşdur. Baxış zamanı boruların üçün uc hissələrinin əzilərək bir-birinə keçirilməsi müəyyən olunmuşdur. Eyni zamanda metal təbəqələrdən ibarət hasara baxış keçirən zaman təbəqələrin birləşmə hissələrinin arxa hissədə quraşdırılan metal dayaqlara tam bərkidilmədiyi müəyyən olunmuşdur.

50. Qeyd olunan qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin mövcud orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 512 manat müəbləğində müəyyən edilir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmasına baxmayaraq, ilk öncə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olub-olmamasına qiymət verilməlidir.

53. Belə ki, birinci instansiya məhkəməsi ilk növbədə iddiаçı İddiaçı hazırki tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı olmuşdur.

54. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

55. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

56. Göründüyü kimi iddiaçı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən buna subyektiv hüququ olmamamışdır.

57. Belə ki, təmir işlərinin aparıldığı tikilinin, onun yerləşdiyi torpaq sahəsinin İddiaçı, yaxud onun əvəzindən işləri icra etdiyini bildirdiyi qardaşı X4 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində, hətta təsərrüfatbaşına kitabda qeydiyyata alınmadığı, o cümlədən qardaşı tərəfindən həmin işlərin yerinə yetirilməsi üçün hər hansı bir səlahiyyətin verilməsinə dair sübutun olmaması işin mübahisə olunmayan hallarıdır.

58. Belə ki, məhkəmə kollegiyasının sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, **********19 nömrəli cavab məktubundan iddiaçı X3 və X4 adlarına Ağsu rayonunun Nəmirli kəndində hər hansı bir daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir.

59. Bundan əlavə iddiaçı X3 məhkəmə kollegiyasına təqdim etdiyi Ağsu rayon İcra Hakimiyyəti Başçısının Padar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 26 fevral 2024-cü il tarixli, 5-34-20\2-3-54\2024 nömrəli arayışından iddiaçı X3 göstərdiyi və təmir işlərini apardığı Ağsu rayonunun Nəmirli kəndində yerləşən fərdi yaşayış evinin Nəmirli kəndinin aid olduğu Padar kənd inzibati ərazi dairəsinin təsərrüfatbaşına kitablarında qeydiyyata alınmadığı müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, təmir işlərinin aparıldığı tikilinin, onun yerləşdiyi torpaq sahəsinin iddiaçının, yaxud onun adından işləri icra etdirdiyini bildirdiyi qardaşı X4 mülkiyyətlərində, qanuni əsaslarla sahibliklərində və istifadələrində olmasına dair hər hansı bir sübutun təqdim edilməməsi, buna dair iddiaçının, onun qardaşı X4 hər hansı bir hüquqlarının qeydiyyata alınmaması onu deməyə əsas verir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi»nə dair iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Elə bu əsasla da iddiaçı X3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Məhkəmə kоllegiyаsı məhkəmə xərclərinə dair hissədə bu qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən, iddiaçının iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 80 manat dövlət rüsumu məbləği onun özünə aid edilməli, həmçinin məhkəmə kollegiyasında aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçı X2 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:

İddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 02 may 2023-ci il tarixli, 2(016)-367/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 6000 manat vurulmuş maddi zərərin əvəzinin, 80 manat dövlət rüsumunun əvəzinin, cəmi 6080 manat pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 80 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçı X2 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar