Məhkəmə qərarları › İş №2(107)-744/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-744/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-744/2021 29.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(014)-718/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1, Cavabdeh3və Cavabdeh2 qаrşı «borc»tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19.05.2014- cü il tarixli 111. LN.2102.190514.00006 saylı kredit müqaviləsi üzrə 8430.89 manat əsas, 9968.25 manat faiz, 99.74 manat gecikdirməyə görə cərimə olmaqla, cəmi 18498.88 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahis etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 26 oktyabr 2020-ci il tarixli, 2(014)- 718/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, kredit müqaviləsi üzrə 8430.89 manat əsas, 9968.25 manat faiz, 99.74 manat gecikdirməyə görə cərimə borcu olmaqla, cəmi 18498.88 manat məbləğində borc və ödənilmiş 30.40 mаnаt məbləğində dövlət rüsumu, xx.xx.1982-ci il tarixdə Yevlax rayon, Qoyunbənəsi kəndində doğulmuş, Ağdam rayon, Qızıllı kəndində yaşayan, Ağdaş rayon Orta Ləki kəndində məskunlaşan Cavabdeh1, xx.xx.1984-cü il tarixdə Ağdaş rayon, Malaykəndində anadan olmuş, Ağdaş şəhər, İ.Qaradağlı küç-69-da yaşayan Cavabdeh2, xx.xx.1988-ci il təvəllüdlü Ağdaş rayon, Aşağı Ləki kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Ləki kəndində qeydiyyatda olan Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, Ağdaş rayon məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2(014)-718/2020 saylı qətnaməsinin dəyişdirilərək iddia tələbində əsas və faiz borclarının real məbləğində müəyyən edilərək qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19.05.2014-cü il tarixli 111.LN.2102.190514.00006 saylı kredit müqaviləsi əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 26 faizlə 36 ay müddətinə 15000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 və Cavabdeh2ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.06.03.2020-ci il tarixə Cavabdeh1 banka 19.05.2014-cü il tarixli 111.LN.2102.190514.00006 saylı kredit müqaviləsi üzrə 8430.89 manat əsas, 9968.25 manat faiz və 99.74 manat gecikdirməyə görə cərimə olmaqla, cəmi 18498.88 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirməyə görə cərimə olmaqla, cəmi 18498.88 manat borcu vardır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonrada borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd edilənlərə əsasən Ağdaş rayon məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2(014)-718/2020 saylı qətnaməsinin dəyişdirilərək iddia tələbində əsas və faiz borclarının real məbləğində müəyyən edilərək qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştriak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o bu gün də bankın pulunu ödəməkdən yayınmır, sadəcə bank tərəfindən ona əlavə faiz və cərimə hesablandığından pulu birdəfəyə ödəyə bilmir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı tərəfin nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya qeyd edir ki, araşdırma yalnız Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(014)-718/2020 nömrəli qətnaməsi qismən-yəni faiz və cərimə borcuna münasibətdə ləğv edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC Gəncə filialı tərəfindən verilmiş 06.03 2020-ci il tarixli 05/09 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən 19.05.2014-cü il tarixdən 06.03.2020-ci il tarixədək Banka əsas məbləğ üzrə borc 8430.89 AZN müəyyən olunur. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş 19.05.2014-cü il tarixli 111.LN.2102.190514.00006 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş 19.05.2014-cü il tarixli 111.LN.2102.190514.00006 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ödəniş qrafikindən məlum olur ki, Cavabdeh1 hər ay 604.36 manat olmaqla 26 faizlə 36 ay müddətinə 15000 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş 19.05.2014-cü il tarixli 111.CL.190514.00006/b saylı və111.CL.190514.00006/csaylı zaminlik müqavilələrindən məlum olur ki, Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyası tərəfindən verilmiş 14 may 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, “xxxx” ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC ləğvedicisi təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamamsına icazə verilməsi qərara alınmışdır. İddiaçı ASC tərəfindən 12.03.2020-ci il tarixli 228 saylı xəbərdarlıqdan məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 9/1740 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən edilir: 19 may 2017-ci il tarixə: - əsas borc ----10.041.69 manat - faiz borcu -----4.109.64 manat 20 aprel 2020-ci il tarixə: - əsas borc ----8.430.89 manat - faiz borcu -----4.609.37 manat Qeyd edilir ki, 19.05.2014-cü il tarixli 111.LN.2102.190514.00006 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmadı. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı işüzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehin 1892,27 manat qalıq borcu qalmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, iddiaçı cavabdehdən əsas borcu, faiz, cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış borcu tələb edir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 19.05.2014-cü il tarixli 111.LN.2102.190514.00006 saylı kredit müqaviləsi yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 19.05.2014-cü il tarixli 111.CL.190514.00006/b saylı və 111.CL.190514.00006/c saylı zaminlik müqavilələri ilə müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədilərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara qiymət verərək hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 8430.89 manat əsas, 9968.25 manat faiz, 99.74 manat gecikdirməyə görə cərimə borcu olmaqla, cəmi 18498.88 manat məbləğində borc və ödənilmiş 30.40 mаnаt məbləğində dövlət rüsumu, alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı cavabdehlərdən 9968.25 manat faiz və 99.74 manat cərimənin alınmasını qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, həmin hissədə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Məhkəmə kollegiyası həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman hazırki iş üzrə cavabdehlərə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Göründüyü kimi iddiaçı sözügedən Fərmanın 6 və 10-cu bəndlərinin tələblərinə əməl etməyərək cavabdehlərdən faiz və cərimə borclarını tələb etmiş, 10-cu bənddə göstərilən vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görməmiş, görmüşsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(014)-718/2020 nömrəli qətnaməsi qismən-cavabdehlərdən 9968.25 manat faiz, 99.74 manat gecikdirməyə görə cərimə borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Qətnamə əsas borca münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.05.2021-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 145 manat tərəflər arasında bərabər şəkildə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(014)-718/2020 nömrəli qətnaməsi qismən- cavabdehlərdən müştərək qaydada 9968.25 manat faiz, 99.74 manat cərimə borcununcəmi 18498.88 manatın tutulması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə 8430.89 (səkkiz min dörd yüz otuz manat səksən doqquz) manat əsas və ödənilmiş 30.40 mаnаt məbləğində dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə (sonradan Əmanətlərin Sığortalanması Fondu) ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdehlərdən müştərək qaydada, alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar