Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-754/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit borcu, ekspert rəyi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1071/2020 saylı, 30 iyul 2020-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 26 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 492 manat əsas borcun və 295 manat faiz üzrə borcun, cəmi 787 manat borcun, 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 208 manat əsas borc və 124 manat faiz üzrə borcun, cəmi 332 manat borcun həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Borclu Cavabdeh ilə aralarında bağlanmış 26 yanvar 2016-cı il tarixli borc müqaviləsinə əsasən Şvizer markalı soyuducu, supermax markalı LED televizor və çanaq antina alınması məqsədi ilə cavabdehə 18 ay müddətinə, yəni 26 iyul 2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 1782 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh 26 yanvar 2016-cı il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 1290 manat pul ödəmişdir. Borclu Cavabdeh ilə aralarında bağlanmış 26 iyul 2016-cı il tarixli borc müqaviləsinə əsasən İtimat markalı qaz plitəsinin alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 26 iyul 2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 528 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh 26 iyul 2016-cı il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 320 manat pul ödəmişdir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun birinci müqavilə üzrə 295 manatını, ikinci müqavilə üzrə 124 manat tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh 26 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 492 manat əsas borcun və 295 manat faiz üzrə borcun, cəmi 787 manat borcun, 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 208 manat əsas borc və 124 manat faiz üzrə borcun, cəmi 332 manat borcun həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun tutulması xahiş edilir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 2(014)-1071/2020 saylı, 30 iyul 2020-ci il tаrixli qətnaməsi ilə (F.Nəsibov) iddia tələbi təmin edilmiş, Cavabdeh 26 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 492 manat əsas borc və 295 manat dəbbə borcu, 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 208 manat əsas borc və 124 manat dəbbə borcu, cəmi 1149 (bir min bir yüz qırx doqquz) manat borcun tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borc müqaviləsi üzrə tələb edilən 295 manat və 124 manat faiz borcu yox, dəbbə puludur, belə ki,tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Borc müqaviləsi üzrə tələb edilən 295 manat və 124 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 443-cü, 462-ci, 463-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam araşdırmamış, əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, götürdüyü əşyalar üzrə borcu tam ödəmişdir. Kredit müqavilələri üzrə iddia müddətinin ötürülməsi hallarına məhkəmə diqqət yetirməmişdir. Məhkəmə tətbiq olunan normalar üzrə düzgün nəticəyə gəlməmişdir. Qətnamədən və iddiaçının etirafından da məlum olur ki, o birinci müqavilə üzrə 1290 manat, ikinci müqavilə üzrə isə 320 manat ödəmişdir. İddiaçının, iddiasında ödənilməmiş faizləri tələb etməsinə baxmayaraq, məhkəmə ona yardımçı olmuş, iddia tələblərindən kənara çıxmış, faizləri müqavilə şərtlərinə uyğun olaraq nəzərə almamış, faizləri dəbbə pulu ilə əvəz etmiş, dəbbə pulu kimi isə dəbbə pulunun silinməsini etmək əvəzinə, səthi araşdırma aparmaqla, demək olar ki, götürdüyü kredit məbləği qədər (1149 manat) onu yenidən problemə salmışdır. Ona görə də qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаddəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаddəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1071/2021 saylı, 30 iyul 2020-ci il tаrixli qətnaməsinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 208 manat əsas borc və 124 manat dəbbə borcuna aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1071/2020 saylı, 30 iyul 2020-ci il tаrixli qətnaməsi 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 208 manat əsas borc və 124 manat dəbbə borcuna aid hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Borclu Cavabdeh ilə aralarında bağlanmış 26 yanvar 2016-cı il tarixli borc müqaviləsinə əsasən Şvizer markalı soyuducu, supermax markalı LED televizor və çanaq antina alınması məqsədi ilə cavabdehə 18 ay müddətinə, yəni 26 iyul 2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 1782 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh 26 yanvar 2016-cı il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 1290 manat pul ödəmişdir. Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya heç bir ödəniş etməmişdir. Eyni zamanda ekspert rəyi ilə müəyyən edilmişdir ki, 26 yanvar 2016-cı il tarixli borc müqaviləsindəki imza cavabdehə məxsusdur, 26 iyul 2016-cı il tarixli kredit müqaviləsindəki imza cavabdehə məxsus deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh birinci müqavilə üzrə heç bir sübut təqdim etməmişdir. Bununla belə kollegiya hesab edir ki, 26 iyul 2016-cı il tarixli kredit müqaviləsindəki imza cavabdehə məxsus olmadığından iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın rədd edilən olması barədə cavabdehin apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, xətşünasliq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni birinci müqavilə üzrə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam təmin etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi barədə dəlilə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, müqavilədən görünür ki, müddət 26.07.2017-ci ildə bitir. İddia ərizəsi isə məhkəməyə 01.07.2020-ci il tarixdə daxil olmuşdur. Yəni 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 208 manat əsas borc və 124 manat dəbbə borcuna aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1071/2020 saylı, 30 iyul 2020-ci il tаrixli qətnaməsi 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 208 manat əsas borc və 124 manat dəbbə borcuna aid hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1071/2020 saylı, 30 iyul 2020-ci il tаrixli qətnaməsi 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə, 208 manat əsas borc və 124 manat dəbbə borcuna aid hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə, 208 manat əsas borc və 124 manat dəbbə borcuna aid hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-754/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-754/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver