Məhkəmə qərarları › İş №2(107)-755/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-755/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-755/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(014)-1634/2020 nömrəli qətnaməsindən İddiaçı İB-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(014)-1634/2020 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia qismən təmin edilmiş, Cavabdeh 952,56 manat borc,30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 982,96 manat (doqquz yüz səksən iki manat doxsan altı qəpik) tutularaq İddiaçı İB-in xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı İB Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1614,96 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının cəmi 1645,36 manat borcun cavabdehdən tutularaq İddiaçı İBin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakşı yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdeh **********00210 saylı qaz hesabında ödənilməmiş 1614,96 manat borc vardır, həmin borcun 621,36 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 993,60 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı qaz sayğacına dair 621,36 manat borc yaranmışdır. Bundan başqa cavabdehə məxsus fərdi yaşayış evində istismarda olan qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilmişdir. Belə ki, xx xxx 2020-ci il tarixdə qeydə alınmış sayğacdan kənar xətt vasitəsi ilə istehlakçı faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx xxx 2020-ci il tarixli qərarı ilə 11938 m3 (və ya 993,60 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Ona görə də iddiaçı tərəf cavabdehdən 621,36 manat sayğac göstəricisinə əsasən aparılmış hesabata və 993,60 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış, ümumilikdə 1614,96 manat borcun (621,36 m + 993,60 m = 1614,96 m) tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki,iddianın təmin edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı İB-in nümayəndəsi V.Heydərov iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, cavabdehin borcu, yəni itirilmiş qazın dəyəri 90 günə vurularaq hesablanmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, cavabdeh X5 Sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtı-vaxtında iddiaçı orqanın hesabına ödəmişdir. Nəzərə çatdırmaq istəyir ki, onun yaşayış sahəsinə təbii qaza görə sayğac həyətdə yox, həyət divarından çöl tərəfdə qurraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üşün müvafiq örtüklə örtülməmişdir. Bildirir ki, İddiaçı İB-nin X4 İstismar İdarəsinin əməkdaşları təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2020-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən guya ki, onun tərəfindən kənar qanunsuz birləşmədən istifadə edilməsi aşkar edilmişdir. Bildirir ki, nə o nə də ki, ailəsi heç vaxt kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməmiş və etsəydi belə bu nəzarətçi tərəfindən dərhal aşkar olunardı. O, sayğac göstəricisinə əsasən aparılmış hesabat nəticəsində hesablanmış 621,36 manat borcu qəbul edir. Hesab etmişdir ki, iddia kənar xətt nəticəsində hesablanmış 993,60 manat borca münasibətdə əsassızdır məhz bu səbəbdən o hissədə rədd edilməlidir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(014)- 1632/2020 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyət etibarilə düzgün hüquqi qiymət versə də iddia tələbinin sayğacdankənar xəttə münasibətdə tam-başqa sözlə hesabat müddətində aparılmış dəymiş ziyanın tam təmin edilməməsində səhv nəticəyə gəlmişdir. İlk növbədə birinci instansiya məhkəməsi iddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən borc şişirdilmiş, dəymiş ziyanın hesablanarkən hesabat müddəti 90 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə münasib deildir. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ azaldılmalı 331.20 AZN həddində müəyyən edilməlidir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, cavabdehə məxsus fərdi yaşayış evində istismarda olan qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etməsi mülki işin mübahisəsiz halıdır və birinci instansiya məhkəməsində öz təsdiqini tapmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə qeydə alınmış sayğacdan kənar xətt vasitəsi ilə istehlakçı faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə 9936 m (və ya 993.60 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı video çəkiliş aparılmışdır. Göründüyü kimi qanunsuz birləşmə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi ilin mülayim aylarına yox, qış aylarına təsadüft edir. Bununla belə məhkəmə 993.60 manat dəymiş ziyanın 331.20 manat həddində azaldılmasını da heç bir halda əsaslandırmamış və bu qənaətə hansı kriteriyalara yanaşmaqla gəlməsi göstərilməmişdir Birinci instansiya məhkəməsi hesabatın borcun şişirdilməsi əsası ilə hesabat müddətini qısadılması üçün heç bir maddi hüquq normasına istinad etməmişdir. Bundan başqa abonent saldosundan göründüyü kimi cavabdehin qaz hesabında uzun müddətdir sayğac göstəricisi yaşyış olmasına baxmayaraq az həcmdə hesabat gedir. Ona görə də, İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(014)-1634/2020 nömrəli qətnaməsinin qismən – iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini; İddiaçı Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasıının iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(014)-1632/2020 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İşdə olan xx xxx 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. İşdə olan Zaqatala RQİİ-nin İstehlakşılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə xx xxx 2020-ci il tarixli Aktın surətindən görünür ki, Cavabdehnın Ağdaş XS-nin abonent bazasındakı **********00210 nömrəli abonent koduna 9936 m3 – 993,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İşdə olan Cavabdehnın adına olan abonentin saldosundan görünür ki, Cavabdehnın 2020-ci ilə qaza görə 1614,96 manat borcu vardır,borcun 993,60 manat hissəsi qalıq və aktlar üzrə olan borcdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1, 5.2, 5.5 və 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3, 3 və 3.3-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 3-cü bənində əsasən, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, İddiaçı İB-in X4 İstismar İdarəsinin Ağdaş Xidmət Sahəsinin əməkdaşları tərəfindən təbii qaz istehlakçıları tərəfindən təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən cavabdehin yaşadığı fərdi yaşayış evinin təbii qaz ilə təchizatına baxış keçirilən zaman təbbi qazdan istifadəyə dair sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. Təbii qazdan qanunsuz kənar xətt vasitəsi ilə istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olaraq cavabdehə 993,60 manat borc yazılmışdır. Tələb edilən 621,36 manat borc isə cavabdehin təbii qazdan istifadəsi nəticəsində yaranmış olan borcudur. Cavabdeh aşkar edilmiş kənar təbii qaz xəttinin ona məxsus olmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, aşkar edilmiş qanunsuz kənar xətt nəticəsində cavabdehə hesablanmış borc şişirdilmişdir, belə ki, dəymiş ziyan hesablanarkən hesabat müddəti 90 gün nəzərdə tutularaq cavabdehdən tələb edilən cərimə məbləği dəymiş ziyanın məbləğinə münasib deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək dəymiş ziyan hesablanarkən hesabat müddəti 30 günə vurulmalı,cavabdehdən 993,60 manat deyil, 331,20 manat qanunsuz kənar xətt nəticəsində iddiaçıya dəymiş ziyana görə və 621,36 manat təbii qazdan istifadəyə görə,cəmi 952,56 manat pul tutulmalı iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş tələbin məbləği nəzərə alınaraq ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir.İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi Nümayəndə оğlunun apellyasiya şikаyəti təmin edilmədən, iş üzrə Ağdaş Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(014)-1634/2020 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağdaş Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(014)-1634/2020 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilməmiş 662,40 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. İddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar