Məhkəmə qərarları › İş №2(107)-757/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-757/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-757/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı İB-in Cavabdeh qarşı Qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(014)-845/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 863,30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının,cəmi 893,70 manat pulun tutularaq İddiaçı İB-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(014)-845/2020 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə iddia müddəti tətbiq edilərək iddia qismən təmin edilmiş, Cavabdeh 368,60 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 389 manat (üç yüz əksən doqquz manat) tutularaq «İddiaçı” İB-in xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-845/2020 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, , İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Qaradağlı kəndində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdeh yaşadığı mənzilin **********01710 saylı qaz hesabında ödənilməmiş 863,30 manat borc vardır, həmin borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən, yaranmışdır. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 863,30 manat borc abonentin özü tərəfindən ödənilməlidir, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Buna görə də Cavabdeh 863,30 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması xahiş edilir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(014)-845/2020 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Bildirirlər ki, birinci instansiya məhkəməsi mülki işin faktiki hallarını araşdırmadığından və iş materiallarına düzgün hüquqi qiymət vermədiyindən sonda yalnış nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən üç illik müddət tətbiq etməklə tələbi qismən rədd etməsi düzgün olmamışdır. Çünki iddia müddətinin tətbiq edilməsi üçün ilk öncə tərəf qarşı tərəfin tələbini qəbul və etiraf etməli və bundan sonra ərizə təqdim edərək müddətin tətbiq edilməsini xahiş etməli idi. Lakin cavabdeh tərəf nə iddia tələbini etiraf etmiş, nə də ərizsində belə bir qeyd yoxdur. Belə bir vəziyyətdə isə məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəni təmin etməməli, iddia ərizəsinə ümumi qaydada hüquqi qiymət verməli idi. İşin mahiyyəti də ondan ibarətdir ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri Müşviq İsayev küçəsində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqımüqaviləsi əsasında təbii qazdan istifadə edilmişdir. İstehlakçının yaşad ığımənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01710 saylı qaz hesabında ödənilməmiş 863.30 manat borc vardır, həmin borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olanG-4 markalı 11469778 saylı qaz sayğacının 2943 m göstəricisi ilə 863.30 manat borc yaranmış və tələb olunan borc ödənilməmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 pellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mövcud pandemiya ilə əlaqədar işləyə bilmədiyindən qaz borcunu vaxtıvaxtında ödəyə bilməmişdir. Lakin sayğaca və ya xəttə heç bir müdaxilə etməmişdir. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(014)- 845/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Ağdaş QİS-dən Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2020-ci ilə görə 863,30 manat borcu vardır. Borcun 494,70 manat hissəsi 2017-ci ilin iyun ayına qədər olan borcdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də şamil edilir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onların öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti üzərindən çox vaxt ötmüş mötəbərliyin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına münasibətləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü madədsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş materiallarından da göründüyü kimi Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2020-ci ilə görə 863,30 manat borcu vardır. Borcun 494,70 manat hissəsi 2017-ci ilin iyun ayına qədər olan borcdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tələbləri üzrə iddi müddətini tətbiq etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqiq qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında görünür ki, cavabadeh Cavabdeh 2020-ci ilə görə 863,30 manat borcu vardır. Borcun 494,70 manat hissəsi 2017-ci ilin iyun ayına qədər olan borcdur. İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 36-cı səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(014)-845/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellsiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(014)-845/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar