Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-759/2022 07.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi-iş məhkəmə qaydasında baxılmalı deyilsə - Xitam) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(046)-1010/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. 23.07.2021-ci il tarixli reyestrdə 3M-201 nömrə ilə qeydə alınmış, notarial qaydada tərtib edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 04 ay müddətinə, yəni 23.11.2021-ci il tarixədək 5000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır.
2. İşə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır.
3. Kollegiya qərardad qəbul edərək işə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılmasını məqsədə müvafiq hesab etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4980 manat borcun və 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 23.07.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 04 ay müddətinə, yəni 23.11.2021-ci il tarixədək 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit məbləğini hissə-hissə ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 4980 manat kredit borcu, qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bundan başqa ərizə ilə məhkəməyə müraciət edərkən 70 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 29 mart 2022-ci il tarixli, 2(046)- 1010/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 4980 manat əsas kredit borcu və 70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, notariat ofisində kredit müqaviləsi bağlayaraq iddiaçıdan 23 noyabr 2021-ci il tarixə kimi qaytarmaq şərti ilə 5000 manat məbləğində pul borc almışdır. Borc məbləğini qaytara bilməmiş və Göyçay rayon notariat Ofisi borcun ödənilməsi üçün 3M-201 saylı icra qeydi vermişdir. Həmin icra qeydi icra olunarkən borc məbləğini ödəyə bilməmiş və Göyçay rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında protokoluna baxan Göyçay rayon Məhkəməsi 13 yanvar 2022-ci il tarixli 3(046)-31/2022 saylı qərarla onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib 15 gün müddətində inzibati həbs təyin etmişdir. Məhkəmənin qeyd edilən qərarından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 21 yanvar 2022-ci iltarixli 3(107)-21/2022 saylı qərarı ilə Göyçay rayon Məhkəməsi 13 yanvar 2022-ci il tarixli 3(046)-31/2022 saylı qərarı dəyişdirilmiş, inzibati həbsin müddəti 8 günə endirilmişdir. Bundan sonra o, dəfələrlə Göyçay rayon İcra və Probasiya Şöbəsinə gedərək borcun əmək haqqına yönəldilməsini xahiş etmiş, lakin şöbənin əməkdaşları tələbkar hesab açmadığı halda onun əmək haqqından tutulma aparılmasının mümkün olmadığını bildirmişlər. Bu səbəbdən də o, iddiaçıya şəxsən görüşərək min manat məbləğində ödəniş etmişdir. İcra qeydini icra etməməyə görə borclu barəsində cinayət işi açıla bilmədiyi üçün tələbkar 4980 manat iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, guya ona olan borcundan 20 manat ödədiyini göstərmişdir. Halbuki müqavilənin müddəti başa çatdıqdan sonra borcu ödəmədiyi üçün iddiaçı onun haqqında daim şikayət etmiş, borcun əmək haqqısına yönəlməsinə belə razı olmamışdır. Belə olduğu halda iddiaçı ondan 20 manat pulu necə qəbul edə bilərdi?
11. Hazırkı iş üzrə onun iddiaçıya olan borcu 4000 manat məbləğində olduğu halda iddiaçı guya onun 20 manat pulu qaytardığını göstərərək iddia tələbini 4980 manat məbləğində müəyyən etmişdir. Lakin guya 20 manat ödəniş etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə 23 noyabr 2021-ci ilədək ödənilməli olan 5000 manat məbləğdən 20 manat ödədiyi halda onun barəsində daim şikayət edən onu həbs etdirən iddiaçının həmin 20 manat pulu qəbul etməsinin real olmadığını araşdırmamışdır. Hakim iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, iddiaçının tələbində göstərdiyi halları təsdiq edən sübutlar olmadığı halda iddianı 4980 manat məbləğində təmin etməklə qanunsuz qətnamə qəbul etmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Belə ki, o, 5000 manat borc məbləğindən 20 manat deyil 1000 mant ödəmişdir.
13. Apellyasiya şikayətinin təmin edilməsini, Göyçay rayon Məhkəməsinin 29 mart 2022- ci il 2(046)-1010/2022 saylı qətnaməsinin ləğv edilib iddianın qismən təmin edilməsi, 4000 manat məbləğində borc məbləğinin əmək haqqına yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçıdan götürmüş olduğu puldan xeyli hissəsini qaytarmışdır. Bundan əlavə mövcud borc müqaviləsi üzrə notarius tərəfindən icra qeydi verilmiş və hazırda Göyçay rayon İcra və Probasiya şöbəsininn icraatındadır. Dəfələrlə təklif edilməsinə baxmayaraq iddiaçının adına bank hesabı açılmır. Belə ki, o əvvəllər də ödəmiş olduğu pulu sübut edə bilmir. Borcu qaytara bilmədiyi üçün inzibati qaydada həbs də olmuşdur. Ona görə də vermiş olduğu apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o birinci Qarabağ döyüşlərində iştirak etmişdir. Səhhətində kifayət qədər problemlər var. Düzdür, mövcud müqavilə üzrə notarius tərəfindən icra qeydi verilmiş və həmin icra qeydi hazırda Göyçay rayon İcra və Probasiya şöbəsininn icraatındadır. Lakin dəfələrlə təklif olunmasına baxmayaraq cavabdeh pulu ödəməkdən qərəzli şəkildə boyun qaçırır. Hətta orda-burda danışır ki, “Raufun pulunu qəpik-qəpik ödəyəcəm”. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
18. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması...
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir 261.0.1. maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.2.1-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa ləğv edilməlidir
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh qətnaməni qismən- təmin olunmuş borc məbləğinin 1000 manat hissəsini mübahisələndirmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(046)-1010/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
23. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən göründüyü kimi hazırki iş üzrə iddia tələbinin predmetini kredit müqaviləsi üzrə borcun ödənilməsi təşkil edir.
24. Apellyasiya instansiyası bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi.
25. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
26. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil
27. Hazırki işdə işə baxmış birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxaraq, prosessual pozuntuya yol vermişdir.
28. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli sorğusuna Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 03 iyun 2022-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər 23.07.2021-ci il tarixli reyestrdə 3M-201 nömrə ilə qeydə alınmış, notarial qaydada tərtib edilmiş kredit müqaviləsi bağlamış, cavabdeh iddiaçıdan 23 noyabr 2021-ci il tarixə kimi qaytarmaq şərti ilə 5000 manat məbləğində pul borc almışdır. Borc məbləğini qaytara bilməmiş və Göyçay rayon notariat Ofisi borcun ödənilməsi üçün 8İ-6584 saylı icra qeydi vermişdir.
29. Həmin icra qeydi icra olunarkən cavabdeh borc məbləğini ödəyə bilməmiş və Göyçay rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında protokoluna baxan Göyçay rayon Məhkəməsi 13 yanvar 2022-ci il tarixli 3(046)-31/2022 saylı qərarla cavabdehə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib 15 gün müddətində inzibati həbs tənbeh növü təyin etmişdir. Cavabdeh məhkəmənin qeyd edilən qərarından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 3(107)-21/2022 saylı qərarı ilə Göyçay rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 3(046)-31/2022 saylı qərarı dəyişdirilmiş, inzibati həbsin müddəti 8 günə endirilmişdir.
30. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həllini müəyyən edən Göyçay rayon notariat Ofisi tərəfindən borcun ödənilməsi üçün verilmiş 8İ-6584 saylı icra qeydi hazırda qüvvədədir və İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir
31. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə İcra qeydi aparılmış tələb üzrə cavabdehə verdiyi borcu yenidən mübahisələndirir.
32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur.
33. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.
34. Göründüyü kimi hazırki mübahisənin predmetini kredit müqaviləsi üzrə borc tələbi təşkil etsə də, tərəflər arasında artıq həmin müqavilə üzrə öhdəlyin icra üsulunu məhkəmədən kənar qaydada nəzərdə tutan Göyçay rayon notariat Ofisi tərəfindən borcun ödənilməsi üçün verilmiş 8İ-6584 saylı icra qeydi vardır. Həmin tələb üzrə icra qeydi aparılmış, artıq məhkəmə icraatının zərurliyini şərtləndirəcək hallar aradan qalxmışdır.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(046)-1010/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 266, 398, 399-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(046)-1010/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov