Məhkəmə qərarları › İş №2(107)-76/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-76/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-76/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, ekspertiza) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(014)-544/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 63000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 14 ildir ki, tanıyır, onlar qonşu olmuşlar. Yaxın münasibətlərdə olmaqla bərabər bir-birilərinə hörmətlə yanaşmışlar. Cavabdeh ondan bir qonşu kimi köməklik istəmişdir, belə ki,cavabdeh Bakı şəhərində olan evini hazırda sata bilmədiyi üçün pula ehtiyacı olduğunu bildirmiş, onun ev almaq üçün əlində olan 63000 manat pulu müəyyən müddətə ona borc kimi verməyi xahiş etmişdir. Həmçinin cavabdeh bildirmişdir ki, Bakıda olan evini sataraq ona olan borcunu tam şəkildə ödəyəcəkdir. Hətta cavabdeh əlində olan çıxarışı ona göstərmiş, ən geci 2019-cu ilə qədər bu pulu qaytarmağa söz vermişdir. O, 63000 manat pulu cavabdehə nağd olaraq sayıb vermişdir. Pul məbləğinin çox olmasına görə o, məcbur qalaraq iddiaçıdan rəsmi iltizam da almışdır. Əvvəlcə o, özü bu işlərə tərəddüd etsə də, ancaq iltizamı yəni qəbzi cavabdehin öz dəsti xətti ilə yazmış olduğu qəbzi cavabdehdən götürmüşdür. Cavabdehin həyat yoldaşı İlqar ona bir neçə dəfə pulu qaytaracağına söz vermişdir. O, cavabdehə pulu verəndən sonra,yəni müəyyən olunan müddət keçdikdən bir neçə ay sonra pulunu qaytarmağı cavabdehdən dəfələrlə xahiş etmişdir. Ancaq nəticəsi olmamışdır. O, xəstə adamdır. Ev almaq üçün nəzərdə tutulan pulu cavabdeh və onun həyat yoldaşı tərəfindən mənimsənilmişdir. Sonradan bilmişdir ki, cavabdeh özünə aid olan evi satmış, pulunu isə dağıtmışdır. Bu prosseslərdən sonra o, artıq verdiyi pulun müqəddəratı ilə maraqlanmışdır. O, hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən pulunu istəyir. Çünki bu pul onun haqqıdır, onun övladının puludur, evinin son əmlakıdır. Hal-hazırda kirayə yaşayır. Çünki cavabdeh və onun yoldaşı onu aldadaraq bütövlükdə əmlakını ələ keçirmişdilər. Hesab edir ki,iddiası əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(014)-544/2021 saylı qətnaməsi ilə (hakim F.Nəsibov) İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı 2017-ci ilin iyul ayında 63000 manat borc almış, həmin pulu 2019-cu ilin fevral ayının sonuna qədər qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə şahid qismində dindirilmiş Sevinc Həsənova ifadəsində bildirmişdir ki, iddiaçını tanımır,cavabdeh isə onun evini kirayə götürmüşdür. 2020-ci ilin yay ayında iddiaçı cavabdehin yaşadığı evə gəlib səs-küy salmışdır.Hətta qonşular buna görə polis də çağırmışlar. O,səs-küyə cavabdehin yaşadığı evə getmiş, cavabdehin iddiaçıya sənə bir qəpik də borcum yoxdur çıx get dediyini eşitmişdir, həmçinin iddiaçıdan nəyə görə səs-küy saldığını soruşmuşdur. Lakin iddiaçı ona məhəl qoymadan sualına hər hansı cavab verməyərək çıxıb getmişdir. İddiaçı çıxıb gedəndən sonra qonşular iddiaçının Məleykə Hüseynaovanın Cavabdeh sələm faizini tələb etdiyini eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş Marusya Cəfərova ifadəsində bildirmişdir ki, cavabdehin həyat yoldaşı İlqarla Rusiyada bir yerdə işləmişdir. Həmçinin cavabdeh Səidə onun bacısının qonşusu olmuşdur. Cavabdeh iddiaçıdan 2016-cı ildə 5000 manata yaxın sələmə pul götürmüşdür. Bildiyinə görə cavabdeh hər ay iddiaçıya sələm faizi ödəyirdi. Sələm borcunu ödəyib qurtarmaq üçün 2019-cu ildə cavabdeh evini sataraq 10000 manat iddiaçıya pul vermişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən irəli sürülmüş tələbi təsdiq etmək üçün məhkəməyə sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. İddiaçının isə öz tələbini əsaslandırmaq üçün təqdim etdiyi sənəd kserosurətdən ibarətdir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona 63000 manat borclu olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə cavabdehin ona borclu olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə (iltizamın əslinin cavabdeh tərəfindən məhv edilməsi əsası irəli sürülərək) iltizamın surəti təqdim edilmişdir. Cavabdeh tərəf isə hər hansı iltizama imza etmədiyini,belə bir halın yaşanmadığını bildirmişdir. Cavabdeh tərəf iddiaçının irəli sürdüyü bu halı etiraf etmədiyi halda iddiaçı tərəf öz iddiasının əsaslarını mötəbər sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçı tərəfindən iltizamın əsli məhkəməyə təqdim edilə bilsəydi məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin oluna bilər və xüsusi bilik tələb edən suallara aydınlıq gətirilə bilərdi. İddiaçının öz izahatında bildirdiyi kimi iltizamın məhv edilməsi əsası ilə iltizamın əslinin təqdim edilmədiyi halda isə yaranmış bütün şübhələr yalnız cavabdehin xeyrinə həll olunmalıdır.Cavabdeh tərəf iddiaçıdan 2016-cı ilin aprel ayında 4700 manat sələmə pul götürdüyünü və artıqlaması ilə ödədiyini bildirsə də,iddiaçı tərəf 4700 manat pulu deyil,2017-ci ildə iddiaçıya birdəfəyə vermiş olduğu 63000 manat borc pulu mübahisələndirir. Məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən vətəndaşın sələmə pul vermək hüququ yoxdur. Sələm dedikdə, gəlir əldə etmək məqsədi ilə pulun birbaşa faizə verilməsi başa düşülür. Bu da ancaq bank olmayan kredit təşkilatları, banklar, və lombardlar tərəfindən müqavilə əsasında həyata keçirilir. Vətəndaşların isə faizə pul verib, müqavilə bağlamaq səlahiyyətləri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-cı, 739.1-ci, 739.2-ci, 740-cı, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 88-ci, 89.1-ci, 89.3-cü, 89.4-cü, 119.1-ci, 217.4-cü, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələblərini və ədalətli məhkəmə baxışı hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. O, Cavabdeh 14 ildir ki, tanıyır, qonşu olublar. Aralarında olan yaxın münasibətlər zəminində cavabdehin onu inandırmağını, Bakıda olan evinin satılması ilə əlaqədar onu tam mənada inandıraraq onun ev almağı üçün saxladığı 63.000 manat pulu cavabdehə verməyini, hazırda evini sata bilmədiyi, bu səbəbdən müəyyən vaxt çərçivəsində ona kömək etməyini istəmişdir. Cavabdeh əlinda olan çıxarışı ona göstərərək, ən geci 2019-cu ilə qədər bu pulu qaytarmağa söz vermişdir. O, 63.000 manat pulu ona nəğd olaraq sayıb vermişdir. Pul məbləğinin çox olmasına görə o məcbur qalaraq cavabdehdən rəsmi iltizam da almışdır. Əvvəlcə o özü bu işlərə tərəddüd etsə də, ancaq iltizamı yəni qəbzi cavabdehin öz dəsti xətti ilə yazmış olduğu qəbzi cavabdehdən götürmüşdür. Cavabdehin yoldaşı İlqar ona bir neçə dəfə pulu qaytaracağına söz vermişdir. O cavabdehə pulu verəndən sonra, müəyyən olunan müddət keçdikdən bir neçə ay sonra pulunu qaytarmağı ondan dəfələrlə xahiş etmişdir. Ancaq nəticədə yenə onu aldatmışlar. Cavabdeh və yoldaşı tərəfindən onun pulu mənimsənilib. Sonradan bilmişdir ki, cavabdeh, özünə aid olan evi satmış, pulunu isə dağıtmışdır. Bu prosseslərdən sonra o artıq verdiyi pulun müqəddəratı ilə maraqlanmışdır. Bu şəxslər onu aldadaraq bütövlükdə əmlakını ələ keçirmişlər. Həmin əmlak onundur, ona məxsusdur. Cavabdehdən ondan alınmış 63.000 manat pulun alınıb ona verilməsini istəyir. Məhkəmə prosesində cavabeh Cavabdeh 1700 manat məbləğində pul götürdüyünü bildirmişdir. Şəxs iddianı qəbul etməsədə pul məbləğini götürdüyünü qismən etiraf etmişdir. İşdə cavabdehin və onun həyat yoldaşının imzası ilə təsdiqlənmiş iltizam mövcuddur. Cavabdehlər borcla bağlı rəsmi qəbz vermişdir. Qəbzi Cavabdeh şəxsən özü yazmışdır. Səhvən qəbzin əsli cavabdehin ünvanına göndərilmiş, cavabdeh həmin iddia ərizəsini və ona əlavə edilmiş sənədlər olan və qəbzi özü götürmüş və məhkəmədə yoxa çıxarmışdır. Ancaq sənədin surəti mövcuddur. Həmin surət və işdə etirafı müəyyən edən audıo disk var. Həmin audio diskle məsələyə aydınlıq gətirmək tam mümkündür. Bu səbəbdəndə məhkəmə iddiaçının nə qismən etirafını, nə işdə olan etirafı müəyyən edən audio diski və qəbzin surətini əhəmiyyətli dərəcədə aydınlaşdırmamışdır. Qeyd olunanlara əsasən o, Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(014)-544/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(014)-544/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(014)-544/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının apellyasiya şikayətinin həcmində yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(014)-544/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə qonşu olmuşlar. Cavabdeh bir qonşu kimi iddiaçıdan köməklik istəmişdir. Cavabdeh pula ehtiyacı olduğunu bildirmiş, iddiaçıdan 63000 manat pulu müəyyən müddətə ona borc kimi verməyi xahiş etmişdir. İddiaçı nəğd olaraq 63000 manat pulu cavabdehə vermişdir. Bu barədə cavabdeh borcu aldığına dair qəbz vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirmiş və bu barədə iddia ərizəsinə qəbz əlavə etmişdir. Mülki qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yəni iddiaçı tərəf qeyd edilən normaların tələblərinə riayət etmişdir. Ancaq cavabdeh tərəf qəbzdəki imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən 14.09.2021-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 29.12.2021-ci il tarixli, 4/1847 saylı rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 8-ci vərəqində olan Cavabdeh adından olan borc qəbzinin kserosurətində Cavabdeh adından olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş cavabdehə məxsus eksperimental xətt nümunələri əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh kollegiyanın sonuncu iclasında iştirak etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən verilmiş səs yazısına baxış keçirilməsi barədə cavabdehin münasibəti öyrənilmiş, sonuncu səs yazısının dinlənilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası tərəfindən səs yazısı dinlənilərkən müəyyən edilmişdir ki, danışıqlar İddiaçı və Cavabdeh arasında olmuşdur. Danışıqlar zamanı Məlleykə Hüseynova ona İlqarın borcunun nə vaxt qaytarılmasını soruşduqda Cavabdeh onun borcunu qaytaracağını İlqarın işləyərək borcunu qaytaracağını, bir az səbr etməsini bildirmişdir. İddiaçı evindən olduğunu kirayələrdə qaldığını bildirmişdir. Cavabdeh isə onun kirayələrdə qalmayacağını bildirmişdir. İlqarın kredit götürəcəyini bildirmişdir. İddiaçı Mehdinin yanında İlqarın və cavabdehin 63000 manat puldan 45000 manatını tapıb verəcəyini ancaq bu günə qədər vermədiyini bildirmişdir. Cavabdeh isə pulu qaytaracağını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh səs yazısındakı danışıqların onunla iddiaçı arasında baş tutduğunu etiraf etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi belə göstərilib “. digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Ona görə də apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(014)-544/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 127 (yüz iyirmi yeddi) manatın cavabdehdən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(014)-544/2021 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Cavabdeh 63000 manat pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 127 (yüz iyirmi yeddi) manatın cavabdehdən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar