Məhkəmə qərarları › İş №2(107)-760/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-760/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-760/2024 11.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və banka təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi, əmlakın boşaldılması, müqavilə üzrə öhtəliyin pozulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(037)-109/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, ANİ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsum məbləği tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə arasında xx.xx.2019-cu il tarixində AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 0.07 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evinin alıcı Cavabdeh 29212 (iyirmi doqquz min iki yüz on iki) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2019-ci il tarixli AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1712 (min yeddi yüz on iki) manat məbləği satıcı AccessBank QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 27500 manat məbləği isə 36 ay müddətinə xx.xx.2023-ci il tarixinədək hər 6 aydan bir, 5 dəfə 1500 manat, 36-cı ayda isə 20000 manat ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək öhdəliyi icra etmədiyi təqdirdə nisyə-alğısatqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ona görə də İddiaçı QSC məhkəməyə müraciət edərək Bank ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi ləğv edilməsini, cavabdehin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını, həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsini və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(037)-109/2024 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddianın təmin edilməsi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN- İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evinin boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun məbləği iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 20 iyul 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışla İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 0.07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 29212 (iyirmi doqquz min iki yüz on iki) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1712 (min yeddi yüz on iki) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 27500 manat məbləği isə 36 ay müddətinə xx.xx.2023-ci il tarixinədək hər 6 aydan bir, 5 dəfə 1500 manat, 36-cı ayda isə 20000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Sözügedən müqavilənin 18-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək, öhdəliyi icra etmədiyi təqdirdə nisyə alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alğısatqı müqaviləsi ləğv edilməsi, cavabdehin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 bankın mülkiyyətində olan fərdi yaşayış evini 7 il əvvəl boşaltdığını bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada ləğv etməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi tam və vaxtında icra etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.5, 421.1, 421.2, 421.3, 600.1, 600.4-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, atası xəstə olduğu üçün onun müalicəsinə 10000 manata qədər pulu xərcləmişdir. Lakin İddiaçı QSC-i onun ailə vəziyyətini nəzərə almadan onunla bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN- İ№0813478 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini və İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, həmin fərdi yaşayış evinin boşaldllaraq banka təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Başqa yaşayış yeri yoxdur. Nəzərə almaq lazımdır ki, normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır, bərabər mənafelərə və bərabər münasibətlərə söykənməlidir. Hamımıza məlumdur ki, kreditlərin əksəriyyəti bank tərəfi üçün fayda götürmək məqsədini güdür, digər tərəf isə özü də hiss etmədən aldanaraq əqdi bağlamış olur. Bu halın özü bir tərəfin nümayəndəsinin digər tərəflə (özünə bəlli olan) pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxsin vəziyyətindən digər tərəfin istifadə etməsi, vətəndaşların son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olması və müqavilələrin ağır şərtlərlə bağlanılması kimi dəyərləndirirlər. Bütün hallarda bank tərəfi digər tərəfdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə, həqiqətdən uzaq müəyyən hərəkətləri ilə həvəsləndirərək təhrik edir, yalan, reklam xarakterli elanlar verilir. Hesab edir ki, göstərilən pozuntular məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(037)-109/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı "xxxx" QSC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədər məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasın təxirə salınması xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xəstə olması ilə bağlı məhkəmə kollegiyasına heç bir sübüt növü təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Həmin Məcəllənin 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator verilmiş apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(037)-109/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(037)-109/2024 sаylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(037)-109/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olmuşdur ki, 20 iyul 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışla İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 0.07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh 29212 (iyirmi doqquz min iki yüz on iki) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış həmin müqavilənin 5ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1712 (min yeddi yüz on iki) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 27500 manat məbləği isə 36 ay müddətinə xx.xx.2023-ci il tarixinədək hər 6 aydan bir, 5 dəfə 1500 manat, 36-cı ayda isə 20000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN-İ№0813478 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməsini, cavabdehin İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsini və cavabdehdən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Elnur Hörmət oğlu bankın mülkiyyətində olan fərdi yaşayış evini 7 il əvvəl boşaltdığını bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Kollegiya şikayətin dəlilini əsassız sayır. Belə ki, iddiaçı bankla Cavabdeh arasında 16 oktyabr 2019-ci il tarixli, AN- İ№0813478 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, bank tərəfindən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 0.07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 98.3 kv.m fərdi yaşayış evi Cavabdeh 29212 (iyirmi doqquz min iki yüz on iki) manat qiymətinə satılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1712 (min yeddi yüz on iki) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəməyi, qalan 27500 manat məbləği isə 36 ay müddətinə xx.xx.2023-ci il tarixinədək hər 6 aydan bir, 5 dəfə 1500 manat, 36-cı ayda isə 20000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 16 oktyabr 2019-ci il tarixli, AN- İ№0813478 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada ləğv etməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi tam və vaxtında icra etməmişdir. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddiaçı iddia tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin atasının xəstə olması müqavilə üzrə üzərinə götürdüyü öhtəliyi yerinə yetirməməsinə əsas ola bilməz. Şikayətdə daha sonra qeyd edilir ki, bankın pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxsin vəziyyətindən digər tərəfin istifadə etməsi, vətəndaşların son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olması və müqavilələrin ağır şərtlərlə bağlanılması kimi dəyərləndirirlər. Bütün hallarda bank tərəfi digər tərəfdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə, həqiqətdən uzaq müəyyən hərəkətləri ilə həvəsləndirərək təhrik edir, yalan, reklam xarakterli elanlar verilir. Hesab edir ki, göstərilən pozuntular məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya şikayətin bu dəlilini də əsassız sayır. İlk olaraq qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsi deyil, daşınmaz əmlak olan fərdi yaşayış evi ilə bağlı olan nisyə alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan başqa apelyator bankın pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxsin vəziyyətindən bank tərəfin istifadə etməsi, onun son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olması və müqavilələrin ağır şərtlərlə bağlanılmasının nədən ibarət olmasına dair dəlillərinə aydınlıq gətirməmiş, həmin halların nədən ibarət olmasını açıqlamamışdır. Eyni zamanda hər hansı bir sübut növü şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(037)-109/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(037)-109/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar