Məhkəmə qərarları › İş №2(107)-764/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-764/2024

11.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-764/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Su yolunun dəyişdirilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “su yolunun dəyişdirilməsi tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tаrixli, 2(014)-208/2023 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən 0,26 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

2. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********82-10301 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Orta Ləki kəndində fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır.

3. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 46/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X7 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı Çıxarışı ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş 0,1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yoluna yaradılmış süni maneələrin aradan qaldırılması və həmin su yolunun açılması, iddia qalan hissədə təmin edilməsi qət edilmişdir.

4. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-738/2022 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X7 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, 10/3562 nömrəli ekpsert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş su bərəsindən iddiaçının evinin hasarına tərəf su sızdığı və su sızma nəticəsində hasarın alt hissəsinin nəmləndiyi ehtimal olunur.

II. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı su yolunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı islahat zamanı mülkiyyətinə verilmiş 0,26 hektar həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində yaşamaqla təsərrüfatı idarə edir. O, həmin 0,26 hektar həyətyanı torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət kadastr və Reyestr publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüquqi əsasında adına qeydə aldırmış və bu barədə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ətrafına çəkdirdiyi divarın yaxınlığından təsərrüfatında istifadə etmək üçün çəkdirdiyi beton su arxını və orda qoyulmuş su borularının içərisini vaxtlı vaxtında tullantılardan və lildən təmizləmədiyinə görə su arxı şişərək ətrafa axır və nəticədə onun həyət divarının dibinə axmaqla divara, həyətə və evin divarlarına və evin zirzəmisinə dolaraq ziyanlıq vurur. Su hər yeri basdığına görə həyətdə və evdə üfunət iyi və antisanitar şərait yaratmışdır. Faktiki olaraq nəmişlikdən və üfunətdən həyətlərində və evlərində yaşaya bilmirlər. Dəfələrlə cavabdehə özü, kənd icra nümayəndəliyi və bələdiyyə tərəfindən qanunsuz hərəkətlərinə son qoyulması, təsərrüfatına ziyan vurmasının qarşısının alınması xahiş və tələbi ilə ona xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qonşuluq münasibətlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Kənd üzrə həyətyanı torpaq sahələrində istifadə etmək üçün kəndin ümumi istifadəsində su yolu (arx) mövcuddur. Cavabdeh kəndin baş planından kənara çıxaraq təsərrüfatında istifadə etmək üçün özünə ayrıca su xətti çəkdiyindən və nəticədə həmin su yolu vaxtlı-vaxtında təmizlənmədiyindən onun əmlakına ziyan vurduğuna görə hesab edir ki, həmin su yolu sökülməli və xətti dəyişdirilməlidir. Ona görə də o, cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh hal-hazırda ölkədə olmadığından o, Cavabdeh arvadı Nümayəndə etibarnamə əsasında cavabdehi təmsil edir. İddiaçı tərəfindən mübahisələndirilən həmin su yolu (su arxı) 2021-ci ildə hazırkı iş üzrə İddiaçı tərəfindən qanunsuz olaraq bağlanılmışdır. Səbəb olaraq İddiaçı bildirmişdir ki, həmin su xətti ona məxsus fərdi yaşayış evinin divarına, həyətyanı torpaq sahəsinin hasarına və təsərrüfatına zərər vurur. Həmin su yolu (su arxı) hər tərəfdən (sağ və sol tərəfdən) betonlanmış vəziyyətdədir (çəkilmiş foto şəkillər ərizəyə əlavə olunur). Bir neçə dəfə İddiaçı xahiş etsə də o, həmin su yolunu açmamışdır. Ona görə bu mübahisənin ədalətli həll edilməsi üçün süni maneələrin aradan qaldırılması və zəruri su yolunun açılması tələbi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5387 nömrəli rəyini, iclasa şahid qismində aidiyyəti qurumların dindirilmiş nümayəndələrinin fikirlərini və digər əsasları nəzərə alaraq Ağdaş Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnamə çıxararaq onun iddia tələbini təmin etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsindən cavabdehlər İddiaçı və X2 Apellyasiya Məhkəməsinə şikayət etmişdilər. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(107)-738/2022 saylı qətnaməsi ilə cavabdehlərin şikayətini təmin etməyərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsini qüvvədə saxlamışdır. Qüvvəyə minmiş sözügedən məhkəmə qətnaməsində cavabdeh tərəf olan və hazırkı işdə də iddiaçı qismində çıxış edən İddiaçı hazırkı iş üzrə mübahisələndirilən predmet barəsində artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu bilərək süründürməçilik məqsədi ilə yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən ona gələn su arxının bağlanılması nəticəsində yaranan mübahisənin məhkəmə qaydası ilə aydınlaşdırılması bir ildən artıq vaxt çəkmişdir. Bir ildən artıq müddətdə o və ailə üzvləri susuz qalmışlar. Hansı ki, 20 ildən artıqdır ki, mülkiyyətlərində olan həmin həyətyanı torpaq sahəsinə su sözügedən su yolu ilə gəlmişdir. İddiaçı tərəfindən ona gələn su yolunun onun və heç bir qurumun icazəsi olmadan, özbaşına bağlanılması mülkiyyətində olan torpaq sahəsində ağacların qurumasına səbəb olmuşdur. Ona gələn su yolunun keçdiyi ərazi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçmir, iddiaçıya məxsus fərdi yaşayış evindən 5 metr kənarda yerləşir. On illərdir təbii axınla axan su yolunu 3 il əvvəl yerli qurumların məsləhəti ilə öz maddi hesabı ilə 150 metr uzunluqda, 35 sm dərinlikdə və 35-40 sm enlikdə betonlayaraq nov formasında təmir etdirmişdir. Hal-hazırda təmir etdiyi həmin su yolundan iddiaçı da daxil olmaqla digər qonşular da istifadə etməkdədir. Yol kəsişmələrində yola su çıxmaması üçün yan betonları hündür etmiş və həmin hündür hissələrdə arxın dərinliyi çox olduğuna görə arxın üstünü list dəmirlərlə bağlamışdır ki, qonşuların heyvanları arxa düşüb boğulma təhlükəsi olmasın. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 27 sentyabr 2023-cü il tаrixli, 2(014)-208/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməyərək məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, İddiaçı 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48ci maddəsinin 5-ci, 54-cü maddəsinin 3-cü, 84-cü maddəsinin 1-ci, 3-cü və 111-ci maddəsinin 3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2, 170.3, 170.4, 175.1, 255.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 81, 89.3, 101.7, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

14. Apellyаsiyа şikаyətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, ...işə baxan məhkəmə işin həmin faktiki hallarını tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış, qətnaməsində bütün bunlara münasibətini bildirməmiş və hüquqi qiymət verməmiş, iddianın təmin edilməməsini qətnaməsində düzgün əsaslandırmamış işin faktiki halları iddia ərizəsində qeyd edilən formada olduğu halda, üzrə təyin edilmiş ekspertiza üzrə ekspertin rəyi ilə Cavabdeh tərəfindən inşa edilmiş su bərəsindən mənim evimin hasarına tərəf su sızdığı və su sızması nəticəsində hasarın alt hissəsinin nəmləndiyi ehtimal edilməsi müəyyən edildiyindən işə baxan məhkəmə, ekspertin rəyi tam və dəqiq olmadığı halda, təkrar ekspertiza təyin etmək əvəzinə özü ekspertizanın rəyini “tamamlayaraq” ekspertin ehtimalının cavabdehin üzərinə əlavə vəzifələrin qoyulması üçün əsas ola bilməməsi, ehtimalın özlüyündə ekspeıt baxışından əvvəl hər hansı formada hasarın süni formada nəmləndidildiyini istisna etmədiyindən ekspert konkret olaraq nəmlənmənin səbəbinin həmin su yolu olubolmamasına dəqiq cavab verdiyi halda onun rəyini mötəbər hesab etməyin mümkün olduğunu əsas götürməklə 27 sentyabr 2023-cii il tarixli qətnaməsi ilə iddia tələbini təmin etməməklə xüsusi mülkiyyətçi kimi mənim qanunla qorunan hüquqlarımı və aşağıda göstərdiyim maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh tərəf iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı “süni maneələrin aradan qaldırılması və zəruri su yolunun açılması tələbinə dair iddia ərizəsinin təmin edilməsinə dair məhkəmənin 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsindən suiistifadə edərək həmin su kanalını təmizləməməyi nəticəsində su şişərək onun əmlakıma ziyan vurmasına səbəb olmuşdur. Hazırkı iş üzrə işə baxan məhkəmə mənim iddia tələbini təmin etməməklə cavabdeh tərəfindən onun əmlakına ziyan vurmasına şərait yaratmış, cavabdeh də bundan sonra onun əmlakına ziyan vurmaqda davam edəcəkdir. İş üzrə təyin edilmiş ekspertiza üzrə ekspertin rəyində onun mülkiyyəti olan divarının alt hissəsinin nəmlənməsini ehtimal etsə də belə, işə baxan məhkəmə onun əmakına ziyan dəyməsi müəyyən edilsə də bu halları hərtərəfli araşdırmamış, nəticədə iddia tələbini təmin etməməklə mülkiyyətçi kimi onun hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tаrixli, 2(014)-208/2023 saylı qətnaməsinin tamamilə ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tаrixli, 2(014)-208/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

23. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 170. Qonşuluq hüququ - 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. - 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. - 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.

Azərbaycan Respublikası Su Məcəlləsi

28. Maddə 55. Kənd təsərrüfatı müəssisələrinin, ailə kəndli təsərrüfatının, digər hüquqi və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su təsərrüfatı qurğuları düzəltmək hüquqları vardır. - Həmin hüquqi və fiziki şəxslər onların mülkiyyətinə və istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlarda geniş ölçülü meliorasiya işlərinin görülməsini, yaxud görülmüş meliorasiya işlərinin yenidən təşkili və ləğvini suların istifadəsinə və mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydalara uyğun həyata keçirmək hüquqlarına malikdirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tаrixli, 2(014)-208/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. Müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən qanunsuz çəkilmiş su yolunun onun təsərrüfatına ziyan vurduğundan cavabdehin özü tərəfindən sökülərək yerinin dəyişdirilməsini tələb edir. Lakin iddiaçı cavabdehin qanunsuz su yolu çəkdiyini iddia etsə də, su yolunun əvvəlki qanuni vəziyyətinə dair (dəyişdirilib-dəyişdirilməməsini hazırkı vəziyəti ilə müqayisə etmək üçün), həmçinin, həmin su yoluna dair hüquqi addımların atılmasının hansı şəxsin (dövlət orqanının və s.) səlahiyyətində olmasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Bu həm də cavabdehin düzgün müəyyən edilməsi baxımından da əhəmiyyət kəsb edir. Çünki kəndin ümumi su yolunun dəyişdirilməsi hazırkı iş üzrə cavabdehin səlahiyyətində deyildir.

45. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert özü də rəyində dəqiq olaraq su yolunun iddiaçının hasarını nəmləndirdiyini göstərməmişdir. Belə ki, ekspert rəyində qeyd etmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş su bərəsindən iddiaçının evinin hasarına tərəf su sızdığı və su sızma nəticəsində hasarın alt hissəsinin nəmləndiyi ehtimal olunur.

46. Ekspertin ehtimalı isə cavabdehin üzərinə əlavə vəfizələrin qoyulması üçün əsas ola bilməz. Çünki ehtimal özlüyündə ekspert baxışından əvvəl hər hansı formada hasarın süni formada nəmləndirildiyini istisna etmir. Buna görə də ekspert konkret olaraq nəmlənmənin səbəbinin həmin su yolu olub-olmamasına dəqiq cavab verdiyi halda onun rəyi mötəbər hesab edilə bilərdi.

47. Bundan başqa, işin materiallarında olan fotoşəkillərdən aşkar surətdə görünür ki, su yolu ətrafındakı hasarlardan kifayət qədər aralı məsafədə yerləşir. Suyun təbii axını nəticəsində məcrasından çıxmayacağı təqdirdə hasarlara toxunması mümkün deyil. Suyun təbiət hadisələri və s. formada gələcəkdə məcrasından çıxması da cavabdehin təqsirli hərəkəti kimi qiymətləndirilə bilməz.

48. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı su yolunun dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

49. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayaraq göstərir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza təyin edə bilər.

50. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər.

51. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 88, 103.1 və 205.1-ci maddələri).

52. İş materiallarında olan iddiaçı X1 cavabdehlər İddiaçı və qeyriisinə qarşı süni manelərin aradan qaldırılması və zəruri su yolunu açılması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10 yanvar 2022-ci il tarixli 2(014)-46/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli su xətti uzun illər mövcud olmuş və onun cavabdehlərə ( hazırkı iş iş üzrə iddiaçıya) heç bir ziyanı yoxdur. Su arxının hər tərəfi betonlanmaqla imumişlək yoldan, cavabdehin (hazırkı iş üzrə iddiaçının) hasarından aralı keçir.

53. Həmin mülki iş üzrə alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2021-ci il tarixli 10/5387 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, su yolunun (su arxı) cavabdehin hasarından aralı keçməklə, hər iki tərəfi (sağ və sol qırağı) betonlanmış vəziyyətdə olmaqla küçədən yolun kənarı ilə iddiaçının hasarı tərəf istiqamətində keçdiyi, su arxında isə suyun olmadığı müəyyən edilmişdir. İki ədəd su borunsunun qarşısında tullantıların yığıldığı (yarpaq, lil və s.) müəyyən olunmuş, tam olaraq tutulması aşkar olunmamışdır. Su borularının ağzına yığılmış tullantıların kim və ya kimlər tərəfindən yığıldığı subyektiv məsələ olduğu və hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər. Baxış zamanı su arxından suyun axmadığı (keçmədiyi) səbəbindən həmin borulardan suyun keçib-keçməməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı su sızma nəticəsində su arxına yaxın hissədə, küçə tərəfdə cavabdehin hasarında hər hansı ziyan aşkar olunmamışdır. Baxış iştirakçılarının baxış zamanı bildirdiklərinə görə sözügedən su arxından uzun illərdir ki, kənd sakinləri istifadə edir. Su arxından uzun illərdir istifadə olunduğu və baxış zamanı küçə tərəfdə cavabdehin hasarında hər hansı ziyan aşkar olunmamışdır.

54. Qanunun tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (31-ci bənd)

55. Göründüyü kimi, Ağsu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10 yanvar 2022-ci il tarixli, 2(014)-46/2022 saylı qətnaməsi hazırkı iş üçün prediyusial xarakter daşıyır.

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

57. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

58. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tаrixli, 2(014)-208/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tаrixli, 2(014)-208/2023 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar