Məhkəmə qərarları › İş №2(107)-765/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-765/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-765/2022 16.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi”nə dair (Açar sözlər: iddia- alimentin artırılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(014)-194/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(039)-1789/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, yəni xx.xx.1988- ci ildə Yevlax rayonunun Ərəş kəndində doğulmuş, Yevlax rayonunun Ərəş kəndində yaşayan Cavabdeh onunla birgə nikahınlarından xx.xx.2016-cı ildə anadan olmuş X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə ailə münasibətləri xasiyyətlərinin uyğun gəlməməsi, ona və övladlarına, baxmaması, eləcədə ailəsinin günahı ucbatından pozulmuşdur. Həmçinin Yevlax Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(039)-1789/2015 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X1 18 yaşına kimi saxlanması üçün hər ay 90 manat miqdarında aliment miqdarının cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Hazırda övladı böyümüşdür. Ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri, övladının ehtiyaclarını tək başına və 90 manat aliment ilə qarşılaya bilmir. Uşağın saxlanması üçün 90 manat kifayət etmir. Bu müddət ərzində cavabdeh bircə dəfədə olsa uşağı ilə maraqlanmamış, körpə balasına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o və qızı valideynlərinin himayəsindədirlər. Artıq çox çətinlik çəkirlər və qızının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Bununla bağlı mediatora müraciət etmişdir. Ancaq cavabdeh mediasiya sesiyasına gəlməkdən boyun qaçırmışdır. Odur ki, alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(014)-194/2022 saylı qətnaməsi ilə (hakim C.Sultanov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 01 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 35,60 (otuz beş manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 01 fevral 2014-cü il təvəllüdlü X2 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli, 2(014)-1769/2015 saylı qətnaməsi ilə tərəflər arasında qeyd edilmiş nikah pozulmuş, Yevlax Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(039)-1789/2015 saylı qətnaməsi ilə 01 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin 24 iyul 2015-ci il tarixdən başlayaraq alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Yevlax Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 193 manat məbləğində alimentin tutulmasını tələb edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən bir uşaq üçün 90 manat miqdarında alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 130 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 01 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulmalı, bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4, 76.2, 78.1, 78.2-ci 112.1-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndi, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, onun daimi və rəsmi iş yeri yoxdur. O, fəhlə kimi çalışaraq, hər cür işi görüb bəzən kiçik məbləğdə qazanc əldə edə bilir, lakin bəzən ümumiyyətlə heç bir qazancı olmur. Hazırda pandemiya ilə bağlı heç yerdə işləmir, fəhlə kimi günəmuzd həftədə 1-2 dəfə fəhləlik edir. X2 onun doğma övladıdır və o, onu heç vaxt saxlamaqdan, təmin etməkdən boyun qaçırmamışdır. Əksinə 20 avqust 2015-ci il tarixli Yexlax Rayon Məhkəməsinin qətnaməsi (nikahın pozulması, uşağın anasının yanında qalması və aliment tələbinə dair) qəbul edilib qüvvəyə mindiyi vaxtdan etibarən, o, gecəgündüz çalışıb təyin olunmuş 90 manat məbləğində alimenti hər zaman ödəmişdir. Halhazırda ölkədə qiymətlərin artırılması isə iddiaçıya mənfi təsir etdiyi kimi, eyni zamanda ona da mənfi təsir etmiş, o, nəinki 90 manat məbləğində alimenti ödəyə bilmir, heç öz xırda xərclərini belə qarşılamaq iqtidarında deyil. Lakin buna baxmayaraq o, övladının təmin edilməsi üçün aylıq 100 manat ödəməyə hazırdır. O, borc-xərc edib alimenti aylıq yalnız 100 manat ödəyə bilər. Odur ki, hazırki iddianı yalnız qismən qəbul edir. Buna baxmayaraq, Ağdaş Rayon Məhkəməsi tərəfindən qeyd olunan faktlar nəzərə alınmamış, onun işsiz olmağı, heç bir daimi iş yerinin olmaması, yalnız 100 manat məbləğində aliment vermək imkanına malik olmağı nəzərə alınmamışdır. Bununla da AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli № 8-2/2016 saylı qərarında göstərilən xüsusatlar nəzərə alınmamışdır. Kollegiyanın diqqətinə çatdırır ki, iddiaçı iddia ərizəsini tərtib edərkən AR Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, qüvvədə olan qanunun tələblərinə əsasən, iddia ərizəsində göstərilməli olan məlumatların dairəsi dəqiq şəkildə müəyyən edilsə də, iddia ərizəsində həmin məlumatların heç biri göstərilməmişdir. Ağdaş Rayon Məhkəməsi tərəfindən qeyd olunan prosessual pozuntulara diqqət yetirilməmiş, iddia ərizəsi baxılmamış saxlanılmalı olsa da, əksinə olaraq iddia təmin edilmişdir. Bununla da prosessual hüquq pozuntusu aradan qaldırılmamışdır. Kollegiyanın diqqətinə onu da çatdırır ki, Ağdaş Rayon Məhkəməsi tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, heç bir sübut və ya dəlilə istinad edilmədiyinə görə, işin faktiki halları nəzərə alınmadığına görə, hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamə də əsassızdır və ləğv edilməlidir. İddianı qismən təmin etməklə Ağdaş Rayon Məhkəməsi tərəfindən AR MPM-nin 217-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur və bu pozuntu aradan qaldırılmalıdır. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından Ağdaş Rayon Məhkəməsinin 2(014)-194/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını apellyasiya şikayətinin həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(014)-194/2022 saylı qətnaməsini tutulmuş alimentin 30 manat hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(014)- 194/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 01 fevral 2014-cü il təvəllüdlü X2 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli, 2(014)-1769/2015 saylı qətnaməsi ilə tərəflər arasında qeyd edilmiş nikah pozulmuş, Yevlax Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(039)-1789/2015 saylı qətnaməsi ilə 01 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin 24 iyul 2015-ci il tarixdən başlayaraq alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Yevlax Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 193 manat məbləğində alimentin tutulmasını tələb edir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçı iddia ərizəsini tərtib edərkən AR Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, qüvvədə olan qanunun tələblərinə əsasən, iddia ərizəsində göstərilməli olan məlumatların dairəsi dəqiq şəkildə müəyyən edilsə də, iddia ərizəsində həmin məlumatların heç biri göstərilməmişdir. Məhkəmə kollegiya apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsində və işin icraata qəbul edilməsində heç bir qanun pozuntusu yoxdur. Həmçinin apellyator apellyasiya şikayətinin digər dəlillərində Ağdaş Rayon Məhkəməsi tərəfindən onun işsiz olmağı, heç bir daimi iş yerinin olmaması, yalnız 100 manat məbləğində aliment vermək imkanına malik olmağı nəzərə alınmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə də razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində işsiz olduğunu bidlirsə də, bu hal onu uşağını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2022-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 193 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 130 manat qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 130 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(014)-194/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(014)-194/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar