Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-767/2023 15.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tаrixli, 2(051)-163/2023 saylı qətnаməsindən cаvаbdeh Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində pulun və 51 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
2. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana gələrək ona təcili 3000 manat pul lazım olduğunu bildirmişdir. O da cavabdehə iki ay müddətinə 3000 manat borc olaraq pul vermiş və bu barədə cavabdeh qəbz də yazmışdır. Lakin, cavabdeh pulu dediyi vaxtda geri qaytarmamışdır. Dəfələrlə pulunu ondan tələb etsə də, bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, onun pula ehtiyacı olduğu üçün İddiaçı anası Adilədən borc pul almışdır. Həmin vaxt Muxtar da anasının yanında olmuşdur. Lakin Muxtar adlı şəxsdən heç bir borc pul almamışdır. İddia ərizəsinə əlavə edilmiş qəbzlər onun tərəfindən yazılmamış və imzalanmamışdır. Hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. İddiaçı və cavabdehlə tanışdır. Həqiqətən də, cavabdeh iddiaçıdan 3000 manat borc olaraq pul istəmiş və həmin pulu iddiaçı cavabdehə onun idarə etdiyi avtomobildə vermişdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 18 aprel 2023-cü il tаrixli, 2(051)-163/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınıb İddiaçı verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh оğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cаvаbdeh Cavabdeh оğlu apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin qəbul etdiyi qətnamə ilə razı deyil, hesab edir ki, məhkəmə eyni borc tələbi üzrə 2 fərqli qətnamə çıxarmışdır. Belə ki, 30 mart 2022-ci ildə o, X1 (iddiaçının anası) 2 ay müddətinə 3000 manat borc pul almışdır, həmin pulun təminatı kimi özünə məxsus olan əmək haqqı kartını da Əliyeva Adiləyə vermişdir ki, əgər pulu gecikdirsə və ya ödənişdə çətinlik olsa, birbaşa həmin kartdan pulu çəkə bilər. Beləcə o (cavabdeh) və Əliyeva Adilə razılığa gəlmişlər. Onun iş yerində və səhhətində problemlər yarandığı üçün həmin pulu vaxtında qaytara bilməmiş, sadəcə vaxt istəmiş, lakin razılığa gələ bilməmişlər. Əliyeva Adilə isə məhkəməyə müraciət etmiş və işə baxan Mingəçevir Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(051)-164/2023 saylı qətnaməsi ilə Aliyeva Adilənin iddiasını təmin etmişdir. O, həmin qətnamədən narazı deyil və yaxud da Əliyeva Adiləyə olan borcunu inkar etmir. Həmin pulu da qaytarmağa hazırdır. Lakin onun bu iş üzrə İddiaçı heç bir borcu yoxdur və həmin şəxsdən heç vaxt borc pul almamışdır. İddiaçı isə saxta sübut (qəbz) məhkəməyə təqdim etməklə və yalançı şahid ifadəsini almaqla məhkəmədən qanunsuz qərar çıxarılmasına nail olmuşdur. Hesab edir ki, iddiaçı ilə onun arasındakı münasibətlər əsassız varlanma və vicdanlılıq prinsiplərinə əməl olunmadığından, məhkəmə həmin əqdin müəyyən müddəalarının etibarsızlığı məsələsini tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmadan araşdırmalı idi. Hesab edir ki, tərəflər arasında əsassız varlanma halı baş vermişdir, konkret olaraq İddiaçı, saxta sübutla məhkəməni aldatmış və qanunsuz məhkəmə qərarı ilə əsassız şəkildə varlanmağa cəhd göstərmişdir. Məhkəmə isə səhvə yol verərək tərəflər arasında borc münasibətinin olması qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən Mingəçevir Şəhər məhkəməsini 18 aprel 2023-cü il tаrixli, 2(051)-163/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh оğlu apellyasiya şikayətini müdafiə edərərək Mingəçevir Şəhər məhkəməsini 18 aprel 2023-cü il tаrixli, 2(051)-163/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
10. Məhkəmə kokllegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər məhkəməsini 18 aprel 2023-cü il tаrixli, 2(051)-163/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətlərinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
14. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
15. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
16. Maddə 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır.
19. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
20. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
21. Maddə 427. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
22. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
29. Maddə 102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tаrixli, 2(051)-163/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 2 ay müddətinə 3000 manat məbləğində borc pul almışdır.
42. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/125 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(051)-163/2023 saylı mülki işin 46-cı vərəqəsində Cavabdeh adından olan “Mən Cavabdeh mənə məxsus ola maaş kartımı....” sözləri ilə başlayıb, “...bütöv şəkildə özümə qaytarır” sözləri ilə bitən borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza, mülki işin 47-ci vərəqəsində Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli “3000 manata” dair “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “....borcumu 2 ay müddətində qaytaracağıma söz verirəm” sözləri ilə bitən borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
43. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan borc olaraq pul istəmiş, iddiaçı cavabdehə iki ay müddətinə 3000 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borcu iki ay müddətinə ödəməyi öhdəsinə götürmüş və o barədə yazılı qəbz vermişdir. Cavabdeh tərəfindən qeyd olunan qəbzdə mövcud yazının və imzanın ona məxsus olmadığını bildirmiş və bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən halları kimi qəbul edir və tərəflərin təqdim etdikəri sübutlar əsasında araşdırır. Cavabdeh qeyd olunan qəbzdəki yazıların və imzanın həqiqiliyini mübahisələndirildiyinə görə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/125 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 2(051)-163/2023 saylı mülki işin 46-cı vərəqəsində Cavabdeh adından olan “Mən Cavabdeh mənə məxsus ola maaş kartımı....” sözləri ilə başlayıb, “...bütöv şəkildə özümə qaytarır” sözləri ilə bitən borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza, mülki işin 47-ci vərəqəsində Cavabdeh adından olan xx.xx.2022ci il tarixli “3000 manata” dair “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “....borcumu 2 ay müddətində qaytaracağıma söz verirəm” sözləri ilə bitən borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunduğu sübuta yetirilmişdir. Cavabdeh tərəf isə öz etirazlarının əsası kimi heç bir sübut təqdim etməmişdir.
44. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh tərəf iddiaçıdan 3000 manat pul almadığını, qəbzdə olan imzanın ona məxsus olmadığını bildirmiş, bu səbəbdən də, məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə qəbzin cvabdeh tərəfindən icra olunduğu sübuta yetirilmişdir. Göründüyü kimi cavabdehin izahatı ziddiyyətli olmuşdur. İddiaçı tərəf isə cavabdehin bildirdiklərini qəbul etməmişdir. Cavabdeh tərəf isə iddiaçıya borcunun olmadığına dair sübut təqdim etməmiş, yalnız formal mülahizələr irəli sürməklə kifayətlənmişdir.
45. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təkrar ekspertiza keçirilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, qanunun tələbinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, təkrar ekspertiza təyin edilə bilər. İndiki halda bu baş verməmiş, rəyin əsassızlığına dair bir hal müəyyən edilməmişdir.
47. Məhkəmə kollegiyası cavabdehin əmək haqqı kartının eyni vaxt kəsiyində 2 nəfərə verilməsinin mümkün olmaması ilə bağlı bildirir ki, kollegiyanın iclasında iştirak edən iddiaçı cavabdehin əmək haqqı kartını ona vermədiyini göstərmişdir.
48. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
49. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
50. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
53. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tаrixli, 2(051)-163/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
55. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tаrixli, 2(051)-163/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov