Məhkəmə qərarları › İş №2(107)-767/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-767/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-767/2025 14.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, əsas və faiz borcları) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2(054)-45/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11026,41 manat əsas, 5694,26 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 852,21 manat faiz borcu olmaqla, cəmi 17572,88 manat kredit borcunun, 142,72 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09/1499/DİK saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün 40 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin ödənilməsi ilə bağlı öhdəliklərin təminatı məqsədilə digər cavabdehlə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyindən hazırda cavabdehlərin iddiaçıya 11026,41 manat əsas, 5694,26 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 852,21 manat faiz borcu olmaqla, cəmi 17572,88 manat kredit borcu yaranmışır. Qeyd edilən borc məbləğinin və ödənilmiş 142,72 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həqiqətən 2019cu ildə iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 15000 manat kredit verilmişdir. Kredit götürərkən polis şöbəsində YPX əməkdaşı işlədiyindən kreditin ödənişini qismən həyata keçirmişdir. 2020-ci ildə avtoqəza keçirdiyindən ağır yaralanmış və işdən çıxmışdır. Buna görə də ödənişləri davam etdirə bilməmişdir. Əsas borcdan 4000 manatdan yuxarı ödəniş etmişdir. Əsas borca etiraz etmir. Faiz borcu şişirdilib. Bank 2020-ci ildə bağlanıb. Həmin vaxt banka gedib müqaviləni təzələmək təklifi vermiş, yaxud faizlərin şişməməsi üçün işin məhkəməyə verilməsini xahiş etmişdir. 350 manat aylıq ödəniş edilməsini təklif etmiş, lakin ödənişin ediləcəyi yeri bildirməmişlər. Hesab edir ki, ondan tələb olunan borc məbləğinin yenidən hesablanması üçün ekspertiza keçirilməsi vacibdir. Ekspertiza keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

4. Oğuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2(054)-45/2025 nömrəli qətnaməsi (hakim S.Zeynalova) ilə iddianın qismən təmin edilməsi, xx.xx.2019cu il tarixli, 08/1499/DİK saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11026,13 manat əsas, 5451,20 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 842,27 manat faiz borcu olmaqla, cəmi 17319,6 manat kredit borcu (on yeddi min üç yüz on doqquz manat altmış qəpik) manat kredit borcu və 139,87 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat ekspertiza xərcinin 02 manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 98 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE********************) ödənilməsi və iddia tələbinin 0,28 manat əsas, 243,06 manat faiz, 9,94 manat 5 faizlə hesablanmış faiz və 2,85 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq cavabdeh 15000 manat əsas və 6297,37 manat faiz borcu, cəmi 21297,37 manat pulu hər ay 532,44 manat olmaqla xx.xx.2023-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin hazırda 11026,41 manat əsas kredit borcu qalmış, həmin borca 5694,26 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 852,21 manat əlavə faiz hesablanmışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

6. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2019-cu il tarixli, 09/1499/DİK saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 15000 manat kredit verilmiş, kredit üzrə öhdəliklərin icra edilməsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən öhdəliklərə əməl edilmədiyindən iddiaçı 11026,41 manat əsas, 5694,26 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 852,21 manat faiz borcu olmaqla, cəmi 17572,88 manat kredit borcunun və 142,72 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında ondan tələb olunan borcun düzgün hesablanmadığını bildirmiş, borcun məbləğinin hesablanması üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 9/10520 saylı ekspert rəyi ilə Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2024-cü il tarixədək 7125 manat məbləğində ödəniş aparıldığı, həmin məbləğdən 3973,87 manat əsas borcdan, 3151,13 manat faiz borcundan silindiyi, Cavabdeh1 iddiaçıya xx.xx.2024-cü il tarixə 11026,13 manat əsas, 5451,20 manat faiz, 5 faizlə hesablanmış faiz borcu üzrə 842,27 manat faiz borcunun olduğu müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizə ilə ekspertin faiz məbləği ilə bağlı gəldiyi nəticə ilə razı olmadıqlarını bildirmiş, məhkəmə iclasında iştirakı olmadan işə baxılaraq iddianın tam təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 ekspertiza rəyini qəbul edərək borcunu hissələrlə ödəyəcəyini bildirmiş və qanuni qərar çıxarılmasını xahiş etmişdir.

7. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri, buna uyğun olaraq ekspertiza rəyini sübut kimi qəbul edərək, habelə mülki prosessual qanunvericiliyin “hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasına istinad edərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən 11026,13 manat əsas, 5451,20 manat faiz, 5 faizlə hesablanmış 842,27 manat faiz borcu olmaqla, cəmi 17319,6 manat kredit borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi 0,28 manat əsas, 243,06 manat faiz, 9,94 manat 5 faizlə hesablanmış faiz hissəsində təmin edilməməlidir.

8. Məhkəmə hesab etmişdir ki, işin qeyd edilən hallarına uyğun olaraq 100 manat ekspertiza xərcinin 02 manat hissəsi iddiaçıdan, 98 manat hissəsi cavabdehlərdən tutularaq müvafiq hesaba köçürülməlidir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq 139,87 manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya verilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1, 470.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 117.1, 119.1, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi "xxxx" ASC ilə mənim aramda 13 sentyabr 2019-cu il tarixli, 09/1499/DİK nömrəli kredit müqaviləsi 40 ay müddətinə olmaqla 13 yanvar 2023-cü il tarixədək bağlanmışdır. Həmin tarixdən bir il ərzində, yəni 13 yanvar 2024-cü il tarixədək kreditor tərəfindən borcun tutulması ilə bağlı iddia qaldırılmadığından, hesab edirəm ki, zaminə münasibətdə iddia müddəti ötürülmüşdür. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə alaraq zamin Cavabdeh2 münasibətdə iddiatələbinin rədd edilməsi nəticəsinə gəlməliykən bunu etməmiş, əksinə mənimlə birlikdə Cavabdeh2 da kredit borcunun tutulmasını qət etmişdir.

13. Məhkəmə, əsas və faiz borcunun tutulması nəticəsinə gələrkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2025-ci il tarixli, 9/10520 saylı ekspert rəyinə istinad etmişdir. Faiz borcuna münasibətdə həmin rəyi və məhkəmənin gəldiyi nəticəni düzgün hesab etmirəm. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, 13 sentyabr 2019-cu il tarixli, 09/1499/DİK nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan faiz borcu 6297.37 manat təşkil edir. Həmin məbləğdən 3151,13 manatını ödəmişəm. Müqavilə üzrə mənim 3146.24 manat faiz borcum qalmaqdadır. Lakin ekspert rəyində faiz borcu, müqavilənin bitmə müddəti olan 13 yanvar 2023-cü il tarixədək deyil, 23 iyul 2024-cü il tarixədək hesablanmış ki, bu da mənim həddən artıq maliyyə məsuliyyətinə cəlb edilməyimə səbəb olmuşdur. Ona görə də, təkrar ekspertiza təyin edilməklə qeyd etdiyim hallar yenidən araşdırılmalıdır.

14. Məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, hazırkı işin əsasını təşkil edən kredit müqaviləsi üzrə borc məbləğini düzgün hesablamamış, zaminlik müqaviləsi üzrə iddia müddətinə diqqət yetirməmiş və bunun nəticəsində də düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.

15. Odur ki, Oğuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(054)-45/2025 saylı qətnaməsinin ləğv edilməsi, ekspertiza təyin edilərək kredit müqaviləsi üzrə fazi borcunun yenidən hesablanması və Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı ASC tərəfindən məhkəmə kolegiyasına təqdim olunmuş yazılı etirazda apellyasiya şikayətinin təmin olunmaması, Oğuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2(054)-45/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdeh1 isə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(054)-45/2025 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər. 24.Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

25. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdeh1 Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(054)- 45/2025 saylı qətnaməsinin qismən-iddia tələbinin təmin edilmiş faiz borcuna aid hissədə və Cavabdeh2 münasibətdə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(054)-45/2025 nömrəli qətnaməsinin əsaslılığını həmin hissələrdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur .

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09/1499/DİK saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün 40 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin ödənilməsi ilə bağlı öhdəliklərin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq 15000 manat əsas və 6297,37 manat faiz borcu, cəmi 21297,37 manat pulu hər ay 532,44 manat olmaqla xx.xx.2023cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit və faiz bоrcundan ibarət vəsaiti ödəniş planı üzrə qaytarmamış, götürdüyü kredit bоrcundan 11026,13 manat əsas borc, 5451,20 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 842,27 manat faiz borcu olmaqla, cəmi 17319.6 manat bоrcun ödənilməsini təmin etməmişdir.

30. Beləliklə İddiaçı ASC müqavilə ilə öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh X4 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

32. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilməsi, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməli olması, zaminə münasibətdə iddia müddətinin ötürülməsi, lakin birinci instansiya məhkəməsinin qeyd edilən halları nəzərə alaraq zamin Cavabdeh2 münasibətdə iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməliykən bunu etməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən mübahisələndirilmədiyindən kollegiya həmin hissədə hüquqi dəyərləndirmə aparmır və apellyatorun birinci instansiya məhkəməsinin qətnaməsini zaminə münasibətdə mübahisələndirmək üçün subyektiv hüququ yoxdur.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcunun tutulması nəticəsinə gələrkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2025-ci il tarixli, 9/10520 saylı ekspert rəyinə istinad etməsi, faiz borcuna münasibətdə həmin rəyi və məhkəmənin gəldiyi nəticəni düzgün hesab etməməsi, hazırkı işin əsasını təşkil edən kredit müqaviləsi üzrə borc məbləğini düzgün hesablanmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

34. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır.

35. Buna baxmayaraq mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

36. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 25 noyabr 2025-ci il tarixli, 9/3938 nömrəli rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09/1499/DİK saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 11.026,13 manat, faiz borcu 5.451,20 manat, xx.xx.2024-cü il tarixə (illik beş faiz dərəcəsi hesablanmaqla) əsas borc üzrə 11.026,13 manat, faiz borcu 5.451,20 manat, illik beş faiz dərəcəsi ilə hesablanmaqla əldə çıxmış fayda borcu 842.27 manat təşkil edir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının 25 noyabr 2025-ci il tarixli, 9/3938 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, Cavabdeh1 bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

38. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

39. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, Cavabdeh1 apellyasiya şikayətində istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyаsiyа şikаyətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissədə qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur.

41. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2(054)-45/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh1 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2(054)-45/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh1 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnaməyə rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar