Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-769/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-1137/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxx 2019-cu il tarixli 2(033)-1137/2019 nömrəli qətnaməsi ilə İddiaçı Sadəddin oğlunun (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “pul” tələbinə dair iddiası təmin edilərək Cavabdeh 1500 (bir min beş yüz) ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddianın həcminin dəyişdirilməsinə dair ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1500 (bir min beş yüz) ABŞ dolları borc məbləğinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdeh Zaqatala Aqroservis filialının müdiri vəzifəsində işləyərkən, yəni 2009-cu ildə o, KAMAZ markalı maşın götürmək üçün cavabdehə müraciət etmiş, sonuncu ona işlətmək üçün KAMAZ markalı maşının verilməsi müqabilində 1500 ABŞ dolları pul lazım olduğunu bildirmiş, o, da həmin işə kömək etmək məqsədi güdən Azərlə birlikdə cavabdehin otağına gedərək 1500 ABŞ dollarını stolun üstünə qoymuşdur. Cavabdeh pulu götürərək maşını verəcəyini bildirmişdir. Lakin, 2010cu ildə cavabdeh vəzifəsindən çıxmış, ona maşın verməmişdir. Bundan sonra o, dəfələrlə cavabdehə pulun qaytarılması ilə bağlı məlumat vermiş, sonuncu narahat olmamasını, pulu qaytaracağını demiş, bir neçə dəfə pulun əvəzinə taxıl vermək istəmiş, lakin sonda heç bir nəticə olmamışdır. Son vaxtlar o, cavabdehdən pulunu tələb etdikdə, cavabdeh ondan pul almadığını bildirdiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh həmin vaxt işdən azad olduqdan sonra çox şəxslərə borcu olduğunu, iddiaçının ona pul verməsini xatırlamadığını, belə bir halın olmamasını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İbrahimov Zöhrab İbrahim oğlu ifadəsində bildirmişdir ki, iddiaçının cavabdehə pul verməsini görməmişdir. Lakin, cavabdeh iddiaçıya pul əvəzinə buğda verəcəyindən o, iddiaçı ilə onun yanında fəhlə kimi getmişdir. Gözləmiş, lakin cavabdeh buğdanı vermədiyindən qayıtmışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Musaxanov Musaxan Ömər oğlu ifadəsində bildirmişdir ki, 1500 ABŞ dollarını və 750 ABŞ dollarını iddiaçı ondan almışdır. Dəfələrlə cavabdehin qapısına iddiaçı ilə birlikdə getmişlər, lakin hər dəfə müxtəlif bəhanələrlə onları aldadıb pulu verməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, onlar cavabdehin qapısına pulu almağa getmişlər, onun yoldaşı bildirib ki, taxıl biçilən vaxt pulu verəcəklər. Lakin, dəfələrlə buğda biçildi, iddiaçının pulunu qaytarmadılar. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-1137/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin tələbləri kobud surətdə pozulmaqla və maddi hüquq normaları düzgün tətbiq edilməməklə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulması ondan ibarətdir ki, işin məhkəmə iclası zamanı onun gözünün qarşısında sədrlik edən hakimin təklifi və təkidi ilə İddiaçı iddianın dəyişdirilməsinə dair ərizə yazılaraq imza etdirildi. Həmin iddianın dəyişdirilməsinə dair ərizə iclas katibi tərəfindən yazıldı və iddiaçı imza etdi. Lakin həmin ərizənin iddia ərizəsi kimi surəti ona təqdim edilməmişdir. İddianın həcminin dəyişdirilməsi nədən ibarət olmuşdur? İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, guya ona 2013-cü ildə pul verib. Həmin pulu verərkən guya o, vəzifədə işləmişdir. Məhkəmə iclası zamanı məlum olmuşdur ki, o, 2010-cu ildə işdən çıxmış, necə ola bilər ki, ona isə 2013-də pul verib. Məhkəmənin ilk iclasında İddiaçı iddiada yalan yazdığı ortaya çıxmış və sədrlik edən hakimin iddianı təmin etməkdə marağı üstün gəldiyinə görə iddiaçıya məhkəmə iclas katibi tərəfindən yeni ərizə yazılaraq imza etdirilmişdir. Bundan başqa məhkəmə iclas katbinin yazdığı ərizə iddianın həcminin dəyişdirilməsi adlandırılsa da, həmin ərizədə yalnız pulun verilmə ili dəyişdirilib, bu fakt qətnamədə belə yazılıb. Belə ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində pulun verilmə ili 2013 il, iddianın həcminin dəyişdirilməsinə dair ərizədə pulun verilməsi 2009-cu il, onun işdən çıxan ili isə 2010-cu ildir. Bundan başqa iddiaçı ilk iddiasında mətndə 1500 dollar verdiyini yazır, xahiş edirəm hissədə isə 1600 dollar tələb edir. Məhkəmənin hakimi ona bildirir ki, “sən 1600 tələb edə bilməzsən”, ona görə də yeni ərizədə katibinə deyir ki, “sən 1500 dollar yaz”. Beləliklə iddiaçının yalan yazdığı ortaya çıxır. Qətnamədən görünür ki, iddianın həcminin dəyişdirilməsinə dair ərizədə yalnız pulun verilmə ili dəyişib, lakin bu iddianın həcminin dəyişdirilməsi deyil, dəqiqləşmə olmalı idi. Məhkəmə qətnaməsində yalançı şahid ifadələrinə istinad edərək iddianı təmin etmişdir. Hansı ki, həmin şahidlər iddiaçının qohumları və yaxınlarıdır. Belə ki, şahid kimi ifadə vermiş Musaxan Musaxanov İddiaçı yeznəsidir. Digər şahidlər isə iddiaçı tərəfindən gətirilərək öyrədilmiş şahidlərdir. Məhkəmə qətnaməsində onun ifadəsi təhrif edilmişdir. O, heç vaxt belə ifadə verməmişdir. İddiaçı ona heç vaxt pul verməmişdir. Sadəcə olaraq işlədikləri dövrdə aralarında konfilik və prinsip olduğundan iddiaçı qəsdən məhkəməyə ərizə verməklə onu narahat etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Azər adlı şəxsin əsas şahid olmasını bildirsə də, məhkəmə həmin şahidin məhkəmədə dindirilməsi üçün heç bir prosessual hərəkət etməmişdir. Məhkəmə iclası zamanı o, məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizəsinin qəbul edilməsini xahiş etmiş, lakin sədrlik edən hakim ona həmin ərizənin yazılmasına şərait yaratmamış, iddiaçıya isə şərait yaratmışdır. Həqiqətə nail olmaq üçün məhkəmə iddiaçıdan heç bir sübut tələb etməmişdir Lakin iddiaçının heç bir sübutu olmadığı halda qanunsuz qətnamə qəbul etmişdir. İddiaçının ona pul verməsini və ya onun ona borcunun olmasını təsdiq edəd heç bir sübut olmadığı halda çıxarılan qətnamə qanuni hesab edilə bilməz. Qeyd etdiklərinə əsasən hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)- 1137/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının suallarına cavab olaraq tələb etdiyi pul məbləğini cavabdehə borc vermədiyini, Zaqatala Rayon Aqroservis filialının müdiri vəzifəsində işləyən cavabdehə həmin pulu Zaqatala Rayon Aqroservis filialına məxsus olan avtomaşını işlətmək üçün ona verməsi üçün verdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən Cavabdeh əmək kitabçasından Çıxarışdan görünür ki, o, xx.xx.2006-cı ildə təsərrüfat hesablı Zaqatala Rayon Aqroservis filialının müdiri vəzifəsinə qəbul edilib, xx.xx.2010-cu il tarixdə həmin vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Məhkəmə iclaslarında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin tərəflərin izahatları, iş materialları və şahid ifadələri əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı işlətmək üçün kamaz maşının ona verilməsi müqabilində cavabdehə 2009-cu il 1500 ABŞ dolları pul vermişdir. Məhkəmə iclasında mübahisə ilə bağlı işin faktiki hallarının araşdırılması nəticəsində sözügedən pul məbləğinin cavabdehə verilməsi şahid ifadələri, cavabdehin özünün həmin vaxt çox şəxslərə pul verməli olduğundan iddiaçının tələb etdiyi pulu almasını xatırlamamasını göstərməklə dolayısı ilə etiraf etməsi ilə təsdiqini tapmışdır. Eyni zamanda işə əlavə edilmiş cavabdehin əmək kitabçasından Çıxarışdan göründüyü kimi o, xx.xx.2010-cu il tarixdə Zaqatala rayon Aqroservis filialının müdiri vəzifəsindən azad edilmişdir. Belə ki, iş üzrə cavabdeh izahatında göstərmişdir ki, həmin vaxt müəssisə rəhbərlik vəzifəsindən çıxmış, bundan sonra qapısına verdikləri pulları almaq üçün müxtəlif şəxslər gəlirdilər. Eyni zamanda iddiaçı pulu ona deyil Azər adlı şəxsə verməsini bildirməklə pulun həqiqətən verilməsini təsdiq etmiş, lakin pulun həqiqətən ona deyil, Azərə verilməsini təsdiq edən sübutu təqdim edə bilməmişdir. İddiaçı isə pulu məhz Azər adlı şəxsin cavabdehi onunla tanış etməsini bildirərək pulun məhz Azərin yanında cavabdehin stolunun üstünə qoyduğunu, Azərdən şahid qismində iştirak edərək məhz onun yanında pulu cavabdehə verməsini təsdiq etmək üçün məhkəməyə gəlməsini xahiş etmiş, sonuncu məhkəməyə gəlməkdən yanınmışdır. Bütün bunlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, mübahisə predmeti olan 1500 ABŞ dolları iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdeh isə məhkəmə iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Yaranmış vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən sözügedən pul məbləğinin cavabdehə verilməsinin şahid ifadələri ilə təsdiq edilməsinə istinad etmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin hər biri iddiaçının cavabdehə qeyd olunan pul məbləğini onların yanında verməsini görmədiklərini bildirmişlər. Onların heç biri cavabdehin iddiaçıdan pul almasını konkret olaraq təsdiq etməmişlər. Şahidlər ayrıayrılıqda iddiaçı ilə birlikdə cavabdehin qapısına pul almaq üçün getdiklərini, yaxud cavabdehin iddiaçıya buğda söz verdiyini, lakin bunun üçün getdikdə buğdanın verilmədiyini bildirmiş, şahid qismində dindirilmiş Musaxanov Musaxan Ömər oğlu isə bildirmişdir ki, 1500 ABŞ dollarını və 750 ABŞ dollarını iddiaçı ondan almışdır. Göründüyü kimi, həmin şahid ifadələri ilə iddiaçının cavabdehə pul verməsinin müəyyən edilməsi mümkün deyildir. Cavabdeh verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin iddiaçının yaxın qohumlarının olmasını, onların qabaqcadan öyrədilərək eyni məzmunlu ifadələr verməsini qeyd etmişdir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə əsasən iddia tələbini təmin etməklə səhvə yol vermişdir. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmə əsasını cavabdehin özünün həmin vaxt bir çox şəxslərə pul verməli olduğundan iddiaçının tələb etdiyi pulu almasını xatırlamamasını göstərməklə dolayısı ilə etiraf etməsi ilə təsdiqini tapması ilə əsaslandırmışdır. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh verdiyi apelyasiya şikayətində məhkəmə qətnaməsində onun ifadəsinin təhrif edildiyini, onun heç vaxt belə ifadə vermədiyini, iddiaçının ona heç vaxt pul vermədiyini bildirmişdir. Ümumiyyətlə, cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatını iddianın etiraf edilməsi kimi qiymətləndirmək düzgün deyildir. Çünki, cavabdeh həmin izahatında, iddiaçının ona pul verməsini xatırlamadığını, belə bir halın olmamasını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, cavabdeh həmin izahatında iddianı etiraf etməmişdir. Kollegiyanın qənaətinə görə, iddiaçının tələbi sübut olunmur. Qeyd olunmalıdır ki, işin gerçək hallarına görə, iddiaçının tələb etdiyi pul məbləği borc olaraq verilməmiş, yəni tərəflərin aralarında borc müqaviləsi bağlanmamışdır. İddiaçı bildirir ki, cavabdeh Zaqatala Rayon Aqroservis filialının müdiri vəzifəsində işləyərkən ondan idarə etmək üçün KAMAZ markalı maşın götürmək üçün müraciət etmiş, cavabdeh həmin avtomaşının ona verilməsi müqabilində 1500 ABŞ dolları pul lazım olduğunu bildirmiş, o da həmin məbləği cavabdehə vermişdir. İddiaçı məhkəmə kollegiyasının işin həmin halı ilə bağlı verdiyi sualına da eyni məzmunlu cavab vetrmişdir. Göründüyü kimi, tərəflərin arasında borc müqaviləsindən və ya digər müqavilədən irəli gələn münasibətlər yaranmamışdır. Tərəflər hər hansı müqavilə üzrə tərəf deyillər. İddia tələbinin qanuni əsası daha çox Azərbaycan Respublikası Mülki Məcəlləsinin Vİİİ fəslində nəzərdə tutulmuş əsassız varlanmaya uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.(1091.1.) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2.) 1093-cü maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən, (Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi) əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddia ərizəsindən və iddiaçının bildirdiklərindən görünür ki, cavabdeh 2010-cu ildə Zaqatala Rayon Aqroservis filialının müdiri vəzifəsindən azad edilmiş, bundan sonra onun iddiaçıya Zaqatala Rayon Aqroservis filialının balansında olan KAMAZ markalı avtomaşını vermək imkanı praktiki olaraq mümkün olmamış, iddiaçı da həmin vaxtdan etibarən cavabdehdən pulunu geri tələb etməyə başlamışdır. Yəni, iddiaçı öz hüququnun pozulduğunu 2010-cu ildə bilmişdir. Yuxarıda şərh edilən qaydada iddia tələbi sübut olunmur. Əgər sübut edilsə belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qanunverici əsassız varlanma ilə bağlı tələblərə iki illik kəsici müddət müəyyən etmişdir. İddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulmasını 2010-cu ildə bilmiş, hazırkı iddianı isə 2019-cu ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 9 il sonra qaldırmışdır. İddiaçının cavabdehə qarşı tələbi əsaslı olsaydı belə, onun tələb etmək hüququ Mülki Məcəllənin 1095-ci maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi təmin edilə bilməzdi. Kollegiyaya görə, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X3 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməli,Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(033)-1137/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı “1500 (bir min beş yüz) ABŞ dolları məbləğində pul tələbi” haqqında iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyinə görə İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-1137/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Sadəddin oğlunun Cavabdeh qarşı “1500 (bir min beş yüz) ABŞ dolları məbləğində pul tələbi” haqqında iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Sadəddin oğluna aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-769/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-769/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver