Məhkəmə qərarları › İş №2(107)-770/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-770/2023

10.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-770/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Cavabdeh4nə qarşı yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: yolun açılması və maneələrin aradan qaldırılması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Cavabdeh4nə qarşı yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Cavabdeh4nə qarşı yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonunun Yenicə kəndində yaşayır. Cavabdehlər ona məxsus torpaq sahəsindən istifadə etməsinə problemlər yaradırlar. Cavabdehlərlə aralarında bələdiyyə torpaqları olmasına baxmayaraq, cavabdehlər süni maneə yaratmaqla onun özünə məxsus torpaq sahəsinə texnikaların daxil olmasına mane olurlar. Bundan əlavə ərazidə ağaclar əkməklə onlara aid olmayan yolu bağlayırlar. Sözügedən ərazinin video görüntülərini elektron qaydada sənədlərin yüklənməsi mümkün olmadığı üçün məhkəmə iclasında təqdim edəcəkdir. Bundan əlavə kənd bələdiyyəsi sözügedən torpaq sahəsinin yol olmasına baxmayaraq, cavabdehlərə təsir edə bilmir. Bu səbəbdən ona və ona məxsus təssərüfata xeyli ziyan dəymişdir. Cavabdehlər ona məxsus bağ sahəsinə girməklə və ondan icazəsiz orada olan ağacları kəsməklə mülkiyyət hüquqlarını pozurlar. Bundan əlavə o, öz torpaq sahəsində hər hansı formada budama və ya təmizlik işləri üçün texnika və işçi çağırdıqda bilərəkdən maneələr yaradırlar. Bununla əlaqədar müvafiq dövlət və hüquq mühafizə orqanlarına müraciət etsə də, ona məhkəməyə müraciət etmək hüququnun olması tövsiyə olunmuşdur. Ağdaş rayonunun Yenicə kəndində yerləşən JN-293A, KOD 90300038 nömrəli şəhadətnamə ilə ona məxsus olan torpaq sahəsindən lazımı qaydada istifadə edə bilmir. Halbuki, Avropa Məhkəməsinin və yerli qanunvericilik aktlarının təfsirində də bilindiyi kimi şəxs öz mülkiyyətindən sərbəst istifadə etməli və şəxsə yaradılan istənilən maneələr aradan qaldırılmalıdır. Lakin o, cavabdehlərin qanunsuz əməllərinə məruz qalmış və öz torpağına gedən yoldan lazımı qaydada istifadə edə bilmir. Cavabdehlər ona öz mülkiyyət hüququndan istifadə etməyə imkan verməməklə bərabər qanunsuz olaraq təzyiqlərə məruz qoyurlar. Bu məsələnin həlli üçün cavabdehlərlə dəfələrlə danışmağına baxmayaraq, məsələni sülh yolu ilə həll etməyə çalışsa da, müsbət nəticə əldə edə bilməmişdir. Sonradan İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1 və Cavabdeh2 ilə bərabər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Cavabdeh4 cavabdeh kimi cəlb edilməsini, İddiaçı mülkiyyətində olan Ağdaş rayon Yenicə kəndində yerləşən torpaq sahəsinə gedən yolun açılmasını, cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Ağdaş rayon Yenicə kəndində yerləşən torpaq sahəsindən onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsi ilə (hakim Cavid Sultanov) iddanın təmin olunmaması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22AZ34CTRE********** **********) köçürülməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı cavabdehlər tərəfindən onun mülkiyyətində olan Ağdaş rayon Yenicə kəndində yerləşən torpaq sahəsinə gedən yolun açılmasını və onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. İddia tələblərinin həlli məqsədi ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/5598 saylı ekspert rəyində göstərilmişdir ki, sözügedən torpaq sahəsinə gedən yola həmin yolun kənarına çoxillik əkilmiş ağaclar səbəbindən kombayn və böyük texnikaların girməsi mümkün deyil, sözügedən torpaq sahəsinə gedən yol bələdiyyə mülkiyyətinə məxsusdur, cavabdehlər tərəfindən iddiaçının torpağına gedən yola maneə yaradılmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının torpaq sahəsinə gedən yolda maneələrin yaradılmaması ekspert rəyində birbaşa göstərilmişdir (Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/5598 saylı ekspert rəyi, 6-cı sualın cavabı). Digər cavabdehlərə münasibətdə isə iddiaçının tələbi maneələrin aradan qaldırılması və yolun açılması ilə bağlı olsa da, nə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, nə də Cavabdeh4 tərəfindən torpaq sahəsinə gedən yolun bağlanması və iddiaçıya maneələrin yaradılması öz təsdiqini tapmır. Həmin yolda əkilmiş çoxillik ağacların mövcudluğu iddiaçının torpağına gedən yolda ona maneə yaradırsa, iddiaçı bununla bağlı müvafiq olaraq inzibati orqanlara ərizə və ya müvafiq məzmunlu iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə iş üzrə cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinə gedən yolun bağlanması və onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin yaradılması işin halları ilə müəyyən olunmur. Həmçinin, Ağdaş Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2(014)- 945/2022 saylı qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsindən imtina olunması da hazırkı iddia tələbinin həlli baxımından əhəmiyyət kəsb etmir. Belə ki, həmin qərardadla iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş suallar ekspert qarşısında qoyulmuş, lakin həmin sualların cavablandırılıb-cavablandırılmaması hazırkı iddia tələbində qoyulmuş tələblə uzlaşmır. Belə ki, ekspert qarşısında qoyulmuş sualda göstərilmiş kombayn və böyük texnikaların girməsinə mane olan ağacların kəsilməsinin və ya budanmasının lazım olub-olmaması cavabdehlər tərəfindən yaradılmış maneə kimi qiymətləndirilə bilməz. Hazırkı iddia tələbi isə iddiaçının torpaq sahəsinə gedən yolun açılması və onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən sübutları yetəri qədər araşdırılmamışdır. Sözügedən mülki iş birdəfə olmuş və birinci instansiya məhkəməsində iş ümumiyyətlə araşdırılmamışdır. Çünki məhkəmənin əvvəlki iclaslarında maneənin nədən ibarət olması göstərilmiş, cavabdehlər Cavabdeh1 Məhəmmədiyyə oğlu və Cavabdeh2 məhkəmə zalında iddiaçının torpaq sahəsinə kombayn və digər texnikaların daxil olmayacaqlarına fiziki cəhətdən imkan verməyəcəklərini və buna istənilən formada maneə olacaqlarını bildirmişlər. Lakin o maneənin aradan qaldırılması ilə bərabər yolun açılması barədə də tələb qoyulmuşdur. Məhkəmə prosesində ekspert rəyinə ümumiyyətlə aiddiyyatı üzrə qiymət verilməmişdir. Ekspert rəyində sözügedən torpaq sahəsinə gedən yola, həmin yolun kənarına çoxillik əkilmiş ağaclar səbəbindən kombayn və böyük texnikaların girməsi mümkün olmaması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı demək olar ki, yolun açılması hissəsində nəzərə almamış və həmin hissədə ümumiyyətlə əsaslandırmamışdır. Ekspertizanın rəyində birbaşa iddiaçının torpaq sahəsinə gedən yola kənd təsərrüfatı üçün nəzərdə tutulmuş texnikaların girməsinə orada yerləşən ağacların mane olması göstərilsə də bu ekspert rəyinə qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı vətəndaşın mülkiyyət hüquqlarının birbaşa pozulmasına gətirib çıxarır. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, nə də Cavabdeh4 hansı səbəbdən cavabdeh kimi işə əlavə olunmasını izah etməmişdir. Qeyd edilir ki, ağacların kəsilməsi (və ya budanması) ilə bağlı məsələlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının razılığı tələb olunur və onların bu sahədə mütəxəsisləri var. Sözügedən ağaclar isə Yenicə kənd bələdiyyəsinin torpaq sahəsi sayılır. Belə olan halda o bütün cavabdehləri düzgün qeyd etmişdir. Birinci instansiya məhkəməsi bütün qətnamədə cavabdehlər dedikdə yalnız Cavabdeh1 Məhəmmədiyyə oğlu və Cavabdeh2 nəzərdə tutmuşdur, bu da işin yetəri qədər araşdırılmamasının səbəbidir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, məhkəmə kollegiyası işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi rədd etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən heç bir maddi hüquq normasına istinad etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxdığından və heç bir maddi hüquq normasına istinad etmədiyindən Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsi ləğv edilməli, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə ilə iddia tələbi rədd edilməlidir. Belə ki, iddia tələblərinin həlli məqsədi ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/5598 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 17 Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və xx.xx.2022-ci il tarixdə **********53 №-li mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur. JN293A (kod ********) nömrəli şəhadətnamə ilə İddiaçı Aliağa oğluna və ailə üzvlərinin mülkiyyətinə Ağdaş rayonu, Yenicə kəndində ərazisində 0,43 ha torpaq sahəsi verilmiş, lakin hal-hazırda istifadəsində 0,60 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətinə JN-329A (kod ********) nömrəli şəhadətnamə ilə 0,23 ha torpaq sahəsi verilmiş, hal-hazırda istifadəsində 0,48 ha torpaq sahəsi vardır. Tərəflərin mülkiyyətinə verilmiş torpaq sahələrinin qonşuluğu yoxdur. Hər iki mülkiyyətçinin sərhədi daxilində əlavə olaraq istifadə etdikləri bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri arasında sərhəd və qonşuluq var. Cavabdeh1 mülkiyyətinə JN-329 A (kod ********) nömrəli şəhadətnamə ilə verilmiş torpaq ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-293A (kod ********) nömrəli şəhadətnamə ilə verilmiş torpaq sahələrinin arasında məsafə 11,76 metrdir. Tərəflərin sərhədləri daxilində istifadə etdikləri bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qonşudur. İddiaçı mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinə (torpağın arxa hissəsinə) gedən yol bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan yoldur. Sözügedən torpaq sahəsinə gedən yola kombayn və böyük texnikaların girməsi mümkün deyil. Sözügedən yolun kənarına çoxillik əkilmiş ağaclar səbəbindən. Sözügedən torpaq sahəsinə gedən yol bələdiyyə mülkiyyətinə məxsusdur. Cavabdehlər tərəfindən iddiaçının torpağına gedən yola maneə yaradılmamışdır. Göründüyü kimi, iddiaçının torpaq sahəsinə gedən yol bələdiyyə mülkiyyətində olmaqla, yoldan irihəcmli texnikaların keçməsinə maneə yaradan çoxillik əkmələrdir. Həmin çoxillik əkmələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olması və ya onlar tərəfindən əkilməsi barədə də iş materiallarında heç bir sübut və ya dəlil aşkar edilmir. Belə olan halda, iddiaçının torpaq sahəsinə irihəcmli texnikaların keçməsinə maneənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilməsi sübut olunmur. Kollegiya iddiaçının apellyasiya şikayətində cavabdehlərin birinci instansiya məhkəməsinin əvvəlki iclaslarında dedikləri ilə bağlı göstəriklərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında cavabdehlər şifahi olaraq torpaq sahəsinə texnikanın girməsinə imkan verməyəcəklərini demiş olsalar belə, hər hansı faktiki hərəkətlərlə ifadə olunması sübut olunmayan şifahi sözlər əsasında məhkəmə xəyali maneənin aradan qaldırılması barədə qətnamə qəbul edə bilməz. Kollegiya iddiaçının apellyasiya şikayətində işdə cavabdeh olaraq həmçinin inzibati orqanları göstərmiş olması və iddia tələbinin ikinci bir hissəsinin yolun açılması barədə olması haqqında göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, bələdiyyə torpağında yer alan çoxillik əkmələrin Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən kəsilməsi məsələsi inzibati orqanlar arasında inzibati çərçivədə araşdırılmalı olan bir məsələdir. Həmin yolda əkilmiş çoxillik ağacların mövcudluğu iddiaçının torpağına gedən yolda ona maneə yaradırsa, iddiaçı bununla bağlı müvafiq inzibati orqanlara ərizə ilə müraciət edə bilər. Həmin ərizə əsasında inzibati qaydada araşdırma aparıldıqdan və müsbət və ya mənfi nəticə əldə edildikdən sonra, iddiaçı araşdırmanın nəticəsi ilə razılaşmazsa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(014)-15/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi rədd edilsin. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22AZ34CTRE********** **********) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar