Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-775/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tаrixli, 2(035)-27/2023 saylı qətnаməsindən cаvаbdeh Cavabdeh1 оğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İşdə оlаn İddiaçı ASC-nin Lənkaran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CC/58951/70/16 saylı kredit müqаviləsindən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, iddiаçı cаvаbdeh Cavabdeh1 illik 23 % dərəcəsi ilə, 39 аy müddətinə, 5000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin xx.xx.2019-cu il tarixli, CC/58951/70/16 saylı kredit müqaviləsinin 3-cü bölməsində göstərilmişdir ki, kredit müqaviləsi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunur. Zaminin rekvizitləri 5-ci bölmədə qeyd edilmişdir. (zamin X7)
3. İşdə olan kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ASC-nin Lənkaran filialı tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 5000 manat məbləğində kredit verilmişdir.
4. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcu 4108. manat, faizə görə 1449.12 manat təşkil edir.
5. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
6. İddiаçı İddiaçı АSC-nin cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı iddiа ərizəsi və tələbin dəqiqləşməsi ilə məhkəməyə mürаciət edərək cavabdehlərdən müştərək qaydada əsas borca görə 4108. manat, faizə görə 1449.12 manat, cəmi 5557.94 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 76 manat pulun tutularaq İddiaçı АSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir.
7. İddia ərizəsi işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə bdə, cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, CC/58951/70/16 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4108 manat, faizə görə 1449.12 manat, cəmi 5557.94 manat məbləğində bоrcu yaranmışdır.
8. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 428, 442, 445.2.2, 448, 465.2, 449.4, 465.2, 472.1, 472.2ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 119.1-ci maddələrinə istinad edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etmiş və iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsi işə cavabdehlərin iştirakı olmadan baxmışdır.
11. Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 18 yanvar 2023-cü il tаrixli, 2(035)-27/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 4108.82 manat, faizə görə 1449.12 manat, ödənilmiş dövlət rüsumuna görə 76 manat, cəmi 5633.94 manat məbləğində pul tutulаrаq İddiaçı Аçıq Səhmdаr Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin Lənkaran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CC/58951/70/16 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi xx.xx.2019-cu il tarixli, CC/58951/70/16 saylı kredit müqaviləsi üzrə kreditin vaxtında banka qaytarılmasına görə bank qarşısında borcalanla birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, CC/58951/70/16 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4108. manat, faizə görə 1449.12 manat, cəmi 5557.94 manat bоrcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdehlər xx.xx.2019-cu il tarixli, CC/58951/70/16 saylı kredit müqаviləsi üzrə öhdəliyinin icrasına görə iddiaçı qarşısında birgə məsuliyyət daşımalı və həmin müqavilə üzrə ödənilməsi qət edilən məbləğ onlardan müştərək qaydada tutulmalıdır.
14. Birinci instansiya məhkəməsi öz qətnaməsini Mülki Məcəllənin 443.1, 448.1, 739.1, 470 və 472.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 106.1, 107, 119.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Həmin qətnamədən narazı qalan Cavabdeh1 оğlu apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edən zaman işi hər tərəfli araşdırmamış iş üzrə ekspertiza təyin etməmişdir. Belə ki, bank tərəfindən əsas borcun üzərinə əsassız faiz dərəcələri hesablanmışdır. Eyni zamanda məhkəmə qətnamə qəbul edən zaman faiz dərəcələri ilə bağlı araşdırma aparmamış, iddiaçının iddiasına uyğun qətnamə tərtib etmişdir. Halbuki, məhkəmə praktikası onu deməyə əsas verir ki, məhkəmələr bu tip işlərə baxan zaman obyektiv qərar qəbul etmək üçün müstəqil ekspertlər təyin edir və işi hər tərəfli araşdırır. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin məhkəmə qətnamə qəbul edən zaman kredit öhdəliyimi hansı səbəbdən gecikdirdiyi hissəsini aydınlaşdırmamışdır. məhkəmə qətnamə qəbul edən zaman kredit öhdəliyini hansı səbəbdən həyata keçirmədiyi hissəsini aydınlaşdırmamışdır. Eyni zamanda məhkəmə iddiaçının qeyd etdiyi faiz məbləğini də araşdırmamışdır. Belə ki, faiz nəbləğlərin doğruluğu ilə bağlı ekspertiziya təyin etməmişdir. Yuxarıda qeyd etdiyi hallara əsasən hakim prosessual normaları ilə yanaşı, maddi normaları da pozaraq səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tаrixli, 2(035)-27/2023 saylı qətnaməsinin faiz hissəsinin tam ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
18. Məhkəmə kollegiyasınını iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tаrixli, 2(035)-27/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini faiz hissəsini mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Mülki Məcəllə
24. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
28. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
29. Maddə 739. Borc müqaviləsi (01 oktyabr 2023-cü il tarixədək olan redaksiyada) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
40. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
42. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsinizahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tаrixli, 2(035)- 27/2023 saylı qətnaməsi - “əsas borcun tutulması hissəsində” dəyişdirilməlidir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri məhkəmə muhasibatlıq-ekspertizasının keçirilməsi ilə bağlı olduğundan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizaların aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə ekspertlərinə həvalə edilmişdir.
47. 11 sentyabr 2023-cü il tarixli, 9/5441 nömrəli məhkəmə mühasibatlıq-ekspertizası üzrə ekspert rəyində qeyd olunur ki: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, CC/58951/70/16 №-li kredit sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən:
- əsas borc üzrə - 4095,56 manat, - faiz borcu üzrə - 1850,02 manat.
48. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.
49. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
50. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
52. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
53. Lakin məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, iddia tələbində faiz borcu 1449.12 manat göstərilsə də, ekspert rəyi ilə həmin məbləğ 1850,02 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından faiz məbləği barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür (35-ci bənd).
54. Belə olan halda apellyasiya şikayətinin faiz heablamaları barədə dəlili əsassızdır.
55. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamənin əsas borcla bağlı hissəsini mübahisələndirməsə də, iş üzrə alınmış ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləği qətnamə ilə qət edilmiş əsas borc məbləğindən azdır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxladığından qətnamə ilə qət edilmiş əsas borc məbləği iş üzrə alınmış ekspert rəyinə uyğun azaldılmalıdır. (38-ci bənd)
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
57. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
58. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
59. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
60. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tаrixli, 2(035)-27/2023 saylı qətnaməsi - əsas borcun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 4095 manat 56 qəpik müəyyən edilməli, qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 оğlundan tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 оğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tаrixli, 2(035)-27/2023 saylı qətnaməsi - əsas borcun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 4095 manat 56 qəpik müəyyən edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 оğlundan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov