Məhkəmə qərarları › İş №2(107)-775/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-775/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-775/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit öhdəliyi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(035)-146/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 31 may 2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə ondan borc olaraq almış olduğu 6000 manat, Ağcəbədi Regional “Asan xidmət” mərkəzinə ödənilmiş 115 manat və dövlət rüsumu olaraq ödənilmiş 80 manat olmaqla, cəmi 6195 manat məbləğində pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2023-cü il tarixdə Zərdab rayon dövlət notariat kontorunda 14000 manat (on dörd min) məbləğində nəğd şəkildə olan pulun cavabdehə verilməsi ilə bağlı aralarında xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə 31.05. 2023-cü il tarixli Kredit Müqaviləsi imzalanaraq, dövlət notariusu tərəfindən qeydə alınmaqla təsdiqlənmişdir. Cavabdeh iddiaçıya olan borcundan 8000 manatını qaytarmış, lakin, cavabdeh nə verdiyi sözünə, nədəki imzaladığı müqavilənin şərtlərinə əməl etməyərək hazırki vaxta kimi 6000 manat məbləğində pulunu geri qaytarmamışdır. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu qaytarmır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Cavabdehin keçən müddət ərzində iddiaçıya qalıq borcu olduğı 6000 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir.

4. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə dostluq-yoldaşlıq münasibətləri olmuş, cavabdeh 2023-ci ilin may ayında ona yaxınlaşaraq xeyli miqdarda pula ehtiyacı olduğunu və bu baxımdan ona köməklik etməyini ondan xahiş etmiş, ondan alacağı 14000 manat məbləğindəki pulu 06 ay müddətinə qaytaracağını bildirmişdir. Cavabdehin əminliklə verdiyi bu sözə inandıqdan sonra xx.xx.2023-cü il tarixdə Zərdab rayon dövlət notariat kontorunda 14000 manat məbləğində nəqd şəkildə olan pulun cavabdehə verilməsi ilə bağlı aralarında Kredit Müqaviləsi imzalanmış və dövlət notariusu tərəfindən qeydə alınmaqla təsdiqlənmişdir. O, qeyd olunan məbləğdə olan pulu Kredit Müqaviləsinin şərtlərinə əməl etməklə cavabdehə vermişdir. Cavabdeh ona olan borcundan bu günə 8000 manatını qaytarmış, lakin, hazırki vaxta kimi 6000 manat məbləğində pulunu geri qaytarmamışdır. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu qaytarmamışdır. Onun tərəfindən cavabdehə borcla bağlı çoxlu sayda zənglər edib iradlarını bildirmək istədikdə, cavabdeh ona borclu olduğunu etiraf etsədə müxtəlif bəhanələr gətirərək olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin keçən müddət ərzində ona borclu olduğı 6000 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir.

6. Zərdab Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(035)-146/2024 nömrəli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, Cavabdeh yaranmış borca görə 6000 manat, Ağcəbədi Regional “Asan xidmət” mərkəzinə ödənilmiş 115 manat və dövlət rüsumuna görə ödənilmiş 80 manat, cəmi 6195 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Müslümov X1 Təbriz Azər oğluna xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit vermişdir. Müqaviləyə əsasən Cavabdeh kredit məbləğini ödəməyi öhdəsinə götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun kredit borcuna görə 6000 manat məbləğində qalıq borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi üçün dəfələrlə Cavabdeh xəbərdarlıq olunsa da, borcun könüllü şəkildə ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən qalıq borca görə 6000 manat, Ağcəbədi Regional “Asan xidmət” mərkəzinə ödənilmiş 115 manat və dövlət rüsumuna görə ödənilmiş 80 manat pul tutularaq iddiaçıya verilməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

10. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı 71-ci, 72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 739.1-ci, 739.2-ci, 740.1-ci, 443.1-ci, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2.-ci, 77.1-ci, 119-cu, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd edəcəyi fakt onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsi formal xarakter daşıyır və qərəzlidir.

14. Belə ki, iddiaçı 14000 manat borcdan 8000 manatının onun tərəfindən iddiaçıya ödənilməsini etiraf edir. Lakin qeyd etmək istəyir ki, borc məbləğinin 9000 manatı onun tərəfindən nəğd şəkildə iddiaçıya ödənilmişdir. Hazırda iddiaçıya 5000 manat borc qalmışdır. İddiaçı əlavə pul tələb etməklə əsassız varlanmaq istəyir. Lakin məhkəmə qətnamə qəbul edən zaman işin hallarını ətraflı araşdırmamış iddiaçının iddiasına əsaslanan qətnamə tərtib etmişdir. Məhkəmə qətnamə qəbul edən zaman onun hüquqlarının müdafiəsində maraqlı olmamışdır.

15. Qeyd olunan maddəyə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsa da məhkəmə qətnamə qəbul edilən zaman qanunvericiliyin tələblərini pozmuşdur.

16. Birinci instansiya məhkəməsi işə baxan zaman iddiaçının iddiasını tam sübuta yetirə bilmədiyini müəyyən etsədə lakin nədənsə iddianı tam şəkildə təmin etmişdir.

17. Hesab edir ki, yuxarıda qeyd etdiyi hallara əsasən maddi hüquq normaları işə tam tədbiq olunmamışdır.

18. Odur ki, Zərdab Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(035)- 146/2024 saylı qətnaməsinin qismən ləğv olunaraq onun tərəfindən ödənilməli olan məbləğin 5000 (beş min) manat müəyyən olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına göndərdiyi teleqramında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyindən onun iştirakı olmadan baxılaraq, Zərdab Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etsə də, Cavabdeh gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyator Zərdab Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(035)- 146/2024 nömrəli qətnaməsini qismən, yəni iddianın təmin edilmiş 1000 manata aid hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən 1000 manata aid hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur .

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Müslümov X1 Təbriz Azər oğluna xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit vermişdir. Müqaviləyə əsasən Cavabdeh kredit məbləğini ödəməyi öhdəsinə götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun aldığı kreditə görə 6000 manat məbləğində qalıq borcu yaranmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

30. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin borc məbləğinin 9000 manatının onun tərəfindən nəğd şəkildə iddiaçıya ödənilməsi, hazırda iddiaçıya 5000 manat borcunun qalmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış notarial qaydada təstiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 14000 manat məbləğində pul vermişdir.

31. Həmin müqavilənin 2-ci bəndində göstərilmişdir ki, borc alan krediti 30 noyabr 2023-cü il tarixinədək borc verənə notariusun depozit vasitəsi ilə qaytarmağı öhdəsinə götürür.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

33. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

34. Həmin Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 14000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsi iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə təsdiq edildiyi halda, cavabdeh tərəfindən həmin borcun hər hansı bir hissəsinin qaytarılmasına dair heç bir sübut təqdim edilməmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin qətnamə qəbul edilən zaman ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olmasına dair qanunvericiliyin tələblərini pozmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə göndərilmiş SMS bildirişlərdən görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin adına qeydiyyata alınmış ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə SMS bildirişlər göndərilməklə, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir.

37. Kollegiya əlavə olaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olmasına dair qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir.

38. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

39. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddia tələbi üzrə düzgün olaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(035)-146/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(035)-146/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar