Məhkəmə qərarları › İş №2(107)-776/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-776/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-776/2024 12.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab olunması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(025)-29/2024 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsinə əsasən “İcarayəverən”in mülkiyyətində olan və Bum qəsəbəsindəki Heyvanların süni mayalanma məntəqəsi binasının yaxınlığında yerləşən 150 (bir yüz əlli) kvadrat metr (eni 10 metr, uzunu 15 metr) torpaq sahəsinin "xxxx"yə məxsus radio-baza stansiyasının qurulması məqsədilə verilməsi, müqavilənin müddətinin 50 il olması, icarə haqqı 1 (bir) ildə, əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla, 700 (yeddi yüz) ABŞ dollarının Azərbaycan manatına nisbəti məbləğində müəyyən edilməsi və bu müqavilə imzalandığı tarixdən hesablanması müəyyən edilmişdir. İddiaçı isə sözügedən icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, tərəflər “İcarayəverən” Qəbələ rayon Bum Bələdiyyəsi ilə "xxxx" Azercell Telekom MMM” birgə müəssisəsi arasında bağlanmış № 2007-0546 saylı, 23 iyul 2007-ci il tarixli İcarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Qəbələ rayon İcra Hakimiyyəti və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi iştirakçısı olmuşdur, İ qrup müharibə əlilidir. Əlilliyinə görə dövlət tərəfindən ona imtiyaz verilərək əsaslı şəkildə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının № 31 saylı, 08 fevral 1999-cu il tarixli Sərəncamı ilə ona Qəbələ rayonu, Bum kəndinin qərb hissəsində əkinə-biçinə yaramayan Bələdiyyənin ehtiyyat fond torpağından 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi uzun illər onun istifadəsində olmuşdur. Ona yaxın müddətdə məlum olmuşdur ki, onun üçün ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni ki, 150 (bir yüz əlli) kvadrat metr torpaq sahəsini Qəbəli rayonu Bum Bələddiyəsi özbaşına olaraq qeyri qanuni yolla "xxxx" Birgə Müəssisəsinə illik ƏDV nəzərə alınmamaqla 700 (yeddi yüz) ABŞ dollarının Azərbaycan manatına nisbəti məbləiğində müəyyən edilərək 50 il müddətinə icarəyə vermişdir. Qeyd etmək istəyir ki, həmin torpaq sahəsi onun istifadəsində olduğu dövrdə, sərəncam ləğv olunmadan, ona məlumat verilmədən və razılığı alınmadan tərəflər arasında bağlanmış müqavilədir. Bütün bunlar adıçəkilən müqavilənin etibarsız hesab olunması üçün əsasdır. Bununla da səlahiyyəti və hüququ olmadan Bələdiyyə onun hüquqlarını kobud şəkildə pozaraq özbaşınalıq etmişdir. Bundan başqa onda olan məlumata əsasən icra müqaviləsi Dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi cavabdehlərin etdiyi bütün hərəkətlər tam qanunsuz olmuşdur. Ona məxsus mübahisə predmeti olan əmlak qeyri-qanuni yol ilə, iradəsi ziddinə bağlanılmış müqavilə ilə cavabdehlər tərəfindən ələ keçirilmiş və nəticədə o, əmlakından məhrum olmuşdur.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilənlər müəyyən edilmişdir.

6. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsinin etibarsızlığını 2 halla əsaslandırır. 1-ci hal kimi sözügedən icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsinin Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən onun mülkiyyətində olmasını, 2-ci hal kimi isə icarə müqaviləsinin dövlət reyestrində qeydə alınmaması ilə əsaslandırmaqdadır.

7. Məhkəmə tərəfindən iddiaçının müqavilənin etibarsızlığını əsaslandırdığı İ hal, yəni icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsinin Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən iddiaçının mülkiyyətində olmasını müəyyənləşdirmək üçün məhkəmə tərəfindən mütəxəssis və ekspert rəyləri alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli, 3-21-3-42/2- 3883/2023 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6998 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyil. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyası həmin torpaq sahəsinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün deyil. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1379/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri və koordinatlar qeyd edilmiş sənədlər (plan ölçü) olmadığına görə hüdudlarını müəyyən etmək mümkün deyil. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri və koordinatlar qeyd edilmiş sənədlər (plan ölçü) olmadığına görə iddiaçının mübahisələndirdiyi Cavabdeh2 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyasının sözügedən torpaq sahəsinin hüdudları daxilində yerləşib yerləşməməsini müəyyən etmək mümkün deyil.

8. Göründüyü kimi iddiaçının Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ona verilmiş torpaq sahəsi ilə Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsinə əsasən Cavabdeh2 MMC-nə verilmiş torpaq sahəsi ilə eyni olmasını müəyyənləşdirmək üçün məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, lakin Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin plan ölçü sənədi olmadığına görə hüdudlarını müəyyən etmək mümkün olmamışdır.

9. Beləliklə, məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir. İddiaçı Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsi ilə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsinin eyni torpaq sahəsi olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə məhkəmə tərəfindən mütəxəssis rəyləri və ekspert rəyi alınmışdır. Mütəxəssis rəyləri və ekspert rəyi ilə iddiaçının iddia etdikləri sübuta yetirilməmişdir. Ona görə də, məhkəmə iddiaçı tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı dəlillərin formal olaraq irəli sürüldüyünü, həmin dəlillərin işin hallarına uyğun olmamaqla məhkəmə araşdırması zamanı sübuta yetmədiyi qənaətinə gəlir.

10. Məhkəmə iddiaçının icarə müqaviləsinin etibarsızlığını icarə müqaviləsinin dövlət reyestrində qeydə alınmaması ilə əsaslandırması ilə bağlı qeyd edir ki, iddiaçı hazırki halda Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsi üzrə tərəf deyil. Bu baxımdan o, əqdi həmin əsasla mübahisələndirə bilməz.

11. Qəbələ Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(025)-29/2024 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 139, 324, 337 və 700-cü maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Cavabdeh2 MMC ilə Qəbələ rayon Bum Bələdiyyəsi arasında 23 iyul 2007-ci il tarixində bağlanmış 2007-0546 saylı “Torpaq İcarə” müqaviləsi Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamı Torpaq sahəsinin “Sxematik Planı” Yerquruluşu Planları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3883/2023 nömrəli mütəxəssis rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6998 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1379/2024 nömrəli mütəxəssis rəyi

14. Qətnаmədən nаrаzı qаlаn cavabdeh İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işə baxarkən onun hüquqlarını kobud surətdə pozaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, onun iştirakı olmadan və ona heç bir rəsmi bildiriş göndərilmədən məhkəmə prosesləri keçirilmişdir. Məhkəmə işə baxarkən lazımi araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə prosesləri zamanı o, Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Ölkə xaricində olmağını isə iddiaçı Gülnar Rəhimov bilirdi. Lakin bütün bunlara baxmayaraq məhkəmə yanlış nəticəyə gəlmişdir.

16. Məhkəmənin qəbul etdiyi qərar nəticəsində ona məxsus torpağından istifadə edə bilmir. Buna səbəb isə qanunsuz olaraq Qəbələ rayon Bum Bələdiyyəsi ilə “Azercell” Telekom arasında bağlanmış qeyri-qanuni icarə müqaviləsinin qüvvədə olması və həmin müqavilə ilə onun razılığı olmadan oranın icazəsiz istifadə edilməsidir.

17. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(025)- 29/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(025)-29/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Cavabdeh1 və üçüncü şəxs 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706-cı maddəsinə görə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 8-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(025)-29/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 16-cı bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsinə hüquqları ilə bağlı lazımi araşdırmaları aparmış və qeyd olunan halın sübuta yetirilməsi mümkün olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu qətnamənin 7-9-cu bəndlərində göstərilmiş əsaslandırması ilə razılaşır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. İddiaçı mübahisəli torpağa hüququ olduğunu iddia etdiyi üçün həmin halı sübut etmə vəzifəsi onun üzərinə düşmüş, iddiaçı isə həmin halları sübut edə bilməmişdir. Əgər Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli Sərəncamına əsasən iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi hazırda mübahisələndirilən torpaq sahəsi idisə, iddiaçı həmin Sərəncam əsasında ona ayrılmış torpaq sahəsinə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqla, ona ayrılmış torpaq sahəsinin ölçü və koordinatlarının müəyyən edilməsinə nail ola bilərdi. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2- 1(116)-78/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 saylı sərəncamı ilə Qəbələ rayon Bum bələdiyyəsinin ehtiyat fondu torpaqlarından “yanacaqdoldurma məntəqəsi”nin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə ölçülərək tərtib edilmiş və məhkəməyə təqdim olunmuş yerquruluşu planları üzrə “Azərcell”ə məxsus qüllənin yerləşdiyi 74 kv.metr (0,0074 ha) və ona bitişik 104 kv.metr (0,0104 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, daha sonra isə iddiasını geri götürməsi barədə ərizə verərək icraata xitam verilməsini xahiş etmişdir. Həmin qərardadla iddiaçının ərizəsinə əsasən iş üzrə icraata xitam verilmişdir.

28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı birinci instansdkya məhkəməsinin iş üzrə bütün iclaslarında, o cümlədən yekun məhkəmə iclasında iştirak etmişdir. Ona görə də, apellyasiya şiakyətinin həmin dilili də əsassızdır.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(025)-29/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2(025)-29/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar