Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-777/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)- 1498/2020 saylı qətnaməsindən İddiaçı QSC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun ilə borcalan Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 015A********** nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 1002,89 ABŞ dolları, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş digər Cavabdeh2 müştərək qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1498/2020 saylı (hakim G.Cavadova) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, kredit borcunun ödənilməsi məqsədi ilə 1002,89 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı QSC-nin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-1498/2020 saylı qətnaməsini qismən - iddia tələbinin cavabdeh (zamin) Cavabdeh2 aid təmin edilməyən hissəsində ləğv edərək, iddia tələbini cavabdeh (zamin) Cavabdeh2 aid hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 015A**********S saylı və xx.xx.2016-cı il tarixli 015A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Borcalan kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1997,11 ABŞ dolları ödəniş etmiş və onun iddiaçıya 1002,89 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zamin həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(039)- 1498/2020 saylı qətnaməsi iddia tələbinin qismən - iddia tələbinin cavabdeh/zamin Cavabdeh2 aid hissədə təmin edilməyən hissəsində əsassızdır, ona görə də qətnamə bu hissələrdə ləğv edilərək iddia tələbi cavabdeh (zamin) Cavabdeh2 qızma aid hissədə təmin edilməlidir. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış , lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Hazırkı, iddia ərizəsi zaminliyə xitam verildikdən sonra xx xxxx 2020-ci tarixdə imzalanmış xx.xx.2020-ci il tarixdə isə məhkəmənin icraatına daxil olmuşdur. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Bildirirlər ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2015-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 015A**********S saylı, xx.xx.2016-cı il tarixli 015A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa, xx.xx.2015-ci il tarixli 015G**********03S saylı sazişin və xx.xx.2016-cı il tarixli 015G**********03SA saylı saziş ilə zaminlik müqaviləsinə dəyəşiklik edilmiş və zaminin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli 015G**********03 saylı zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə bu müqavilə kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında zamin kimi məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)- 1498/2020 saylı qətnaməsini qismən - iddia tələbinin cavabdeh (zamin) Cavabdeh2 aid təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin cavabdeh (zamin) Cavabdeh2 aid hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh Cavabdeh1 rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 050 564 3657 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə, həmçinin həmin mobil telefon nömrəsinə zəng edilərək də xəbərdar olunmuşdur. (Sonuncu hər ay banka 50 manat məbləğində ödəniş etdiyi barədə məhkəmə iclas katibinə məlumat vermişdir) Digər cavabdeh isə telefon zənglərinə cavab verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətindən göründüyü kimi qətnamə yalnız iddia tələbinin cavabdeh (zamin) Cavabdeh2 aid təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank və Cavabdeh1 arasında bağlanmış, kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişlə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti artırılaraq 24 ay müəyyən edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişə əsasən kreditin qalığının və hesablanmış faizlərin ödənilməsi yeni ödəniş planına uyğun müəyyənləşdirilmişdir. Kreditin təminatı olaraq iş üzrə digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli “Zaminlik müqaviləsi”, xx.xx.2015-ci il və xx.xx.2016-ci il tarixlərdə isə “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh2 Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, “Kredit razılaşması” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə cavabdeh tərəfin 1002,89 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İş materiallarının 13-cü səhifəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 015G**********903S nömrəli Sazişin 2-ci bəndindən görünür ki, bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və Borclunun Bank ilə xx.xx.2015-ci il tarixdə bağlanmış 015A********** saylı Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Məhkəmə kollegiyasının iclasında araşdılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank və Cavabdeh1 arasında bağlanmış, kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişlə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti artırılaraq 24 ay müəyyən edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişə əsasən kreditin qalığının və hesablanmış faizlərin ödənilməsi yeni ödəniş planına uyğun müəyyənləşdirilmişdir. Kreditin təminatı olaraq iş üzrə digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli “Zaminlik müqaviləsi”, xx.xx.2015-ci il və xx.xx.2016-ci il tarixlərdə isə “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh2 Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, “Kredit razılaşması” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə cavabdeh tərəfin 1002,89 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Beləliklə də Cavabdeh1 müqavilə şərtini pozaraq ödənişini dövrü olaraq ölməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və məsələnin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərsə də, sonda danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı QSC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. İddia tələbini qismən, yəni yalnız əsas borcluya münasibətdə təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Bank və Cavabdeh1 arasında bağlanmış, kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişlə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti artırılaraq 24 ay müəyyən edilmişdir. Bundan sonra yenidən Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişə əsasən kreditin qalığının və hesablanmış faizlərin ödənilməsi yeni ödəniş planına uyğun müəyyənləşdirilmişdir. Kreditin təminatı olaraq iş üzrə digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli “Zaminlik müqaviləsi”, xx.xx.2015-ci il və xx.xx.2016-ci il tarixlərdə isə “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh2 Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Cavabdeh-zamin Cavabdeh2 münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin 4.1ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2016-cı il tarixli Sazişin 2-ci bəndində qeyd olunmuşdur ki, bu saziş, borclunun Bank qarşısındakı öhdəlikləri tam yerinə yetirənədək qüvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bank ilə Cavabdeh2 arasında bağlanmış Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Bundan əlavə iş materiallarının 13-cü səhifəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 015G**********903S nömrəli Sazişin 2-ci bəndindən görünür ki, bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və Borclunun Bank ilə xx.xx.2015-ci il tarixdə bağlanmış 015A********** saylı Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Kollegiya qeyd edir ki, cavabdeh (zamin) Cavabdeh2 qeyd olunan zaminlik müqaviləsini və sazişi iddiaçı ilə könüllü bağlamaqla müqavilədə (sazişdə) qeyd olunan şərtlərdən məlumatlı olmuş, məhz müqavilə (saziş) bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürərək, imza etmişdir. Bundan əlavə cavabdeh –zamin tərəfindən həmin Saziş mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi iddia tələbini zaminə münasibətdə təmin etməmiş birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan halını, yəni xx.xx.2015-ci il tarixli, 015G**********903S nömrəli Sazişin 2-ci bəndindən irəli gələn öhdəliyi nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, qətnamə iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.2-ci maddələrinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətin apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)- 1498/2020 saylı qətnaməsi qismən - Cavabdeh2 münasibətdə iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 1002,89 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-777/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-777/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver