Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-782/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1602/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) xx xxxxxx 2019-ci il tаrixli 2(014)- 1602/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” və "mənəvi ziyan" tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona təmir üçün verdiyi “Pobeda” markalı 72-87 AZT nömrə nişanlı avtomaşını ona verdiyi vəziyyətdə qaytarması, ona bu günədək verdiyi puldan qalan 2200 (iki min iki yüz) manatın və bu xeyli müddət ərzində mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, təxminən 2000-ci ilin yay aylarında “Pobeda” markalı 72-87 AZT nömrə nişanlı avtomaşını əsaslı təmir etməsi üçün Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində yerləşən avtomobil təmiri sexində usta işləyən Ramiz adlı şəxsə vermişdir. Həmin vaxt Ramizlə danışıb avtomobilin əsaslı təmir etməsi, yəni kuzasını rəngləməsi, mühərriki təmir və digər nasazlıqları aradan qaldırması müqabilində ona 200 ABŞ dolları pul ödəyəcəyi ilə razılaşmışdır. Ramiz müxtəlif bəhanələr gətirərək, ehtiyat hissələri almaq adı ilə müxtəlif vaxtlarda ondan 2000 manat pul almışdır. 2010-cu ilin iyun ayının sonlarında Ramizə maşını təmir edib qurtarmasının, bunun üçün ona 2000 manata yaxın pul verdiyini deyən zaman o pulu qaytarmaqdan imtina etmiş, avtomaşını düzəldəcəyini bildirmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək, onu illərlə aldatmışdır. Bir neçə ay əvvəl avtomaşına baxanda avtomaşının demək olar ki, bütün ehtiyat hissələrini çıxarıb satmışdır. Bu səbəblərdən aralarında mübahisələr baş vermişdir.Buna görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(014)-1602/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İsrafil Quliyev apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək cavabdehdən avtomobilə çəkdiyi xərclərin alınıb ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İsrafil Quliyev teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxx 2012-ci il tarixli AA № 261998 seriyalı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1954-cü il tarixdə Füzuli rayonunda anadan olmaqla, Qaradağ rayonunda qeydiyyatdadır. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 13-27/278 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M. Seyidov küçəsində qeydiyyatsız yaşayır. AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxx 1954-cü ildə Füzuli rayonu Bəhmənli kəndində anadan olmuş, Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatdadır. Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin xx xxx 2019-cu il tarixli №072xx-xx.1219 saylı məktubundan görünür ki, İddiaçı işə baxılması üçün rayon məhkəməsinə müraciət etmək hüququ olduğu bildirilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi üçün təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. Lakin X1 Cavabdeh ondan “Pobeda”markalı 72-87 AZT nömrə nişanlı avtomaşının təmiri üçün pul alaraq və həmin pulu qaytarmadığından məhkəmə qarşısında pulun qaytarılması tələbini irəli sürdüyünü, iddia tələbində isə tələbinin qanuni əsası kimi öhdəliyin ümumi normalarını göstərsə də, həmin normaların dispazisiya şərtləri ilə uzlaşan sübutları (faktiki halları) məhkəməyə təqdim etməmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı özünə məxsus olan “Pobeda”markalı 72-87 AZT nömrə nişanlı avtomaşını 2000-ci ildə təmir etməsi üçün cavabdehə verdiyini, habelə cavabdehin avtomaşının təmiri məqsədi ilə ondan 2000 manat məbləğində pul aldığını iddia edir. Qeyd edilməlidir ki, iddiaçı avtomobili cavabdehə təmir edilməsi üçün 2000-ci ildə verdiyini bildirir. Belə olan halda, indiyə kimi həmin avtomobilin tələb edilməməsi, aradan çox üzün müddət (20 ilə yaxın müddət) keçəndən sonra hazırkı iddianın qaldırılması başadüşülən deyildir. Bundan başqa, iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu, məsələn, avtomobilin hər hansı hüquqla özünə məxsus olmasını, avtomobilin cavabdehə verilməsini, cavabdeh tərəfindən həmin avtomobilə ziyan vurulmasını təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X4 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X4 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(014)-1602/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(014)-1602/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-782/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-782/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver