Məhkəmə qərarları › İş №2(107)-783/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-783/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-783/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “alimentin artırılması” tələbinə dair mülki işi üzrə Zaqatala Rayon Məhkəməsinin 28 mart 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdehin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü Zeynəb adlı uşaqları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-667/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 06 may 2019-cu il tarixdən başlayaraq, 06 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 235 manat müəyyən edilməsi və müalicə xərcləri üçün uşaq üçün hər ay 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehin birgə nikahından 06 iyul 2018-ci il tarixdə Zeynəb adlı qız övladları dünyaya gəlmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-667/2019 iş nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş övladları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat miqdarında sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixdə anadan olmuş övladı X2 autizm xəstəliyindən əziyyət çəkir. Övladının saxlanılması, müalicə olunması, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Uşağının həm psixoloji, həm mənəvi, həm də maddi tələblərini o ödəyir. Qarşı tərəfin yüksək səviyyədə maddi imkanının olmasına baxmayaraq bununla bağlı ona heç bir yardım etmir. Nəzərə alınmalıdır ki, o, bir ana kimi övladının ən yüksək səviyyədə müalicə alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi, övladının saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu və azyaşlı övladını olduqca çox məyus edir. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun müalicəsinə və digər ehtiyaclarını ödəməklə bağlı ona maddi cəhətdən köməklik göstərməyə borcludur. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. O, hər ay 136 manat aliment ödəyir, lakin o, heç bir yerdə işləmir, heç bir qazancı yoxdur. İddiaçının iddia ərizəsində göstərdiyi 235 manat alimenti ödəmək iqtidarında deyildir. Belə ki, onun himayəsində yaşlı, xəstə anası vardır. O, evlənmək, yeni ailə qurmaq istəyir. Maddi vəziyyəti ilə bağlı toy edə bilmir. Ona görə də, o, ayda 235 manat alimenti ödəyə bilməz. Bundan ə!avə iddiaçı iddia ərizəsində göstərmişdir ki, X2 autizm xəstəliyindən əziyyət çəkir, lakin bununla bağlı və uşağın əlavə xərclərinə görə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı da onun kimi uşağı saxlamaq üçün borcludur. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 360/2024 nömrəli iş üzrə qəbul etdiyi 28 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(033)-667/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 06 iyul 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 136 (bir yüz otuz altı) manat miqdarda alimentin məbləğinin artırılması, 06 iyul 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti ödəməsi, heç bir yerdə işləməməsi, yüksək gəlir yerinin olmaması və maddi imkanının aşağı olması onu uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin nümayəndəsinin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağın saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 06 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Lakin məhkəmə tərəflərin diqqətəlayiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə daha sonra iddia tələbinin cavabdehin səhiyyə xərcləri ilə əlaqədar əlavə xərclərə cəlb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir və hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin əlavə xərclərə cəlb olunması ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Hazırki iddia tələbinin bu hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsində deyilir ki, əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 81-ci maddəsinə görə iddia tələbində göstərilən dəlillər atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Belə ki, birincisi, atadan aliment tutulması artıq qət olunub, alimentin təyinatı yalnız geyim və qida xərcini ödəmək deyil, həm də müalicə xərcini ödəməkdir. Əgər müalicə xərci həddindən artıq çox olarsa, belə halda ata müalicə xərcinin ödənilməsinə cəlb edilə bilər. Lakin ana uşağın xəstəliyi ilə bağlı sübutları və müalicəsi ilə bağlı tövsiyyələri iddia tələbinə əlavə etsə də, müalicə xərcinin həddən artıq çox olması barədə məhkəməyə mötəbər (uşağın ağır xəstə və əlil olması ilə bağlı) heç bir sübut təqdim etməmişdir. İkincisi, Azərbaycan Respublikasında dövlət tibb müəssisələrində tibbi xidmət dövlət hesabına göstərilir və iddiaçının himayəsində olan uşağın müalicə və müayinəsində özəl tibb xidmətlərini seçməsi onun şəxsi seçimidir və bu hal maddi vəziyyəti çətin olan cavabdehin əlavə xərclərlə yüklənməsi üçün əsas ola bilməz. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbi irəli sürməkdə Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası olmamışdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 78.1, 81.1, 81.2, 81.3, 112.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 107, 119.1, 119.2, 112.1.6, 217.4, 218.3, 233.4-cü maddələlərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəflərdən birinin maddi vəziyyətində hər hansı bir dəyişikliyin olub-olmamasını araşdırmamış, tərəflərin heç birinin maddi vəziyyətində dəyişiklik olmadığını nəzərə almamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırki yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi və alimentin miqdarının 200 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2024cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar