Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-784/2024 23.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun tutulması, apellyasiya baxışının həddi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(051)-1033/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 93nkMNG/23 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 4155 manat məbləğində kredit vermişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4155 manat əsas, 462.97 manat faiz, 3.52 manat cərimə olmaqla, cəmi 4621.49 manat məbləğində pulun və ödənilmiş 66.62 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bankla cavabdeh arasında bağlanmış 93nkMNG/23 saylı kredit müqaviləsinə görə bank cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 4155 manat məbləğində kredit vermişdir. Cavabdeh isə əsas məbləği və onun faizlərini hər ay ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə, cavabdehin 4155 manat əsas, 462.97 manat faiz, 3.52 manat cərimə olmaqla, cəmi 4621.49 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 4155 manat əsas, 462.97 manat faiz, 3.52 manat cərimə olmaqla, cəmi 4621.49 manat məbləğində pulun və ödənilmiş 66.62 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 93nkMNG/23 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 4155 manat məbləğində kredit vermişdir. Cavabdeh əldə etdiyi pul vəsaitini hissə-hissə faizləri ilə birgə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı tərəf 5 dekabr 2023-cü il tarixdə müqavilənin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğv edilməsinə və borcun ödənilməsinə dair cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi ləğv edildiyindən, iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
5. İddiaçı bankın 5 dekabr 2023-cü il tarixdə cavabdeh tərəfə 4155 manat əsas, 316.35 manat faiz, 7.54 manat cərimə borcunun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
6. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, faiz məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən 05 dekabr 2023- cü il tarixdə cavabdehə ünvanlanmış bildirişdə qeyd edilmiş məbləğdə, yəni 4155 manat əsas, 316.35 manat faiz, 3.52 manat cərimə olmaqla, cəmi 4474.87 manat məbləğində qismən əsaslı olduğundan, qismən təmin edilməlidir.
7. Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(051)-1033/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 5 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş xx.xx.2023-cü il tarixli 93nkMNG/23 nömrəli kredit müqaviləsinə əsasən 4155 (dörd min bir yüz əlli beş) manat əsas, 316.35 (üç yüz on altı manat otuz beş qəpik) manat faiz, 3.52 (üç manat əlli iki qəpik) manat cərimə olmaqla, cəmi 4474.87 (dörd min dörd yüz yetmiş dörd manat səksən yeddi qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 65.15 (altmış beş manat on beş qəpik) manat məbləğində hissəsinin Cavabdeh alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739, 741 və 743-cü maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi cavabdehə ünvanlanmış 05 dekabr 2023-cü il tarixli bildiriş maliyyə arayışı
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsi cavabdeh- Cavabdeh tərəfindən bank ödəniş qəbzlərinə baxış keçirmədən və etirazıma hüquqi qiymət vermədən və iddiada göstərilən məbləğə dair məhkəmə mühasibatlıq ekspertizası keçirmədən və ödənilməli olan məbləğ dəqiq araşdırılmadan Cavabdeh “4155 manatəsas, 462,97 manat faiz, 3,52 manat cərimə olmaqla, cəmi- 4621,49 (dörd min altı yüz) manat məbləğində pulun alınıb iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxararaq, Cavabdeh huquqlarının pozulmasına səbəb olan qeyri-obyektiv qətnamə qəbul etmişdir. İddiaçı "xxxx" KB ASC-nin təqdim etdikləri şişirdilmiş rəqəmləri mötəbər sübut kimi qiymətləndirmişdir.
12. Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(051)-1033\2024 nömrəli məhkəmə qətnaməsi əsassız və saxtalaşdırılmış sübutlara əsaslandığından və reallığı əks etdirmədiyindən məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(051)- 1033/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq, həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(051)- 1033/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin vəsatətinə əsasən məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 8 avqust 2024-cü il tarixli 9/5711 nömrəli ekspert rəyində göstərilmişdir: “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 93nkMNG/23 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə 4155,00 manat faiz borcu üzrə 447.71 manat Cəmi 4602,71 manat”
22. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbi ilə əsas borc üzrə 4155 manat, faiz borcu üzrə 462.97 manat, cərimə borcu 3.52 manat tələb edilmişdir. Birinci instansiya məhkəməsi isə haqlı olaraq 5 dekabr 2023-cü il tarixli bildirişlə iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilənin ləğv edildiyi nəticəsinə gəlməklə iddianı həmin bildirişdə göstərilən məbləğdə təmin etmişdir. Həmin bildirişdə 4155 manat əsas, 316.35 manat faiz, 7.54 manat cərimə borcu göstərilmişdi. Göründüyü kimi, ekspert təqdqiqatının nəticəsi olaraq cavabdehin banka borcu daha artıq məbləğdə müəyyən edilmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı isə qətnamədən apellyasiya şikayəti verməməklə onu mübahisələndirməmişdir.
23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmni hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(051)-1033/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(051)-1033/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.