Məhkəmə qərarları › İş №2(107)-785/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-785/2023

20.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-785/2023 20.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 11 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ““mülkiyyətlərində olan torpaq sahəsinə gedən yol yerinin açılması, yol yerində olan maneələrin cavabdehlərin hesabına sökülməsi və yol yerindən istifadəyə törədəlilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarları ilə onların mülkiyyətlərinə Qəbələ rayonu Çuxur Qəbələ kəndində JN-185A nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,21 ha həyətyanı torpaq sahəsinə və JN-185B nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,55 ha həyətyanı torpaq sahələrinə gedən yol yerinin cavabdehlər tərəfindən məcburi qaydada açılması, yol yerində inşa edilmiş və yol yerindən istifadəyə maneəçilik törədilən bütün tikintilərin cavabdehlərin hesabına sökülməsi və cavabdehlər tərəfindən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 11 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətlərində olan torpaq sahəsinə gedən yol yerinin açılması, yol yerində olan maneələrin cavabdehlərin hesabına söküməsi və yol yerindən istifadəyə törədəlilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qəbələ Rayon Məhkəməsinin 11 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadından İddiaçı1 şikayət verərək, Qəbələ Rayon Məhkəməsinin 11 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadının ləğv edilməsi və şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin geri qaytarılma səbəbi kimi göstərilmişdir ki, “iddia ərizəsində iddiaçılar kimi İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 göstərilsə də, JN-185A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-185B nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1, İddiaçı3 Ehtibarəddin qızı, İddiaçı4 Ehtibarəddin qızı və İddiaçı5 Ehtibarəddin oğlunun adları qeyd edilmiş və həmin adların İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ilə eyni şəxslər olması iş materialları ilə sübuta yetirilmişdir.” Hesab etmişdir ki, məhkəmənin gəldiyi bu nəticə düzgün deyildir. Belə ki, iddia ərizəsində onların mülkiyyətində olan torpaq sahəsindən istifadəyə törədilən maneələrin son qoyulmasını xahiş etmişlər ki, iş materialları ilə də sözügedən torpaq sahəsinin onların mülkiyyətlərində olması kifayət qədər sübuta yetirilir. Bildirmişdir ki, Azərbaycan Respublikası MPM-də iddia ərizəsinin geri qaytarılma əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikasının MPM-nin 151.1-ci və 152.1.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə birinci instansiya məhkəməsi ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən Azərbaycan Respublikasının MPM-nin 151.1-ci və 152.1.1-ci maddələrinə istinad etsə də, həmin maddələrlə geri qaytarma əsasını əlaqələndirməmiş və aydınlaşdırmamışdır. Belə ki, iddia ərizəsi tam olaraq MPM-nin 149-cu maddəsinə əsasən tərtib edilmişdir. Həmçinin MPM-nin 150.1.1-ci maddəsində göstərilən sənədlər də iddia ərizəsinə əlavə edilmişdir. Göründüyü kimi, məhkəmə əsassız nəticə gəldiyi üçün qərardadda gəldiyi nəticəni konkret izah edə bilməmişdir. Yəni MPM-nin 151.1-ci və 152.1.1-ci maddələrinin hansı əsasdan pozulmasını göstərə bilməmişdir. 2-ci olaraq bildirmişdir ki, “Elektron məhkəmə” sisteminə baxan zaman müəyyən olunmuşdur ki, iddia ərizəsinin geri qaytarılma əsası kimi “ iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə” səbəbi göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsinə yekun məhkəmə aktı kimi nəticə vurarkən MPM-nin 149.2.4-ci maddəsini əsas götürmüşdür. Lakin qərarddadda həmin məsələyə bir dəfə də olsun toxunmamışdır. Bu da onun nəticəsidir ki, məhkəmənin gəldiyi nəticə yalnışdır. Çünki məhkəmə iddia ərizənin qaytarılma əsasısını konkret olaraq müəyyən edə bilməmiş, nəticədə yekun məhkəmə aktında göstərilən halla uyğun olmayan qərarddad qəbul etmişdir. Belə qənaətə gəlmişdir ki, məhkəmə iddia ərizəsini əsassız qaytararkən mülkiyyət hüququnun kəskin şəkildə pozmuş, süründürməçiliyə yol vermişdir. 3-cü olaraq bildirmişdir ki, məhkəmənin qərarddadında geri qaytarılma əsası kimi göstərdiyi hal yetərincə əsassız və gülüncdür. Səbəbini onunla izah etmişdir ki, iş materiallarına JN–185A nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN–185B nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiqlənmiş surətini əlavə etmişdirlər. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin ona ünvanladığı 27 aprel 2023-cü il tarixli, 1307/9658 nömrəli məktubdan görünmüşdür ki, onun müraciəti əsasında mülkiyyətində olan JN–185A nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN–185B nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiqlənmiş surəti ona təqdim edilmişdir. Belə ki, JN–185A nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və JN–185B nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə onlara məxsus olmasa idi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən onlara təqdim olunmazdır. 4-cü olaraq bildirmişdir ki, Qəbələ rayonu X4 və X6 Ərazi Nümayəndəliyəndən verilmiş arayışlarla da, ona JN–185A nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və JN– 185B nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Sözügedən torpaq sahələri onların mülkiyyətində olmasa, yuxarıda adlarını qeyd etdiyi dövlət orqanları ona rəsmi məktublar və arayışlar verməzdilər. Bütün bunlar onu göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini əsassız olaraq qaytararaq işə baxılmasında maraqlı olmamışdır. 5-ci olaraq bildirmişdir ki, hazırkı iddia ərizəsi ilə iddiaçı olan oğlu İddiaçı5 hazırkı iddia ərizəsi ilə eyni məzmunda 2019-cı ildə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və sözügedən iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilərək mahiyyəti üzrə baxılmışdır. Lakin həmin iddia ərizəsi həmin vaxt oğlu İddiaçı5 hüquqi savadsızılığı üzündən MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. (qərardadın surəti şikayətə əlavə edilmişdir.) Bəs necə olar ki, eyni məhkəmənin bir hakimi eyni məzmunlu iddia ərizəsini MPM-nin tələblərinə uyğun tərtib edilməsini nəzərə alaraq icraata qəbul etmişdir, lakin digər hakimi MPM-nin tələblərinə uyğun tərtib edilmədiyi qənaətinə gəlmişdir. Təəssüf ki, bununla bağlı məhkəmə öz fikrini də əsaslandıra bilməmişdir. 6-cı olaraq bildirmişdir ki, Qəbələ Rayon Məhkəməsi onların MPM-nin tələblərinə uyğun olmayan iddia ərizəsi ilə müraciət etməyini göstərsə də, məhkəmə özü MPM-nin tələblərinə riayət etməmişdir. Belə ki, MPM-nin 266.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, MPM qərardadın 5 iş günü yox, məhz 5 gün ərzində tərəflərə çatdırılmasını lazım bilmişdir ki, məhkəmə tərəfindən bu müddət də pozulmuşdur. Göründüyü kimi, məhkəmə əsassız olaraq işə baxılmasında maraqlı olmamışdır. Göründüyü kimi, qərardad sadəcə MPM-in tələbləri köçürülməklə formal əsaslandırmadan ibarət məzmuna malikdir. Bu isə vətəndaşların məhkəməyə çatmasına maneə yaradan haldır. Hal-hazırda mülkiyyət hüquqlarını məhkəmədən kənar həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda sadaladığım hallar baxımından məhkəmənin mövqeyini əsassız hesab etmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 11 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadı ləğv edilməli və Qəbələ Rayon Məhkəməsinin 11 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadından İddiaçı1 verdiyi şikayətə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçılar kimi İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 göstərilsə də, JN-185A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-185B nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Cəbrayılov Ehtı̇ barəddı̇ n Sayəddin oğlu, İddiaçı3 Ehtı̇ barəddin qızı, İddiaçı4 Ehtı̇ barəddin qızı və İddiaçı5 Ehtı̇ barəddı̇ n oğlunun adları qeyd edilmiş və həmin adların İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ilə eyni şəxslər olması iş materialları ilə sübuta yetirilmir. İddiaçılar sözügedən mülkiyyətlərində olan torpaq sahəsinə gedən yol yerinin açılması, yol yerində olan maneələrin cavabdehlərin hesabına sökülməsi və yol yerindən istifadəyə törədəlilən maneələrə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ilk növbədə JN-185A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN-185B nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus olmasını sübuta yetirməli, daha sonra hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçılar JN-185A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN-185B nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus olmasının müəyyən olunmasına dair hər hansı sənəd əlavə etməmişdirlər. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, yuxarıda qeyd edilən nörmalarda iddia ərizəsinin bu əsasla qaytarılması nəzərdə tutulmamışdır. İşin bu halı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilər. Ona görə də kollegiya hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 11 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 11 may 2023-ci il tarixli, 2(025)-932/2023 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar