Məhkəmə qərarları › İş №2(107)-787/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-787/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-787/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, cavabdehlər Cavabdeh və X3 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli, 2(051)-1354/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh və X2 müştərək qaydada 3440.95 ABŞ dolları məbləğdə əsas kredit borcu, 1056.19 ABŞ dolları məbləğdə faiz və 545.84 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla cəmi 5042.98 ABŞ dolları məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli, 2(051)-1354/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh və X2 müştərək qaydada 3440.95 ABŞ dolları məbləğdə əsas kredit borcu, 1028.01 ABŞ dolları məbləğdə faiz və 20 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla cəmi 4488.96 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti-nə ödənilməsi və iş üzrə 145 manat ekspertiza xərcininin cavabdehlər Cavabdeh və X2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verməmiş, nəticədə cavabdehin hüquqları pozulmuşdur. Belə ki, Cavabdeh «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti-dən 16.10.2014-cü il tarixində illik 30 faiz olmaqla 5000 manat kredit götürmüş və kreditin təminatı kimi X4 zamin göstərmişdir. Lakin sonradan cavabdeh 280 manat aylıq ödənişi maddi imkansızlıq səbəbi ilə gecikdirdiyi üçün vaxtı uzadılmaqla 30.06.2015-ci il tarixində yeni müddətə 48 ay müddətinə illik 27 faiz olmaqla 3620 ABŞ dolları kredit xətti açılmışdır. Lakin cavabdeh 2-ci qrup əlildir, gözləri zəif görür, bu səbəblə də bank işçiləri onun savadsızlığından istifadə edərək manatla müqavilə bağlanmasını vəd etsələr də, müqavilə dollarla qeyd edilmiş və cavabdeh müqavilənin manatla olduğunu düşünərək imzalamışdır. Cavabdeh sonradan buna etiraz etmiş, ancaq onu diqqətə alan olmamışdır. Bundan əlavə 30.06.2015-ci il tarixli kredit müqaviləsində zamin olmasa da, X5 cavabdehin xəbəri olmadan zamin kimi salınmış və buna uyğun qətnamə çıxarılmışdır. Cavabdeh yeni müqavilədə kredit öhdəliyini tək götürdüyünü bildirərək X3 məhkəmə qətnaməsi çıxarılarkən əvvəlki müqavilə ilə yenidən zamin kimi göstərilməsinə əsasən, əgər ilkin müqaviləyə istinad edilirsə, onda kredit borcunun da ilkin müqaviləyə əsasən ABŞ dolları ilə deyil, manatla ödənilməli olduğunu bildirmişdir. Əgər kredit borcunun ödənilməsi hazırki qətnamə ilə ABŞ dolları ilə həyata keçirilirsə və əvvəlki müqavilədəki zamin yeni müqavilədə də zamin kimi qeyd edilirsə, bu hal cavabdehin vəziyyətini ağırlaşdırmaqdadır. İddiaçı isə ərizə ilə məhkəməyə müraciət edərkən bu halı gizlətmişdir. Bu səbəblə də məhkəmə sübutlara doğru-dürüst qiymət verməmiş, obyektiv araşdırma aparmamış və ədalətsiz qətnamə çıxarmışdır. Əgər məhkəmə əvvəlki müqaviləyə istinad edərək X4 yenidən zamin kimi göstərirsə, cavabdehin kredit borcu da əvvəlki müqaviləyə əsasən manatla ödənilməlidir. Bundan əlavə cavabdeh qətnamədən xəbəri olmadığını bildirmiş və yalnız Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən ona rəsmi xəbərdarlıq edildikdən sonra bundan xəbərdar olmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli, 2(051)-1354/2018 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli, 2(051)-1354/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli, 2(051)-1354/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli, 2(051)-1354/2018 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, iddiaçı «xxxx» KB ASC-nin “Cavabdeh və X2 müştərək qaydada 3440.95 ABŞ dolları məbləğdə əsas kredit borcu, 1056.19 ABŞ dolları məbləğdə faiz və 545.84 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla cəmi 5042.98 ABŞ dolları məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti-nə ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclası 04 dekabr 2018-ci il tarixə, saat 10:00-a təyin edilmiş, lakin bu barədə işdə iştirak edən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Bu hal isə Azərbaycan Respubluikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə görə isə işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. İş materiallarında cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar aşkar edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini pozaraq işə cavabdehin iştirakı olmadan baxmışdır. Bu isə məhkəmə tərəfindən prosessual normanın kobud pozulması kimi qiymətləndirilir və şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə 9 iyun 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1-ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Beləliklə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmə sənədlərinin lazımi qaydada göndərilməməsi ədalətli məhkəmə araşdırmasının pozuntusu kimi qiymətləndirilir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli, 2(051)-1354/2018 saylı qətnаməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «xxxx» KB ASC ilə 16.10.2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 20000 manat 60 ay müddətinə, 16.10.2019-cu il taıixinədək müddət ərzində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış 30.06.2015-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 3620 ABŞ dolları məbləğində kredit almışdır. Eyni zamanda həmin tarixdə X5 ilə zaminlik müqaviləsi bağlanmış və qeyd olunan müqaviləyə əsasən zamin borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini, ona hesablanmış faizləri və cərimənin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və nəticədə onların banka 3440.95 ABŞ dolları məbləğdə əsas kredit borcu, 1056.19 ABŞ dolları məbləğdə faiz və 545.84 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 5042.98 ABŞ dolları məbləğdə borcu qalmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarına əlavə edilmiş 30 iyun 2015-ci tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxx» KB ASC ilə müqavilə bağlayaraq 3620 ABŞ dolları məbləğdə kredit almış, aldığı botc məbləğini illik 27 faiz əlavəsi ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə edilmiş 16 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X5 «xxxx» KB ASC ilə zaminlik müqaviləsi bağlayaraq Emin Hüseynoun bankk qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə edilmiş «xxxx» KB ASC-nin 20 dekabr 2016-cı il tarixli cədvəlindən görünür ki, Cavabdeh həmin tarixə cəmi 5042.98 ABŞ dolları məbləğdə borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekpsertizasının 28 sentyabr 2018-ci il tarixli, 21919 saylı rəyinin nəticə hissəsində görünür ki, Cavabdeh dekabr 2016cı il tarixə olan borcu , 3505.59 ABŞ dolları əsas və 1028.1 ABŞ dolları faiz borcu olmaqla cəmi 4533.60 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilm işdir ki, Cavabdeh ilə «xxxx» KB ASC ilə 16.10.2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 20000 manat 60 ay müddətinə, 16.10.2019-cu il taıixinədək müddət ərzində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış 30.06.2015-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 3620 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda həmin tarixdə X5 ilə zaminlik müqaviləsi bağlanmış və qeyd olunan müqaviləyə əsasən zamin borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini, ona hesablanmış faizləri və cərimənin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və nəticədə onların banka 3440.95 ABŞ dolları məbləğdə əsas kredit borcu, 1028.1 ABŞ dolları məbləğdə faiz və 545.84 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 5014.89 ABŞ dolları məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditor onun ödənilməsini tələb edə bilər. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh olunmаsınа dаir” 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir: “Digər tərəfdən, borclu şəxsin mülkiyyət mаrаqlаrı qorunmаlı və onun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb olunmаsının qаrşısı аlınmаlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh və X2 müştərək qaydada 3440.95 ABŞ dolları məbləğdə əsas kredit borcu, 1028.01 ABŞ dolları məbləğdə faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və 20 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla cəmi 4488.96 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulub «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti-nə ödənilməli və iş üzrə 145 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və X2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir; İlk öncə qeyd edilməlidir ki, X1 hazırkı qətnaməni mübahisələndirməyərək onunla razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlərdən Cavabdeh apelyasiya şikayətinə münasibətdə yoxlayır. Cavabdeh şikayətində 2-ci qrup əlil olmağını və gözlərinin zəif görməsini qeyd etməklə, bu səbəblə də bank işçiləri onun savadsızlığından istifadə edərək manatla müqavilə bağlanmasını vəd etsələr də, müqavilə dollarla qeyd edilmiş və cavabdeh müqavilənin manatla olduğunu düşünərək imzalamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olsa da iddianın rədd edilməsi üçün əsas deyildir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh kredit borcunun əvvəlki müqaviləyə əsasən manatla ödənilməli olduğunu bildirsə də, o əlavə kredit müqaviləsinə əsasən 3620 ABŞ dolları məbləğində pulun iddiaçıdan alınmasına dair müqaviləyə imza etmişdir. Həmçinin həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir.. Bundan əlavə o, verdiyi şikayətində həmin müqaviləyə iddiaçının yalan vədləri ilə imza atdığını bildirsə də, bununla bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut növü təqdim etməmişdir. İş materiallarından və apellyasiya şikayətindən də məlum olur ki iddiaçı sözügedən müqaviləni heç bir məcburiyyət olmadan, könüllü olaraq bağlamış, könüllü olaraq icra etmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İddiaçı da qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək kredit müqaviləsini imzalamışdır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Hazırkı halda isə iddiaçının cavabdehi aldatması və öz xeyrinə kredit müqaviləsi bağlanmasını təmin edəcək hərəkətlərə yol verməsi sübut olunmur. Ona görə də şikayət həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli, 2(051)-1354/2018 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh və X2 müştərək qaydada 3440.95 ABŞ dolları məbləğdə əsas kredit borcu, 1028.01 ABŞ dolları məbləğdə faiz və 20 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla cəmi 4488.96 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulub «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti-nə ödənilməli, iş üzrə 145 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və X2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli, 2(051)-1354/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh və X2 müştərək qaydada 3440.95 ABŞ dolları məbləğdə əsas kredit borcu, 1028.01 ABŞ dolları məbləğdə faiz və 20 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla cəmi 4488.96 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulub «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti-nə ödənilsin. İş üzrə 145 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və X2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar