Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-802/2024 02.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, iddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları Bank ilə Cavabdeh2(bundan sonra- borc alan) arasında 11 avqust 2020-ci il tarixdə LM********** nömrəli restrukturizasiya müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən borc alana 60 ay müddətinə illik 1 % dərəcəsi ilə 1867,87 manat məbləğində kredit verilmiş və müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh1 borc alanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən LM********** nömrəli kredit müqaviləsi üzrə borc alanın 20 fevral 2024-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 1211,73 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 3,26 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 0,83 manat olmaqla, cəmi 1215,82 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1211,73 manat əsas, 3.26 manat faiz, 0,83 manat cərimə olmaqla, cəmi 1215,82 manat məbləğində kredit borcunun, dövlət rüsumu kimi ödənilən 33 manat məbləğində xərcin tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borc alan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Zamin Cavabdeh1 borc alanın Bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(037)- 516/2024 nömrəli iş üzrə qəbul etdiyi 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1211,73 manat əsas, 3,26 manat faiz, 0,83 manat cərimə və 33 manat dövlət rüsumu olmaqla, cəmi 1248,82 manat məbləğində pulun tutularaq Bankın xeyrinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 465.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 284-5.3, 284-6.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin dəyişdirilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər borclu kimi kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödənişlər aparmışdır. Sonradan yaranmış şəxsi problemlərlə əlaqədar ödənişləri edə bilməmişlər. Kredit müqaviləsi 11 avqust 2020-ci il tarixdən 60 ay müddətinə bağlanılmışdır və müqavilənin müddəti 2025-ci ilin avqust ayında bitir. Müqavilə müddəti bitənə qədər cavabdehlərin maliyyə vəziyyəti düzələr və kredit borclarını ödəyərlər. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, məhkəmə aktının əsasslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bank tərəfindən borc alana 11 avqust 2020-ci il tarixdə 60 ay müddətinə illik 1 % dərəcəsi ilə 1867,87 manat məbləğində kredit verilmiş və müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh1 borc alanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. İş materiallarından görünür ki, borc alan kredit razılaşması üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, kredit müqaviləsi üzrə borc alanın Banka 1211,73 manat əsas borcu, 3,26 manat faiz borcu yaranmış, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə cərimə (dəbbə) tətbiq edilmişdir ki, həmin cərimənin məbləği 0,83 manat təşkil edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, borc alan öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və qətnamə onun tərəfindən ümumiyyətlə mübahisləndirilmir. Göründüyü kimi, cavabdehlərin kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsi aşkardır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin Hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-802/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-802/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver