Məhkəmə qərarları › İş №2(107)-807/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-807/2022

30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-807/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair (Açar sözlər: alimentin artırılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(075)-608/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyanın 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişərək hər uşağın saxlanılması ücün ayda 195 manat sabit pul məbləğində alimentin və uşaqların saxlama xərci, əlavə müalicə xərclərə görə cavabdehdən hər ay 200 manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 01 noyabr 2013-cü il tarixli qətnaməsi ilə 24 oktyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 21 fevral 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 50 əlli manat aliment kəsilərək ona verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərək hər ay hər uşaq ücün 70 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda uşaqların saxlanıması ücün tələb olunan xərclər artmışdır. Belə ki, uşaqlardan Ayxan xəstədir və hər ay onun müayinəsinə 150 manat xərc çəkir. Bundan əlavə də uşaqların qida, geyim və mədəni-məişət xərcləri artmışdır. Müəyyən olunmuş alimentin bu miqdarı onların tələbatının çox cüzi hissəsini ödəyir. Cavabdeh kənddə usta işləməklə kifayət qədər qazanc və gəlirə malikdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(075)-608/2022 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddianın qismən təmin edilməsi, 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 51.20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 70 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə iddianın uşaqların saxlama xərci, əlavə müalicə xərclərə görə cavabdehdən hər ay 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı tərəfindən uşağın xəstəliyi ilə bağlı xərc çəkilməsi barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 112.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun xəstəliyi barədə təqdim etdiyi sənədləri, xx.xx.2014-cü il təvəllüdlü qızı X4 xəstəliyi ilə əlaqədar təqdim etdiyi sənədləri nəzərə almamışdır. Əsas məqamlardan biri də məhkəmənin qətnamədə alimentin miqdarı müəyyən edilərkən uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin, yəni cavabdehlə yanaşı, həm də iddiaçının vəzifəsi olması da nəzərə alınmamışdır. Məhkəmə iddiaçının maddi imkanlarını, onun isə işləmədiyini, xəstə olmağını nəzərə almamışdır. Özünün və uşağının xəstəliyi ilə bağlı təqdim etdiyi sənədləri məhkəmə nəzərə almamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 30 mart 2022ci il tarixli 2(075)-608/2022 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(075)-608/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(075)-608/2022 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(075)-608/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Şəki Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(075)- 608/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-92/2014 saylı, 16 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən 24 oktyabr 2009-cu il təvəllüdlü X5 və 21 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 70 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı tutulmuş alimentin uşağın saxlanması üçün kifayət etmədiyini bildirmiş və alimentin atrılıqması ilə məhkəməyə müraciət etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, məhkəmə onun xəstəliyi barədə təqdim etdiyi sənədləri, xx.xx.2014-cü il təvəllüdlü qızı X4 xəstəliyi ilə əlaqədar təqdim etdiyi sənədləri nəzərə almamışdır. Əsas məqamlardan biri də məhkəmənin qətnamədə alimentin miqdarı müəyyən edilərkən uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin, yəni cavabdehlə yanaşı, həm də iddiaçının vəzifəsi olması da nəzərə alınmamışdır. Məhkəmə iddiaçının maddi imkanlarını, onun isə işləmədiyini, xəstə olmağını nəzərə almamışdır. Özünün və uşağının xəstəliyi ilə bağlı təqdim etdiyi sənədləri məhkəmə nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə də razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində işsiz olduğunu bidlirsə də, bu hal onu uşağını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2022-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 193 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər uşaq üçün 130 manat, cəmi 260 manat qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafelərinin nəzərə alınaraq onların saxlanması üçün hər uşaq üçün 130 manat, cəmi 260 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(075)-608/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(075)-608/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar