Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-809/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1506/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 5.000 (beş min) manat pulun alınıb ona verilməsi, cavabdehin borcun və borc müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar onun 5.000 (beş min) manat pul vəsaitindən qanunsuz faydalandığına, 4 il həmin məbləği onun istifadəsindən çıxardığına görə ona dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1506/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.030,0 (beş min otuz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsində maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o iddiaçıdan borca və ya sahibkarlıqla məşğul olmaq üçün, ümumiyyətlə pul almamışdır. Onlar ailə həyatı qurduqları vaxt atasına məxsus yaşayış evində yaşamışlar. Boşandıqdan sonra İddiaçı onun atasına məxsus evdə yaşayış hüququ və mülkiyyətdən pay almaqla bağlı məhkəməyə verəcəyini deyərək onu təziq altında saxlamışlar. Bundan sonra dəfələrə zənglər və gəlib gedərək onu sıxışdırmışlar. Bir müddət sonra onların təklifi ilə ki, ona 5000 manat pul versin o da iddiasından imtina etsin demişdir. Cavabdeh də onlara bildirmiş ki, onun pulu yoxdur. Belə olan halda yenə də onların təklifi ilə notariat qaydasında kredit müqaviləsi əsasında borc müqaviləsinə imza etməyini təklif etmişlər. Belə olan halda onlarla razılaşaraq notariatda kredit müqaviləsini imzalamışdır. Lakin həmin vaxt və ya onda əvvəlki vaxtlarda iddiaçı ona borc pul verməmişdir. Bütün bunların sübutu kimi onuda əlavə edir ki, borc pul notariat qarşısında imza atarkən verilməli və qarşı tərəfdə almalıdır. Bunların heç biri olmamışdır, çünki belə bir borc məbləği ümumiyyətlə olmamışdır. Bir məsələni xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, o İddiaçı 2013-cü il tarixdə rəsmi olaraq nikahları pozulmuş və ayrılmışlar. Belə olan halda 2015-ci il tarixdə münasibətləri kəskin dərəcədə pis olmuş və həmin vaxt onlardan guya borc pul almışdır. Buradan da tam aydın olur ki, bu yalandır. Bütün bunları nəzərə alaraq hesab edir ki, mülki iş yetərincə araşdırılmamışdır. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1506/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edənİddiaçı və onun nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)- 1506/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 5.000 manat məbləğində borc pul almış və o, həmin borcu 2 il müddətində, yəni xx.xx.2017-ci ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Öhdəliyin icra olunmadığını görən İddiaçı Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu X1 yazılmış xx xxxxxxxx 2019-cu il tarixli ərizədən ilə, Cavabdeh tərəfindən 5.000 (beş min) manat məbləğində ona borclu olduğu pul vəsaitini xx xxxxxxxx 2017-ci il tarixdən faizləri ilə birlikdə ona geri qaytarılması barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyü kimi, kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Həmçinin hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Cavabdeh İddiaçı 5.000 manat məbləğində borc pul almış və o, həmin borcu 2 il müddətində, yəni xx.xx.2017-ci ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Bundan əlavə cavabdeh bu günədək həmin kredit müqaviləsinin etibarsız olduğunu mübahisələndirməmişdir. Məhkəmə kollegiyasına hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayətİ təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1506/2019 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1506/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-809/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-809/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver