Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-809/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(016)-205/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı erkək dananın məbləği olan 700 manat pul vəsaitinin, Ağsu rayonuna gəlib-getdiyinə görə çəkdiyi 150 manat yol xərcinin və 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır. Bildirir ki, 27 iyun 2021-ci il tarixdə iri buynuzlu mal almaq üçün Ağsu rayonu mal bazarına getmişdir. Mal bazarında biraz gəzib mallara baxdıqdan sonra Cavabdeh ilə rastlaşmış və onda o, axtardığı erkək dana olduğunu görmüşdür. Ondan erkək dananı neçəyə satdığını soruşmuş və cavabında 730 manata satdığını bildirmişdir. Bazar adətinə uyğun olaraq həmin heyvanı razılaşıb 700 manata almışdır. Bazardan çölə çıxıb “Qazel” markalı avtomobil sürücüsüylə danışaraq aldığı erkək dananı 50 manata yaşadığı ünvana aparmışdır. Həmin heyvanda qarşısına qoyduğu otu yeməməsi səbəbindən narahatçılıq hiss etmişdir. Dərhal kəndin baytar həkimi olan X2 zəng vuraraq məsələni ona bildirmiş, sonuncu gəlib heyvana yerində baxaraq, qızdırmasının 41,8 dərəcə olduğunu aşkar etmişdir. Müəyyən dərmanlar yazdığına baxmayaraq, heç bir xeyrinin olmayacağını bildirmişdir. Lakin dediklərini etsədə heç bir xeyri olmamış, ertəsi gün aldığı erkək dana ölmüşdür. Həmin gün cavabdehə zəng vuraraq xəstə heyvan satdığını demiş, o da öz növbəsində sağlam erkək dana satdığını, xəstə olmadığını bildirib telefonu üzünə söndürmüşdür. Təkrar olaraq zəng vursada cavabdehin əvəzinə qardaşı cavab verərək eyni sözləri təkrar etmişdir. DİN-nin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Ağsu Rayon Polis Şöbəsinə gəlsədə cavabdehi gətirməmişlər və onların narahat adam olduqlarını bildirmişlər. Şikayətinə cavab olaraq mülki qaydada məhkəməyə müraciət edə bilmək hüquqları izah edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tаrixli, 2(016)-205/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 700 manat və dövlət rüsumu olaraq ödənilmiş 24,7 manat məbləğində vəsaitin tutulması, ödənilmiş dövlət rüsumunun 5,3 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 26 iyun 2021-ci il tarixdə İddiaçı tərəfindən Ağsu rayon mal bazarında Cavabdeh 700 manata erkək dana alması, həmin dananın 27 iyun 2021 -ci il tarixdə heyvanın xəstə olmasına görə iddiaçının baytar çağırması, baytar tərəfindən 27 iyun 2021-ci il tarixdə, saat 09.00-da heyvana kliniki baxış keçirilərkən heyvanın temperaturunun 41,8 dərəcəyə qalxaraq qan parazitar xəstəliyinə yoluxmasının müəyyən edilməsi və heyvanın həmin gün axşam saatlarında tələf olması işin mübahisələndirilməyən hallarını təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iş materiallarını araşdıraraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı 26 iyun 2021-ci il tarixdə Ağsu rayon mal bazarında Cavabdeh 700 manata erkək dana almış və bu zaman həmin dana xəstə olmuşdur. Bu səbəbdən də 27 iyun 2021-ci il tarixdə saat 09:00-da baytar tərəfindən heyvana kliniki baxış keçirilmiş və heyvanın temperaturunun 41,8 dərəcəyə qalxaraq qan parazitar xəstəliyinə yoluxması müəyyən edilmiş, bundan sonra heyvan həmin gün axşam saat 6-7 arası tələf olmuşdur. Cavabdeh tərəf isə Ağsu rayon mal bazarında 26 iyun 2021-ci il tarixdə İddiaçı 700 manata satdığı erkək dananın tam sağlam olmasını bildirsə də buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdeh tərəf bunun əksini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi “iddiaçının cavabdehdən aldığı erkək dananın məbləği olan 700 manat pul vəsaitinin geri qaytarılması” hissəsində təmin edilməlidir. Məhkəmə tələbin “Ağsu rayonuna gəlib-getdiyinə görə çəkdiyi 150 manat yol xərci" hissəsi üzrə hesab etmişdir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsədə o, tələb etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 567, 588.1, 588.2, 608, 1096.1, 1097-ci maddələri, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnaməni o, xx.xx.2022-ci il tarixdə rəsmi poçt vasitəsi ilə almışdır. Qətnamədən narazıdır. Beləki, ilk öncə hakim MPM nin 35-ci maddənin bəndlərini kobud surətdə pozmaqla aidiyyatı qaydanı pozmuşdur. İkincisi o, Ağsu rayonunda yaşamır. Atası və qardaşıgil orda müvəqqəti yaşayırlar. İddiaçıya o dana satmamışdır. Ağsu bazarında da ümumiyyətlə olmamışdır. O, Bakı şəhəri Xəzər rayon Qala qəsəbəsində məskunlaşmışdır. Orda da dana saxlamaq və gətirib Ağsuda satmaq mümkün deyil. Polis Şöbəsi isə onun izahatını almayıb və onun valideyinlərinin sahə müvəkilindən qanuna zidd əməl və hərəkətindən etdiyi şikayətə görə qərəzli arayış yazıblar. Bir sözlə Ağsu Rayon Məhkəməsinin hakimi özü MPM-nin 35.1-ci maddələrini kobud surətdə pozmaqla qanuna zidd qətnamə qəbul etdiyinə görə qətnamə əsassızdır, ləğv edilməsinə görə kifayət qədər əsaslar vardır. Hakim işə baxarkən onun xahişini soruşmamış onun harada yaşadığını aydınlaşdırmamış bununla da MPM-nin 209.1-ci, 210-cu maddələrinin müddəalarını pozmuşdur. Məhkəmə zalında qəbul etdiyi qətnaməni elan etməmişdir. Bu da onu deməyə əsas verir ki, aidiyyatı üzrə işə baxılması pozulmaqla digər qanuna zidd qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(016)-205/2022 saylı qətnaməsinin ləğv edilərək iddia əsassız olduğundan bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi və Ağsu Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(016)- 205/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüququ nəticələri Mülki Məcəllənin 21 -ci maddəsinə əsasən müəyyən edilir. Zərərin, ödənilməsi ilə bağlı istənilən tələb əvvəlcə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. MMnin 21-ci maddəsi isə zərərin aid edilməsi ilə bağlı birbaşa qayda müəyyən etmir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqısatqısı haqqında ümumi müddəalar tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını apellyasiya şikayətinin həcmində yoxlamağı məqsədəmüvafiq hesab edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tаrixli, 2(016)-205/2022 saylı qətnaməsini iddia tələbinin cavabdehə münasibətdə təmin edilmiş hissəsində apellyasiya şikayətinin həcmində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)-205/2022 saylı, 16 mart 2022-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 26 iyun 2021-ci il tarixdə Ağsu rayon mal bazarında Cavabdeh 700 manata erkək dana almış və bu zaman həmin dana artıq xəstə olmuşdur. Növbəti gün isə səhər tezdən baytar tərəfindən heyvana baxış keçirilərkən temperaturunun 41,8 dərəcəyə qalxması müəyyən edilmiş və həmin gün axşam saat 6-7 arası tələf olmuşdur. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, o, Ağsu rayonunda yaşamır. Atası və qardaşıgil orda müvəqqəti yaşayırlar. İddiaçıya o dana satmamışdır. Ağsu bazarında da ümumiyyətlə olmamışdır. O, Bakı şəhəri Xəzər rayon Qala qəsəbəsində məskunlaşmışdır. Orda da dana saxlamaq və gətirib Ağsuda satmaq mümkün deyil. Polis Şöbəsi isə onun izahatını almayıb və onun valideyinlərinin sahə müvəkilindən qanuna zidd əməl və hərəkətindən etdiyi şikayətə görə qərəzli arayış yazıblar. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq ilk növbədə qeyd edir ki, iddiaçı hazırki mbahisə ilə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Kürdəmir rayonu, Sığırlı baytar məntəqəsinin müdiri Bəkir Bəşirovun, təsərrüfat sahibi İddiaçı, kənd sakini X1 iştirakı ilə 27 iyun 2021-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, İddiaçı məxsus bir baş, diri çəkisi 220-230 kq olan erkək danaya səhər saat 09:00-da baxış keçirilərkən heyvanın temperaturunun 41,8 dərəcə qalxaraq parazitar xəstəliyinə yoluxması müəyyən edilmişdir. Müalicə aparmaq məqsədi ilə aptekdən dərman alınaraq müalicə işinin aparılması tapşırılmış, həmin gün axşamüstü saat 6-7 radələrində İddiaçı heyvanın tələf olunduğunu bildirmişdir. Aktın doğruluğu imzalarla, Kürdəmir rayon Baytarlıq İdarəsinin və Sığırlı Bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Belə ki, iddia iddia tələbində qeyd etdiyi xüsusatları məhkəməyə təqdim etdiyi sənədlərlə sübut etmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq, onun iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı iddia tələbini sübuta yetirəcək sənədləri iş materiallarına əlavə etmiş, lakin cavabdeh tərəf israrla satdığı heyvanın sağlam olduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın mübahisəndirilən hissədə rədd edilən olması barədə cavabdehin apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tаrixli, 2(016)-205/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tаrixli, 2(016)-205/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.