Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-813/2023 14.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə 80.000 manat borc tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tаrixli, e-2(037)-190/2023 saylı qətnаməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil оğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 80000 manat əsas borc və ödənilmiş 330 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq cavabdehə 1 ay müddətinə qaytarmaq şərti ilə xx.xx.2021-ci il tarixədək 80000 manat məbləğində pul vermişdir. Hazırda cavabdeh borcunu qaytarmaqdan imtina edir. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir.
3. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, məhkəməyə teleqram ilə müraciət edərək, iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Cavabdehə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə anası tərəfindən məhkəməyə teleqram ünvanlanaraq oğlunun ağır xəstə olması səbəbindən məhkəmə prosesində iştirak edə bilməyəcəyi bildirilsə də, bu barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 13 mart 2023-cü il tаrixli, e- 2(037)-190/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 80000 manat pul və 330 manat dövlət rüsumu olmaqla, cəmi 80330 (səksən min üç yüz otuz) manat məbləği tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2 və 743-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
7. İş üzrə qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda müqavilə üzrə öhdəliyindən yaranması ilə əsaslandırmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmiş və yalnız iddiaçının tələbinə uyğun qətnamə qəbul edilməsi ilə müşayiət olunmuşdur. Məlumat üçün qeyd edir ki, iddiaçı qızıl-ziynət məmulatlarının alışı və satışı ilə məşğul olan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır, sonradan aralarında ticarət, işgüzar və ailəvi dostluq münasibətləri yaranmışdır. İddiaçı 2021-ci ilin təxminən yaz aylarında X1 telefon vasitəsilə zəng edərək ona formal xarakterli “bir borc müqaviləsi”nin lazım olduğunu bildirmişdir. Bunun digər şəxsə göstərməsi və ondan pul alması üçün lazım olduğu kimi əsaslandırmışdır. X1 bu barədə ona demiş və eyni zamanda İlkinə kömək etməyini bildirmişdir. O, sonradan İlkinlə əlaqə saxlamış və onunla bu barədə danışmışlar. Həmin danışıqlarda onların ortaq tanışları da iştirak edirdi. Sonunda o, İlkinə kömək etmək üçün Sumqayıt şəhərində yerləşən notariat kontoruna getmiş və orada müəyyən sənədləri imzalamışdır. İlkin həmin vaxtı ona dedi ki, “narahat olma bu müqaviləni sonra ləğv edəcəm, sənlik bir şey yoxdur”. O, İlkinə inanırdı, çünki aralarında səmimi dostluq münasibəti və etibar var idi. Bundan başqa birinci instasiya məhkəməsində iştirak edə bilməməyi səbəbilə iddianın əsassız olmasına dair süburların təqdim edilməsindən məhrum olunmuş, iddia ərizəsinə qarşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin məhkəmə prosesində tərəflərə vermiş olduğu prosessual hüquqlardan istifadə edərək müdafiənin təşkili üçün sonradan vəkilin hüquqi yardımından istifadə olunması, lakin məhkəmənin birtərəfli və qərəzli mövqeyi nəticəsində işə qoşulmuş vəkilin iş materialları ilə tanış edilməsinə şərait yaradılmadan və iddia ərizəsinin təkzib edilməsi ilə bağlı aidiyyatı sübutların məhkəməyə təqdim edilməsi üçün təxirə salınmaması xx.xx.2023-cü il tarixli sözügedən qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tаrixli, e- 2(037)-190/2023 saylı qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
10. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
19. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
20. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
21. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tаrixli, e- 2(037)-190/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. İş materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə borc verən İddiaçı, borc alan Cavabdeh 1 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürməklə 80000 manat pul vermişdir.
36. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 1 ay müddətinə qaytarmaq şərti ilə 80000 manat borc pul vermiş, cavabdeh isə borcunu qaytarmamışdır.
37. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
40. Məhkəmə kollegiyası bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Apellyasiya şikayətində iddia ərizəsinin təkzib edilməsi ilə bağlı sübutların təqdim ediləcəyi bildirilsə də, bu baş verməmişdir.
41. Apellyasiya şikayətində tərəflər arasında bağlanmış borc müqaviləsinin həm uydurma əqd, həm də yalan əqd olduğu vurğulanmışdır.
42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunverici uydurma və yalan əqdləri bir-birindən fərqləndirir. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış borc müqaviləsinin görünüş üçün bağlanmış olması və yaxud hansısa başqa əqdi pərdələmək məqsədi ilə bağlanması barədə inandırıcı və ağlabatan izah verə bilməmişdir.
43. Beləliklə cavabdeh tərəflər arasında bağlanmış borc müqaviləsinin uydurma və ya yalan əqd olmasına dair heç bir sübut təqdim edə bilməmişdir.
44. Tərəflər arasında bağlanmış borc müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki tərəfin öz razılığı və iradələrinə uyğun bağlanmışdır və notariat orqanı tərəfindən tərəflərin iradə ifadəsi təsdiq edilmişdir.
45. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
48. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
49. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tаrixli, e- 2(037)-190/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 13 mart 2023-cü il tаrixli, e-2(037)-190/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov