Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-815/2023 13.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “150 manat borc pulun tutulması” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(054)-39/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 150 manat borc pulun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Laçın rayonu Ələkçi kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Şəki rayon Yeni Cələbixan qəsəbəsində məskunlaşmışdır. 2019-cu ilin payız ayları ərəfəsində cavabdehə 150 manat borc pul vermiş, cavabdeh pulu tez bir zamanda qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Cavabdehin ona borclu olduğuna dair heç bir sübutu yoxdur, amma məhkəməyə dəvət edilib dindirilsə, ona borcu olduğunu etiraf edəcəkdir. Cavabdehi polis vasitəsilə axtarmaq lazımdır, onun olduğu yerlər kafelər, yeməkxanalar və s. bu kimi yerlərdir. İddia tələbinin təmin edilməsi, 150 manat borc pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin (hakim: S.Zeynalova) 27 yanvar 2023-cü il tarixli, 2(054)-39/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 150 manat borc pulun tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı cavabdehdən 2019-cu ildə ona verdiyi 150 manat borc pulu tələb etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh özü məhkəməyə gələrsə borclu olduğunu etiraf edəcəyini bildirmişdir. Məhkəmə sorğularına cavab olaraq icra nümayəndəliyi tərəfindən cavabdehin qeydiyyat ünvanı üzrə yaşamadığı və yaşayış yerinin məlum olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı cavabdehdən 2019-cu ildə ona verdiyi 150 manat borc pulu tələb etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh özü məhkəməyə gələrsə borclu olduğunu etiraf edəcəyini bildirmişdir. Məhkəmə sorğularına cavab olaraq icra nümayəndəliyi tərəfindən cavabdehin qeydiyyat ünvanı üzrə yaşamadığı və yaşayış yerinin məlum olmadığı müəyyən edilmişdir. Hazırki iş üzrə sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü, dəfələrlə tələb edilsə də, iddiaçı tərəfindən tələbə aid sübutların təqdim olunmadığı (sübutun olmadığı) nəzərə alınmaqla birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.3 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsi qətnamə qəbul edərkən ədalətli araşdırma aparmamış və Mülki Prosessual Məcəllənin müddəalarını kobud surətdə pozmuşdur. Belə ki, məhkəmədə cavabdehin məhkəmə iclasına məcburi gətirilməsini təkidlə israr etsə də, Oğuz Rayon Məhkəməsi buna məhəl qoymamış və yekun qətnamə qəbul etmişdir. Halbuki, cavabdehin məhkəmə iclasında iştirak etməsi sübutların qiymətləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edirdi. Qeyd edilənləri nəzərə alaraq, Oğuz Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini, cavabdehin məhkəmə iclasına məcburi gətirilməsini, eyni zamanda indiyə qədər əlavə çəkdiyim 100 AZN məhkəmə xərcinin (150 AZN+100 AZN=250 AZN) cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(054)-39/2023 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(054)-39/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(054)-39/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 2019-cu ildə ona verdiyi 150 manat borc pulu tələb etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh özü məhkəməyə gələrsə borclu olduğunu etiraf edəcəyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfindən ona borclu olduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehdən 2019-cu ildə ona verdiyi 150 manat borc pulu tələb etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh özü məhkəməyə gələrsə borclu olduğunu etiraf edəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq icra nümayəndəliyi tərəfindən cavabdehin qeydiyyat ünvanı üzrə yaşamadığı və yaşayış yerinin məlum olmadığı müəyyən edilmişdir. Hazırki iş üzrə sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü, dəfələrlə tələb edilsə də, iddiaçı tərəfindən tələbə aid sübutların təqdim edilməmişdir. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansı sübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf isə həmin halı sübut edə bilmir. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmədə cavabdehin məhkəmə iclasına məcburi gətirilməsini təkidlə israr etsə də, Oğuz Rayon Məhkəməsi buna məhəl qoymamış və yekun qətnamə qəbul etmişdir. Halbuki, cavabdehin məhkəmə iclasında iştirak etməsi sübutların qiymətləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edirdi. Kollegiya şikayətin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh zərflərinin geri qaytamısının səbəbindən Oğuz rayon İcra Hakimiyyətinin Başçısının Yaqublu kənd İnzibati Dairəsinə üzrə Nümayəndəliyinə sorğu verilmişdir, həmin sorğularına cavab olaraq icra nümayəndəliyi tərəfindən cavabdehin qeydiyyat ünvanı üzrə yaşamadığı və yaşayış yerinin məlum olmadığı müəyyən edilmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(054)-39/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(054)-39/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.