Məhkəmə qərarları › İş №2(107)-818/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-818/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-818/2024 17.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ödənilmiş dövlət rüsumunun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: dövlət rüsumunun geri qaytarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ödənilmiş dövlət rüsumunun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(025)-429/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. xx.xx.2001-ci il tarixində iddiaçının Qəbələ rayonu, Yenikənd kəndində yaşayan anası X4 vəfat etmişdir. Sonuncunun mülkiyyətində Torpağın mülkiyyətə verilməsinə dair JN-318A, kod-40807048 olan xx.xx.2016-cı il tarixli Şəhadətnaməyə əsasən Qəbələ rayonu, Yenikənd kəndində yerləşən tam mülkiyyət hüququ üzrə 0.34 ha yaşayış məntəqələrinin torpaq sahəsi olmuşdur. İddiaçı Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestirindən arayış verilmiş, həmin arayış əsasında iddiaçının adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamə əsasında mübahisəli torpaq sahəsinə iddiaçının adına dövlət reyestrindən Çıxarış və plan və ölçü sənədi hazırlanmışdır. İddiaçıdan ümumilikdə 463 manat məbləğində dövlət rüsumu və xidmət haqqı alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən 463 (dörd yüz altmış üç) manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il tarixində onun, Qəbələ rayonu, Yenikənd kəndində yaşayan anası X4 vəfat etmişdir. Miras əmlak aşağdakından ibarətdir: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-318A, kod- 40807048 olan xx.xx.2016-cı il tarixli şəhadətnaməyə əsasən Qəbələ rayonu, Yenikənd kəndində yerləşən tam mülkiyyət üzrə 0.34 ha yaşayış məntəqələrinin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi. O, Qəbələ Asan xidmətində vərəsəlik açmış və miras qoyanın fərdi yaşayış evi üzərindəki hüquqlarının Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirində qeydə alınması torpaq sahəsi və ev üçün çıxarışın verilməsi üçün ərizə ilə müraciət etmişdir. 25 dekabr 2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin işçiləri evlərinə gəlib torpaq sahəsinə və evə baxış keçirmişdir. Lazımı ölçüləri götürmüşdür. Anasından qalan fərdi evin qəzalı vəziyyətdə olduğunu nəzərə alıb həmin torpaq üzərində anası öldükdən sonra tikilmiş evə çıxarış verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən ona zəng edib idarəyə çagırmışlar və bildirmişlər ki, çıxarış almaq istədiyi ev anasının ölümündən sonra tikildiyi üçün evə çıxarış verə bilmirlər. O, razılaşmış və ordaca Ərizə yazıb xahiş etmiş ki, evə çıxarış vermək mümkün olmadığı üçün arayış (Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestirindən arayış) əsasında təkcə 0.34 ha toppaq sahəsinə onun adına çıxarış versinlər. Bir neçə gündən sonra telefonuna sənədlərin hazır olması haqda mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixində Qəbələ Asan xidmətinə getmiş, növbəsi çatanda demişlər ki, xidmət haqqı və rüsmu ödə və sənədləri al. Həmin mərtəbədə xidmət haqqını (388 AZN) və rüsumu (75 AZN) Kapital Banka ödəmiş və sənədləri almışdır. Sənədləri alanda görmüş ki, torpaq üzərində hüquqlar miras qoymuş anasının adına rəsmiləşdirilib. (Çıxarış və texniki pasport(plan və ölçülər)). O, etirazını bildirmiş, Çıxarışın anasının adına yox, onun adına verilməli olduqlarını nəzərlərinə çatdırmışdır. Anasının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olduğu üçün (JN-318A,kod ********) Hüququn ölmuş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən torpaq üzərində birbaşa onun hüquqları rəsmiləşdirilməli idi. Onlara “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu əsas gətirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqlar əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı vərəsəsi olduğu mərhum anası X2 adına olan 0.34 ha həyətyanı torpaq sahəsinə vəfat etmiş şəxsin adına arayışın verilməsi üçün ********** saylı ərizəsi ilə 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın aparılması üçün aşağıdakı punktlar yığılmışdır: 1. Vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (dövlət rüsumu tutulmur) 2. Daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında ilkin texniki pasport (dövlət rüsumu 75 (yetmiş beş) manat). Dövlət rüsumu haqqında qanunun 26.1.2-ci maddəsinə əsasən 75 (yetmiş beş) manat dövlət rüsumu tutulmuşdur. 0.34 ha yaşayış məntəqələrinin torpaqları üçün ilkin texniki inventarlaşdırma Tarif Şurasının 31 iyul 5 nömrəli qərarının 2.2 maddəsinə əsasən 238 (iki yüz otuz səkkiz) manat, 4-cü bölməsi üzrə 120 (yüz iyirmi) manat, 5-ci bölməsi üzrə 30 (otuz) manat olmaqla cəmi 388 (üç yüz səksən səkkiz) manat xidmət haqqı hesablanmışdır. Ümumilikdə dövlət rüsumu və xidmət haqqı 463 manat (dörd yüz atmış üç) manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh təşkilatın iddiaçıdan dövlət rüsumunu tələb etməsi qanuni və əsaslı olmuşdur.

5. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən dövlət rüsumunu əsassız ödədiyini bildirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin hallarından da göründüyü kimi iddiaçıya Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 syalı Qəbələ Ərazi İdarəsi tərəfindən “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayış verilmişdir. Yəni cavabdehin hərəkətləri qanuni olmuşdur. Bu səbəbdən sözügedən maddə ilə də iddiaçı dövlət rüsumundan azad edilməməlidir.

6. Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(025)-429/2024 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 26 və 27-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, ********** nömrəli və ********** nömrəli ödəniş qəbzlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış.

9. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə prosesində Nazirlər Kabinetinin qərarına və “Daşınmaz əmlakın dövlət reyestri“ haqqinda Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsiniə aydınlıq gətirilməli, cavabdeh tərəfindən cavablandırılmalı idi. Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi həm Nazirlər Kabinetinin qərarını, Daşınmaz Əmlakin dövlət reyestri haqqında qanunu və “Normati hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 93.2 və 94 –cü maddələrini pozmuşdur. Normativ hüquqi aktları düzgün icra etməmişdir. Cavabdeh tərəf ona ancaq arayış verildiyini iddia edir və məhkəmə bununla razılaşır. Halbuki o iddia ərizəsinə əlavə olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin onun anasının adına verdiyi çıxarışın və texniki pasportun surətlərini əlavə etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi Qəbələ “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni 9 saylı Qəbələ Ərazi İdarəsinin onun anasının adına verdiyi çıxarışa əsaslanmışdır.

11. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(025)- 429/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və cavabdeh 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu: 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 50 manat dövlət rüsumu tutulur. 26.1.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumu tutulur. 27.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. 27.6-ci maddəsinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(025)-429/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şiakyətinin dəlillərinə münasibətdə qeyd edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-318A, kod-40807048 olan xx.xx.2016-cı il tarixli Şəhadətnamə ilə Qəbələ rayon AİK-in 15 noyabr 2001-ci il tarixli, 15 saylı qərarına əsasən X1 mülkiyyətinə Qəbələ rayonu, Yenikənd kəndində yerləşən tam mülkiyyət üzrə 0.34 ha yaşayış məntəqələrinin torpaq sahəsi verilmişdir. Ona görə də, hazırki halda Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 27.6-ci maddəsi tətbiq oluna bilməz. Belə ki, həmin maddə mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Hazırki vəziyyətdə isə X1 adına Şəhadətnamə verilmişdir. Yəni, torpaq sahəsi barədə onun mülkiyyət hüququ rəsmiləşdirilmişdir.

21. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 27.4-cü maddəsi isə daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi barədədir. Hazırki vəziyyətdə isə torpağa mülkiyyət hüququna dair Çıxarış mübahisəli dövlət aktı əsasında deyil, iddiaçının adına verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında aparılmışdır. Həmin Çıxarış və qeyd olunan Şəhadətnamə ilə torpağın mülkiyyətinə verildiyi mülkiyyətçi ayrı şəxslər olduğundan hazırki Çıxarış təkrar sənəd hesab oluna bilməzdi.

22. Apellyator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə istinad etmiş və həmin maddənin tələblərinin aydınlaşdırılmadığını iddia etmişdir. Kollegiya qeyd edir ki, həmin maddə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsindən bəhs edir. Lakin həmin maddə həmin hərəkətlərin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqının tutulub-tutulmamasını tənzimləmir. 9 saylı Qəbələ Ərazi İdaərsinin məhkəməyə ünvanladığı 25 aprel 2024-cü il tarixli məktubdan görünür ki, həmin arayış üçün dövlət rüsumu hesablanmamışdır.

23. Həmçinin, iddiaçı qeyd edir ki, iddiaçının anasının adına Çıxarış da tərtib edilmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 25 aprel 2024-cü il tarixli məktubla göndərdiyi sənədlərdən görünür ki, xx.xx.2023-cü ildə X1 adına Çıxarış deyil, Arayış tərtib edilmişdir. Həmin arayışla birgə ilkin texniki pasport olaraq plan və ölçü sənədi tərtib edilmişdir ki, bunun üçün də 75 manat dövlət rüsumu hesablanmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ilkin texniki pasportun hazırlanması üçün dövlət rüsumunun tutulmalı olmaması barədə qanun norması mövcud deyildir. Həmin hərəkətlər üçün 388 manat xidmət haqqı hesablanmışdır ki, qanunvericilikdə dövlət rüsumunun tutulmaması halları və əsasları mövcud olsa da. Xidmət haqqının tutulmaması halı müəyyən edilməmişdir. İddiaçı onun anasının adına verilmiş Arayışı notariat kontoruna təqdim etməklə Qanun üzrə vərəsəlik hüuquq haqqında Şəhadətnamə aldıqdan sonra isə iddiaçının adına Çıxarış və plan ölçü sənədi tərtib edilmişdir ki, bunun üçün də dövlət rüsumu bu qətnamənin 22-ci bəndində göstərilənlərə görə haqlı olaraq tutulmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qətnamənin ləğv üçün əsas ola bilməz.

24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(025)-429/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(025)-429/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar