Məhkəmə qərarları › İş №2(107)-821/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-821/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-821/2024 21.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Qax Rayon Məhkəməsinin 2(024)-821/2024 saylı mülki iş üzrə qəbul etdiyi 03 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra-iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət hadisəsi zamanı ona vurduğu ziyana görə 500 manat miqdarında maddi ziyanın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 03 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Rayon Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Nəsibov X2 rayonu Ağcakənd kəndində qeydiyyatdadır və iddiaçı iddia ərizəsisini Qax Rayon Məhkəməsinə verməklə ərazi aidiyyəti qaydalarını pozmuşdur. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu mövqeyi səhvdir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh iddiaçıya qarşı xuliqanlıq hərəkətləri törətmiş və buna görə o, cinayət məsuliyyətinə cəlb olunaraq barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd olunan xuliqanlıq hərəkətləri Qax Rayon Almalı kənd mədəniyyət evinin qarşısında baş vermişdir. İddiaçı iddia edir ki, həmin cinayət hadisəsi zamanı o, xəsarət almış və sağlamlığına vurulmuş ziyanın aradan qaldırılması üçün 500 manat məbləğində pul tələb olunur, yəni cavabdehin ona vurduğu ziyana görə sonuncudan 500 manat pul tələb edir. İş materialları ilə o da müəyyən olunur ki, cavabdeh Kəlbəcər rayonunda qeydiyyatda olsa da, məcburi köçkün kimi Qax rayonu Qaradolaq kəndində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -MPM) 36.6-cı maddəsinə əsasən, xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Qeyd olunan prosessual hüquq normasının mənasından göründüyü kimi, iddiaçı iddia ərizəsini ziyan vuranın(cavabdehin) yaşadığı yerə və ziyan vurma yerinə(Qax rayonu Almalı kəndi) görə verməkdə haqlı olmuşdur. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ərizəni yuxarıda qeyd edilən əsasla qaytarmaqda haqlı olmamışdır. Buna görə də, şikayət təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Qax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli qərardad ləğv edilsin. Mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar