Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-825/2022 05.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Yevlax filialının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Hüseyin oğluna qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kreditin, ona hesablanmış faizlərin qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Hüseyin oğlunun iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Yevlax filialının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Hüseyin oğluna qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli, 2(039)- 108/2016 nömrəli qətnaməsindən Cavabdeh1 Hüseyin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları: "xxxx" ASC-nin "Yevlax” filialı ilə Cavabdeh3 arasında bağlanmış 318-xx.xx.2014- YEV58 №-li, 27 iyun 2014-cü il tarixli kredit müqaviləsinin təstiq edilmiş surətindən görünür ki, Cavabdeh3 təminatlı kredit müqaviləsi ilə 24 ay müddətinə, illik 22% dərəcəsi ilə “koorporativ pərakəndə” seqmenti üçün 3500 manat məbləğində nağd pul şəkilində kredit verilmişdir. "xxxx" ASC-nin "Yevlax" filialı ilə Cavabdeh2 arasında bağlanmış 318-xx.xx.2014- YEV58 №-li, 27 iyun 2014-cü il tarixli zaminlik müqaviləsinin təstiq edilmiş surətindən görünür ki. Cavabdeh2 Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Yevlax" filialı ilə Cavabdeh1 arasında bağlanmış 318-xx.xx.2014-YPV58 №-li, 27 iyun 2014-cü il tarixli zaminlik müqaviləsinin təstiq edilmiş surətindən görünür ki. Cavabdeh1 Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 969 №-li, 05 oktyabr 2015-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki. cavabdehlər Cavabdeh3 və Cavabdeh1 banka olan borcun ödənilməsi üçün bildirişlər göndərilmişdir. 970 №-li, 05 oktyabr 2015-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 banka olan borcun ödənilməsi üçün bildirişlər göndərilmişdir. 971 №-li. 05 oktyabr 2015-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, Cavabdeh3 banka olan borcun ödənilməsi üçün bildirişlər göndərilmişdir. 02 noyabr 2015-ci il tarixli ödəniş tapşırığından görünür ki. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Yevlax" filialı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə 20 manat məbləğində pul köçürülmüşdür. 27 oktyabr 2015-ci il tarixli arayışdan görünür ki. Cavabdeh3 27 oktyabr 2015-ci il tarixə "xxxx" ASC-ə olan kredit borcu 2544,43 manat məbləğindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC-nin "Yevlax” filialı Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 Ojdər oğlundan və Cavabdeh1 müştərək qaydada 2200,02 manat məbləğində əsas borcun, 194.41 manat məbləğində faiz borcun və 150 manat məbləğində dəbbə pulu borcunun, cəmi 2544,43 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Yevlax” filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 318-xx.xx.2014-YHV58 №-li, 27 iyun 2014cü il tarixli təminatlı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22% dərəcəsi ilə "koorporativ pərakəndə” seqmenti üçün Cavabdeh3 3500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, borclu Cavabdeh2 və Cavabdeh1 ilə bankın arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu-Cavabdeh3 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. "xxxx" ASC-nin "Yevlax” filialı kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişlər. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Yevlax” filialına hazırda cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 2200.02 manat məbləğində əsas borcu, 194.41 manat məbləğində faiz borcu və 150 manat məbləğində dəbbə pulu borcu, cəmi 2544.43 manat məbləğində borcu vardır. Bank tərəfindən dələlərlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyi icra etməmiş və "xxxx" ASC-nin "Yevlax” filialı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Yevlax Rayon Məhkəməsinin (hakim Q.Abbasov) 11 fevral 2016-cı il tarixli, 2(039)- 108/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2200.02 manat məbləğində əsas borc, 194.41 manat məbləğində faiz borcu və 150 manat məbləğində dəbbə pulu borcu, cəmi 2544.43 manat məbləğində 20 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin nın “Yevlax” filialına verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 318-xx.xx.2014-YHV58 №-li, 27 iyun 2014-cü il tarixli təminatlı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22% dərəcəsi ilə "koorporativ pərakəndə” seqmenti üçün Cavabdeh3 3500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, borclu Cavabdeh2 və Cavabdeh1 ilə bankın arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu- Cavabdeh3 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. "xxxx" ASC-nin "Yevlax” filialı kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişlər. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Yevlax” filialına hazırda cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 2200.02 manat məbləğində əsas borcu, 194.41 manat məbləğində faiz borcu və 150 manat məbləğində dəbbə pulu borcu, cəmi 2544.43 manat məbləğində borcu vardır. Göründüyü kimi Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətdə icra etməmiş və bu barədə də bank tərəfindən ona bildirişlər göndərilməsinə baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Belə olan halda zaminlər, yəni digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə borc məbləğinin banka ödənilməsinin təmin edilməsi üçün birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2200.02 manat məbləğində əsas borc 194.41 manat məbləğində faiz borc və 150 manat məbləğində dəbbə pulu borcu, cəmi 2544.43 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin "Yevlax’' filialına verilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.2.1, 445.2.2, 448.1, 470.1, 472.1, 472.2, 560.1 və 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən narazı qalan Cavabdeh1 Hüseyin oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia qanunsuz və əsassızdır. Belə ki, onun yuxarıda qeyd olunan kredit müqaviləsindən və həmin müqavilə üzrə yaranmış borcdan ümumiyyətlə heç bir məlumatı olmamışdır. O, qeyd olunan kredit müqaviləsini görməmiş və bunula bağlı imza etməmişdir. Eyni zamanda bankın təqdim etdiyi arayışa görə borc olmadığı üçün digər Cavabdeh3 da bankın heç bir tələbi yoxdur. Ona görə də, o iddianı ümumiyyətlə qəbul etmir və hesab edir ki, məlum iddia üzrə qəbul olunmuş qətnamə ona münasibətdə ləğv olunmalıdır. Birinci İnstansiya Məhkəməsi işə mahiyyəti üzrə baxmış, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli tam, obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3, 385.1.4-cü maddələrini və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Qeyd etdiyi kimi Yevlax rayon Məhkəməsinin 2(039)- 108/2016 saylı, 11 fevral 2016-cı il tarixli qətnaməsində qeyd olunan kredit müqaviləsindən heç bir məlumatı olmamış və o bununla bağlı heç bir yerə imza etməmiş, öhdəlik götürməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə xətt və imza nümunələrinin ona məxsus olub-olmamasının yoxlanılması üçün müqavilədəki xətt və imza nümunələrin ekspertizaya göndərilməklə şikayətinin ədalətlə araşdırılmasını və tələbinin təmin olunmasını istəyir. Hesab edir ki, Yevlax rayon Məhkəməsinin müvafiq qətnaməsi maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına görə apellyasiya qaydasında ləğv edilməlidir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli, 2(039)-108/2016 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Hüseyin oğlu izahat verərək bildirmişdir ki, o Cavabdeh3 tanımasına, onunla münasibəti olmasına baxmayaraq Bankda ona zamin durmamışdır. Keçirilmiş məhkəmə iclasının yeri və vaxtı barədə də məlumatsız olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, o həqiqətən də Bankdan kredit götürmüşdür. Lakin sonradan ödənişi edə bilmədiyindən iki ay Cavabdeh1 pensiyasından tutulmalar edilmişdir. Məsələ aydınlıq gətirildikdən sonra Bank ona arayış verərək bildirmişdir ki, artıq onların borcu yoxdur. Bu barədə icra məmuruna da məlumat vermişdir. Bundan əlavə Cavabdeh1 tərəfindən ödənilmiş pulu da onun özünə qaytarmışdır. Artıq neçə vaxtdır ki, onlardan heç bir tutulma aparılmır. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, Cavabdeh3 Bankdan kredit götürərkən ona zamin durmuşdur. Bildiyinə görə Bankın onlara qarşı heç bir tələbi yoxdur. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı tərəfin nümayəndəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Apellyasiya baxışının hədləri Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli, 2(039)-108/2016 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və "xxxx" ASC-nin "Yevlax” filialı ilə Cavabdeh3 arasında bağlanmış 318-xx.xx.2014-YEV58 №-li, 27 iyun 2014-cü il tarixli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh3 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının zamin-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Kollegiya hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh (apellyator) qətnamənin düzgün qəbul edilmədiyini bildirsə də, bu dəlillər anlaşılan deyil. İkincisi, cavabdeh Yevlax Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli, 2(039)- 108/2016 nömrəli qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirsə də maddi və prosessual hüquq normalarının pozulmasını təsdiq edəcək sübutları təqdim etməmişdir. Üçüncüsü cavabdeh apellyasiya şikayətində qeyd olunan kredit müqaviləsindən və həmin müqavilə üzrə yaranmış borcdan ümumiyyətlə heç bir məlumatı olmadığını, qeyd olunan kredit müqaviləsini görmədiyini və bunula bağlı imza etmədiyini bildirmişdir. Lakin iş materiallarında səhifə 49-da olan birinci instansiya məhkəməsinin 11 fevral 2016-ci il tarixli baxış protokolundan görünür ki, zamin-Cavabdeh1 Hüseyin oğlu izahat verərək göstərmişdir ki, iş yoldaşı Cavabdeh3 ilə iddiaçı "xxxx" ASC-nin “Yevlax” filialı ilə aralarında bağlanmış 27 iyun 2014-cü il tarixli təminatlı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22% dərəcəsi ilə “koorporativ pərakəndə” seqmenti üçün Cavabdeh3 3500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, iddiaçı ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Əsas Cavabdeh3 götürdüyü kreditdən ilk əvvəllər ödənişlər etmiş, lakin son vaxtlar krediti ödəməyi üçün bank onları məhkəməyə vermişdir. Onun Beynəlxalq ASC-yə kredit borcu yoxdur. Ona görə də iddianı qəbul etmir, xahiş edir ki, iddianın ona aid hissəsinin rədd edilməsi barədə qətnamə çıxarılsın. Dördüncü, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Beşinci, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Altıncı, apellyator imza və xətt nümunələrinin ona məxsus olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Yeddinci, kollegiya mülki işin materiallarını əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, müvafiq icra tədbirlərinin həyata keçirilməsinə, cavabdehin həmin icra tədbirlərindən xəbərdar olmasına baxmayaraq, sonuncu həmin qətnamənin çıxarıldığı vaxtdan 6 ildən çox müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Bu cür hallar isə kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər Göründüyü kimi cavabdeh-zaminin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla yanaşı iş materialları ilə də tam təkzib olunur. Kollegiya sonda apellyator tərəfindən təqdim olunmuş ABB Yevlax filialının xx.xx.2022-ci il tarixli, 0197 nömrəli məktubunun surətinə münasibət bildirərək qeyd edir ki, həmin məktubda qeyd olunanlar öz təsdiqini tapdığı halda, bu mövcud qətnamənin ləğv edilməsi üçün deyil, gələcəkdə icra mərhələsində icraata xitam verilməsinin əsası ola bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 Hüseyin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli, 2(039)-108/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-825/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-825/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver