Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-831/2023 11.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı oğlunun (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tаrixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları xx.xx.2022-ci il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı cavabdehdən 18 oktyabr 2019-cu il tarixdə 2.000.000 rus rublu borc pul alıb və iddiaçı həmin pulu 30 sentyabr 2022-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürüb. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.000.000 (iki milyon) rus rublunun qətnamə icra olunan günə Azərbaycan manatına olan ekvivalenti ilə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi xeyli müddətdir tanıdığından aralarında yaxşı münasibətləri olmuş, cavabdeh ondan 2.000.000 (iki milyon) rus rublu məbləğində pulu borc almışdır. Cavabdeh bu barədə xx.xx.2022-ci il tarixində öz xətti ilə qəbz yazaraq şəxsən imzalamışdır. Həmin qəbzin məzmununda qeyd olunmuşdur ki, “Cavabdeh 18 oktyabr 2019-cu il tarixdə İddiaçı 2.000.000 (iki milyon) rus rublu borc pul almış, aldığı borc pulu sentyabr ayının axırına, yəni 30 sentyabr tarixinədək qaytaracağını üzərinə öhdəlik götürmüş, qaytara bilməyəcəyi təqdirdə ünvan 1 ünvanında yerləşən ona məxsus 2 mərtəbəli fərdi yaşayış evini İddiaçı adına keçirilməsinə etirazı yoxdur”. Göründüyü kimi cavabdeh ondan borc pul aldığını bildirmiş və hətta pulu qaytara bilməyəcəyi halda özünə məxsus olan evi onun mülkiyyətinə keçirməyi söz vermişdir. Lakin onun söz verdiyi vaxtdan, yəni sentyabr ayının 30-dan 2 aya yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh hələ də həmin pulu ona qaytarmamışdır. O, dəfələrlə pulunu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 257/2023 nömrəli iş üzrə qəbul etdiyi 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Əliyev) iddia tələbinin təmin edilməsi, cavabdehdən 2.000.000 (iki milyon) rus rublu məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırki işdə iddianın təmin edilməsi ilə bağlı əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materialları və cavabdehin etirafı ilə öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və cavabdehdən 2.000.000 rus rublu məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla iddiaçının xeyrinə tutulmasının xx.xx.2023-cü il tarixindən icra edilməsinə dair qərar qəbul edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mən qeyd olunan qəbzi yazmışam. Bu barədə məhkəmədə münasibətimi də bildirmişəm. Ancaq biz razılaşmışıq ki, həmin məbləği mən avqust ayından sonra ödəyim. Bu səbəbdən də məhkəmədə mən etiraf ərizəsi də yazmışam. Qətnamə qəbul olunan zaman borcun ödənilməsinin avqust ayında icra edilməsi öz əksini tapmamışdır. Bu səbəbdən də mən qətnamədə qeyd etdiyim halın əks edilməməsi səbəbindən hazırki şikayəti vermək məcburiyyətində qalmışam. Hesab edirəm ki, məhkəmə mənim bu fikirlərimi nəzərə almamaqda ədalətli olmamışdır. Bizim razılığımız əsasında qətnamə nəzərdə tutulan tarixdən icra edilməli idi. Amma bu mövqeyim işdən göründüyü kimi nəzərə alınmamışdır. Ona görə də mən hazırki mübahisəni qaldırmaq məcburiyyətində qalmışam. Məhkəmə mənim mövqeyimi əks etdirməməklə maddi hüquq normalarını pozmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır). Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Madə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.5-ci maddəsinə görə, Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində cavabdeh göstərir ki, iddiaçıya borcunun olmasını və bu barədə qəbzin onun tərəfindən yazıldığını məhkəmədə şifahi və yazılı şəkildə bildirmişdir. Lakin iş üzrə tərəflər razılığa gəlmişlər ki, borcun ödənilməsi 2023-cü ilin avqust ayından sonra həyata keçirilsin. Lakin bu razılaşma məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin qətnamənin əsaslılığına qarşı yönəlmiş bu dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh işə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasında iştirak edərək, iddianı etiraf etmiş, yəni 2.000 000 rus rubl məbləğində borcu iddiaçıdan aldığını izahatında bildirmişdir. Bundan başqa cavabdeh, ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək göstərilənləri yazılı surətdə də etiraf etmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, cavabdeh, bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (maddə 52.2.). Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və cavabdeh protokolu imzalayır. Cavabdehin iddianı etiraf etməsi məhkəməyə göndərilən yazılı ərizədə də ifadə oluna bilər (maddə 191.1.). Göründüyü kimi, cavabdeh tərəfindən iddia etiraf edildikdə bu etirafın rəsmiləşdirilməsi məhkəmə iclas protokolunun cavabdeh tərəfindən imzalanması və ya etirafın yazılı ərizədə ifadə edilməsi ilə şərtləndirilir. İş materiallarından görünür ki, cavabdeh ikinci üsulu seçmiş, iddianın etirafını yazılı ərizədə ifadə etmişdir. Belə olan halda hesab edilməlidir ki, 2019-cu ilin oktyabr ayında cavabdeh iddiaçıdan 2.000.000 rus rublu məbləğində pulu borc almış, borcu xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirsə də, borcu ödəməmiş, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə borcun tutulması barədə hazırki iş üzrə qəbul edilmiş qətnamənin icrasına 2023-cü ilin avqust ayından sonra başlanılması barədə tərəflər arasında əldə olunmuş razılığın qətnamədə əks olunmaması, qətnamənin ləğv edilməsi üçün əsas deyil. Çünki Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə görə, verilmiş tələblər üzrə qətnamə qəbul edir. Hazırki iş üzrə iddiaçının bu məzmunda tələbi olmamış, cavabdeh də qarşılıqlı iddia verməmişdir. Digər tərəfdən isə qətnamənin icra üsulu, qaydası, vaxtı ilə bağlı məsələlərin həlli icra mərhələsinə aid məsələlərdir və həmin hallar barədə tərəflərin razığa gəlmələri icra mərhələsində də mümkündür. Bu baxımdan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-831/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-831/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver