Məhkəmə qərarları › İş №2(107)-833/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-833/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-833/2023 15.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e-2(039)-1734/2022 saylı qətnаməsindən cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019cu il tarixli YVF-320 saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli, YF-1053 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsəqi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 6688 (altı min altı yüz səksən səkkiz) manat məbləğində kredit verilmişdir.

2. 05 sentyabr 2019-cu il tarixli YVF-320 saylı kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür.

3. Həmin müqavilənin 1.2- ci bəndinə əsasən, “Kredit alan kreditdən Bankın “Yevlax” flilialı ilə imzalanmış xx.xx.2014-cii il tarixli, YF-1053 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir.

4. Həmin müqavilənin 1.3-cü bəndinə görə, güzəştli şərtlərlə verilən kredit dedikdə liziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə “Kredit alan”a “Kredit verən” tərəfindən illik faiz dərəcəsi 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə (1 (bir) il güzəşt müddəti tətbiq edilməklə) verilən kredit başa düşülür.

5. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 05 sentyabr 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.

6. Həmin zaminlik müqavilsiənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır.

7. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********988 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.

8. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

9. İşdə olan maliyyə arayışından görünür ki, 05 sentyabr 2019-cu il tarixli YVF-320 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə 6685.86 manat əsas, 130.45 manat faiz və 0.13 manat cərimə borcu olmaqla, cəmi 6816.44 manat ödənilməmiş borcu vardır.

10. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019cu il tarixli YVF-320 kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 6816.44 manat, bundan 6685.86 manat əsas, 130.45 manat faiz və 0.13 manat cərimə borcu və iş üzrə ödənilmiş 89 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı tələbini qətnamənin 1-9-cu bəndlərində göstərilənərlə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 6816.44 (altı min səkkiz yüz on altı manat 44 qəpik) manat təşkil edir. Bundan 6685.86 (altı min altı yüz səksən beş manat 86 qəpik) manat əsas, 130,45 (bir yüz otuz manat 45 qəpik) manat faiz və 0.13 (0 manat 13 qəpik) manat cərimə borcu təşkil edir. Ona görə də hazırkı iddia tələbləri iilə məhkləməyə müraciət etmişlər.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdehlər Cavabdeh və Zamin birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.

14. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 19 sentyabr 2023-cü il tаrixli, e-2(039)-1734/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli YVF-320 kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməsi, əsas kredit borcu 6685.86 manat, faiz borcu 130.45 manat, 0.13 manat cərimə borcu, cəmi 6816.44 manat borc və ödənilmiş 89 manat məbləğində dövlət rüsumu xx xxxxxx 1958-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Vaqif küçəsi ev 39-da qeydiyyatda olan Cavabdeh və xx xxxxxxxx 1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.B.Zərdabi küçəsi 106-da qeydiyyatda olan Zamin alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1 və 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İş üzrə qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun xx.xx.2019-cu il tarixli, YVF 320 saylı kredit müqaviləsinə əsasən o, 6688.85 manat kredit götürmüşdür. Kreditin ödənilən bir manatı belə hesablanmamışdır. Əsas borc və faiz borcları olduğu kimi qalaraq dəyişməmişdir. Belə məntiq çıxır ki, məhkəmə eyni məbləği yenidən hesablayıb. O, bütün bunları qəbul edə bilməz. Çünki, məhkəmə prosesində iştirak etməmişdir. Onun ödənişlərinin heç biri qeydə alınmayıb. Bu səbəbində ən pis halda ödənişləri ilə bağlı maliyyə ekspertizasının keçirilməsini tələb edər ki, məhkəmə işə baxarkən onun maraq və mənafeləri nəzərə almamışdır. Üzərinə artıq məbləğ hesablanmışdır. O, borc məbləğini ödəməkdən qaçmır, ancaq reallıq odur ki, ödənişlər düzgün hesablanmayıb. Bu səbəbdən də maliyyə ekspertizasının keçirilməsini istəyir. Nəticədə həm əsas borc həmdə faiz borcu düzgün hesablana bilər. Məhkəmə tərəfindən onun prosessual hüquqları pozulmuşdur. Onun iştirakı olmadan əleyhinə qərar qəbul edilmişdir. Onun barəsində Yevlax Rayon Məhkəməsi tərəfindən onun iştirakı olmadan hüquqlarını pozan qərar qəbul etmişdir. Məhkəmə obyektiv həqiqəti ortaya çıxarmaq üçün ən azından tərəfləri dindirməli, ortaya çıxan sualları araşdırmalı idi. Bundan sonra aidiyyəti qərarını qəbul etməli idi. O, prosesdə iştirak etsəydi təbii ki, tamam fərqli qərar qəbul edilərdi. Məhkəmə onun məhkəmə prosesində iştirakının təmin olunmasına şərait yaratmamışdır. Nəticədə əleyhinə qərar qəbul etmişdir. Onun qanunla qorunan məhkəmə prosessual huquqlarını pozmuşdur. Məhkəmə işin faktiki hallarını aydınlaşdırmamışdır. Əsas borcunu bankın mülahizələləri ilə müəyyənləşdirmişdir. Onun iştirakının təmin edilməməsi səbəbindən borc məbləği düzgün müəyyənləşdirməmişdir. Düzgün olmayan əsas borca görə də faiz borcu hesablanmışdır. Məhkəmənin nəticəsi işin hallarına uyğun deyildir. Onun bu qədər borcu yoxdur. Qətnamə bu baxımdan əsaslı deyildir. Göstərilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e- 2(039)-1734/2022 saylı qətnaməsinin ləğv olunması və müəyyən edilmiş yeni hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

23. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

24. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür.

26. Maddə 739.2. Borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır.

27. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

28. Maddə 442 Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

29. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

30. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

31. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e- 2(039)-1734/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli YVF-320 saylı kredit müqaviləsinə əsasən cavabdehə tərəflər arasında əvvəllər bağlanmış xx.xx.2014-cü il tarixli, YF-1053 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsəqi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 6688 (altı min altı yüz səksən səkkiz) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Zamin ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh 6685.86 manat əsas borc, 130.45 manat faiz borcu, 0.13 manat cərimə borcu, cəmi 6816.44 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir.

46. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YF-1053 saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanının təsiri altına düşüdüyündən Cavabdeh vaxtı keçmiş kredit borcu restrukturizasiya olunaraq sonuncu ilə İddiaçı ASC arasında güzəstli şərtlərlə kredit müqaviləsi bağlanmışdır.

47. Lakin cavabdeh güzəstli şərtlərlə bağlanmış yeni kredit müqaviləsi üzrə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

48. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədiyindən iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır və iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

51. Apellyasiya şikayətində müqavilə üzrə müəyyən məbləğin ödənildiyi göstərilsə də Cavabdeh işə baxan məhkəmələrə bu barədə sübut təqdim etməmiş, apellyasiya şikayətinə də bu sübutları əlavə etməmişdir. Faizlərin düzgün hesablanmaması barədə dəlil də əsassızdır.

52. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

54. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

55. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

56. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e-2(039)- 1734/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e-2(039)-1734/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar