Məhkəmə qərarları › İş №2(107)-834/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-834/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-834/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 Əbdürrəhim oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(075)-129/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcun məbləği olan 38000 (otuz səkkiz min) manat, faiz məbləği olan 10838 (on min səkkiz yüz otuz səkkiz) manat, hüquqi yardım üçün ödədiyi 300 (üç yüz) manat, nümayəndəyə verdiyi etibarnaməyə görə 11.50 (on bir manat əlli qəpik) manat, dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat miqdarında vəsaitin tutularaq onun hesabına (xeyrinə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcun məbləği olan 36000 (otuz altı min) manat, faiz məbləği olan 2000 (iki min) manat, hüquqi yardım üçün ödədiyi 300 (üç yüz) manat, dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat olmaqla, cəmi 38330 (otuz səkkiz min üç yüz otuz) manat miqdarında vəsaitin tutularaq onun hesabına (xeyrinə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(075)-129/2021 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh kredit borcu olan 36000 (otuz altı min) manat, faiz məbləği olan 2000 (iki min) manat, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 38330 (otuz səkkiz min üç yüz otuz) manat alınaraq İddiaçı verilməsi, ödənilmiş 300 (üç yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq İddiaçı oğluna ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021 -ci il tarixli, 2(075)-129/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 may 2018-ci il tarixdə onunla Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinin şərtlərinə görə, müqavilənin bağlandığı gün, Cavabdeh ondan 24 may 2019-cu il tarixə kimi 38000 (otuz səkkiz min) manat miqdarında borc pul almışdır. Notarial qaydada təsdiq olunmuş müqavilənin şərtlərinə görə borc məbləği cavabdeh tərəfindən 24 may 2019-cü il tarixdən gec olmayaraq qaytarılmalı idi. 24 may 2019-cu il tarixdə borcun qaytarılması günü çatdıqda o, cavabdehə borc müqaviləsinə əsasən ona verdiyi pul vəsaitinin geri qaytarılması üçün müraciət etmişdir. Lakin cavabdeh heç bir səbəb göstərmədən ondan almış olduğu 38000 (otuz səkkiz min) manat borcu qaytarmaqdan imtina etmiş və rədd cavabı vermişdir. Borc məbləği cavabdeh tərəfindən hal-hazıra kimi qaytarılmamış, iddia ərizəsi ilə müraciət etdiyi günə cavabdeh tərəfindən iki il beş ay vaxt ötürülmüşdür. Cavabdeh 24 may 2019-cu il tarixdən qanunsuz olaraq borc məbləğini ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mərkəzi Bankı 2018-ci il üçün bank uçot dərəcəsini 12 faiz, 2019-cu il üçün 9 faiz və 2020-ci il üçün 7.5 faiz müəyyənləşdirmişdir. Cavabdeh tərəfindən ödənilməli olan özgəsinin pul vəsaitindən qanunsuz olaraq 24 may 2018-ci ildən 14 oktyabr 2020-ci il tarixə qədər faydalanmağa görə faiz məbləği 10838 (on min səkkiz yüz otuz səkkiz) manat təşkil edir. Hüquqi yardım üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosuna 300 (üç yüz) manat, nümayəndəyə verdiyi etibarnamə üçün 11.50 manat, məhkəməyə iddia ərizəsi verərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(075)-129/2021 saylı qətnaməsini qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. 2013-cü ildən yaşadığı evdə mürəbbələr hazırlayaraq satılması üçün Bakı şəhərinə gətirmiş, 2016-cı ilin yanvar ayında İddiaçı adlı bir nəfər şəxsin də mürəbbələr bişirib satdığını bilmişdir. Şəki rayonundan mürəbbələr gətirib satmasına çox xərci çıxdığından Bakı şəhərində iddiaçını taparaq ondan nağd pula mürəbbələr alaraq satmışdır. Sonradan iddiaçı ona inandığından nisyə mürəbbələri satması üçün vermiş, mürəbbələri satdıqdan sonra pulunu ona vermişdir. Təxminən bir aydan sonra iddiaçı ona şərikli işləməyi təklif etmiş, bu məqsədlə sonuncunun mürəbbə bişirdiyi Nübar qəsəbəsinə getmişdir. İddiaçı ona mürəbbə bişirdiyi yeri göstərək xarab olmuş mürəbbələrin satışını təşkil etmiş və bu yolla əllərində pul olacağını demişdir. O, iddiaçının təklifi ilə razılaşmış, xarab olmuş mürəbbələrin satışını təşkil edərək özünə qazanc götürməmiş, pulunu iddiaçıya vermişdir. Şərikli işlədikləri müddətdə mürəbbələrin satışında çətinliklər olmuş və ziyanlıq etmişlər. Mürəbbədən yığılan puldan mürəbbə bişirmək üçün otaq tikmiş və ora 10700 manat pul xərclənmişdir. Bundan başqa yenə mürəbbənin pulu ilə iddiaçının təklifi ilə onun evinə kombi istilik sistemi çəkdirmiş, evin hamam və tualetini təmir etdirmiş və bunlara ümumilikdə 4470 manat pul xərcləmişdir. Satdığı mürəbbələrin pulundan isə ona 11700 manat nağd pul qalmış, həmin pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2017-ci ilin may ayından yenidən iddiaçı ilə şərikli olaraq işləməyə başlamış, əldə pul az olduğundan sonuncu bankdan 10000 manat kreditlə pul götürmüş, həmin il alıb gətirdiyi meyvələr ilə mürəbbələr bişirməklə həmin pulu ödəmişdir. Həmin il qazanc olmadığından iddiaçı ondan narazılıq etməyə başlamış, evdə qalmış xarab olmuş mürəbbələri satmaqla və 2 il onun üçün işləməklə onun qoyduğu 33000 manatı ödəməsini, bundan sonra həmin yeri işlətməsinə icazə verəcəyini, notariusa gedərək 33000 manat borcu olması barədə müqavilə bağlamalarını təklif etmişdir. O, iş yerini itirməmək üçün iddiaçı ilə razılaşmış, ikisi bir yerdə gedərkən yolda iddiaçı müqaviləni 38000 manata imzalamasını dedikdən sonra məcbur qalaraq razılaşaraq müqaviləni imzalamışdır. Ancaq onun iddiaçıya həmin məbləğdə borcu olmamışdır. Xarab mürəbbələrdən müəyyən hissələrini satmaqla əldə etdiyi 2300 manat pul ilə həmin iş yerlərinə qaz sayğacı qoymaqla, yerə beton tökməklə, qaz sobası düzəltdirməklə ora xərcləmişdir. Sonradan iddiaçı özü mürəbbə bişirib satacağını deyərək bankdan 10000 manat kredit götürmüşdür. İddiaçı tək işləyə bilmədiyi üçün ona köməklik etməsini demiş, ancaq 33000 manatı ödəyə bilmədiyinə görə qazanc verməyəcəyini demişdir. Satdığı mürəbbənin pulundan hər ay 1000 manat olmaqla, cəmi 5000 manat onun kredit pulunu ödəmiş və ona nağd 1400 manat da pul vermişdir. Buna baxmayaraq evdə 365 banka satılmamış mürəbbə qalmış, iddiaçının icazəsi olmadan mürəbbə satmamışdır. İddiaçıya təxminən 23000 manat borcu olmuş, həmin borcundan isə keçən ilin dekabr ayında 2000 manat da ödəmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə onun arasında 38000 manat məbləğə dair notarial qaydada müqavilə rəsmiləşdirilməsinə baxmayaraq ona heç bir pul verilməmişdir. O, apellyasiya şikayətində qeyd etdiyi kimi iddiaçı ilə şərikli iş münasibətində olmuş, lakin sonradan işləri düzgün getmədiyindən və münasibətləri pisləşdiyindən məcbur olub kredit (borc) müqaviləsi bağlamışlar. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 Əbdürrəhim oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada kredit müqaviləsinin bağlanmasına baxmayaraq, əslində həmin müqavilə etibarsızdır. Belə ki, iddiaçı nə nağd, nə də ki, depozit vasitəsilə cavabdehə pul verməmişdir. Həmin müqavilənin etibarsız hesab olunması məqsədilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Odur ki, Şəki Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh onun etibarından sui-istifadə edərək aldatmışdır. Belə ki, cavabdeh ondan bir il müddətinə borc olaraq 38000 manat məbləğində pul almasına baxmayaraq, bu günə kimi cəmi 2000 manat pul qaytarmış, qalan pulu qaytarmaqdan imtina edir. Dəfələrlə məhkəmədəkənar qaydada pulunu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu qaytaramaqdan imtina edir. O, bu müddət ərzində həmin puldan istifadə etsəydi xeyli məbləğdə qazanc əldə edə bilərdi. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən lazımınca araşdırılmış və tərəflər arasındakı münasibətə düzgün qiymət verilmişdir. Cavabdehin apellyasiya şikayəti və müqavilənin etibarsızlığı ilə bağlı iddia verməsi hazırki mübahisəni süni şəkildə uzatmaq məqsədi daşıyır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, “borc verən”– İddiaçı “borc alan” – Cavabdeh 38000 manat məbləğində borc vermişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndindən görünür ki, “borc alan” –Cavabdeh krediti 24 may 2019-cu il tarixədək “borc verən” – İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. 2490 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 310 manat köçürmüşdür. **********584 blank nömrəli etibarnamədən görünür ki, İddiaçı Vəkil2 etibarnamə üçün 11.50 manat xidmət haqqı ödəmişdir. X2 nin 11 dekabr 2020-ci il tarixli, 428 nömrəli rəyindən görünür ki, (1-ci sual üzrə) İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh müqavilənin bağlandığı vaxtdan (24.05.2018) iddiaçının məhkəməyə müraciət etdiyi vaxtadək (20.10.2020) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınmaqla faiz borcu 7770.09 (yeddi min yeddi yüz yetmiş) manat müəyyən edilir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh müqavilənin bitdiyi vaxtdan (24.05.2019) iddiaçının məhkəməyə müraciət etdiyi vaxtadək (20.10.2020) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınmaqla faiz borcu 4066.95 (dörd min altmış altı) manat müəyyən edilir. Tədqiqatın dəyəri olan 300 manat İddiaçı tərəfindən mərkəzin bank hesabına ödənilmişdir. Abşeron rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş HK-1/7472 nömrəli material üzrə qəbul edilmiş 04 yanvar 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh ondan mürəbbə bişirmək adı ilə 38000 manat pul aldığını, lakin bugünədək borcunu qaytarmadığını bildirmiş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, tələb mülki xarakterli olduğu üçün ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 38 000 manat məbləğində borc verilmiş, müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini 24 may 2019-cu il tarixədək ödəməli olduğu pul vəsaitini iddiaçıya qaytarmamış və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, cavabdeh kredit müqaviləsi üzrə ona hər hansı bir məbləğdə pul verilmədiyini və buna görə də qətnamənin ləğv olunması və onun dəlillərinin əsasında yeni qətnamə çıxarılmasını xahiş edir. Lakin, qeyd olunan müqavilə ilə iddia olunan məbləğdə pul verilmədiyi halda, həmin müqavilədəki şərtlərlə razılaşaraq müqaviləni imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız notariat kontorunda bağlanmış, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları kredit müqaviləsi üzrə pulun qaytarılması tələbidir.. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc (kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könülülü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını bildirir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. İkincisi, Kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin (o cümlədən müqavilənin) həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Üçüncüsü, məhkəmə kollegiyası 24 may 2018-ci il tarixli, 3M-311 reyestr nömrəli kredit müqaviləsinə həm də bu aspektdən yanaşaraq nəzərə alır ki, tərəflər həmin əqdi notariusun yanında imzalamaqla öz iradələrini ifadə etmişlər. Bu zaman cavabdehin iradəsinin qanunsuz hərəkətlərlə (aldatma, hədə-qorxu gəlmə və s.) zədələnməsi halına dair hər hansı sübut isə təqdim edilməmişdir. Dördüncü, kollegiya cavabdeh tərəfin hazırda müqavilənin etibarsızlığı ilə bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi (hazırki icraatın dayandırılması ilə bağlı) ilə bağlı dəlilinə də münasibət bildirərək qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində müqavilədəki imzanın ona aid olubolmamasını mübahisələndirməmiş, həmçinin birinci instansiya məhkəməsinin icraatı zamanı qarşılıqlı iddia ilə bağlı müraciət etməmişdir. Kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəf də, notariat qaydasında bağlanmış müqavilənin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Buna görə də, notariat qaydasında bağlanmış kredit müqaviləsi üzrə yaxud həmin müqavilədən əvvəl qarşı tərəfdən hər hansı bir məbləğdə pul alınmadığını və ya faizlə verildiyini sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(075)-129/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar