Məhkəmə qərarları › İş №2(107)-834/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-834/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-834/2024 06.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış 24 nömrəli müqavilənin ləğv edilməsi və alğı-satqı müqaviləsi üzrə verilmiş 28.000 manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 23.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh2 üçüncü şəxs kimi iştirakına xitam verilmiş və o, mülki iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra- MPM) 263.2-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. MPM-nin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddia tələbinin həcminin artırılması barədə ərizənin icraata qəbul edilməsi, eyni zamanda şəxsin cavabdeh qismində işə cəlb edilməsi barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi qeyd edilənləri nəzərə almamış və verilmiş şikayəti baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə hesab edir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət mümkün sayılmamalı, şikayət mülki işlə birlikdə Qax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd edir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi nəzərdə tutulmadığından, verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan da kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Qax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar