Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-836/2023 07.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarıldı, sənədlər təqdim edilmədiyinə görə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Qəbələ Rayon Məhkəməsnin 26 may 2023-cü il tarixli 2(025)-999/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(025)-999/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı6, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı1 məhkəməyə elektron qaydada şikayət göndərərək, Qəbələ Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(025)-999/2023 saylı qərardadının ləğv olunması və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsnin 13 iyun 2023-cü il tarixli 2(025)-999/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Qəbələ Rayon Məhkəməsnin 26 may 2023-cü il tarixli 2(025)- 999/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmiş, iddiaçılar tərəfindən tələblərinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iddiaçılar iddia tələblərində cavabdehlərin mülkiyyətlərinə gedən yol yerini bağladıqlarını göstərsələr də, mülkiyyətlərində olan torpaq sahələri ilə bağlı hüquqmüəyyən edici sənəd (şəhadətnamə, dövlət aktı və çıxarış) əlavə etməmişlər. Bundan əlavə qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçılar özlərinin və cavabdehlərin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), o cümlədən əlaqə nömrələrini iddia ərizəsində göstərməmişlər. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsnin 26 may 2023-cü il tarixli 2(025)-999/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, İddiaçı1 şikayətində göstərmişdir ki, onlar tərəfindən müvafiq sənədlərin əsillərinin məhkəməyə təqdim edilə bilinməməsi onların təqsiri ucbatından deyil, həmin sənədlərin surətlərinin artıq formalaşmış praktikaya əsasən aidiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən yalnız məhkəmənin sorğusu əsasında məhkəmələrə təqdim etməsi ilə bağlıdır ki, məhkəmə baxışı zamanı onlar tərəfindən müvafiq vəsatəltər verilməklə həmin sənədlərin alınması məhkəməmədən xahiş ediləcəkdi. Ən başlıcası isə məhkəmə öz qərardadında iddia ərizəsində əsas tələbin servitutun müəyyən edilməsi olduğunu unutmuşdur və bu məsələyə hər hansı qiymət verməmişdir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin bir hissəsinin cavabdehlərin, bir hissəsinin də bələdiyyənin mülkiyyətində olmasından aslı olmayaraq onların tələbi cavabdehlər tərəfindən zəbt edilmiş həmin torpaq sahələrinin boşaldılaraq ümumi istifadədə olmuş yola dair servitutun müəyyən edilməklə kənd camaatının həmin yoldan istifadəsinə şərait yaradılmasından ibarətdir ki, məhkəmə mülki-prosessual qanunvericilyin tələblərinə zidd olaraq iddia ərizəsini icraata götürmədən, işə baxılmasına başlanması ilə bağlı hazırlıq iclası keçirmədən əsassız şəkildə iddia ərizəsini geri qaytarmışdır. MPM-in 167.1-ci maddəsinə görə hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. 167.1.10. Bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə fiziki və hüquqi şəxslərdən və ya orqanlardan sübutlar tələb edir. 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. MPM-in 259.0.12-ci maddəsinə görə Məhkəmə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır Kollegiya qeyd edir ki, mülki işin materiallarından görünür ki, iddiaçılar iddia ərizəsinə Qəbələ rayon Nohurqışlaq kəndində yerləşən 0.42097 ha torpaq sahəsinə dair **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008 qeydiyyat tarixli Çıxarışın və Qəbələ rayon Nohurqışlaq kəndində yerləşən 0.27 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin fotoşəkillərini, o cümlədən şəxsiyyət vəsiqələrinin surətlərini əlavə etmiş, Qəbələ Rayon Məhkəməsnin 26 may 2023-cü il tarixli 2(025)-999/2023 nömrəli qərardadından verdikləri şikayətdə lazımi hüquq müəyyənedici sənədlərin məhkəmə tərəfindən sorğu edilməsi üçün vəsatət verəcəklərini göstərmişlər. Göründüyü kimi, məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə formal yanaşmaya, işin məhkəmə baxışına hazırlığı prosesində Mülki Prosessual Məcəllənin ona verdiyi səlahiyyətlərdən istifadə etməklə mövcud olan nöqsanları aradan qaldırmağa cəhd göstərə bilərdi. Əgər hazırlıq prosesində iddiaçılar tərəfindən hakimin göstərdiyi müddətdə həmin nöqsanlar aradan qaldırılmazdısa, ərizənin baxılmamış saxlanılması mümkün idi. Ona görə də, şikayət təmin edilməli, Qəbələ Rayon Məhkəməsnin 26 may 2023-cü il tarixli 2(025)-999/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Qəbələ Rayon Məhkəməsnin 26 may 2023-cü il tarixli 2(025)-999/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki işin materialları sonrakı hərəkətlər edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-836/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-836/2023
07.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver