Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-836/2024 27.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ona və avtomobilinə dəymiş maddi zərərin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Avtomobilin icarəsi, icarə haqqının və ziyanın ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ona və avtomobilinə dəymiş maddi zərərin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(039)-783/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ona və avtomobilinə dəymiş maddi zərərin (460+606+30+110+50) 1256 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus olan “99UR829” dövlət qeydiyyat nişanlı Daewoo Gentra markalı minik avtomobilini Cavabdeh 6 aylıq müqavilə ilə icarəyə vermişdir. Gündəlik 23 manat ödənişlə və ödənişlər həmin gün saat 23:59-dək ödənilməlidir. Müqavilədə qeyd olunmuşdur ki, avtomobil yalnız Bakı şəhəri daxilində sürülmək üçün verilir, amma həmin şəxs sonradan ondan icazə almadan avtomobili Gəncə şəhərinə aparmış və orada idərə etməyə başlamışdır. Eyni zamanda ödənişləridə vaxtınıda ödəməmiş, hər dəfə ödəniş barədə soruşanda cavabdeh sabah əmək haqqını alacağını və bütün borclarını ödəyəcəyini demişdir. Ümumilikdə avtomobil 44 gün həmin şəxsdə qalmışdır. 07.12.23 tarixində 23 manat, 08.12.23 tarixində 110 manat, 14.12.23 tarixində 80 manat, 21.12.23 tarixində 60 manat, 25.12.23. tarixində 104 manat, 26.12.23 tarixində 43 manat, 28.12.23 tarixində 50 manat, 30.12.23 tarixində 62 manat, 08.01.24 tarixində 74 manat olmaqla cavabdeh ümumilikdə ona 606 manat pul vermişdir, halbuki bu məbləğ (44*23=1012) 1012 manat pul olmalı idi. Əlavə olaraq Cavabdeh yol hərəkətini pozduğu üçün 08.12.23 tarixində 50 manat, 08.12.23 tarixində 10 manat, 09.12.23 tarixində 200 manat, 17.12.23 tarixində 10 manat, 18.12.23 tarixində 50 manat, 21.12.23 tarixində 10 manat, 26.12.23 tarixində 10 manat, 30.12.23 tarixində 10 manat, 31.12.23 tarixində 40 manat, 03.01.24 tarixində 20 manat, 05.01.24 tarixində 10 manat, 07.01.24 tarixində 10 manat, 08.01.24 tarixində 20 manat, 12.01.24 tarixində 10 manat olmaqla cəmi 460 manat cərimə yazılmışdır. Həmin cərimələr ödənilmədiyi halda 08.02.24 tarixində avtomobil barəsində həbs qərarı çıxarılaraq və avtomobil duracağa aparılacaqdır. Cavabdehdən avtomobili Bakı şəhərinə gətirməsini tələb etməyinə baxmayaraq avtomobili gətiməmiş və cabavdeh avtomobili idarə etməsin deyə iki dəfə etibarnaməni ləğv etmiş, amma buna baxmayaraq o, yenədə avtomobili idarə etmiş və yenədə yol hərəkət qaydasını pozmuşdur. 16.01.24 tarixində cavabdeh şəxs avtomobili gətirmədiyi üçün özü Gəncə şəhərinə gedərək avtomobilini özü gətirmişdir. Cavabdeh avtomobili özü ona təhvil verməmişdir, özünün başqa yerdə olduğunu demişdir. Avtomobilə baxış keçirərkən təkərlərin üst qapaqlarının olmadığını (dəymiş ziyan 30 manat), arxa buferin əzildiyini (dəymiş ziyan 110 manat) və maqintafonunun sındırıldığını (dəymiş ziyan 50 manat )müəyyən etmiş , cavabdeh özüdə bunu etiraf etmişdir. Odur ki, ona və avtomobilinə dəymiş maddi zərərin (460+606+30+110+50) cəmin 1256 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək, xx.xx.2024-cü il tarixdə saat 10:40 təyin olunmuş məhkəmə iclasını onun iştirakı olmadan keçirilərək işə baxılmasını və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır.
5. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-783/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, avtomobilə dəymiş maddi zərərə görə 274 (iki yüz yetmiş dörd) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanmış, Cavabdeh İddiaçı mülkiyyətində olan Daewoo Gentra minik markalı **-UR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 6 ay müddətinə gündəlik icarə haqqı 20 manat olmaqla icarəyə götürmüşdür. Tərəflər arasında imzalanmış təhvil- təslim aktından məlum olur ki cavabdeh avtomobili təhvil arakən nəqliyyat vasitəsi Mühərrik və sürətlər qutusu ideal vəziyyətdə, salon təmiz və səliqəli, bütün hissələr tam sağlam vəziyyətdə, heç bir cızıq olmayan, sol arxa tərəfdə əzik, sağ arxa buferdə əzik, digər hissələr sağlam vəziyyətdə olmuşdur. Həmçinin iddiaçı hazırki ərizəsində bildirmişdir ki, cavabdeh icarə haqqı olaraq ona ümumilikdə 606 manat pul ödəmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh tərəfindən avtomobilinə ziyan vurulduğunu - yəni avtomiobilin təkərlərinin üst qapaqlarının olmaması, arxa buferin əzik olması (müvafiq təhvil təslim aktlından da görünür ki avtomobil cavabdehə təhvil verilərkən arxa bufer iki hissədən əzik olmuşdur) və maqnitafonun sındırılmasını iddia etsə də bu ziyanın məhz cavabdeh tərəfindən törədilməsi ilə bağlı, habelə cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində avtomobilinə müvafiq cərimələr (cəmi 14 protokol 460 manat məbləğində) tətibiq olunduğundan həmin məbləği cavabdehdən tələb etsə də sözügedən cərimələrin məhz iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməsini təsdiqləyəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəflər arasında bağlanan icarə müqaviləsinin dəyərinin gündəlik 23 (iyirmi üç) manat olduğunu qeyd etsə də, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsindən görünür ki, gündəlik icarə haqqı 20 (iyirmi) manat məbləğində razılaşdırılmış və cavabdeh 44 gün üçün ödəməli olduğu 880 manat (44*20=880) məbləğindən icarə haqqı olaraq iddiaçıya ümumilikdə 606 manat pul ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
8. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə ödəməli olduğu icarə haqqından qalan 274 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
9. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasınının 127-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 700.2, 1096.1, 1096.2, 1097.1, 1114.1-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan İddiaçı apellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, avtomobilin cavabdehin istifadə olduğu vaxt xx.xx.2023-cü il tarixdə 50 manat məbləğində inzibati cərimə dəbbə pulu ilə birlikdə ümumilikdə 80 və 1 manat bank komissiyası manat iddiaçı tərəfindən 05 may 2024-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə 200 manat inzibati cərimə 120 manat dəbbə pulu ilə birlikdə 320 manat+ 1 manat bank komissiyası 05 may 2024-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə 40 manat inzibati cərimə 24 manat dəbbə pulu ilə birlikdə 64 manat+1 manat bank komissiyası 05 may 2024-cü il tarixdə tam olaraq ödənilmişdir.
13. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 2(039)- 783/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə görə, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Apellyasiya şikayətindən göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməmiş hissəsində mübahisələndirmiş, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-783/2024 nömrəli qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın rədd edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, işin faktiki hallarını tam araşdırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanmış, Cavabdeh İddiaçı mülkiyyətində olan Daewoo Gentra minik markalı **-UR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini gündəlik 20 manat icarə haqqı ilə 6 ay müddətinə icarəyə götürmüşdür. Həmin tarixdə tərəflər arasında təhvil-təslim aktı imzalanmış, nəqliyyat vasitəsi cavabdehə təhvil verilərkən mühərrik və sürətlər qutusunun ideal vəziyyətdə, salonun təmiz və səliqəli, bütün hissələrin tam sağlam vəziyyətdə, heç bir cızıq olmayan, sol arxa tərəfdə əzik, sağ arxa buferdə əzik, digər hissələrin sağlam vəziyyətdə olması müəyyən edilmişdir. Avtomobil cavabdehə təhvil verildikdən sonra nəqliyyat vasitəsi 44 gün müddətində cavabdehin istifadəsində olmuş və 606 manat icarə haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Gündəlik icarə haqqının 23 manat olmasının razılaşdırılmasına baxmayaraq, qalan icarə haqqının cavabdeh tərəfindən ödənilmədiyini, avtomobilin cavabdehin istifadəsində olduğu dövrdə həmin nəqliyyat vasitəsi üzrə 460 manat cərimələrin yazıldığını, ödənilmədiyi təqdirdə avtomobilin üzərinə həbs qoyulacağını, avtomobili cavabdehdən təhvil alarkən təkərlərin üst qapaqlarının olmadığını, arxa buferin əzilmiş olduğunu, maqnitofonun sındığını əsas gətirən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia tələbinə münasibət bildirilməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilin cavabdehin istifadəsində olduğu vaxt xx.xx.2023-cü il tarixdə 50 manat məbləğində inzibati cərimə dəbbə pulu ilə birlikdə ümumilikdə 80 və 1 manat bank komissiyasının iddiaçı tərəfindən 05 may 2024-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə 200 manat inzibati cərimə 120 manat dəbbə pulu ilə birlikdə 320 manat+ 1 manat bank komissiyasının 05 may 2024-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə 40 manat inzibati cərimə 24 manat dəbbə pulu ilə birlikdə 64 manat+1 manat bank komissiyasının 05 may 2024-cü il tarixdə tam olaraq ödənilməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilmiş ödəniş sənədlərindən göründüyü kimi iddiaçıya məxsus **-UR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol verilmiş pozuntulara görə Cavabdeh barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar üzrə 200 manat inzibati cərimə və ona hesablanmış 120 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli qərar üzrə 50 manat inzibati cərimə və ona hesablanmış 30 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli qərar üzrə 40 manat inzibati cərimə və ona hesablanmış 24 manat dəbbə pulu 05 may 2024-cü il tarixdə ödənilmişdir.
29. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı yazılmış cərimələrin məhz iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməsini təsdiqləyəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməməsinə dair əsaslandırılması ilə tam razılaşmır.
30. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.
31. Kollegiya qeyd edir ki, məhz Cavabdeh tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitəsinin idarə edilməsi zamanı barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarlar üzrə cərimə məbləğlərinin ödənilməməsi, iddiaçıya məxsus nəqliyyat vasitəsinin saxlanılması istiqamətində tədbirlərin görülməsi və iddiaçının isə adıçəkilən qərarlar üzrə inzibati cərimələrin ödənilməsi məcburiyyətində qalması ilə nəticələnmişdir.
32. Bu baxımdan məhkəmə kollegiyası Cavabdeh adına tərtib edilmiş və sonuncunun əvəzindən ödənilmiş xx.xx.2023-cü il tarixli qərar üzrə 200 manat inzibati cərimə, xx.xx.2023cü il tarixli qərar üzrə 50 manat inzibati cərimə, xx.xx.2023-cü il tarixli qərar üzrə 40 manat inzibati cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmasına dair apellyasiya şikayətinin dəlilləri və buna dair hissədə iddia tələbi ilə razılaşır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin əvəzindən inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə məbləğləri ilə yanaşı dəbbə pulunun da ödənilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. İşdə olan iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən cavabdehdən inzibati tənbehvermə haqqında qərarlar üzrə cərimə məbləğlərinə hesablanmış dəbbə pulu məbləğləri deyil, məhz cərimələrin özləri tələb edilmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli qərar üzrə 200 manat inzibati cərimə, xx.xx.2023-cü il tarixli qərar üzrə 50 manat inzibati cərimə, xx.xx.2023-cü il tarixli qərar üzrə 40 manat cərimə, cəmi 290 inzibati cərimələrin tutulması hissəsində iddia tələbini rədd etməkdə doğru nəticəyə gəlməsə də, İddiaçı tərəfindən apellyasiya şikayətinin və iddia tələbinin qalan hissələrinin də əsaslı olmasına dair heç bir sübut təqdim edilməmişdir.
36. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
37. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Yəni ilk öncə iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirməli, bundan sonra cavabdehin etirazının iddia tələbinin əsaslılığını istisna edəcək dərəcədə olan dəlilləri dəyərləndirilməlidir. İddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirə bilmirsə bu halda cavabdehin etirazının əsaslılığı məsələsinin əlavə olaraq dəyərləndirilməsinə zərurət müəyyən edilmir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
39. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-783/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın rədd olunmuş 290 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi 290 manata aid hissədə də təmin edilərək, Cavabdeh 290 manat da alınaraq İddiaçı ödənilməli, qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-783/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın rədd olunmuş 290 manata aid hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 290 manata aid hissədə də təmin edilsin. Cavabdeh 290 manat da alınaraq İddiaçı ödənilsin. Qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.