Məhkəmə qərarları › İş №2(107)-836/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-836/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-836/2025 14.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüquqları, əsaslandırma) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(016)-665/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: 1.İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə müştərək qaydada xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 47,42 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 334,76 manat məbləğində əsas borc, 0,06 manat faiz borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Hacıyev Rafiq Babalar oğlu arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Hacıyev Rafiq Babalar oğlu həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ağsu Rayon Notariat Ofisinin məlumatına əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Rafiq Hacıyevin vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə cavabdehlərin mərhumun hüquqi varisinin olması anlamına gəlir. 3.Ağsu Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(016)-665/2025 nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras qalmış əmlakı qəbul etdikləri həddə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 47,42 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 334,76 manat məbləğində əsas borc, 0,06 manat faiz borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbi “əsas borcun tutulması” hissəsində əsaslıdır. İddiaçı müqavilələr ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Hacıyev Rafiq Babalar oğlu həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

5. X4 Babalar oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2024-cü il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. Hacıyev Rafiq Babalar oğlunun adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağsu Rayon Notariat Ofisində açılmış vərəsəlik işi üzrə mirası vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından, iddiaçı cavabdehlərdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. 6.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 1146, 1255, 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 7.Qətnаmədən nаrаzı qаlаn iddiaçı "xxxx" ASC аpellyаsiyа şikаyəti vermişdir.

8. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə iddia tələbini şərtli formada (qeyri dəqiq) təmin etmişdir. İddiaçı tərəfindən X4 Babalar oğlunun vərəsəsi barədə məlumat verilməsi üçün Ağsu rayon Notariat Ofisininə müraciət edilmiş və Ağsu rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 35 saylı məktubu ilə müəyyən edilmişdir ki, X4 Babalar oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli, V-90 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişlər. Lakin mirasın həcmi ilə bağlı heç bir məlumat təqdim edilməmişdir. Bundan sonra tərəflərindən X4 Babalar oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair müraciət edilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun tam ödəməsi xahiş olunmuş, əks təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Müvafiq xəbərdarlığı qəbul etdikdən sonra X4 Babalar oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 öz öhdəliyini yetirməmişdir. Bundan sonra tərəflərindən X4 Babalar oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulmasına dair iddia tələbi qanunvericiliyin tələblərinə əsasən verilmişdir. Hazırkı mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən tam hər tərəfli araşdırmamış və nəticədə qəbul edilmiş qətnamənin hissəvi ləğvini şərtləndirən maddi və prosessual hüquq pozuntularına yol vermişdir.

9. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bundan başqa Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi məhkəmə maddi normanı düzgün tətbiq etməmişdir. İddiaçı tərəf vərəsənin kim olması barədə cavab məktubunu təqdim etməklə vərəsənin kim olduğunu yəni, iddiaya cavab verməli olan şəxsin kim olmasını sübut etmişdir, qəbul olunan mirasın həcmini deyil. MM-nin 1307-ci maddəsində isə açıq şəkildə göstərilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

10. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, iddiaçı tərəfə isə iddanın əsasını təsdiq edən bütün sübutlarını eyni zamanda Notarius tərəfindən təqdim edilən məktuba əsasən iddiaya cavab verməli şəxsin kim olmasını məhkəmə təqdim etsə də, məhkəmə bu halları nəzərə almadan iddianın təmin olunmaması barədə qərar qəbul etmişdir.

11. Əlavə edir ki, qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi şərtli formada, yəni, qeyri dəqiq təmin edilmişdir.

12. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tutulmalı olan məbləğləri aydın göstərsə də, həmin pulun tutulmasına şərt qoyularaq (qeyri dəqiq) təmin edilmişdir.

13. Məhkəmə qətnaməsi mühüm prosessual sənəd olduğu üçün o, savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda aydın olmayan, ikimənalı və anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.(7-ci hissə) Qətnamənin nəticə hissəsi qısa, dəqiq, şərtsiz məzmunda ifadə edilməklə, tərəflərin tələb və etirazlarına qəti cavab verməlidir. (8-ci hissə) İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəlcə iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalıdır. Qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsinin təmin və ya rədd olunması aydın və dəqiq göstərilməlidir. Əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasında dolaşıqlıq yaratmamaq və icranın mümkünlüyünü təmin etmək məqsədi ilə qət edilən şeylərin hər birinin ayrılıqda qiyməti və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, dəyərinin alınması da göstəriməlidir. (10-c hissə) Birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Məhkəmə qətnaməsi haqqında Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il 2 №-li qərarının tələbləri pozulmuş, qeyri-müəyyən nəticəyə gəlinərək pulun mirasdan pay alınmış həcmdə ödənilməsi qət edilmişdir.

14. Vahid Məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası AliMəhkəməsi Mülki Kollegiyasının 2(102)-900/2024 saylı qərarının (3 ulduzla işarələnmiş) 33-cü bəndində qeyd olunur ki, “bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həmprosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidi.

15. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 414/2025 saylı qərarının 33- 39- cu bəndində qeyd olunur ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

16. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və i ddi anın təmin olunub-olunmadığını müəyyən edir. (“Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi borclunun vərəsəsi tərəfindən 555,21 manatdan artıq vəsaitin miras əmlak kimi qəbul edilməsinin sübut olunmamasına istinad edərək, iddianı yalnız bu həcmdə təmin etmişdir. Dolayısı ilə, məhkəmə borclunun miras əmlakının daha yüksək, iddia tələbi həcmində olmasının sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəni bu qaydada həll edən apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmiş, həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə,qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Hazırkı işdən görünür ki, bu yöndə heç bir araşdırma aparılmadan, mirasın notarius tərəfindən siyahıya alınıb-alınmaması müəyyən edilmədən cavabdeh sübut etmə yükündən azad edilmiş, həmin yük iddiaçının üzərinə qoyulmuşdur.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-855/2024 saylı qətnaməsinin “Apelyasiya instansiya məhkəməsinin mövqeydi” hisssəsinin 11-ci abzasında qeyd olunur ki, “Kollegiya qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras qoyandan qəbul edilmiş mirasın həcmi ilə məhdudlaşdırılmışdır. Artıq cavabdehlər Mərziyyə Süleymanova və Sərdar Süleymanov miras qoyanTehran Süleymanovun vərəsələri hesab edildiyindən güman edilir ki, onlar miras qoyandan qalmış digər əmlakları da qəbul edəcəklər. Onlar tərəfindən qəbul ediləcək əmlakların qəbul edilib-edilməməsi və onların həddi isə icra mərhələsində həll edilməlidir.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1204/2024 saylı qətnaməsinin “Apelyasiya instansiya məhkəməsinin mövqeydi” hisssəsinin 9-cu səhifəsinin 6-7-ci abzaları və 10-cu səhifəsinin 1-ci abzasında qeyd olunur ki, Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qeyd edilən qərarla müəyyən edilmişdir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüquq münasibətlərinin əmələ g ə lmə s i ni mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin1145-ci maddəsi). Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (Mülki Məcəllənin 1134-cü maddəsi). Belə k i , cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 X4 Babalar oğlunun birinci növbəli qanuni vərəsələridir.

19. Birinci instansiya məhkəməsi tərəfindən mərhumdan qalmış miras əmlakın həcmi müəyyən edilməmiş, miras qoyanın öldüyü məqamadək mövcud olan əmlak hüquqlarının (miras aktivi) həcmi iş materialları ilə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi miras əmlakın həcmini müəyyən etmədən iddia tələbini şərtli formada (qeyri dəqiq) təmin etmişdir.

20. Odur ki, Ağsu Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(016)-665/2025 saylı qətnaməsinin şərtli (qeyri dəqiq) hissəsi ləğv edilərək, Hacıyev Rafiq Babalar oğlunun mirası qəbul etmiş vərəsələri – cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli BPM**********66 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 47.42 manat əsas borc olmaqla cəmi 47.42 manat və xx.xx.2022-ci il tarixli BPM**********83 saylı kredit müqaviləsinəəsasən nağd kredit üzrə 334.76 manat əsas borc və 0.06 manat faiz borcu olmaqla cəmi 334.82 manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 394-1-ci maddəsinin tələbinə əsasən Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1306.1-ci maddəsinə əsaəsn vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyator Ağsu Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(016)- 665/2025 qətnaməsini qismən mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur. 29.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC ilə X4 Babalar oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********66 saylı tam kart çərçivə müqaviləsinə əsasən Rafiq Hacıyevə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart kredit limiti və xx.xx.2022-ci il tarixli BPM**********83 saylı kredit müqaviləsinə əsasən 26 ay müddətinə illik 20 faiz olmaqla 3600 manat məbləğində nağd kredit verilmişdir. X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ağsu rayonu Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 35 saylı məktubundan görünür ki, X4 Babalar oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müəyyən olunmuş və vərəsələr mirası qəbul etmişlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. 32.Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən iddia tələbini şərtli formada (qeyri dəqiq) təmin etməsi, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli araşdırma aparmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. 33.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il 2 №-li qərarının tələblərinin pozulmasına dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. 35.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(016)-665/2025 nömrəli qətnaməsi iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar