Məhkəmə qərarları › İş №2(107)-838/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-838/2022

05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-838/2022 05.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair (Açar sözlər: aliment miqdarının artırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, e-2(075)-595/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları 11 fevral 2017-ci il tarixli, AZ-T 027112 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 iyun 2015-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası X3r. Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(075)-3395/2016 saylı qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Şəki şəhər İHB-nin Baş Küngüt kəndi üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan 01 iyun 2015- ci ildə anadan olmuş X9 adlı uşaq anası X2 himayəsində saxlanılması, tərəflərin birgə nikahdan 01 iyun 2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 (bir yüz) manat alimentin alınaraq Şəki rayonu, Baltalı kəndində yaşayan iddiaçı X4 verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh alnaraq 01 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X4 verilən aliment miqdarı artırılaraq hər ay üçün 115 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. 14 dekabr 2021-ci il tarixli, 2021-007811 nömrəli ilkin mediasiya sessiysında iştirak edilməməsi barədə arayışdan görünür ki, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair mübahisə üzrə 14 dekabr 2021-ci il tarixdə 09:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı barədə 11 gün qabaq məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan uşaqları 01 iyun 2015- ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 250 manat alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 13 aprel 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 01 iyun 2015- ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri dəyişmişdir. Sonradan onlar ayrılmışlar, aralarında bağlanmış nikah Şəki Rayon məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(075)-3395/2016 nömrəli qətnaməsi əsasında pozulmuş və azyaşlı uşağı iddiaçının yanında saxlanılmışdır. Eyni zamanda həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat alimentin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Bildirmişdir ki, sonradan maddi vəziyyət ilə əlaqədar uşağın tələbatlarını ödəyə bilməmişlər. Buna görə də Cəlilzadə Tünzadə Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsi ilə Cavabdeh alınaraq birgə nikahlarından anadan olmuş 01 iyun 2015ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək salanılması üçün ona verilən aliment miqdarı artırılaraq hər ay üçün 115 manat məbləğində müəyyən edilmişdir. Bildirmişdir ki, hazırda uşaq 1-ci sinifdə oxuyur. 115 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü-gündən uşağın təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. İddiaçı heç yerdə işləmir, heç yerdən də qazancı yoxdur. O, uşağının yaxşı oxumasını, keyfiyyətli təhsil almasını istəyir. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Bildirmişdir ki, cavabdeh əvvəllər uşaqla görüşmüş, lakin son 6 ildir ki, uşaqla görüşmür. Uşağın saxlanılması üçün alimentdən kənar hər-hansı yardım etməmişdir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 31 mart 2022-ci il tarixli, e-2(075)-595/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 01 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)- 1083/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi, həmin aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Musayeva Aytənin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasına və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanuna, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşı tərəf məhkəmədə iddia qaldıraraq ondan 250 (iki yüz əlli) manat aliment tələb etmişdir. İddiaçı iş üzrə iddiasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə heç bir uyğunluğu yoxdur. Məhkəmə 115 manat alimenti artıraraq 160 manata çatdırmışdır. İşdə olan tərəflərindən verilmiş iddiaya etiraz ərizəsini tam müdafiə edərək Şəki Rayon Məhkəməsinin 2(075)-595/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçının tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmə hazırki iş üzrə obyektiv araşdırma aparmamış, ona qarşı qərəzli mövqe tutmuşdur. Belə ki, məhkəmə onun işləyib-işləməməsini araşdırmadan alimentin məbləğini 160 manat müəyyən etmişdir. Hesab edir ki, 160 manat aliment həddən artıq çoxdur, ona görə də apellyasiya şikayətinin təmin olunraq, alimentin azaldılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı onun qızıdır. Uşaq böyüdükcə onun tələbatları da günbəgün artır. Uşaq hazırda 8 yaşındadır. Onun oxumağı, hazırlığı, geyimi, qidası var. Cavabdeh isə bir ata kimi bütün bunları qarşılamaqdan boyun qaçırır. Ona görə də o, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, e-2(075)-595/2022 nömrəli qətnaməsinin ləğv edilib iddiaçının tələbinin təmin olunmamasını xahiş etmişdir. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, e-2(075)- 595/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Birincisi ona görə ki, cavabdeh apellyasiya şikayətində ümumi sözlərdən istifadə etməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin məhz nədə əsassız olmasını konkret göstərə bilməmişdir. İkincisi, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Üçüncüsü, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (anasının) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Dördüncü, məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, e-2(075)-595/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar