Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-838/2024 06.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, əsas, faiz borcları, cərimə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(039)-88/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı MMQBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 5,787.07 AZN, faiz borcuna görə 1,060.00 AZN, carimə borcuna görə 544.27 AZN və 93.92 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********4041 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 27.00 % dərəcəsi olmaqla 24 ay müddətinə 8,000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 437 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3, **********4041- ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4 və **********4***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdurlar. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 5,787.07 AZN, faiz borcuna görə 1,060.00 AZN, cərimə borcuna görə 544.27 AZN təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək iclasın iştirakları olmadan keçirib qərar qəbul etməyi xahiş etmişdir.
4. Cavabdeh1 iddanı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi əsasında illik 27.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8,000 AZN məbləğində kredit götürmüşdir. Bu zaman Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin olaraq birgə öhdəlik daşımaqları barədə üzərilərinə öhdəlik götürmüşlər. Bir müddət aylıq ödəməli olduğu ödənişləri vaxtında ödəsə də, sonradan maddi çətinliklərlə üzləşmiş və buna görə borc yaranmışdır. Həmin borca görə özü məsuliyyət daşıyır. Lakin, borc iddiaçı tərəfindən düzgün hesablanmamış onun tərəfindən aparılmış tam olaraq nəzərə alınmamışdır. Digər cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları vardır, lakin üzrlü səbəblərdən iclasda iştirak edə bilmirlər. İddianın qismən təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Yevlax Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(039)-88/2024 nömrəli qətnaməsi ilə (hakim T.Əli) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 03 iyun 2022-ci il tarixli **********4041 saylı kredit müqaviləsinə əsasən 5,296.57 manat əsas borc, 611.75 manat faiz borcu, 200 manat cərimə, habelə 81.08 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6,189 (altı min bir yüz səksən doqquz) manat 40 (qırx) qəpiyin İddiaçı MMQBKT-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın İddiaçı MMQBKT-dən, 50 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMQBKT tərəfindən 03 iyun 2022-ci il tarixli **********4041 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 27.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8,000 manat məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış və sonuncular, kredit üzrə birgə məsuliyyət barədə üzərilərinə öhdəlik götürmüşlər.
8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı tərəfindən borc düz hesablanmamışdır, belə ki, ekspert rəyi ilə 07 avqust 2023-cü il tarixə həmin kredit müqaviləsi üzrə 5,296.57 manat əsas borcun, 611.75 manat faiz borcunun yarandığı təsdiq olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, kredit müqavilələrin şərtləri Cavabdeh1 tərəfindən lazımınca icra edilməmiş, bunun əsasında borc yaranmış və iddiaçı əsaslı olaraq yaranmış borcu tələb edir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə cavabdehlər zaminlik müqavilələri əsasında həmin borca görə birgə məsuliyyət daşıyırlar.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, habelə cavabdehlər həmin rəyin əsassızlığına dair hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, əsas və faiz borcu həmin məbləğdə müəyyən olunmalıdır. Bundan başqa tənasübsüz surətdə hesablanmış cərimə azaldılaraq 200 manat müəyyən olunmalıdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 467, 470.1, 472.1, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a)Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh1 apellyаsiyа şikаyəti vermişdir.
14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə ondan əsassız olaraq tutulması qət edilmiş pul məbləği onun mülkiyyətidir və o, bu əsassız məhkəmə qətnaməsi ilə öz mülkiyyətindən (pulundan) məhrum olacaqdır.
15. Göründüyü kimi Qanun dəbbə pulunun azaldılmasını məhkəmələr üçün əlçatan etmişdir. Məhkəmə iddiaçı tərəfindən hesablanmış absurd bir rəqəm olan 544,27 manat məbləğində dəbbə pulunu azaltmışdır. Bunun üçün o, məhkəməyə öz minnətdarlığını bildirir. Lakin məhkəmənin müəyyən etdiyi 200 manat cərimə pulu da kifayət qədər çoxdur. Belə ki, onsuzda kifayət qədər borclanmış birinə əlavə olaraq 200 manat cərimə hesablanması ədalətsizlikdir. Hansı ki, məhkəmə cərimə məbləğini tamamilə silmək hüququna malikdir.
16. Əvvəla onu qeyd edir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 9/83362 saylı 08 dekabr 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, 03 iyun 2022-ci il tarixli **********4041 saylı kredit müqaviləsi üzrə 07 avqust 2023-cü il tarixə əsas borc 5296,57 manat, faiz borcu 611,75 manat təşkil edir. Məhkəmə də həmin rəyi əsas tutaraq qərar qəbul etmişdir. Düzdür, həmin rəydə iddiaçının iddia ərizəsində göstərdiyi əsas borc 490,5 manat (5787,07 – 5296,57 = 490,5), faiz borcu isə 448,25 manat (1060,00 – 611.75 = 448,75) azaldılmışdır. Lakin o, hesab edir ki, həmin ekspert rəyində göstərilmiş rəqəmlər də həqiqəti əks etdirmir. Çünki o, iddiaçıya daha çox borc ödəmişdir. Bu barədə onun əlində çox saylı qəbzləri də vardır. Onun bankdan 8000 manat pul götürdükdən sonra çox saylı ödənişlərindən sonra yenidən 6189 manat məbləğində borclu qalmağı ağlabatan deyildir. Ona görə də o, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, ekspertiza keçirilməsini və onda olan bütün qəbzlər nəzərə alınmaqla əsas və faiz borcunun yenidən dəqiq hesablanmasını istəyir. Bu halda əmindir ki, onun faktiki borcu 6189 manat deyil, daha da az olacaqdır.
17. Odur ki, apellyаsiyа şikаyətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(039)-88/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı MMQBKT-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(039)- 88/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid təmin edilmiş hissələrində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. Kollegiyanın iclasında müəyyən edildi ki, İddiaçı MMQBKT ilə Cavabdeh1 arasında bağlanan 03 iyun 2022-ci il tarixli **********4041 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı MMQBKT tərəfindən Cavabdeh1 illik 27.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8,000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı MMQBKT ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 03 iyun 2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır.
31. Beləliklə İddiaçı MMQBKT müqavilə ilə öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir.
32. Apellyasiya şikayətinin məhkəmənin müəyyən etdiyi 200 manat cərimə pulunun kifayət qədər çox olması, məhkəmənin cərimə məbləğini tamamilə silmək hüququna malik olmasına dair dəlillərini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması imkanı nəzərdə tutulmuşdur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin halları və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İddiaçının tələb etdiyi cərimə məbləği tənasübsüz yüksək olduğundan birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmış və cərimə 200 manat məbləğində müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, əsas borc məbləğinin 5296,57 manat təşkil etməsi nəzərə alınaraq birinci instansiya məhkəməsinin müəyyən etdiyi 200 manat cərimə məbləği tənasübsüz yüksək hesab edilə bilməz.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəməyə cərimənin bütünlükdə silinməsi deyil, onun məbləğinin azaldılması imkanlarını vermişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyində göstərilmiş rəqəmlərin həqiqəti əks etdirməməsi, onun bankdan 8000 manat pul götürdükdən sonra çox saylı ödənişlərindən sonra yenidən 6189 manat məbləğində borclu qalmağının ağlabatan olmaması, ona görə də təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, ekspertiza keçirilməsi və onda olan bütün qəbzlər nəzərə alınmaqla əsas və faiz borcunun yenidən dəqiq hesablanmasını istəməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
36. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır. Hazırkı halda isə iş materialından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən 03 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iş üzrə ekspertizanın təyin edilməsinə dair vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, məhkəmə-mühasibatlıq ekspertizasının 9/8362 nömrəli, 08 dekabr 2023-cü il tarixli rəyi alınmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/8362 nömrəli, 08 dekabr 2023-cü il tarixli rəyi alındıqdan sonra isə Cavabdeh1 həmin rəylə razılaşmaması, həmin rəyi əsassız hesab etməsi, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə vəsatət verməsi halları müəyyən edilməmişdir.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının 9/8362 nömrəli, 08 dekabr 2023-cü il tarixli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, Cavabdeh1 bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun iddiaçıya daha çox borc ödəməsi, bu barədə onun əlində çox saylı qəbzlərinin olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatı iş materialları və iddiaçı təşkilatın təqdim etdiyi hesabdan çıxarış məlumatları üzrə aparılmış və cavabdeh tərəfindən ödənilmiş məbləğlər qalıq borc məbləğinin müəyyən edilməsində nəzərə alınmışdır.
39. Həmçinin iş materiallarından Cavabdeh1 birinci instansiya məhkəməsinə banka borc məbləğinin ödənişinə dair hər hansı bir qəbz təqdim etməsi halı müəyyən edilməmiş, Cavabdeh1 buna dair hər hansı bir sübutu məhkəmə kollegiyasına da təqdim etməmişdir.
40. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, cavabdeh apellyasiya şikayətində istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
41. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(039)- 88/2024 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(039)-88/2024 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.